Məhkəmə qərarları › İş №1(100)-84/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-84/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-84/2023 07.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X5 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1973-cü il tarixdə Bərdə rayonu, Yeni Əyricə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bərdə şəhəri, A. Əhmədov küçəsi, döngə 2, ev 5, mənzil 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PXnin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların” İ siyahısına daxil olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aid 12,097 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da Bərdə şəhəri, H.Əliyev prospekti, “Saray” adlanan ərazinin yaxınlığında saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ayrı-ayrılıqda çəkiləri 6,456 qram və 5,641 qram olmaqla, ümumi təmiz çəkisi 12,097 qram psixotrop maddə metamfetamin boz rəngli şalvarının sol yan cibindən 02 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə saat 17-18 radələrində Bərdə rayonunda çayxanada oturan zaman polis əməkdaşları ona yaxınlaşaraq avtomobilə əyləşdirib onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Daha sonra onu Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Həmin vaxtı o, nə üçün polis şöbəsinə aparıldığını bilməmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona təsir və təzyiq olunmuş və o, işgəncələrə məruz qalmışdır. Polis əməkdaşları onun üzərinə bükümlərdə “şüşə” qoyub guya ona məxsus olması kimi sənədləşdirmişlər. O da təsir və təzyiqlərə dözməyib protokolu məcbur qalaraq imzalamışdır. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı küçədə narkotik vasitəsi alveri ilə məşğul olan Elşən adlı adama narkotik vasitə satmaması ilə bağlı təzyiq göstərdiyi üçün onu tutmuşlar. O, ümumiyyətlə narkotik vasitə və psixotrop maddənin istifadəçisi belə olmamışdır. Üzərinə baxış polis şöbəsində həyata keçirilmiş və baxış zamanı üzərində hər hansı narkotik vasitə olmamışdır. O, Bərdə Rayon Polis Şöbəsində döyülmüş və bədəni üzərində xəsarətlər olmuşdur. İstintaq vaxtı ona təzyiqlər olduğu üçün polislərin dedikləri ilə razılaşıb həmin sənədlərə imza etmişdir. İstintaq zamanı ondan alınmış ifadəsini müstəntiq özündən yazmış və o, xx.xx.2022-ci il tarixdə Ağcabədi şəhərində olmamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə baxmayaraq, onun yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş aşağıdaki şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. 01 iyun 2022-ci il tarixdə Bərdə şəhərində yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, külli miqdarda psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə raportla rəhbərliyə məruzə etmiş və Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı işlədiyi Baş İdarənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 İnqlab oğlundan və təhqiqatçı polis baş leytenantı X6 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü həyata keçirmişdir. 01 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bərdə şəhərində olması müəyyən edilmiş, qabaqcadan sonuncunun zahiri görünüşü dəqiqləşdirilmiş və qrup üzvləri tərəfindən təlimatlandırıldıqdan sonra qeyd olunan yerə getmişlər. Saat 18:00-da Bərdə şəhəri, H.Əliyev prospekti, “Saray” adlanan ərazinin yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən edərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və sonuncunu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə sonuncuya hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi sonuncuya izah olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı İslam Mürsəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan şalvarının cibindən 02 sellofan bükümü, üzərində olan bir ədəd “İphone” markalı mobil telefonu və cibində olan pulu masa üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zaman başqa hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan bükümə baxış keçirilən zaman, bükümlərdə ağ rəngli kristalvari maddənin olması aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin iki bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri xx.xx.2022-ci il tarixdə Ağcabədi şəhərində olduğu zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş pul əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. 2 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə isə təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan başqa iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş “İphone” markalı mobil telefon da təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir etiraz və qeyd daxil olmadan protokol doğru hesab edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan danışmış, polis şöbəsində olarkən sonuncuya hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixoloji təsir və ya təzyiq göstərilməmiş, hər hansı bir polis əməkdaşı Təqsirləndirilən şəxs döyməmiş və sonuncuya xəsarət yetirməmiş, hər hansı bir polis əməkdaşı Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə və ya psixotrop maddə qoymamış, Təqsirləndirilən şəxs üzərində axtarış videoçəkilişlə aparılmış və çəkiliş zamanı sonuncu üzərində 2 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə olduğunu bildirərək həmin bükümləri təqdim etmiş, axtarış zamanı da müdafiəçisi yanında olmuş və hər hansı bir sənədə imza etməsi üçün Təqsirləndirilən şəxs təsir və ya təzyiq göstərilməmişdir. İlkin məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olsa da, sonradan keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və İsmayılov X10 Anar Təriş oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 6/3088 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,456 qram, 5,641 qram, ümumi təmiz çəkisi 12,097 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümlərdə olan mütamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Republikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 12,097 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq -11,997 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X17 xx.xx.2022-ci il tarixli, 2966 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 16 iyun 2022-ci il tarixli, 1984/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan “Amfetamin” və tiryək qrupuna aid olan alkoloid aşkar edildi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsinin 01 avqust 2022-ci il tarixli, 2027 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman onda hər hansı psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 296/MEŞ saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18.00-da Bərdə şəhəri, H. Əliyev prospekti, “Saray” adlanan ərazinin yaxınlığında saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 18:00-da Bərdə şəhəri, H. Əliyev prospekti, “Saray” adlanan ərazinin yaxınlığında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmiş, müdafiəçisinin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş informasiya daşıyıcı olan diskə baxış zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və satış məqsədilə əldə edilməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “İphone” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və satış məqsədilə əldə edilməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Süleyman” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satışı məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması göstərilmişdir. Müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1973-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxsdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş həmin idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək özündə saxlaması və daşıması barədə məlumatın daxil olduğu göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə həmin idarənin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 və təhqiqatçı X6 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək özündə saxlamasında və daşımasında şübhəli olduğu üçün saxlanıldığı göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BMCMİ-nin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi, narkotik vasitənin və psixotrop maddənin qanunsuz satışı ilə məşğul olub-olmamasının yoxlanılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “maddi sübut hesab edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,997 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk sübut növü kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş 05/125 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə əlaqədar Baş Prokurorluğa müraciəti daxil olmadığından araşdırma aparılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in 5299 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Bərdə şəhər İƏDÜN-nin xx.xx.2022-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs anası X4 ilə birlikdə Bərdə şəhəri, A. Əhmədov küçəsi, döngə 2, ev 5, mənzil 5 ünvanında yaşamış, subaydır, yaşadığı ünvanda müsbət xarakterizə olunsa da, narkomaniyaya meyilli olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “X14 Birliyin” Bərdə rayon filialının xx.xx.2023-cü il tarixli, 42 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 1992-ci ilin mart və aprel aylarında Tərtər rayon istiqamətində gedən döyüşlərdə iştirak etmiş və kəllə-beyin travması almışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək Bərdə RPŞ-də olarkən polis əməkdaşları tərəfindən ona təsir və təzyiq olunduğunu, işgəncələrə məruz qaldığını, polis şöbəsində döyüldüyünü və bədəni üzərində xəsarətlərin olduğunu, şəxsi axtarış zamanı üzərində hər hansı narkotik vasitənin və psixotrop maddənin olmadığını, polis əməkdaşlarının onun üzərinə bükümlərdə “şüşə” qoyub guya ona məxsus olması kimi sənədləşdirdiklərini, təsir və təzyiqlərə dözməyib protokolu məcbur qalaraq imzaladığını, ümumiyyətlə narkotik vasitə və psixotrop maddənin istifadəçi belə olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduqdan sonra özünü təqsirli bilməklə verdiyi ifadəsi, təqsirləndirilən şəxs qismində xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsi, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokolla, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş 1 (bir) ədəd informasiya daşıyıcısı olan diskdəki videoçəkilişdən görünür ki, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində özünün seçdiyi dövlət hesabına dəvət edilmiş və hüquqlarını müdafiə etmiş müdafiəçi X8 iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 14- 15 radələrində Ağcabədi şəhərinin girişindəki dairənin yaxınlığından tapdığını və psixotrop maddələrdən istifadə etdiyi üçün özündə saxladığını etiraf etmişdir. Qeyd edilən videoçəkilişdə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılığa, o cümlədən təsirə məruz qalması, həmçinin bədəninin gözlə görünən hissələrində xəsarətlərin olması öz əksini tapmır. Hətta videoçəkilişin 4-cü dəqiqəsinin 52-ci saniyəsində şəxsi axtarışı aparan təhqiqatçı hər hansı bir polis əməkdaşı tərəfindən ona qarşı fiziki və ya psixoloji zorakılığa yol verilib-verilməməsini soruşduqda Təqsirləndirilən şəxs qəti şəkildə yol verilmədiyini deyir. Həmçinin xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulduqdan və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldıqdan sonra müdafiəçisi Xanım İsayevanın iştirakı ilə Təqsirləndirilən şəxs izahatı alınmış və sonuncu müdafiəçisinin də imza etdiyi izahatında şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümü təqdim etdiyini, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 14-15 radələrində Ağcabədi şəhərinin girişindəki dairənin yaxınlığından tapdığını və psixotrop maddələrdən istifadə etdiyi üçün özündə saxladığını göstərərək qeyd edilən psixotrop maddənin özünə məxsus olduğunu bir daha etiraf etmişdir. Habelə məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, “əsəbləri ilə əlaqədar olaraq son iki aydır ki, “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamindən çəkmə yolu ilə istifadə etmişdir. Tutulmamışdan bir gün qabaq, yəni 31 may 2022-ci il tarixdə şəxsi işlərinə görə Ağcabədi rayonuna getmişdir. Saat təxminən 14-15 radələrində Ağcabədi şəhərinin giriş hissəsində dairənin yaxınlığında olduğu zaman yerdə bir sellofan büküm diqqətini çəkmişdir. Həmin bükümü yerdən götürüb içərisinə baxdıqda içərisində iki ədəd sellofan bükümdə psixotrop maddə “şüşə" olduğunu görmüşdür. Özü istifadə etdiyi üçün psixotrop maddəni tanımış və buna görə götürüb üzərində saxlamışdır. Lakin həmin bükümlərdə olan psixotrop maddədən istifadə etmək imkanı olmamışdır. Bükümləri şalvarının cibində saxlamışdır. 01 iyun 2022-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri, H.Əliyev prospekti, “Saray” adlanan ərazinin yaxınlığında olduğu zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər və onun da özünü təqdim etməsini istəmişlər. O özünü təqdim etmiş və bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu, məlumat əsasında əməliyyat axtarış tədbiri keçirildiyini bildirmişlər və qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. O artıq polis əməkdaşlarının məlumatlarının olduğunu başa düşüb heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin zaman Ağcabədi rayonunda tapdığı psixotrop maddə üzərində olmuşdur. Polis şöbəsinə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur, habelə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Şəxsi axtarışda müdafiəçi də iştirak etmiş və şəxsi axtarış videoçəkilişdən istifadə olunmaqla aparılacağı bildirilmişdir. O da hər hansı bir etiraz etməmişdir. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş başqa əşyaların olub-olmaması soruşulmuşdur. O da tutulduğunu başa düşərək heç bir etiraz etməmiş və üzərində “Şüşə” kimi tanıdığı psixotrop maddə olmasını etiraf edərək əynində olan boz rəngli şalvarın sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, 01 ədəd “İphone” markalı mobil telefonu, şalvarın sağ yan cibindən isə 85 manat nağd pulu masanın üzərinə qoymaqla təqdim etmiş, 02 ədəd şəffaf sellofan bükümlərin içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümlərin içərisinə keçirilən baxış zamanı həmin bükümlərin içərisində ağ rəngli, kristalvari psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı aşkar olunmuş 02 ədəd bükümün özünə məxsus olduğunu, şəxsi istifadə məqsədilə üzərində saxladığını, xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonunda olduğu zaman yerdən tapdığını, psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin 01 ədəd zərfin içərisində qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı aşkar olunmuş 85 manat nağd pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur. Protokol ona və iştirakçılara ucadan oxunmuş, protokol düzgün olduğu üçün özü və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, nə saxlanılan zaman, nə də ki üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqlərə məruz qalmamışdır.” Bundan əlavə Azərbaycan Respublikasının Baş Prokurorluğuna işgəncəyə məruz qalması barədə ünvanlandığı şikayət ərizəsindən sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeyd edilən xüsusatla bağlı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində özünü təqsirli bilmədiyini göstərərək polis əməkdaşları tərəfindən ona hər hansı bir işgəncə verilmədiyini göstərmişdir. Hətta iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, həmin idarənin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 da verdikləri ifadələrində Təqsirləndirilən şəxs yalan danışdığını, polis şöbəsində olarkən sonuncuya hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixoloji təsir və ya təzyiq göstərilmədiyini, hər hansı bir polis əməkdaşının Təqsirləndirilən şəxs döymədiyini və sonuncuya xəsarət yetirmədiyini, hər hansı bir polis əməkdaşının Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə və ya psixotrop maddə qoymadığını, Təqsirləndirilən şəxs üzərində axtarış videoçəkiliş vasitəsilə aparıldığını və çəkiliş zamanı sonuncunun üzərində 2 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə olduğunu bildirərək həmin bükümləri təqdim etdiyini, axtarış zamanı da müdafiəçisinin yanında olduğunu və hər hansı bir sənədə imza etməsi üçün Təqsirləndirilən şəxs təsir və ya təzyiq göstərilmədiyini bildirmişlər. O cümlədən iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş 05/125 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə əlaqədar Baş Prokurorluğa müraciəti daxil olmadığından araşdırma aparılmamışdır. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 296/MEŞ saylı, xx.xx.2022ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. Həm də ki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X17 xx.xx.2022-ci il tarixli, 2966 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs yalan danışmağa meyilli olması göstərilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs İnsan Hüquqları və X7 Haqqında Konvensiyanın 3-cü maddəsinin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır (“Assenov və Digərləri” işi, 102-ci bənd və “Labita İtaliyaya qarşı” (Labita v. İtaly [GC], no. 26772/95, § 131, ECHR 2000-İV)). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir (“Boisenko Moldovaya qarşı” (Boicenco v. Moldova, no. 41088/05, § 121, 11 July 2006); “Kolevi Bolqarıstana qarşı” (Kolevi v. Bulgaria, no. 1108/02, § 193, 5 November 2009) və “X1rşı” (X2. Ukraine, no. 1727/04, § 66, 24 June 2010)). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (“Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (“Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gül v. Turkey, no. 22676/93, § 89, 14 December 2000)). Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə məhz fiziki və psixi zorakılığın təsiri altında qalması nəticəsində psixotrop maddənin ona məxsus olmasını etiraf etməsi, həmçinin iddia etdiyi qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçiləri Xanım İsayeva və Vasif Qədirli də qeyd edilən xüsusatlarla bağlı məhkəməyədək icraat dövründə hər hansı bir orqana müraciət etməmişlər. Bundan əlavə həm barəsində tərtib olunmuş tibbi sənədlərdə, həm də ki məhkəmə-tibb ekspertizasının rəyində Təqsirləndirilən şəxs bədəni üzərində saxlanılan tarixə və şəraitə uyğun xəsarətlərin olması öz təsdiqini tapmamışdır. xx.xx.2022-ci il tarixli, 2966 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsində isə Təqsirləndirilən şəxs yalan danışmağa meyilli olması göstərilmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ümumiyyətlə narkotik vasitə və psixotrop maddənin istifadəçi belə olmadığını göstərsə də, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulduqdan sonra müdafiəçisi Xanım İsayevanın iştirakı ilə üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etdiyini və üzərində aşkar olunan metamfetamini məhz bu səbəbdən özündə saxladığını bildirmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulduqdan və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldıqdan sonra müdafiəçisi Xanım İsayevanın iştirakı ilə verdiyi izahatında, eyni zamanda xx.xx.2022-ci il tarixdə digər müdafiəçisi Vasif Qədirlinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi ifadəsində, o cümlədən xx.xx.2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs əsəbləri ilə əlaqədar tutulmamışndan qabaq son aylarda psixotrop maddə olan metamfetamindən çəkmə yolu ilə istifadə etdiyini göstərmişdir. O cümlədən barəsində olan xx.xx.2022-ci il tarixli, 2966 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Habelə xx.xx.2022-ci il tarixli, 2966 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsində də göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkoloji anamnezi haqqında tam məlumat vermir, narkoloji vasitələrdən sui-istifadəsini gizlətməyə çalışır, narkotik vasitələrə və psixotrop maddələrə qarşı abstinensiya əlamətləri və patoloji meyl formalaşıb. Hətta iş materiallarında olan 16 iyun 2022-ci il tarixli, 1984/K nömrəli məhkəməkimyəvi ekspertizasının rəyində də göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan “Amfetamin” və tiryək qrupuna aid olan alkoloid aşkar edildi. Göründüyü kimi Təqsirləndirilən şəxs ümumiyyətlə narkotik vasitə və psixotrop maddənin istifadəçi belə olmadığını göstərsə də, iş materiallarında olan məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri onun tamamilə yalan danışdığını təsdiq edir. Həm də ki məhkəmə-kimyəvi ekspertizasının rəyində ondan götürülmüş sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan “Amfetamin” aşkar edilməsi bir daha Təqsirləndirilən şəxs yalan danışdığını və psixotrop maddə olan metamfetamindən istifadə etdiyini tam təsdiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində xx.xx.2022-ci il tarixdə Ağcabədi şəhərində olmadığını göstərmişdir. Qeyd edilən xüsusatla bağlı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş informasiya daşıyıcı olan diskə baxış zamanı həqiqətən də onun mobil nömrəsinin antena dairəsinin xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonunda olması öz təsdiqini tapmamışdır. Məhz bu səbəbdən də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun psixotrop maddəni istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşıması göstərilmişdir. Beləliklə də bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində Bərdə RPŞ-də olarkən polis əməkdaşları tərəfindən ona təsir və təzyiq olunduğunu, işgəncələrə məruz qaldığını, polis şöbəsində döyüldüyünü və bədəni üzərində xəsarətlərin olduğunu, şəxsi axtarış zamanı üzərində hər hansı narkotik vasitənin və psixotrop maddənin olmadığını, polis əməkdaşlarının onun üzərinə bükümlərdə “şüşə” qoyub guya ona məxsus olması kimi sənədləşdirdiklərini, təsir və təzyiqlərə dözməyib protokolu məcbur qalaraq imzaladığını, ümumiyyətlə narkotik vasitə və psixotrop maddənin istifadəçi belə olmadığını göstərməsi cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətindən kənar qalmaq məqsədilə özünümüdafiə xarakteri daşıyır, qeyd edilən hallar həqiqətə uyğun deyil və məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi həmin məzmunlu ifadələrinə tənqidi yanaşır və uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edir. Ona görə də məhkəmə tərkibi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulduqdan və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldıqdan sonra müdafiəçisi Xanım İsayevanın iştirakı ilə verdiyi izahatını, eyni zamanda xx.xx.2022-ci il tarixdə digər müdafiəçisi Vasif Qədirlinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi ifadəsini, o cümlədən xx.xx.2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə, o cümlədən işdə olan ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə şübhəli şəxs kimi, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs kimi verdiyi qismən etirafedici ifadələri əsas götürülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs İ Qarabağ Müharibəsi iştirakçısı olmasını və kəllə-beyin travması almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satışı məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması göstərilsə də, yenə də Şahid1 tərtib etdiyi “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək özündə saxlaması və daşıması barədə məlumatın daxil olduğu göstərilmişdir. Həmçinin iş materiallarında olan Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək özündə saxlamasında və daşımasında şübhəli olduğu üçün saxlanıldığı göstərilmişdir. Göründüyü kimi eyni əməliyyatçı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli raportla xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və xx.xx.2022-ci il tarixli raport arasında ziddiyyət vardır. Çünki, xx.xx.2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması göstərilsə də, xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarda və xx.xx.2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs qeyd edilən vasitələrin və maddələrin satış məqsədi ilə əldə etdiyi göstərilmişdir. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BMCMİ-nin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi, narkotik vasitənin və psixotrop maddənin qanunsuz satışı ilə məşğul olub-olmamasının yoxlanılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etməyin mümkün olmadığı göstərilmişdir. Eyni zamanda ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulduqdan və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldıqdan sonra müdafiəçisi Xanım İsayevanın iştirakı ilə verdiyi izahatında, xx.xx.2022-ci il tarixdə digər müdafiəçisi Vasif Qədirlinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi ifadəsində, o cümlədən xx.xx.2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə də məşğul olmadığını göstərmişdir. Hətta iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, həmin idarənin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 da verdikləri ifadələrində göstərmişlər ki, ilkin məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olsa da, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Bundan əlavə iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2966 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyində də göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Habelə iş materiallarında olan 16 iyun 2022-ci il tarixli, 1984/K nömrəli məhkəməkimyəvi ekspertizasının rəyində də göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan “Amfetamin” və tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Göründüyü kimi məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, həmçinin məhkəmə-kimyəvi ekspertizasının rəyində ondan götürülmüş sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan “Amfetamin” aşkar edilməsi bir daha Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etdiyini təsdiq edir. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş istifadəsində olan mobil telefona, o cümlədən Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş informasiya daşıyıcı olan diskə baxış zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və ya satış məqsədilə əldə edilməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Bununla belə, istintaq orqanı üzərində aşkar edilmiş metamfetaminin iki bükümdə olmasını və ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni 6,456 qram və 5,641 qram olmaqla, ümumi təmiz çəkisi 12,097 qram olmasını əsas götürərək yekun verilmiş ittihamda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələrə aid 12,097 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham vermişdir. Lakin məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin külli miqdarda olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, onun külli miqdarda psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi, narkotik vasitənin və psixotrop maddənin qanunsuz satışı ilə məşğul olub-olmamasının yoxlanılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etməyin mümkün olmadığı göstərilmişdir. Qeyd edilən halların olmaması Təqsirləndirilən şəxs tərəfindən həmin psixotrop maddənin satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını təsdiq edir. Halbuki “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan əlavə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin külli miqdarda olmasını və daxil olmuş əməliyyat məlumatını əsas götürmüşdür. Bununla belə cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin hazırki cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktuba istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Həmçinin aşkar olunan narkotik vasitənin külli miqdarda olması heç də əməlin satış məqsədi kimi xarakterizı edilərək CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, bu Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə də, aparılmış istintaq nəticəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxs sadəcə olaraq onda narkomaniya xəstəliyinin aşkar edildiyinə və üzərindən götürülmüş psixotrop maddənin hər hansı həcmdə şəxsi istehlak miqdarından artıq miqdarda olduğuna görə psixotrop maddənin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması əməlini törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Bununla da məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əssən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.14-cü maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” müəyyən edilmiş İİ saylı Siyahıya əsasən metafetamin psixotrop maddə hesab olunur, metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qramdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs bu günədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 01 iyun 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-bioloji ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,997 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən alınmış 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 2966 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməli və o, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 01 iyun 2022-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,997 qram psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən alınmış 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar