Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-84/2025 30.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, X7 və Bəylərov Elşad Heydər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri X4 və ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Kəpəz rayonu M.B.Qasımov küçəsi, ev 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,223 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü ildə saat 17:30 radələrində BNMİ QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə və üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanı yaxınlığında saxlanılmış və ünvan 2nikada həkim müdaxiləsi ilə şəxsi müayinə zamanı mədəsindən bir ədəd bükümdə sellofanda təmiz çəkisi 4,223 qram kustar üsulla hazırlanmış psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, həmin narkotik vasitə onun deyil. xx.xx.2023-cü ildə məhəllədə qaz otararkən ona hücum edən polis əməkdaşları zorla sürüyüb X11 gətirmiş, orada ona psixotrop maddə verib götürməyi dedikləri üçün gözdən yayınıb həmin psixotrop maddəni udmuşdur. İbtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi xx.xx.2023-cü ildə ilkin izahat və ifadəsində isə Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 2-3 ildir narkotik vasitə qəbul edir. Son dəfə təxminən 5-6 gün əvvəl Gəncə şəhərində yaşadığı küçədə yerdə büküm görüb götürmüş içində psixotrop maddə olan metamfetamin olduğunu görmüş və bir qismini istifadə etmişdir. xx.xx.2023-cü ildə yaşadığı küçədə olarkən ona yaxınlaşan iki mülki geyimli şəxs narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyib üzərinə gəldikdə qaçmış, qaçarkən də yıxılıb başı və qolundan xəsarət almışdır. Ancaq polislər onu tutub Regional şöbəyə gətirmiş, yaralarını bağlamaq üçün həkim çağırılmış ilkin müayinə edib yaralarını sarıdıqdan sonra üzərinə videoçəkilişlə axtarış aparılmış lakin heçnə aşkar edilməmişdir... İstintaqın sonrakı dövründə, yəni ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan edildikdən sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, üzərinə narkotik vasitəni idarənin rəis müavinin qoyduğunu, bundan sonra həmin narkotik vasitəni udduğunu, onu ailə üzvlərinin yanında həyətdə saxladıqlarını, evinə, həyətinə, bağına qanunsuz baxış keçirildiyini və heçnə aşkar edilmədiyini bildirmişdir. İstintaqın sonrakı dövründə isə Təqsirləndirilən şəxs ifadə və izahat verməkdən və tərtib edilmiş prosessual sənədləri imzalamaqdan imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, xx.xx.2023-cü ildə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə məlumat daxil olmuşdur. Əməliyyat müvəkkili Şahid1 görəndə Arzu qaçmağa başlamış ayağı ilişərək arxın yaxınlığında yerə yıxılmışdır. Ona yaxınlşanda isə Arzu əlindəki taxtanı yellədib yaxın gəlməməyi demiş sonra isə həmin taxta ilə öz başına zərbələr vurmağa başlamışdır. Səsə Arzunun ailə üzvləri çölə çıxmış, fikrinin yayınmağından istifadə edib Arzunu tutmuş özünə və ətrafdakılara zərər vurmasına mane olmuşlar. Sonra onu maşına mindirib X11 gətirmiş başında qan axdığı üçün həkim çağırmış, ilkin tibbi yardımdan sonra videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Hər hansı qanunsuz əşya aşkar edilməsə də, çəkilişdən sonra halı pisləşmiş, qarnında ağrılar olduğunu demiş, nə narahatlığı olmasını soruşanda isə onların gəlməsini görüb narkotiki udduğunu demişdir. Bundan sonra X5 aparmış orada həkim videogörüntü ilə şəxsi müayinə edərkən şəxsi müayinə zamanı mədəsində bir ədəd sellofan büküm olması aşkar edilmiş və həkimin iştirakı ilə həmin büküm çıxarılıb rəsmiləşdirilmiş və büküm ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs küçədə ev quşlarını otararkən görmüş, onları görüb qaçmağa başlamışdır. Arzuya özü yaxud digər polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotk vasitə verilib götürməyi tələb edilməsini deməsi şəxsin onlarla qərəzli olduğu üçündür. Satışla bağlı məlumat olsa da, Arzunun narkotik vasitəni nə vaxt haradan əldə etməsini kimlərə satmasını müəyyən etmək mümkün olmamış, əməliyyat məlumatı şəxsin üzərində narkotik vasitə daşıması barədə olmuşdur. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş QRBŞ-nin sabiq əməliyyat müvəkkili Şahid1 da eyniməzmunlu ifadə verərək, Arzunu küçədən heratı xoruz otararkən gördüyünü və onu görəndə qaçmağa başladığını arxası ilə qaçanda ayağının ilişib arxın yaxınlığında yerə yıxıldığını, sonradan da özünə əlindəki taxta parçası ilə xəsarət yetirdiyini, onu tutub maşına qoyub yanında oturaraq şöbəyə gətirdiklərini və orada ilkin tibbi yardım göstərdikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildiyini, sonradan özünü pis hiss etdiyi üçün xəstəxanaya aparanda orada mədəsində əvvəlcədən udduğu narkotik vasitənin aşkar edilib çıxarıldığını bildirmiş, Şahid2la eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Son illər mütəmadi olaraq digər şəxslərlə yaşadığı evdə narkotik vasitə istifadə etmişdir. Narkotik vasitə istifadə etdikdən sonra özündə olmadığı üçün o inciyərək uşaqlarla birlikdə Arzu tutulmamışdan təxminən 1 ay əvvəl atasıgillə gedərək onlarla yaşamışdır. Hadisədən 2 gün əvvəl isə Arzu onlara gələrək qardaşı ilə birlikdə harasa getmiş, Arzunun xasiyyətini bildiyi üçün ona zəng edəndə sonuncu Hacıkənd qəsəbəsinə getdiyini, evə qayıtmağı, qardaşını geri qaytarmayacağını demiş, O isə xasiyyətini bildiyi üçün Arzuya geri qayıtmağı, evə dönəcəyini demişdir. Bir neçə saat sonra Arzu evə gəlmiş, o da uşaqları ilə evinə qayıtmışdır. Saxlanıldığı gün də evdə olarkən küçədə Arzu xoruz otarmış, qəfil küçədə səs-küy eşitmişdir. Ondan əvvəl qaynanası çölə çıxmış o özü çölə çıxanda küçədə heç kimi görməmişdir. Sonradan isə Arzunun mülki geyimli şəxslər tərəfindən aparıldığını öyrənmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Arzunun kiməsə narkotik vasitə satdığını görməmiş, əri ancaq özü narkotik vasitə istifadə etmiş və bununla bağlı aralarında tez-tez ailə məişət zəminində münaqişə yaranmış əri özünə dəlilik kağızı düzəltdircəyini və cinayət məsuliyyətindən kənar qalacağını, ona kiminsə nəsə edə bilməyəcəyini demişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Rövçən oğlunun qanunsuz olarq külli miqdar narkotik vasitə istifadə etməsi və saxlaması barədə DİN BNMİ X11 əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə yaşadığı ünvanın yaxınlığında küçədə saxlanılarkən özünə qəsdən bədən xəsarətləri yetirmiş və qaçarkən yıxılıb baş və sol qolundan xəsarət almışdır. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra ilkin tibbi yardım göstərilərək həkim tərəfindən tibbi müayinə olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, keçirilmiş həmin istintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya və predmet aşkar edilməmiş, müqavilə əsasında müdafiəçisinin verdiyi suallara cavab olaraq baş və qol nahiyyəsindəki tibbi sarğılarla (bint) bağlanmış xəsarətləri yıxılıb aldığını göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli, 1334/2023 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, həmin gün saat 21:30-da keçirilmiş müayinə zamanı sidikdə narkotik vasitə opioid və amfetamin aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs söhbət zamanı mədəsində ağrılarla əlaqədar tibbi müayinədən keçirilmə istəyini bildirdiyi üçün tibbi müayinədən keçirilməsi barədə müdafiəçisinin verdiyi vəsatət təmin edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, müdafiəçisinin vəsatəti əsasında X2 keçirilmiş tibbi müayinə zamanı mədəsində oval formalı yad cisim olması müəyyən edilmiş və həmin cismin götürülməsi zərurəti yaranmışdır. İş materiallarında olan şəxsi müayinə keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan əlavəsi olan DVD disklərdən görünür ki, Mərkəzi Klinikada həkim endoskopist tərəfindən video çəkilişlə keçirilmiş şəxsi müayinə zamanı Arzu Süleymnovun mədəsində aşkar edilən bir ədəd sellofan büküm çıxarılaraq təqdim edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/587№li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs daxili orqanından aşkar edilmiş kütlə” yazı və imzaları olan 1 ədəd kağız paketdə üzəri yapışqan lentlə bağlanmış 1 ədəd sellofan bükümdə təmiz çəkisi 4, 223 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 4,223 qr, tədqiqata sərf edildi: 0,3 qr, qalıq 3,923 qr İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Şəhər Məhkəməsinin 4 (125)-296/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dusatqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ildədək ünvan 3 ünvanda olmadığı üçün barəsində seçilmiş qətimkan tədbirinin şərtlərinə riayət etmədiyinə görə barəsində müvafiq tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30 radələrində Fərhad Əliyev küçəsində saxlanılarkən kəsici alətlə özünə xəsarət yetirmiş, polis əməkdaşları tərəfindən saxlanılaraq 2-ci Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:50-də tutumuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli 3-xxxx/211966/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 10:59-da idarə etdiyi “Wolswagen” markalı, ** DU *** qeydiyyat nömrə nişanlı avtomobillə Göygöl şəhəri, Qızılqaya qəsəbəsindən əvvəlcə Göygöl şəhəri, Azay Kərimov küçəsi sonra isə Göygöl rayonu, Toğanalı kəndində Aşıqlı rayonu istiqamətində getmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Şəhər Məhkəməsinin 4(125)-347/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Azercell Telekom MMC-nin xx.xx.2023-cü il tarixli, 14696 №li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına həmin mobil operatorda hər hansı nömrə qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər BPİ-dən verilən xx.xx.2023-cü il tarixli 230550363№li məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına X9 Sisteminin məlumat axtarış portalında hər hansı mobil operator üzrə qeydiyyatda olan nömrə aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən DİN BƏSİİ-dən verilən xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xuliqanlıq və qanunsuz olaraq narkotik vasitələrin istehlakı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş və məhkumluqları ödənilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Prokurorluğunda qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri zamanı fiziki və psixi zorakılığa məruz qalması və üzərində qanunsuz psixotrop maddə qoyulması barədə barəsində “həbs” qətimkan tədbiri seçilərkən göstərdiyi xüsusatlarla bağlı prokurorluğa verilmiş məlumat əsasında toplanmış 360c-23 saylı material üzrə şəxsin əməlində hər hansı cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 842 №li rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər –sağ alın təpə nahiyyəsinin yarası, sol said nahiyyəsinin qançırı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir. Göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilmişdir. Qeyd olunan xəsarət Təqsirləndirilən şəxs həm özü tərəfindən yetirilə bilər, həm də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilər. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 1157 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən kompleks məhkəmə psixatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 542 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu özünü kəsmələrlə XBT 10( psixi və davranış pozuntularının beynəlxalq təsnifatında 10-cu baxış F 60.3xəstəliyi aşkar edilir. Bunu cinayət işi materialları və hal hazırki ekspertiza zamanı emosional davamsızlıq müşahidə edilməsi, hövsələsizlik, acıqlı və kobud olması, əsəbiliyə və konfliktə meyllilik, tez qıcıqlanma, xırda qıcığa nevrotk tipli reaksiyalarla cavab verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrar xəsarətlər yetirməsi, qavrama, yaddaş təfəkkür və intelekt pozuntularının aşkar edilməməsi, psixoproduktiv simptomlar müşahidə edilməməsi, aktiv surətdə müdafiə olunaraq hər hansı cinayət əməli törətməməsi, narkotik vasitələrin ona məxsus olmadığını bildirməsi sübut edir.Həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğu üçün ona şamil edilən hadisə zamanı və hal-hazırda öz hərəkətlərini idarə etmək, öz hərəkətlərinə hesabat vermək və idarə etmək iqtidarındadır. Onun məcburi mülalicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərinə müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektiv əlamətləri, şəxslər arası konflik problemlərinin olması və başqaları ilə müqaviləyə, anlaşmaya çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı adi psixoemosional vəziyyətdə olmuş, fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq DİN-nin BNMİ-nin X6 Şöbəsindən verilən xx.xx.2023-cü il tarixli, 3/3-57-2/2-2755-23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddəni satış məqsədilə əldə etməsi müəyyən edilsə də, kimdən hansı məqsədlə alması, psixotrop maddə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər narkoloji kabinetdən verilən xx.xx.2023-cü il tarixli, 9280 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli 476 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə psixoloji nevroloji dispanserdə qeydiyyatda olmaqla “kəskin psixotik vəziyyət” diaqnozu qoyularaq psixatriya xəstəxanasına göndəriş verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,923 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına təhvil verilmiş, videogörüntülər olan 4 ədəd dvd disk cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəyi ilə bağlı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 230550619№li cinayət işi ayrıca icraata ayrılmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü qızı Mədinə Süleymanova var. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Qərardakı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan da göründüyü kimi qanunsuz olaraq külli miqdar narkotik vasitə əldə edib üstündə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan başqa iş üzrə eyni idarəyə verilmiş əməliyyat tapşırığına cavab olaraq verilmiş və hökmün təsviri hissəsində araşdırılmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddənin satışı ilə bağlı hər hansı sübut (məlumat) müəyyən edilə bilinməmişdir. Bundan başqa məhkəmə baxışında şahid qismində dindirilmiş ailə üzvü olan arvadı da Təqsirləndirilən şəxs təxminən 8-9 ildir narkotik vasitə istehlak etməsini, bununla bağlı ailə münasibətlərində də soyuqluq yarandığını göstərmişdir. Nəzərdən qaçırılmamalıdır ki, məhkəmə baxışında tədqiq edilmiş DVD disk və keçirilmiş sərxoşluq vəziyyətinin müayinəsi protokolundan görünür ki, şəxsin sidiyində amfetamin və opioidlər aşkar edilmiş, məhkəmənin qənaətinə görə keçirilmiş şəxsi baxış və axtarış istintaq hərəkəti zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələrin təsiri altında olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının araşdırma zamanı gəldiyi qənaətə əsasən aşkar edilmiş psixotrop maddə olan və udduğu üçün mədəsindən tibbi müdaxilə ilə çıxarılmış bir büküm metamfetaminin çəkisinin külli miqdarda olması şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsinin bir hissəsi olan satış məqsədi ilə ittiham verilməsinə əsas ola bilməz. Çünki satış məqsədi subyektiv meyar olmaqla onun müəyyən edilməsi yalnız ibtidai araşdırma və məhkəmə baxışı zamanı toplanılmış (təqdim edilmiş) sübutların şərti olaraq “3 M prinsipi” adlandırılan mənsubiyyət, mötəbərlik və mümkünlük prinsipləri ilə qiymətləndirilən obyektiv sübutlar əsasında mümkündür. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması və hər hansı digər hallarla təsdiq olunmayan şəxs barəsində olan əməliyyat tapşırığına cavab məktubunu əsas götürmüşdür. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal (lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatlarının nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat tapşırığına cavab məktubuna əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlinməsi Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Hazırkı iş üzrə isə ittiham tərəfindən nə ibtidai araşdırma, nə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə) hallara dair hər hansı sübut əldə edilə bilmədiyindən, satışla bağlı hissədə onun təqsirini sübuta yetirilmədiyi qənaətinə gəlir və şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsini qanuni və ədalətli hesab edir. Qeyd etmək yerinə düşər ki, şəxsə qarşı irəli sürülmüş ittihamın özündə belə şəxsin psixotrop maddəni qanunsuz əldə edib üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olması əsası ilə onun barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsinə zərurət yaranması qeyd edilmiş, şəxsə qarşı ilkin ittiham Azərbaycan Respublikası CM-nin 234.1, çəki dəqiq müəyyən edildikdən sonra isə CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə istintaq nəticəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş pxisotrop maddə metamfetaminin çəkisinin şəxsi istehlak miqdarından artıq olması əsas götürülərək ona satış məqsədi ilə psixotrop maddə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.) Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında psixotrop maddə hesab edilən metamfetaminin) şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 2 qram göstərilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışında kobud formada və məhkəməyə ünvanladığı yazılı müraciətlərində dəqiq olaraq göstərdiyi, xx.xx.2023-cü ildə küçədə deyil, evdə saxlanılıb BNMİ-nin Qərb Regionunda Baş Şöbəsinə gətirildikdən sonra ona polis tərəfindən fiziki və psixi təzyiq göstərilərək veriləcək narkotik vasitəni götürməsinin tələb edilməsi, rəis müavini tərəfindən verilmiş psixotrop maddəni isə diqqətdən yayınıb udmasına münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı və cinayət işinin məhkəmə baxışı zamanı toplanılmış digər sübutlarla təsdiq edilmədiyindən həmin hissədə Təqsirləndirilən şəxs ifadəsini sübut növü kimi qəbul etmir, təqsirləndirilən şəxsin cinayət məsuliyyəti və cəzadan yayınmaq cəhdi kimi qiymətləndirir və özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi üçün həmin hissədə sübut kimi qəbul etmir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən videoçəkilişdən görünür ki, xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilərkən müqavilə ilə müdafiəçisi və istintaq hərəkətini aparan şəxs (təhqiqatçı) tərəfindən suallar verilsə də, Təqsirləndirilən şəxs qaçarkən yıxıldığını bildirmiş və ona qarşı polis tərəfindən fiziki və psixi təzyiq olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə şəhər prokurorluğunda barəsində “həbs” qətimkan tədbiri seçilərkən verdiyi məlumat əsasında aparılmış araşdırma nəticəsində qəbul edilmiş qərardan görünür ki, təqsirləndirilən şəxsin göstərdiyi hallar araşdırılmış və təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan nə təqsirləndirilən şəxs, nə müdafiəçisi, nə də ailə üzvləri tərəfindən şikayət verilməmişdir. Məhkəmədə özünü qeyri-adekvat apararaq ünvansız və ünvanlı (sədrlik edənə qarşı) nalayiq ifadələr işlətsə də, məhkəmə həmin hallarla bağlı ayrıca araşdırma aparıldığından həmin hallara hazırkı hökmdə qiymət verilməsini zəruri hesab etmir və onun barəsində cinayət təqibi başlanıldığı ilk dövrdən etibarən, (əməliyyat axtarış tədbirləri keçirildiyi vaxtdan) ibtidai istintaq aparıldığı dövrdə davam edən və məhkəmə baxışında “kulminasiya” mərhələsinə çatan özünə xəsarət yetirməklə, məhkəmə iclas zalına gəlməməklə, eləcə də psixi xəstəliyi az ifadəli olsa da, özünün anormal davranışları ilə xəstəliyi yüksək səviyyədə olan şəxs kimi “imitasiya etməsini” məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə uğursuz təsir mexanizmi kimi qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, şəxsin psixi xəstəlikdən əziyyət çəkməsi işin mübahisəsiz halıdır, davranışlarındakı süni aqressivlik və psixi dözümsüzlüyün şişirdilmiş formada ifadəsi isə məhkəmədə anlaqsız olması təəssüratı yaratmağa yönələn uğursuz cəhdidir və keçirilmiş məhkəmə psixiatrik ekspertizası ilə onun anlaqlı vəziyyətdə olması tam sübuta yetirilmiş, ailə üzvləri də onun məsuliyyətdən yayınmaq üçün simulyasiya etməsini aşkar bildirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı naməlum çəkidə olan psixotrop maddə olan metamfetamini üzərində daşıyaraq saxlamış, narkotik vasitə saxlaması barədə DİN BNMİ-nin X6 Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı xx.xx.2023-cü ildə saat 17:30 radələrində yaşadığı Gəncə şəhəri, M.B.Qasımov küçəsində yaşadığı ünvanın yaxınlığında həyət quşlarını otararkən mülki geyimli əməliyyat müvəkkillərini görüb saxlanılaraq ifşa ediləcəyindən ehtiyat edərək üzərində saxladığı bükümü udmuş, qaçmağa cəhd edərkən saxlanılıb Qərb Region üzrə İdarədə üzərində keçirilmiş şəxsi axtarışdan sonra vəziyyəti pisləşdiyi üçün keçirilmiş ünvan 5 ünvanda yerləşən Mərkəzi Klinikada həkimin iştirakı ilə keçirilmiş şəxsi müayinə zamanı mədəsindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,223 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən isə psixi xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiyətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri....şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə.... saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin özünün şəxsiyyəti (əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıq əməllərinə görə məhkum edilməsi, son dəfə 2019-cu ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilərək cəza təyin edilməsi) onun islah olunması üçün yetərli olmamış, şəxs azad edildikdən sonra da davamlı olaraq narkotik vasitələri istehlak etmiş və könüllü müalicə olunaraq sağalmaq əvəzinə, eyni düşüncəyə malik şəxslərlə müxtəlif üsullarla narkotik vasitə qəbul edərək cəmiyyətdə və yaşadığı ətrafda mənfi xarakterizə edilmiş, ictimai faydalı əməklə məşğul olmamış, ailə dəyərləri və ümuməxlaqi prinsiplərə etinasız yanaşmışdır. Təqsirləndirilən şəxs işə baxan həm əvvəlki, həm də sonrakı məhkəmə tərkibinə və məhkəmədə iştirak edən şəxslərə qarşı aşkar kobudluq və davamlı olaraq hörmətsizlik göstərsə də məhkəmə ədalət mühakiməsinin mənafeyini və məhkəmənin (hakimin) yüksək adını və mövqeyini saxlamaqla təqsirləndiriən şəxsə qarşı daim nəzakətli və mədəni mövqe nümayiş etdirmiş, sonuncuya hər məhkəmə iclasından əvvəl hüquq və vəzifələri izah edilmiş və qaydaya riayət etməyə açıq çağırış etmiş və hüquq vəzifələrini xatırlatmışdır. Bütün məhkəmə baxışı dövründə qeyri-adekvat davranışını (məhkəməyə gətirilsə də, zala çıxmaqdan imtina etməsi, konvoy nəfərlərinə göstərdiyi fiziki zorakılıq (onları dişləməsi) və aşağı mədəniyyət (kobudluq və nalayiq ifadələr işlətməsi) göstərməsini, ifadə vermək və son söz söyləmək hüququnun təmin edilməsi üçün iclas zalına gətirilərkən belə qeyri-əxlaqi və qeyri-insani hərəkətlər etməsini məhkəmə şəxsi mənfi xarakterizə edən hal kimi nəzərə almır və barəsində bununla bağlı müvafiq araşdırma aparıldığını və onun əməlinə hüquqi qiymət veriləcəyini qeyd edir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və şəxsin həmin cəzanı real olaraq çəkməklə islah olunacağı qənaətinə gəlir. İş üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər BPİ-də saxlanılan 3,923 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk və şəxsi müayinə zamanı qeydə alınmış videogörüntülər olan 3 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertiza rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur və mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat, qırx qəpik) manat ekspertiza xərci isə Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və O ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər BPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,923 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, şəxsi axtarış və şəxsi müayinə zamanı qeydə alınmış videogörüntülər olan 4 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-84/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-84/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver