Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-85/2025 17.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları - ədliyyə müşaviri Dövlət ittihamçısı, kiçik ədliyyə müşaviri X3, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu Seyfəli kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, məhkum olunmamış, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində həmkəndlisi Şahid1 ilə aralarında 3-4 il əvvəl, dəqiq məlum olmayan tarixdə Rusiya Federasiyasının Moskva şəhərində 200000 (iki yüz min) rus rublu məbləğində xurma meyvəsinin alqı-satqısı ilə əlaqədar yaranmış borc pul məsələsinə görə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun onu vuraraq sol dirsək oynağının arxa səthinin, sağ və sol ayağın tış topuq nahiyəsinin əzilmiş səthi yaraları, döş qəfəsinin arxa səthinin, bel nahiyəsinin sağ yarısının sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin olunmayan xəsarətlər yetirdiyi üçün Şahid1 qisas almaq üçün onun gözünün qarşısında xüsusi əzab verdiyini dərk edərək, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, xüsusi amansızlıqla üzərində daşıdığı, istintaqa məlum olmayan bıçaqla oğlu Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona həyat üçün təhlükəli olan sol təpə nahiyəsinin kəllə boşluğuna nüfuz edən, beyinin sərt qişasını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığa ağır zərər vuran və sağ əlin ovuc səthinin bir ədəd kəsilmiş-soyulmuş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə 2022-ci il tarixdə axşam saatlarında baş vermişdir. Məktəbin yaxınlığında yerləşən çayevində qardaşı olan zaman Murad avtoyumadan içkili vəziyyətdə çıxmışdır. Qardaşı ilə Muradın arasında Rusiyaya göndərilən meyvə ilə bağlı pul söhbətləri olmuşdur. O, həmin vaxt qəsəbədə olmuş, qardaşı çağırdıqdan sonra gəlmişdir. Murad camaat içərsində səs-küy salmış, o, avtomobilə əyləşmiş, “sakit bir yerdə söhbət edək, camaat içində yüksək səs tonu ilə danışmağa gərək yoxdur” demişdir. Avtomobil ilə Muradgilin küçələrinə getmiş, çatanda avtomobildən düşən zaman Murad “maşından düşən belə-belə olsun”- söyüş söymüşdür. O, avtomobildə Murada yumruqla vurmuş, sonra maşından düşüb yenə yumruqla vurmuşdur. Murad içkili olduğundan özünü itirmişdir. O, çıxıb getmək istəyərkən Muradın oğlu Ayxan darvazadan çıxıb “atam içkilidi, sonra söhbət edərik” demişdir. O, 10-15 metr getmiş, o, daş dəymiş, Murad yerdən daş götürüb ona atmışdır. Daş dizinə, qoluna, topuğuna dəymiş, sol qolu işləməmişdir. Hava qaralmış, artıq göz gözü görmürmüş, 100-150 metr Təqsirləndirilən şəxs arxaya getdikdən sonra Muradın daşı çox atdığına görə o da özünü müdafiə etmək üçün üzərində olan balaca bazar bıcağını çıxartmışdır ki, gözünü qorxutsun. Murad yenə də əl çəkməmiş, 500 metr arxaya getdikdən sonra daha böyük daş atmışdır. Oğlu Ayxan isə aralamağa çalışmışdır. X9 “görmürsən, atanı vurur?” deyəndən sonra oğlu üstünə gəlmiş, yerə yıxılmışlar. Əlinin vətərini də kəsmiş, süpürləşən zaman bıçaq Ayxanın başına dəymişdir. Bıçağın necə dəyməyini hələ də bilməmişdir. Daha sonra oradan ayrılmışdır. Bıcağı atmadığını, ehtiyatsızlıqdan dəydiyini, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdırığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə təxminən 3 il əvvəl olduğunu və dəqiq xatırlamadığını bildirmişdir. Hadisə zamanı namaz qıldığı üçün telefona gələn zəngi açmadığını daha sonra isə səs eşitdiyi üçün çölə çıxdığını demiş, çölə çıxan zaman atası Muradla qonşuları Cehunun mübahisə etdiyini görmüşdür. O, atasını evə gətirmək istəyən zaman Cehun ilə üz-üzə gəlmiş, bundan sonra Cehun onunla da mübahisə etmiş, yerə yıxaraq Cehun əlindəki bıçağı onun başına batmışdır. Cehunun əlindəki bıçağı əvvəl görməmiş, o, baş sümüyünün deşildiyini bildirmiş və nə Gəncə nə də Şəmkirdə heçbir xəstəxananın onu qəbul etmədiyini və Bakıda əməliyyat olunmuşdur. Hazırda Universitetdə tələbə olmasını və başına girmiş 7 sm uzunluğundakı bıçağın onun həyatını çətinləşdirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamı olaraq bildirmişdir ki, Cehunun özüylədə qardaşıyla da əvvəllər münasibətləri çox yaxşı olmuşdur. Cehunla atası Muradın arasında əvvəllərdə borca görə mübahisə olmuş, bir dəfə atası Murad, Ceyhunun atası Məhəmmədin yanına gedərək borcu vermək lazım olduğu demişdir. Sonuncu hadisənində borca görə olduğunu və Ceyhunun atasını vurduğunu, hadisə zamanı hava qaranlıq olduğu üçün Cehunun zərər çəkib çəkmədiyini bilmədiyini və onu hadisədən bir neçə ay sonra gördüyünü bildirmişdir. Atasını evə aparan zaman Ceyhun onların üzərinə gelmiş, Ayxan isə Cehuna “Get sabah atamıda götürüb sizə gələcəm, oturub danışarıq” deyərək onu sakitləşdirdiyini bildirmişdir. Hadisə zamanı Cehunun biləyini tutubmuş, həmin vaxt yıxıldıqları yerdən qalxmaq istəyəndə bıçaq ona dəymiş, qonşusu onları ayırmağa çalışmış, lakin Ceyhunun əlindəki bıçağı heçkim almamışdır. Bıçaq ona dəydikdən sonra evə getmiş, ilk növbədə ağrısı olmadığı üçün atasına heçnə deməmişdir. Lakin soyuq hava donmuş qan, evə çatanda daha da artdığı üçün atası ilə birlikdə Şəmkir xəstəxanasına getmiş, lakin həkim heçnəyi olmadığını və gedib rentgen çəkdirməsini demiş, lakin 1 gün sonra rentgen çəkdirmək üçün Gəncə Beynəlxalq xəstəxanasına getmiş və orada başında yad cisim olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs halhazırda Cehunla barışmışdır. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, 02 noyabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olanda küçədən səs-küy gəldiyini eşidib çölə çıxanda görmüşdür ki, Cehunun əlində bıçaqla atası Muradı vurmaq istəyir. Onlara yaxınlaşaraq ayırmaq istəmiş, Cehunun əlində olan bıçağı almaq istəyəndə bıçaq əlini kəsmişdir. Onlar süpürləşəndə yerə yıxılmışlar. O, yerdən durmuş və oraya gələn Elmidar və digərləri onları ayırmışlar. Onlar evə tərəf gedəndə Cehunun qardaşı Kamil arxadan atasını vurmuş, atası yerə yıxılmışdır. O, Kamili tutub sakitləşdirmiş, orada olan şəxslər Kamili tutub ayırmışlar. Onlar evə gedəndə o, başından qan gəldiyini bilmişdir. Onda bilmişdir ki, Cehun əlində olan bıçaqla onun başından vurmuşdur. Kamil də qardaşı Cehunla oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında xx.xx.2022-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı hər iki şəxs istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişlər. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı onu bıçaqla vuraraq xəsarət yetirdiyini demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs onu vurduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018 yada 2019-cu illərdə Cehuna Moskvada xurma verdiyini, Cehun ona özünündə qardaşının da Bakıda işlədiyini və onun pulunu iki günə verəcəklərini demiş, lakin həmin vaxtdan hələdə onun pulunu vermədiklərini bildirmişdir. O məktəbin qarşısındaki çayçıdan çıxıb evə gedən zaman Ceyhunun qardaşıyla qarşılaşmış və ondan borcu niyə vermədiklərini soruçmuşdur. Qardaşı ondan mal almadığını və zəng edib Cehundan istəməsini demiş, zəng edib Ceyhunu çağırımışdır. O bir müddət sonra Cehunun gəldiyini və ona başqa yerə gedib danışaq isdədiyni demiş, Murad Cehunla birgə evlərinə doğru getmiş, yolda isə Ceyhundan yenidən pul barədə soruşduqda bu zaman Cehunun pulu verməyəcəyini demiş və onu yumruqla vurmuşdur. Cehun onu vurduqdan sonra maşından düşmüş və Murad da onun arxası ilə getmiş, mübahisə zamanı isə səs-küyə oğlu Ayxan çıxmış və Ceyhunla birgə biraz uzaqlaşdığı demişdir. O, Cehunun əlində bıçaq əvvəldən olduğunu və onu vurmaq istədiyini, lakin Ayxan onun qarşısına keçib ona mane olduğunu və Cehunun onu necə vurduğunu bilmədiyini demişdir. Daha sonra Ayxan evə getməli olduğlarını demiş, gedən zaman isə arxadan kimsə onu vurmuş və müvəqqəti huşunu itirmişdir. Murad ayağa qalxanda onu vuranın Ceyhunun qardaşı Teymur olduğunu görmüşdür. Ayxanın yaralandığını evə gedəndə görmüş, onu Şəmkir xəstəxanasına aparmış, oradan rentgen üçün Gəncə beynəlxalq xəstəxanasına göndərmişlər, lakin MRT zamanı başında dəmir qırığı qaldığını gördükləri üçün qəbul etməmiş, ən son Bakıda neyrocərrahiyə xəstəxanasında əməlliyyat olunduğunu bildirmişdir. Şahid1 ifadəsinin davamı olaraq bildirmişdir ki, bıçağın ucu qırılıb Ayxanın başında qalmış, həmçinin bıçağın ucunun 7 mm dərində olduğunu və sümüyü deşdiyini demişdir. O, Cehun Ayxanı vuran zaman görmədiyini demişdir. Murad Cehundan pulunu istədiyini vermədiyi zaman isə aralarında mübahisə olduğunu bildirmiş, Cehun onu vurana qədər aralarında böyük problem olmamış, Cehun onu vurduqdan sonra onun arxasınca daş atmış və onu söymüşdür. Hadisə zamanı havanın qaranlıq olduğunu, Ceyhunun ilk növbədə onu yumruqla vurduğunu daha sonra isə bıçaqla üstünə getdiyini, səs-küyə isə Ayxanın çıxdığını demişdir. Ayxan gələn zaman onları sakitləşdirdiyini daha sonra yenidən söz söhbət olduğunu ondan 20-30 metr uzaqlaşdıqdan sonra isə Ayxanı necəsə vurduğunu bildirmişdir. Ayxanın yaralandığını həmin vaxt bilmədiyini qanı görüb soruşanda isə Ayxanın elə belə birşeydir dediyini evə gəldikdən sonra başında deşik olduğunu görmüş Ayxanın həm başında həm də qolunda yara olduğunu bilmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən Şahid1 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, 02 noyabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə 100 qram araq içib kəndə çayxanaya getmişdir. Orada çay içdikdən sonra yaşadığı evə gedəndə Cehunun qardaşı Kamili orada görmüşdür. Kamildən onun pulunu nə vaxt verəcəklərini soruşmuşdur. Kamil ona qardaşı Cehunla danışdığını, sonuncunun 15 dəqiqəyə gələcəyini, özü ilə söhbət etməyini bildirmişdir. O da orada gözləmişdir. Cehun yanlarına gəlmiş və ona “bura söhbət yeri deyil, gəl burdan uzaqlaşaq söhbət edək” demişdir. Hər ikisi onun idarə etdiyi avtomobilə əyləşmişlər. O, avtomobili yaşadığı evə tərəf sürmüşdür ki, söhbət etdikdən sonra Cehun yaşadığı evə, o da öz evinə getsin. Onların evlərinin arasında 50 metr məsafə olmuşdur. Cehun ona avtomobildə nə olub niyə hay-küy salıbsan demişdir. O, Cehıına hər dəfəsində ona pulu verəcəyini deyib aldatdığını bildirmiş və pulunu nə vaxt verəcəyini soruşmuşdur. Cehun telefonla kimlərəsə zəng edib olduqları yerə çağırmışdır. Sonra söhbət əsnasında heç bir səbəb olmadan Cehun əlində olan bıçağı onun üz nahiyəsinə tərəfə atmışdır. O, sağ əlini qabağa vermiş və sağ əlinin baş barmağı kəsilmişdir. Cehun onu vurduqdan sonra düşüb yola tərəf getmişdir. O, avtomobildən düşüb Cehunu səsləmişdir. Səslərinə oğlu Ayxan yanma gəlmiş və nə baş verdiyini soruşmuşdur. O, Ayxana heç nə olmadığını və getməyini bildirmişdir. Cehun onu yola tərəf çağırdıqda, sonuncu yanma getmişdir. Cehun bıçağı əlində saxlamış, sonuncu yaxınlaşanda Cehunun əlində olan bıçağı onlara tərəf fırlatmışdır. Cehun onu vurmaq istəmiş, sonuncu yerdən daşı götürüb Cehunu qorxutmaq üçün atsa da, daş ona dəyməmişdir. O, Cehunun getməsi və ya bıçağı yerə atması üçün belə etmişdir. Ceyhun əlində bıçaqla üzərinə gəlmişdir. Ayxan onları ayıranda Cehun bıçaqla onu vurmasın deyə əli ilə bıçağı tutmuşdur. Ayxanın əli kəsilmiş və süpürləşəndə Cehunla yerə yıxılmışlar. Oraya toplaşan şəxslər onları ayırmışlar. Sonra o, baxanda oğlu Ayxanın başından qan axdığını görmüşdür. Onlar evə tərəf gedəndə arxadan kiminsə onu vurduğunu hiss etmiş və zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxt qonşuları oraya gəlib onları ayırmışlar. Onlar evə getmiş, Kamil də qardaşı Cehunla oradan uzaqlaşmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, çayçıda olan zaman Murad ona yaxınlaşmış və qardaşının pulu niyə vermədiyini soruşmuşdur. O, imkan olmadığını bildirmiş və verəcəyini demişdir. Bir müddət sonra Cehunu çağırmışlar və gəldikdən sonra 2-3 dəqiqə maşında söhbət etmiş, daha sonra isə sürüb getmişlər. Bir müddət sonra Cehun Teymuru yığmış və Muradın oğlu ilə birləşib onu təklədiklərini demişdir. O, hadisə yerinə çatan zamanı qardaşını yerə yıxılmış halda görmüş, Murad və oğlunun yönünü çevirib getdiklərini demişdir. O, Muradı ağız nahiyəsindən vurmuş, bu səbəbdən də Murad müvəqqəti huşunu itirmişdir. Qalxdıqdan sonra isə Teymurun sağ göz nahiyəsinə daşla vurmuşdur. Daha sonra Cehun gəlmiş və onlar uzaqlaşıb getmişlər. Şahid2 ifadəsinin davamı olaraq bildirmişdir ki, Hadisə yerinə çatan zaman Murad, Ayxan və Cehun orada imiş, başqa adamlar olubmuş lakin heçkim müdaxilə etməyibmiş, həmçinin Teymur gedən zaman onların davaları bitibmişdir. Qardaşının əlində bıçaq görməyibmiş, lakin əlindəki kəsiyi görmüş və nə olduğunu soruşmuşdur. Cehun isə əlində bıçaq olduğunu və yerə yıxılan zaman əlini kəsdiyini demişdir. Cehun heçkəsi vurmadığını bıçağı qorxutmaq üçün çıxartdığını bildirmişdir. Hadisə yerinə çatan zaman Elmidarın orada olduğunu Əlinin isə sonradan gəldiyini və onlara müdaxilə etdiyini demişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən Şahid2 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, rəsmi işim yoxdur, qaynaqçı işləyir. Əvvəlki adı Kamil, soyadı isə Qasımov olub. Əvvəllər Rusiya Federasiyasının Moskva şəhərində işləyəndə sənədləri qaydasında olmadığından 5 il müddətinə deportasiya olunmuş, yenidən Rusiya Federasiyasına qayıda bilmək üçün adını və soyadını dəyişmişdir. X4 doğma qardaşıdır, bir evdə yaşayırlar. Ceyhun da əvvəllər Rusiya Federasiyasında işləmiş, sonradan getməmiş və hazırda meyvə alıb Bakı şəhərinə göndərir. Şahid1 qonşusudur, əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamış, münasibətlərimiz qonşu kimi normal olmuşdur. Təxminən 3-4 il əvvəl qardaşı Ceyhun Moskva şəhərində işləyəndə Muradın ora satmaq üçün apardığı xurma məhsulundan 200.000 Rus rublu məbləğində mal alaraq adını bilmədiyi böyük mağazaya vermiş, mağaza bağlandığına görə Ceyhun pulu alıb Murada verə bilməmişdir. X13 200.000 Rus rublu məbləğində borcu yaranmış, maddi imkanı olmadığından borcu ödəyə bilməmişdir. Murad təxminən 3-4 dəfə qardaşı Ceyhun Rusiya Federasiyasında olanda onlara gələrək pulunu istəmişdir. Onlar Murada borcu verəcəklərini, hazırda maddi imkan olmadığından verə bilmədiklərini bildirsələr də Murad onlara Ceyhun pulu verməsə meyiti gələcəyini deyib hədələmişdir. 02 noyabr 2022-ci il tarixdə saat 19 radələrində o, yaşadığı evdən kənddə olan Xanalılar məktəbinin qarşısına, çayxanaya getmişdir. O, çayxanaya çatanda Murad nömrəsini xatırlamadığı Mersedes markalı avtomobili ilə tək oraya gəlmiş, avtomobildən düşüb ona yaxınlaşmış və salam verdikdən sonra qardaşının ünvanına “sənin qardaşın kişi deyil, borcunu qaytarmır, hər dəfə borcunu verəcəyini deyib vermir.” sözlərini demişdir. Murad sərxoş vəziyyətdə olmuşdur. O, çayxanaya gəlməzdən əvvəl qardaşına zəng etmiş və Ceyhun da çayxanaya gələcəyini demişdir. Muradın sərxoş olduğunu görüb onunla mübahisə etməmiş və Ceyhunun da çayxanaya gəldiyini, özü ilə söhbət etmələrini bildirmişdir. Ceyhun onlar olan yerə gəlmiş və Muradın sərxoş olduğunu görüb, avtomobildə oturub söhbət etməyi təklif etmişdir. Murad razılaşaraq avtomobilə oturmuşlar. Murad avtomobilin motorunu işə saldıqdan təxminən 1 dəqiqə sonra sürüb oradan getmişlər. O, özlərinin gedim kənarda söhbət edib gələcəklərini fikirləşmiş və buna görə onlara zəng etməmiş və gözləmişdir. Təxminən 4-5 dəqiqə sonra qardaşı Ceyhun ona zəng edərək Muradın var-yox söyüşü etdiyini, Murad və oğlu Ayxanın onu döydüyünü bildirib olduğu yerə çağırmışdır. O, xalası oğlu Vüqara məxsus nömrəsini xatrılamadığı Vaz 2106 markalı avtomobili özünə deyib götürmüş və qardaşı Ceyhunun olduğu yerə getmişdir. O, çatanda qardaşı Ceyhunun yerdə uzamlıqh vəziyyətdə olduğunu görmüşdür. Murad və oğlu Ayxan isə evlərinə tərəf getmişlər. O, Muraddan qardaşı Ceyhuna kimin var-yox söyüşü etdiyini soruşmuş və Murada yaxınlaşaraq yumruqla bir dəfə ağız nahiyəsindən vurmuşdur. Murad zərbənin təsirindən yıxılan kimi olmuş və Muradın oğlu Ayxan onun üstünə gələrək onu vurmaq istədikdə o, Ayxana kənara durmasını bildirmişdir. Ayxan məni tutub özünə çəkəndə Murad yerdən götürdüyün daşla sağ göz nahiyəsinə bir dəfə vurmuşdur. Ceyhun onun tutub ayırmışdır. Həmin vaxtı orada yaşayan şəxslər səsə gələrək onları ayırmışlar. Onlar oradan getmək istədikdə qardaşı Ceyhun bıçağının yerə düşdüyünü və axtarıb tapmaq istədiyini bildirmişdir. O, Ceyhuna lazım olmadığını bildirmiş və getməyi demişdir. O, Ceyhunla avtomobilə oturub oradan getmiş, evlərinə yaxın yerə avtomobili dayandırıb düşmüşlər. Qardaşına nə baş verdiyini soruşduqda Muradın onu avtomobil ilə yaşadığı evə apardığını və avtomobildə ona avtomobildən düşüb qaçanın var-yoxuna söydüyünü, avtomobildə Muradı söyüş etdiyinə görə yumruqla bir dəfə vurduğunu və sonra avtomobildən düşəndə Muradın oğlu Ayxanı yanlarına gəldiyini bildirmişdir. Mübahisə edəndə özünü müdafiə etmək üçün Ceyhun üzərində olan bıçağı çıxarıb ona zəng etmişdir. O, çatana kimi Murad və oğlu Ayxan qardaşını daşla gözünü altına və sol qolu nahiyəsinə vuraraq döymüşlər. Həmçinin, Ceyhunun sol və ya sağ əlinin çeçələ barmağı kəsilmişdir. Ceyhun mübahisə zamanı bıçağı bir neçə dəfə onlara tərəf atdığını bildirmişdir. Söhbət etdikdən sonra yaşadığı evə getmişlər. Evdə olanda Ayxan ona mesaj yazaraq atası Muradın xəsarət aldığına görə xəstəxanaya getdiyini, oradan da polisə şikayət edəcəyini bildirmişdir. Mübahisə o, gedib oraya çatdıqdan sonra 2-3 dəqiqə davam etmiş, yaranmış səs küyə həmin vaxtı yaxınlıqda yaşayan şəxslər toplaşmış, həmin şəxslərdən onun tanıdığı Ələmdar və Əli olmuşdur. Mübahisə zamanı o, Ayxanı vurmamış, onu isə ancaq Murad vurmuşdur. X14 və oğlu Ayxan daş ilə vuraraq xəsarət yetirmişlər. Ceyhunun bıçaqla Murad və oğluna xəsarət yetirməsini görməmişdir. Ceyhun ona Murad və Ayxanın onu döyən zaman özünü müdafiə etmək üçün üzərində olan bıçağı çıxarıb, özündə olmayaraq onlara tərəf bir neçə dəfə atmış, bıçağın onlara dəyib-dəyməməsini xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hadisə yerinə çatan zaman davanın artıq bitmiş və onların mübahisə etdiklərini demişdir. Onlara yaxınlaşıb dava etməmələrini qonşu olduqlarını demiş, daha sonra hərbiri öz evlərinə getmişdir. Həmçinin bildirmişdir ki, davanı görmüş amma bıçaq məsələsini görməmişdir. Şahid3 ifadəsinin davamı olaraq bildirmişdir ki, hadisə yerinə çatan zaman onların davası bitmiş sadəcə mübahisə etmişlər və onlara yaxınlaşıb onları ayırmışdır. Cehun içki içən deyilmiş, digərlərinin isə içkili olub olmadığını bilməmişdir. O, Ayxanın başından qan gəldiyini görmədiyini bildirmiş, mübahisə səbəbinidə bilməmiş, tək bildiyi Moskva məsələsi ilə bağlı olduğunu demişdir. O, hadisə yerinə çatdığı zaman onlar poçtun qarşısında mübahisə etmiş və Cehunun əlində bıçaq görməmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən Şahid3 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. X4, Şahid2 həmkəndlisidir. Şahid1 və oğlu Ayxanı isə qonşusudur. 02 noyabr 2022-ci il tarixdə saat 19 radələrində kənddə çayxanadan evə gələndə Muradın yaşadığı evə yaxınlıqda səs gəldiyini eşidib oraya tərəf gedəndə Murad, oğlu Ayxan, Ceyhun və qardaşı Teymurun mübahisə etdiyini görmüşdür. Teymur demək olar ki, hadisə yerinə onunla bərabər çatmışdır. Teymur çatan kimi Muradla və Ayxanla mübahisə etməyə başlamışlar. O, yaxınlaşaraq mübahisə edənləri ayırmış və həmin vaxtı Cehun, orada olan digər şəxslər birlikdə ayırmışlar. Murad və oğlu Ayxan uzaqlaşıb evlərinə tərəf getmişdir. Murad sərxoş olmuşdur. Cehun və qardaşı Teymur da oradan uzaqlaşmışlar. O, çatanda mübahisə demək olar bitmişdir. Teymur gəldikdən sonra baş vermiş mübahisədə oraya çatmış və ayırmışdır. Cehunla Murad və oğlu Ayxanın arşında baş vermiş mübahisəni görməmişdir. Mübahisə bitdikdən sonra evə getmiş və eşitdiyinə görə bilir ki, Cehun mübahisə zamanı Ayxanı bıçaqla vurub xəsarət yetirmişdir. Mübahisənin səbəbi isə Cehunun Moskva şəhərində Muraddan nisyə mal alıb pulunu verməməsi olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4da Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞ Şəmkir rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 1338 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən nəticəyə gəlirəm ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər-sol təpə nahiyəsinin kəllə boşluğuna nüfuz edən, beyinin sərt qişasını zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası və sağ əlin ovuc səthinin 1 ədəd kəsilmiş-soyulmuş yarası deşici kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 02 noyabr 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol təpə nahiyyəsinin kəllə boşluğuna nüfuz edən, beyinin sərt qişasını zədləyən bir ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, sağ əlin ovuc səthinin 1 ədəd kəsilmiş-soyulmuş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 96 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Şəmkir MRX PHŞ-dan verilmiş xx.xx.2022-ci il tarixli 397 saylı arayış) verilmiş ifadələr, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində onda psixoproduktiv simptomatika aşkar edilməməsi, yaddaş, təfəkkür, qavrama və intellekt pozuntuları müəyyən olunmaması, törətdiyi əmələ qarşı tənqidi münasibət bəsləməsi və əməlindən peşiman olduğumu söyləməsi, baş vermiş hadisəni ətraflı və ardıcıl təsvir etməsi və s.) sübut edir. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psrxiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Təqsirləndirilən şəxs ruhi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxs haqqında “həbs” qətimkan tədbirinin seçilməsi barədə” Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir RMX-nın şöbə müdiri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 397 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik kabinetdə qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən istintaqda verilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs barışmışdır və heçbir şikayəti tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB-ın Yuxarı Seyfəli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası – 1965-ci il təvvəlüdlü X7, anası – 1974-cü il təvvəlüdlü X5, qardaşı – 1995-ci il təvvəlüdlü Şahid2, bacıları - 1998-ci il təvvəlüdlü X6 və X1 ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisi polis mayoru Arif Abbasovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəmkir rayonu Seyfəli kəndində yaşayan Şahid1 DİN-nin 102 xidətinə istifadəsində olan ***-***-**-** mobil nömrədən zəng vuraraq, ona borcu olan şəxsdən borcunu almaq üçün gedən zaman həmin şəxsin vətəndaşı döydüyünü, oğluna bıçaqla xəsarət yetirdiyini bildirdi. Təkrar zəng edərək oğlu Zərərçəkmiş şəxs Ceyhun Qasımov tərəfindən bıçaqlanması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisi polis mayoru Arif Abbasovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasının həkimi Ceyhun Rəsulov telefon vasitəsi ilə məlumat verərər bildirdi ki, 2004-cü ildə anadan olmuş, Şəmkir rayonu Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs deməsinə görə bıcaqlanaraq sağ əlin ovuc səhtinin və başın tüklü hisəssinin kəsilmiş yarası xəsarətini alması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisi polis mayoru Arif Abbasovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Bakı şəhər Neyrocərrahiyə Xəstəxanasından tibb bacısı Səbinə Hacıyeva telefon vasitəsi ilə məlumat verərər bildirdi ki, 2004-cü ildə anadan olmuş, Şəmkir rayonu Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs deməsinə görə xx.xx.2022-ci il tarixdə baş vermiş münaqişə zamanı açıq kəllə-beyin travması, sol təpə nahiyyəsinin kəllə daxilinə nüfuz edən metal yad cismi xəsarətini alması barədə məlumat daxil olmuşdur. TƏBİB Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ xəstənin stasionar tibbi kartından çıxarışdan da görünür ki, Zərərçəkmiş şəxs açıq kəllə beyin travması. Sol təpə nahiyədə, sol təpə sümüyünə nüfuz edərək pərçimlənmiş metal yad cism. Sərt qişasının kəsilmiş yarası. Pnevmoensefalon. Sol təpə nahiyəsinin sağalmaqda olar yarası. Cərrahi əməliyyatdan sonrakı vəziyyət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞ Şəmkir rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 1339 saylı rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi ekspertizasına əsasən nəticəyə gəlirəm ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin sağ yarısının yumşaq toxumalarının ağrı halında əzniyi KÜT əşyanın təsirindən törənmişdir, alt dodağın kayma hisəssinin sol yarısının və sağ əlin İ barmağının distal falanqasının bayır səthinin kəsilmiş səthi yaraları isə İTİ kənarlı alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmişdir, törənmə müddətləri 02 noyabr 2022-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞ Şəmkir rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 1341 saylı rəyindən görünür ki, Şahid2 məhkəmə-tibbi ekspertizasına əsasən nəticəyə gəlirəm ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər- sağ qaş nahiyəsinin və sağ gözaltı nahiyəsinin əzilmiş səthi yaraları KÜT əşyaların təsirindən törənmişlər. Törənmə müddətləri 02 noyabar 2022-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞ Şəmkir rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 1396 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən nəticəyə gəlirəm ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər- sil dirsək oynağının arxa səthinin , sağ və sol ayağının tış topuq nahiyəsinin əzilmiş səthi yaraları, döş qəfəsinin arxa səthinin, bel nahiyəsinin sağ yarsının sıyrıqları KÜT əşyaların təsirindən törənmişlər. Törənmə müddətləri 02 noyabar 2022-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsindən də göründüyü kimi barışmışdır və heç bir şikayəti, tələbi yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən də göründüyü kimi barışmışdır və heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadə ilə bağlı hesab edir ki, həmin ifadə onun tərəfindən özünü müdafiə məqsədilə verilmiş, uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadədir. Onun təqsiri məhkəməyədək icraat zamanı dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ondan dəfələrlə borcunu ödənilməsini tələb edən Şahid1 və oğlu Zərərçəkmiş şəxs cəzalandırmaq qərarına gəlib. Belə olan halda Şahid1 üz nahiyəsinə avtomobildə bir dəfə şillə ilə zərbə endirdikdən sonra mübahisənin davam etdirilməsinə maraqlı olmuşdur. Belə ki, ifadəsində qeyd etdiyi kimi Muradın sərxoş vəziyyətdə olmasını bilmiş, hadisə yerindən uzaqlaşmaq əvəzinə mübahisəni davam etdirmişdir. Nəticədə Şahid1 həmin zaman 17 yaşı olan övladı Ayxan atasını ayırmaq istəmiş, bu zaman Cehun mübahisəni Ayxanla davam etmişdir. Əvvəlcə Ayxanı atası Muradın yanında yerə yıxmış Ayxanın boyunun ondan hündür və cavan olmasını dərk etdiyi və sonuncunun qalxdığını gördüyü üçün əvvəlcədən üzərində gəzdirdiyi bıçağı cibindən çıxardaraq sonuncunun kəllə nahiyəsinə bir bıcaq zərbəsi endirmişdir. Bıçaq qırılaraq Ayxanın başında qalmış, Bakı şəhərində keçirilən cərrahi əməliyyat nəticəsində 7 sm olan bıçağın kəsici hissəsinin sonuncunun başında olması aşkarlanmışdır. Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən, eləcə də sonrakı dövrlərdə ifadəsi alınarkən törətdiyi əməllərdə təqsirli olmasını qeyd etmiş, yalnız məhkəmə istintaqı zamanı zəruri-müdafiə olunmasını bildirmişdir. Hüquq nəzəriyyəsinə əsasən dalaşan tərəflərin heç birinin qarşı tərəfin təhlükəli əməlindən qorunmaq niyyəti yoxdursa və tərəflər bir-birini intiqam hissi ilə döyməyə, xəsarət yetirməyə səy edirsə, belə hallarda zəruri müdafiə hüququ yaranmır və məsuliyyət ümumi əsaslarla həll edilir. Məhkəmə baxışı zamanı tətqiq olunmuş sübutlarıdan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 qarşılıqlı dalaşma şəraitində olmuşlar və qarşılıqlı olaraq ekspertiza rəyləri ilə müəyyən edilmiş bir birlərinə xəsarət yetirmişdirlər. Şahid1 tərəfindən daş atılması təhlükəli olmadığı halda Ceyhun Qasımov bıçaqdan qəsdən istifadə edərək, hadisə yerinə sonradan gələn və tərəfləri ayırmaq niyyətində olan Şahid1 oğlu Zərərçəkmiş şəxs xəsarətlə nəticələn bıçaq zərbələri endirmişdir ki, bu da Cehun Qasaımovun əslində zərərçəkmişin təhlükəli əməlindən qorunmaq niyyətinidə olmadığına dəlalət edir. Həmçinin qeyd olunan tərəflər arasında qarşılıqlı davanın qarşısını almaq niyyəti olan Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən Şahid1 hərəkətlərinə görə qisas almaq üçün sonuncunun gözü qarşısında ona yaxın adam olan övladınına təqsirləndirilən şəxs tərəfindən Şahid1 xüsusi əzab verdiyini dərk etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarətlər yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli, Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarında göstərilmişdir ki, 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməlindən peşman olması və zərərçəkmiş şəxslə barışması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Müdafiəçlərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən Təqsirləndirilən şəxs vəkil Müdafiəçi 70 (yetmiş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay müddət azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-85/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-85/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver