Məhkəmə qərarları › İş №1(100)-86/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-86/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-86/2021 18.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Gəncə şəhəri, Depo qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu 2020-ci ildə iyun ayının əvvəllərində, günü dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs məxsus kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən evdən 1 ədəd 800 manat dəyərində “Hoffman” markalı soyuducunu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar 2020-ci ildə iyul ayının əvvəllərində, günü dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs məxsus kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən evdən 1 ədəd 60 manat dəyərində 5 kq-lıq “Bosch” markalı paltaryuyan maşını, 1 ədəd 60 manat dəyərində 3 metr uzunluğunda 2 metr enində olan Gəncə xalçasını, 1 ədəd 40 manat dəyərində ceyran sobasını, ümumilikdə Zərərçəkmiş şəxs 160 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar 18 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən evdən 1 ədəd 15 manat dəyərində mətbəx pərdəsini, 1 ədəd 100 manat dəyərində dəri qadın gödəkçəsini, birinin dəyəri 20 manat olan 140 manat dəyərində 7 ədəd hədiyyəlik oyuncaqları, birinin dəyəri 170 manat olan 340 manat dəyərində 2 ədəd yük çantasını, ümumilikdə Zərərçəkmiş şəxs 545 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 6.191 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 11 sentyabr 2020-ci il tarixdə saat 18:30 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Depo qəsəbəsində yaşadığı fərdi yaşayış evinin yaxınlığında saxlanılıb Gəncə şəhər Kəpəz RPİ-nə gətirilərək üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı siqaret qutusunda 1 ədəd şəffaf rəngli sellofan torbacıqda külli miqdarda, təmiz çəkisi 6.191 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, Şahid3 qızı ilə qeyrirəsmi ər-arvad münasibətində olmaqla 2020-ci ilin əvvəllərində Pərvanə ilə ona məxsus Depo qəsəbəsində yerləşən evdə yaşamış və bir övladları var. Onlar Dubay bazarı kimi tanınan yerdə kafe işlətmişlər. Həmin kafe onların Depo qəsəbəsində yaşadıqları evə uzaq olduğu və həmçinin evin şəraiti yaxşı olmadığı üçün o, Pərvanə ilə 06 mart 2020-ci il tarixdən Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Uşinski küçəsi, bina 5, mənzil 4 ünvanında yerləşən evi taparaq 180 manata kirayə tutmuşlar. 08 mart 2020-ci il tarixdən isə evin kirayə haqqını ödəmiş və bundan sonra hər ayın 8-də kirayə haqqını ödəyərək orada yaşamışlar. Lakin iyun ayında işlətdikləri kafe bağlandığı üçün maddi vəziyyəti yaxşı olmamış və həmin ay kirayə haqqını düzəldə bilməmişdir. Maddi vəziyyətləri çətin olduğu və uşaqları xəstə olduğu üçün Pərvanə Şəmkirə bacısıgilə gedib orada qalmışdır. Həmin vaxtlarda evdə olan markasını xatırlamadığı soyuducu nasaz vəziyyətdə olmuş və o, “Sərçə bazar” adlan yerin yaxınlığında elektrik avadanlıqları təmirçisi olan Xanlar ustanın yanına gedərək soyuducunun nasaz vəziyyətdə olduğunu bildirmiş, həmin vaxt Xanlar soyuducuya baxmaq lazım olduğunu demişdir. Bundan sonra Xanlar usta onunla birlikdə Uşinski küçəsində kirayə yaşadığı ünvana getmiş və soyuducuya baxdıqdan sonra soyuducunun təmirinin çətin və baha başa gələcəyini demiş, həmin vaxt onnun maddi vəziyyəti yaxşı olmadığından və evin kirayə haqqını verə bilmədiyindən həmin soyuducunu satmaq qərarına gəlmiş və fikirləşmişdir ki, onsuzda xarabdır, imkanı yaxşı olanda yenisini alıb evə qoyar. Bundan sonra Xanlar usta ilə razılaşaraq iyun ayının əvvəllərində həmin soyuducunu 130 manata ona satmış, həmin vaxtı Pərvanə Şəmkirdə olmuş, o, evdə tək olmuş və Xanlar usta ona 130 manatı verdikdən sonra soyuducunu götürüb aparmışdır. Bundan təxminən 1 ay sonra yenə də iş tapa bilmədiyindən evdə olan ceyran sobasını, markasını bilmədiyi paltaryuyan maşını dəmir yığanlara 30 manata satmışdır. Pərvanə evə qayıtdıqdan sonra soyuducunu maraqlandıqda o, soyuducunu təmirə verdiyini demiş və onun soyuducunu satmağından Pərvanənin xəbəri olmamışdır. Xalça barədə isə bildirmək istəyir ki, yuyulmağa vermiş və hazırda onlardadı, zərərçəkmiş şəxsin qeyd etdiyi çemodanların isə onlara məxsus olduğunu zənn etmiş və içinə paltarlarını yığmışdır. Həmin vaxtlarda Pərvanə Şəmkir rayonunda olduğundan bunlardan xəbəri olmamışdır. Bundan sonra avqust ayında Pərvanə, Şəmkir rayonundan geri qayıtmış və evdə olan əşyaları satmağından Pərvanənin sonradan evə gələn vaxt xəbəri olmuşdur. O, isə Pərvanəyə həmin əşyaları evin kirayəsini vermək üçün satdığını və əvəzinə dövlət tərəfindən verilən 190 manatı alan zaman yenisini alıb qoyacağını bildirmişdir. Həmin vaxtı ev sahibi Pərvanə ilə danışaraq evin kirayə haqqını gecikdirdiklərini və 180 manat kirayə haqqını vermək lazım olduğunu bildirmişdir. Onlar isə artıq heç bir yerdə işləmədikləri üçün kirayə evdən çıxaraq Depo qəsəbəsində olan evə köçmək qərarına gəlmişlər və 18.08.2020-ci il tarixdə Pərvanə şəhərdə olan zaman o, Jaləyə məxsus kirayədə yaşadığı evdə olan iki ədəd yük çantasını götürüb ona və Pərvanəyə məxsus paltar və əşyaları yığaraq Depo qəsəbəsində yerləşən evə aparmış və Pərvanəyə də Depo qəsəbəsinə gəlməsini bildirmişdir. Həmin vaxt Jaləyə məxsus evin pərdəsi və bir ədəd gödəkçə evdən götürdüyü yük çantalarının içərisində olduğu üçün yanlışlıqla çantalarda onların evinə getmişdir. Evdə olan soyuducunu, ceyran sobasını, paltaryuyan maşını o, tək ayrı-ayrı vaxtlarda satmışdır. Onu da bildirmək istəyir ki, soyuducunu satdığı Xanlar ustanın və evdə olan ceyran sobası və paltaryuyan maşını satdığı şəxsin həmin əşyaların cinayət yolu ilə əldə olunmasından xəbəri olmamışdır. O, Xanlar ustaya soyuducunun ona məxsus olduğunu demişdir. Əlavə olaraq bildirdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, 2019-cu ilin aprelində şərti olaraq çıxmışdır. Uzun müddətdir ki, bədənində olan ağrılarını sakitləşdirmək üçün narkotik vasitə olan heroin qəbul edir. 11 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Depo qəsəbəsində, yaşadığı fərdi yaşayış evinin yaxınlığından yoldaşı ilə birlikdə pulu olmadığı üçün iş axtarmaq üçün avtobus dayanacağına gedərkən əynində olan qara rəngli şalvarının sol yan cibində narkotik vasitə olan heroin saxlamış, həmin vaxt yaşadığı evin yaxınlığında Pərvanə ilə birlikdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra isə həmin şəxslər ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər və o, polislərlə birlikdə Gəncə şəhər Kəpəz RPİ-nə getmişdir. Həmçinin üzərindən aşkar edilmiş heroinin çəkisinin 0,003 qram olmasına baxmayaraq sonradan polis şöbəsində polis əməkdaşları tərəfindən onun üzərinə məcburən, döyülərək 6 qramdan artıq heroin qoyulmuşdur. O, heç vaxt o, çəkidə heroin görməmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamış, həmin narkotik vasitədən heç kimə nə verməmiş, nə də ki, satmamışdır. O, yalnız narkotik vasitəni şəxsi istehlakı üçün 0, 003 qram üzərində saxlamışdır. Təqsirləndirilən şəxs verilən sullara cavab olaraq heç bir yerdə işləmədiyini, iş axtardığı və maddi imkanı zəif olduğu üçün zərərçəkmiş şəxsə məxsus olan evdən oğurladıqları əşyaları alıb geri qaytara bilmədiyini, tutularkən üzərindən aşkar olunmuş 100 manatın ona yoldaşının verdiyini, 400 rus rublunu isə kimin ona verdiyini xatırlamadığını bildirdi. Əlavə olaraq bildirdi ki, narkotik vasitə olan heroindən 5 ay olar istifadə edir, üzərindən aşkarlanan 0,003 qram narkotik vasitə olan heroini 11 sentyabr 2020-ci il tarixdə 20 manat müqabilində X2 şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “o, üzərindən aşkar olunan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 22.08.2020-ci il tarixdə Gəncə şəhəri, Depo qəsəbəsinində olan dayanacağın yaxınlığında Dəmiryol xəttinin kənarından tapdığını və şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını bildirmişdir”. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gəncə şəhəri, Uşinski küçəsi, bina 5, mənzil 4 ona məxsusdur. Həmin evdə heç kim yaşamadığı üçün o, həmin evi 2020-ci ilin mart ayında 180 manat müqabilində Şahid3 qızına kirayə vermiş və Pərvanə həmin evdə İlqar adlı şəxslə bir yerdə yaşamışdır. 08 avqust 2020-ci il tarixdə Pərvanə evin kirayə haqqını verməli olsa da, maddi imkanının zəif olduğu üçün ondan bir neçə gün möhlət istəmiş, o, isə razı olmuşdur. 18 avqust 2020-ci il tarixdə Pərvanə ilə əlaqə saxlayan zaman Pərvanə ona sabah gedib kirayə haqqını götürə biləcəyini demiş, 19 avqust 2020-ci il tarixdə səhər saatlarında Pərvanə ilə əlaqə saxlamış və ona kirayə pulunun hazır olduğunu və 1-2 saata götürə biləcəyini demişdir. Bundan bir saat sonra isə o, Pərvanəyə kirayə verdiyi ünvan 2 ünvana getmiş, həmin evə gedən zaman qapının açıq vəziyyətdə olduğunu və evdə olan 1 ədəd 800 manat dəyərində “Hoffmann” markalı, işlək vəziyyətdə olan soyuducunun, 1 ədəd, sadəcə yumaq üçün istifadə oluna bilən, işlək vəziyyətdə 60 manat dəyərində 5 kq-lıq “Bosch” markalı paltaryuyan maşının, 1 ədəd 60 manat dəyərində 3 metr uzunluğunda 2 metr enində olan Gəncə xalçasının, 1 ədəd 15 manat dəyərində mətbəx pərdəsinin, birinin dəyəri 170 manat olan 340 manat dəyərində 2 ədəd yük çantasının, bir ədəd 100 manat dəyərində dəri qadın gödəkçəsinin, birinin dəyəri 20 manat olan 140 manat dəyərində 7 ədəd hədiyyəlik oyuncaqların və 1 ədəd 40 manat dəyərində işlək vəziyyətdə olan çuqun materialdan olan ceyran sobasının yerində olmadığını aşkar etmiş, bundan sonra isə o, nə Pərvanə, nə də İlqar ilə əlaqə saxlaya bilməmişdir. O, hərdən bir həmin evə baş çəkmiş, lakin evdə olan ona məxsus əşyaları Təqsirləndirilən şəxs hissə-hissə satdığı üçün şübhələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri, Sərçə bazarının arxa qapısının yaxınlığında elektrik avadanlıqlarının təmiri ilə məşğul olur, həmçinin sexdə köhnə işlənmiş elektrik avadanlıqlarını təmir edib satır. Təqsirləndirilən şəxs sonradan tanımışdır. 2020-ci ilin iyun ayında İlqar onun işlədiyi sexə birinci dəfə gələrək ona yaşadığı evdə olan soyuducunu nasaz olduğu və onu təmir etdirmək istədiyini, lakin ikinci dəfə gələrək uşağı xəstə olduğundan pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmiş, o, sonuncuya soyuducuya baxmaq lazım olduğunu demiş, bundan sonra o, İlqarla Gəncə şəhəri, Uşinski küçəsində olan binanın ikinci mərtəbəsində yerləşən evə getmişlər. Həmin vaxt evdə heç kim olmamış, İlqar açarla qapını açdıqdan sonra içəri daxil olmuşlar, o, evdə olan markasını xatırlamadığı soyuducuya baxmış, soyuducu həmin vaxt nasaz vəziyyətdə olmuşdur. Bundan sonra onlar İlqarla soyuducunun qiymətini 130 manata razılaşmış və o, İlqara 130 manat verdikdən sonra həmin soyuducunu avtomobil ilə işlədiyi sexə aparmış, həmin soyuducunu təmir edib bir neçə gün sonra 150 manata tanımadığı şəxsə satmış, bundan sonra nə İlqarı, nə də soyuducunu satdığı şəxsi görməmişdir. Şahid4 suallara cavab olaraq soyuducunu İlqardan aldıqdan təxminən 5-6 gün sonra bir qadının gələrək soyucunu qaytarmasını və bir həftəyə gəlib götürəcəyini demiş, lakin gəlmədiyi üçün o, soyuducunu satmış, İlqardan soyuducunu alarkən və soyuducunu digər şəxsə satarkən hər hansı qeydiyyat aparmadığını və heç bir sənəd almadığını, buna görə də soyuducunu satdığı şəxsin şəxsiyyəti və soyuducunun harada olması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bundan başqa İlqar həmin evin və evdə olan soyuducunun ona məxsus olduğunu bildirmiş, buna görə də onun İlqarın həmin soyuducunu cinayət yolu ilə əldə etməsindən heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 qızı ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində olmaqla 2020-ci ilin mart ayına qədər İlqar ilə ona məxsus Depo qəsəbəsində yerləşən evdə yaşamış və Dubay bazarı kimi tanınan yerdə kafe işlətmişlər. Həmin kafe Depo qəsəbəsində yaşadıqları evə uzaq olduğu və həmçinin həmin evin şəraiti yaxşı olmadığından 06 mart 2020-ci il tarixdən Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Uşinski küçəsi, bina 5, mənzil 4 ünvanında yerləşən evi taparaq 180 manata kirayə tutmuş, 08 mart 2020-ci il tarixdən isə evin kirayə haqqını ödəmiş və bundan sonra hər ayın 8-də kirayə haqqını ödəyərək orada yaşamışlar. Bundan sonra yay aylarında işlətdikləri kafe bağlandığı üçün maddi vəziyyətləri yaxşı olmamış, buna görə də o, İlqara evdən çıxmaq istədiyini demiş, İlqar isə ona evin kirayə haqqını özü ödəcəyini və evdən çıxmaq istəmədiyini bildirmişdir. O, bundan sonra mütəmadi olaraq Şəmkir rayonuna gedib orada bacısıgildə qalmış və ayda bir dəfə Gəncə şəhərinə gəlmişdir. O, Gəncəyə gələn zaman İlqarla şəhərdə görüşüb evin kirayə haqqını götürərək Jaləyə verib yenidən Şəmkirə qayıtmışdır. İyun ayının axırlarında yenidən ünvan 3 ünvanına gələn zaman evdə olan soyuducunun yerində olmadığını aşkar etmiş, İlqardan bu barədə maraqlandıqda İlqar həmin soyuducunu nasaz olduğu üçün təmirə verdiyini bildirmişdir. O, həmin vaxt bir iki gün qaldıqdan sonra yenidən Şəmkirə qayıtmışdır. Bundan sonra avqust ayının ortalarında Şəmkirdə olan zaman ev sahibi olan Jalə onunla əlaqə saxlayaraq evin kirayə haqqını vemək lazım olduğunu bildirmiş, o, isə İlqarla əlaqə saxlayıb Gəncə şəhərinə gəlmiş və İlqar ona evin kirayə haqqını düzəldib ödəyəcəyini demişdir. Bundan sonra 18 avqust 2020-ci il tarixdə o, Jaləylə danışıb sabahı gün gəlib kirayə haqqını götürə biləcəyini ona demiş, İlqarla evə gələn zaman evdə olan ceyran sobasının, paltaryuyan maşının evdə olmadığını aşkar etmişdir. İlqarla danışdıqda İlqar ona həmin əşyaları evin kirayə haqqını verə bilmədiyi üçün satdığını və pulu düzəldib iyun və iyul ayında evin kirayə haqqını ödədiyini demiş, həmçinin dövlət tərəfindən verilən 190 manatı alan zaman əşyaların yenisini alıb qoyacağını bildirmişdir. Bundan sonra isə 18 avqust 2020-ci il tarixdə şəhərdə olan zaman İlqar ona Jaləyə məxsus evdən əşyaları yığaraq çıxıb Depo qəsəbəsinə getdiyini bildirmiş, bundan sonra isə Jalə ona zəng etdikdə İlqarın bu hərəkətləri etdiyi üçün utandığından Jalənin telefonuna cavab verməmişdir. İlqarın Depo qəsəsbəsində yaşadığı evə gedən zaman o, İlqarın etdiyinin düzgün olmadığını və onu çətin vəziyyətdə qoyduğunu İlqara bildirmiş, İlqar isə satdığı bütün əşyaların pulunu Jaləyə qaytaracağını bildirmişdir. O, həmin vaxt İlqarın Jaləyə məxsus evdə iki ədəd yük çantasına əşyaları yığıb gətirdiyini, həmçinin həmin çantaların içərisində Jaləyə məxsus pərdə, bir ədəd gödəkçə və bir neçə hədiyyəlik oyuncaqların yanlışlıqla çantalarda gəldiyini bildirmişdir. Bundan sonra isə o, yenidən çıxıb Şəmkir rayonuna qayıtmış və İlqara tez bir zamanda Jaləyə məxsus evdən götürüb satdığı əşyaları və evə gətirdiyi əşyaları qaytarmasını bildirmişdir. 11 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxsla birlikdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onları polis şöbəsinə gətirmişlər, Təqsirləndirilən şəxs ikinci mərtəbəyə qaldırmış, onu isə yarım saat sonra buraxmışlar. Şahid3 qızı ifadəsinə əlavə olaraq xalçanın, iki ədəd yük çantasının, bir ədəd pərdə və bir ədəd gödəkçənin hazırda onda olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ona Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 16, mənzil 28-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Depo qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra 11 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və Gəncə şəhəri, Depo qəsəbəsində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri, Depo qəsəbəsinə gedilmiş, Gəncə şəhəri Depo qəsəbəsində olarkən İlqarın həmin qəsəbədə yerləşən yaşadığı evin yaxınlığında hərəkətdə olduğunu görmüşlər. Həmin vaxt İlqara yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, İlqarı Kəpəz RPİ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaret qutusunda 1 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş, həmin büküm sellofanla birlikdə elektron tərəzidə çəkilərək çəkisinin xatırladığı qədəri ilə 6 qramdan artıq olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 15-20 gün əvvəl Gəncə şəhəri, Depo qəsəbəsində olan dayanacağın yaxınlığında Dəmiryol xəttinin kənarından tapdığını bildirmişdir. Həmçinin daha sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə əməliyyat məlumatları daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verərək onun ifdəsini özünə aid hissədə təsdiq etdi. Təqsirləndirilən şəxs vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, 11 sentyabr 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ona müraciət edərək, ağrıları olduğunu və ağrılarını azalmaq üçün ona narkotik vasitə lazım olduğunu bildirmiş və narkotik vasitə taqmaqda ona köməklik etməsini xahiş etmişdir. O, həmin vaxt yanında olan və ona yaxın olan Heydər adlı şəxsdən az miqdarda narkotik vasitə olan heroini alaraq Təqsirləndirilən şəxs vermiş və bunun müqabilində ondan hər hansı məbləğdə pul almamışdır. Ümumiyyətlə onun narkotik vasitələrin satışı ilə heç bir əlaqəsi olmamış, sadəcə Təqsirləndirilən şəxs tanıdığı və yaxın münasibətləri olduğu üçün onun ağrılarını azalmaq məqsədilə şəxsi istifadəsi üçün Heydərdən narkotik vasitə götürüb İlqara vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 11.09.2020-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan, protokola əlavə edilmiş fotoşəkillərdən, 15 sentyabr 2020-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və video görüntüdən görünür ki, Gəncə şəhər Kəpəz RPİ-də 11.09.2020-ci il tarixdə saat 19:30 da Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 400 rubl, iki ədəd reklam pulları, 100 manat pul, dərman vasitəsi olan analgin, limon duzu və əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaret qutusunda 1 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunur. Bundan sonra həmin büküm sellofanla birlikdə elektron tərəzidə çəkilir, çəkisi 6.6 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Digər aşkar olunan əşyalar isə Təqsirləndirilən şəxs qaytarılır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin narkotik vasitə olan heroin olduğunu, onu limon duzu ilə birgə bişirib istifadə etdiyini, həmin narkotik vasitəni Gəncə şəhəri, Depo qəsəbəsinində olan dayanacağın yaxınlığında Dəmiryol xəttinin kənarından tapdığını və şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını bildirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 bölməsinin 12 sentyabr 2020-ci il tarixli 16/641№-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan Heroinə bənzər maddə” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf rəngli sellofan torbacıqda təmiz çəkisi 6.191 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 noyabr 2020-ci il tarixli 9/4306 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 4 adda malların 2020-ci ilin mart-avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 150 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrıayrılıqda adları və qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: 1)1 ədəd “Hoffman” markalı soyuducu– aydın deyil. 2) 1 ədəd sadəcə yumaq üçün istifadə olunan 5 kq-lıq “Bosch” markalı paltaryuyan maşın-50 manat. 3) 1 ədəd uzunluğu 3 metr, eni 2 metr olan Gəncə xalçası – 60 manat. 4) 1 ədəd mətbəx pərdəsi – 10 manat. 5) 1 ədəd yük çantası – aydın deyil. 6) 1 ədəd qadın gödəkçəsi – aydın deyil. 7) 1 ədəd hədiyyəlik oyuncaq – aydın deyil. 8) çuqun materialdan olan “Ceyran” sobası – 30 manat. Digəer 4 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 06 noyabr 2020-ci il tarixli 933 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda götürülməsi məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon polis idarəsinin 25 sentyabr 2020-ci il tarixli, 122-40108-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərərk saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 25 sentyabr 2020-ci il tarixli 3598 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində 22 avqust 2007-ci il tarixdən xroniki alkoqolizm İİ mərhələ diaqnozu ilə qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 25 sentyabr 2020-ci il tarixli 3008 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 16 noyabr 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumilikdə təmiz çəkisi 6.191 qram olan heroin iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsinin saxlanma anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və “xxxx” MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 11 sentyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 sentyabr 2020-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda vahid olmayan niyyətlə oğurluq əməllərini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğurluqdan ibarət əməli düzgün olaraq təkrarlıq kimi qiymətləndirilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.11-ci maddəsinə göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etsə də oğurluq etməkdə məqsədinin məhz kirayə pulunu ödəmək olduğuna, daha sonra pulu olduqda həmin əşyaları alaraq yerinə qoymaq niyyətində olduğuna, onun tərəfindən oğurlanmasında ittiham olunduğu çemodanı, pərdəni və 1 ədəd gödəkcəni səhvən aparmasına, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədilə deyil, ağrıları olduğu üçün şəxsi istifadəsi məqsədilə 11.09.2020-ci il tarixdə X2 20 manat müqabilində almasına, həmçinin üzərindən aşkar edilmiş heroinin çəkisinin 0,003 qram olmasına baxmayaraq sonradan polis şöbəsində polis əməkdaşları tərəfindən onun üzərinə məcburən döyülərək 6 qramdan artıq heroin qoyulmasına dair ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, “baxış və götürmə haqqında” protokol, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş DVD diskə baxış zamanı, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur . Məhkəmə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və əlavə şahid qismində dindirilmiş X3 bir-biri ilə ziddiyyət təşkil edən ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadələri elan edilmiş ittihamla bağlı ağır cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi güdür, özünü (Hamlet Əliyevə münasibətdə yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs) müdafiə xarakteri daşıyır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2020-ci il tarixdə şübhəli qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuşdur. Bundan başda, sözügedən prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt üzərindən aşkarlanmış əşyaların (pul, narkotik vasitə heroin, və sair) ona məxsus olmasını bildirmiş, o cümlədən aşkarlanmış narkotik vasitə heroin onun yanında elektron tərəzidə çəkilmiş, narkotik vasitənin çəkisi təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. Əksinə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən məsələlərlə razılaşmış və prosessual hərəkətin nəticəsinə dair protokolu imzalayaraq sözügedən halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsə məxsus olan narkotik vasitə olan heroinin külli miqdarda yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasına müvafiq olaraq təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxladığı qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin qismən etirafedici ifadlərini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan tələbnamədən, məhkəmə hökmü və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Xalq Məhkəməsinin 14 avqust 1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 15,93-3, 43 maddəsi ilə təqsirli bilinərək 01 il 3 ay 15 gün islah işləri cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 16 mart 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinə əsasən 2 il islah işləri cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 23 sentyabr 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1, 177.2.3, 177.2.4, 66.3 və 67.1-ci maddələrinə əsasən 4 il 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov rayon Məhkəməsinin 20 aprel 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77 maddəsi ilə cəzasının çəkilməmiş 2 il 5 ay 6 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24.05.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 02 avqust 2013-cü il tarixli qərarı ilə təyin edilmiş 7 il 6 ay cəzası 6 ilə endirilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin 31 may 2019cu il tarixli qəararı ilə 10 ay 3 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya şöbəsinin 23 oktyabr 2020-ci il tarixli 88702/19 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon Məhkəməsinin 7(007)-572/2019 saylı, 31.05.2019-ci il tarixli qərarı ilə 10 ay 03 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və təyin edilmiş 10 ay 03 gün müddətinə cəzanı 03.04.2020-ci il tarixdə çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətlərin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli residivini yaradır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə qəti cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin 06 noyabr 2020-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan təmiz çəkisi 6.141 qram olan heroin məhv edilməli, onun məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən həyata keçirilməli, həmçinin baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” diskin və “xxxx” MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə məsrəfi olan 82,40 (səksən iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı prosessual hərəkətlərdə 50 saat, məhkəmə prosesində 43 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 11 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan təmiz çəkisi 6.141 qram olan heroin məhv edilsin, onun məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən həyata keçirilsin, həmçinin baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” diskin və “xxxx” MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 82,40 (səksən iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 558 (beş yüz əlli səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar