Məhkəmə qərarları › İş №1(100)-86/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-86/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-86/2022 11.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Arzu Məmməd qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Şəmkir rayonunun Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Şəmkir rayonunun Sabirkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı Şəmkir rayonu Sabirkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində quraşdırılmış istixananın içərisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda 17 (on yeddi) ədəd, narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 28 aprel 2021-ci il tarixdə, saat 16 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin evin həyətyanı sahəsində yerləşən istixanadan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961- İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 17 (on yeddi) ədəd çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ilk dəfə müharibədə olduğu zaman narkotik vasitə qəbul etmiş, həmin vaxtdan sonra hərdən “nəşə” kimi tanıdığı narkotik vasitə istifadə etmişdir. Özünə məxsus “Azsamand” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərmiş, həmçinin 2020-ci ildə həyətyanı sahəsində olan istixananı təmir elətdirərək, üzərinə sellofan örtüyü çəkərək tərəvəz bitkiləri əkmişdir. İstixanada əsasən ailə üzvləri işləmişdir. Özü isə həmin istixanaya hərdən girmiş, lakin istixanda işləməmişdir. 28 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində o, ailə üzvləri ilə yaşadığı evdə olduğu zaman Şəmkir rayon polis şöbəsinin X11 əməkdaşları onun yaşadığı evə gələrək yaşadığı evin həyətyanı sahəsində narkotik təkibli bitkiləri əkməsi və evində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu, buna görə evinə və həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O, baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirərək bu barədə ərizə vermişdir. Polis əməkdaşları videoçəkiliş vasitəsi ilə alim aqronomun iştirakı ilə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirdikləri zaman evin həyətyanı sahəsində olan istixananın içərisində xiyar şitillərinin ətrafından ümumilikdə 17 ədəd narkotik tərkibli bitki kolları aşkar etmişlər. Polis əməkdaşları onun və aqronomun iştirakı ilə həmin bitkiləri bir-bir kökündən çıxardaraq hündürlüklərini ölçüb qablaşdıraraq möhürləyib götürmüşlər. Polis əməkdaşları həmin bitkiləri nə məqsədlə əkdiyini və qulluq etdiyini soruşduqda o, həmin bitkilərdən məlumatının olmadığını, həmin bitkiləri əkmədiyini, qulluq etmədiyini və həmin bitkilərin yabanı halda bitdiyini, təxminən 10 gün əvvəl istixanaya daxil olduğu zaman orada narkotik tərkibli bitkilər görmədiyini bildirmişdir. O, polis əməkdaşları istixnaya baxış keçirdikləri zaman orada həmin bitkilərin olmasını görmüşdür. Daha sonra polis əməkdaşları onun yaşadığı evə də baxış keçirərkən evdən heç nə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları aşkar olunmuş bitkilərlə birgə onu da Zəyəm polis bölməsinə gətirmişlər. Orada dövlət hesabına dəvət olunmuş müdafiəçinin işitirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, aşkar olunan 17 ədəd narkotik tərkibli bitkilər yabanı halda bitmiş, həmin bitkilərə qulluq etməmiş, həmçinin həmin bitkiləri sulamamış, polis əməkdaşları istixanaya baxış keçirərkən həmin bitkilərdən həyətinin digər yerlərində də olduğunu onlara bildirmişdir. Əvvəllər narkotik vasitə istifadə etdiyindən narkotik tərkibli bitkiləri tanımış, həyətyanı sahəsində olan narkotik tərkibli çətənə bitkilərini isə öz diqqətsizliyindən görməmişdir. Əlavə olaraq göstərmişdir ki, 1992-ci ildə birinci Qarabağ müharibəsində iştirak etmiş, 1993-cü ilin mart ayında Kəlbəcər rayonunun müdafiəsi zamanı sol ayağından güllə yarası aldığından ordudan təxris olunmuşdur. Hazırda İİ qrup əlildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir RPŞ-nin X11 baş əməliyyat müvəkkili vəzifəsində xidmətdə olduğu vaxt 28 aprel 2021-ci il tarixdə ona Şəmkir rayonunun Sabirkənd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada narkotik tərkibli bitkilər əkib-becərməsi və yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə X11 rəhbərliyinə raportla müraciət etdikdən sonra rəhbərliyin göstərişi ilə həmin tarixdə saat 17 radələrində Şəmkir RPŞ-nin X11 əməkdaşları, əməliyyat müvəkkilli Şahid2 Buludxan oğlu, polis nəfərləri Şahid3, Şahid4, KTQ-nın baş inspektoru Şahid5 və X7un iştirakı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirmək üçün getmişlər. Baxış keçirmək üçün bir nəfər mütəxəssis aqronom dəvət etdikdən sonra mütəxəssis aqronoma hüquq və vəzifələrini izah edib Təqsirləndirilən şəxs həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs həyətyanı sahədə narkotik tərkibli bitkilər əkməkdə şübhəli olmasını və ona görə də həyətyanı sahəyə təxirəsalınmaz qərar əsasında baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirməyə başlamışlar. Həyətyanı sahəyə baxış keçirilərkən həyətyanı sahədə yerləşən təxminən 4X5 metr ölçülərində olan kiçik istixananın içərisində müxtəlif yerlərdə istixananın sellofanına yaxın hündürlüyü 10 santimetrdən 59 santimetrədək olan, cəmi cəmi 17 ədəd çətənə bitkilərinə oxşar bitki kolları aşkar olunmuşdu. Həmin bitkilərin diblərinin torpağı boşaldılmış, suvarılmış, alaq otlarından təmizlənmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin yabanı halda bitdiyini, onlardan heç bir məlumatı olmadığını, həyətin digər yerlərində də həmin bitkilərdən bitdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin suvarıldığını və alaq otlarından təmizləndiyini göstətmişdir. Həyətyanı sahənin başqa yerlərinə, eyni zamanda xiyar bitkisi əkilmiş böyük istixanaya baxış keçirilərkən yabanı və ya aqrotexniki qaydada əkilmiş çətənə bitkisinə oxşar başqa bitkilər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə və digər sahələrə baxış keçirilərkən şübhəli heç bir şey aşkar olunmamışdır. Aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər kökündən çıxarılıb qablaşdırılmış, möhürlənərək maddi sübut kimi götürülmüşdür. X7 tərəfindən həyətyanı sahəyə baxış və onun nəticələrinə dair protokol yazılmış, o da həmin protokola imza etmişdir. Daha sonra polis bölməsində Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Bu barədə tərtib olunmuş protokolla tanış olduqdan sonra imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Buludxan oğlu, Şahid3 və Şahid4 oxşar məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Universitetini meyvə, tərəvəzçilik və üzümçülük ixtisası üzrə alim aqronom kimi bitirmişdir. 2016-cı ilədək müxtəlif idarələrdə aqronom kimi işləmiş, 2016-cı ildən isə X13 İnkişaf mərkəzinin bitkiçilik sektorunun müdiri vəzifəsində işləmişdir. 2021-ci ilin aprel ayının 28-də saat 18 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları onu Şəmkir rayonunun Sabirkənd kənd sakini Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilən zaman aqronom-mütəxəssis kimi iştirak etməsi üçün dəvət etmişlər. O, heç bir etiraz etməmiş, ona hüquq və vəzifələri izah edilmiş və polis əməkdaşları ilə birlikdə Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onları qarşıladıqda polis əməkdaşları Məhəmmədə həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu və buna görə həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarının baxış keçirməsinə heç bir etiraz etməmişdir. Baxış zamanı həyətyanı sahədə olan xiyar şitillərinin yetişdirildiyi istixanada sellofan örtüyə yaxın hissələrdə 17 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuşdur. Aşkar olunmuş bitki hissələri hər biri polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq götürülmüşdür. Həmin bitkilərin hündürlüyü 10 santimetrdən 59 santimetrədək olmuşdur. Daha sonra polis əməkdaşları həmin bitkiləri qablaşdıraraq möhürləyib götürmüşlər. Təqsirləndirilən şəxs həmin bitkilərin yabanı halda bitdiyini, həyətyanı sahənin digər yerlərində də həmin bitkilərdən bitdiyini bildirmişdir. Polis əməkdaşları ilə birlikdə istixananın digər yerlərinə və ətraf ərazilərə baxış keçirilən zaman şübhəli heç nə aşkar olunmamışdır. Təqdim olunan həmin bitkilərə becərilməsi və boy atıb inkişaf etmələri üçün aqrotexniki qaydada qulluq göstərilmiş, alaq otlarından təmizlənərək suvarılmışdır. Həmin bitkiləri o, görünüşündən çətənə bitkisinə oxşatmışdır. Aqronom kimi ona təqdim olunan həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi barədə yazılı rəy vermiş, təhqiqatçı tərəfindən hadisə yerinə baxış protokolu tərtib olunduqdan sonra həmin protokolla tanış olaraq imza etmişdir. İş materiallarına əlavə edilmiş 28 aprel 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Sabirkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində quraşdırılmış istilikxanada, yerdə balaca plastik yeşiklərdə olan xiyar şitillərinin ətrafında, sağ və sol hissəsində hündürlüyü 44, 34, 59, 43, 40, 38, 30, 32, 23, 27, 23, 21, 17, 20, 10, 20 və 28 sm olan, cəmi 17 ədəd çətənə kollarına oxşar bitki kolları aşkar olunmuş, həmin kollar çıxarılmaqla qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş X13 İnkişaf Mərkəzinin aqronom mütəxəssisi Şahid6 tərəfindən tərtib edilmiş 28 aprel 2021-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Sabirkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 17 (on yeddi) ədəd çətənə kollarına oxşar bitki kolları aqrotexniki qaydada əkilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi tərəfindən təqdim edilmiş məhkəmə bioloji ekspertizasının 29 aprel 2021-ci il tarixli 16/402 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəmkir rayonu Sabirkənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən istilikxanadan...” sözləri yazılmış 1(bir) ədəd sellofan paketdə, ümumi sayı 17 (on yeddi) ədəd, ümumi təmiz çəkisi 85 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə edilmiş 28 aprel 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdə saat 19:40-da CM-in 237.2.3-cü maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir rayon məhkəməsinin 30 aprel 2021-ci il tarixli “təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 23 avqust 2021-ci il tarixli qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbirinin müddəti 02 ay, yəni 28 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22.10.2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə Sabirkənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmkir Rayon Polis Şöbəsinin X11 əməliyyat müvəkkili, polis kapitanı Şahid1 28.04.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının “X14” X1 tərəfindən təqdim edilmiş 21 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti başçısının Sabirkənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli 340 və 341 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonunun Sabirkənd kəndində qeydiyyatda olmaqla arvadı X6, qızları X2, X3 və oğlu X4 ilə birlikdə orada yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti başçısının Sabirkənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qarabağ Əlillər Cəmiyyətinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Respublikamızın bütövlüyü və müstəqilliyi uğrunda Qarabağ və Sərhədyanı rayonlarda gedən döyüşlərdə iştirak etmiş və İİ qrup əlil olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserindən təqdim edilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair 01 may 2021-ci il tarixli, 486 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İİ qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmkir rayon Polis şöbəsi tərəfindən təqdim edilmiş 27.05.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri alaq otlarından seçilməməsi üçün istixananın müxtəlif yerlərində, öz istifadəsi üçün qurudulmuş marixuana əldə etməsi məqsədilə əkmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində aşkar edilmiş 17 ədəd çətənə kolları ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, həmin çətənə kollarının yabanı şəkildə yetişdiyini, həmin kolları əkmədiyini, onlara qulluq etmədiyini, həmin vaxt həyətinin digər yerlərində də yabanı şəkildə bitmiş çətənə kollarının olduğunu bildirərək özünü verilmiş ittihamla təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəni işin faktiki halları ilə uyğun olmayan, uydurma, məsuliyyətdən yayınmağa xidmət edən ifadə kimi qəbul edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri “baxış və götürmə haqqında” protokol, şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan aqronom mütəxəssisin rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 17 (on yeddi) ədəd ümumi təmiz çəkisi 85 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq göstərilmiş çətənə bitkiləridir, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, səpilib suvarılmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 İnkişaf Mərkəzinin aqronom mütəxəssisi Şahid6 ifadəsində verdiyi rəyi təsdiq etməklə, aşkar edilmiş 17 (on yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə-kannabis bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini, səpilib suvarıldığını göstərmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları olan Şahid1, Şahid2 Buludxan oğlunun, Şahid3 və Şahid4 ifadələrindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada narkotik tərkibli bitkilər əkib-becərməsi və yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan onun yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı 17 (on yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüş, həmçinin baxış zamanı həyətyanı sahənin başqa yerlərində yabanı və ya aqrotexniki qaydada əkilmiş çətənə bitkisinə oxşar başqa bitkilər aşkar olunmamışdır. Həmçinin Şəmkir RPŞ-nin təqdim etdiyi əməliyyat tapşırığına cavab məktubundan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri alaq otlarından seçilməməsi üçün istixananın müxtəlif yerlərində, öz istifadəsi üçün qurudulmuş marixuana əldə etməsi məqsədilə əkmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, istixana şəraitində yabanı şəkildə çətənə bitkilərinin yetişməsi inandırıcı olmadığından, yəni həmin istixanada digər tərəvəz bitkilərinin yetişməsi üçün lazımi şərait yaradılmaqla onlara qulluq edildiyindən, həmin narkotik tərkibli bitkilərin aşkar edilməməsi şübhələr yaratdığından təqsirləndirilən şəxsin qeyd edilən ifadəsi həqiqi və obyektiv ifadə kimi qəbul edilməməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961 İİQ saylı Azərbaycan Respublikası Qanununun İİİ siyahısına görə, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarı aşağı həddi 16 ədəd (31 hissə) kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və Respublikamızın bütövlüyü və müstəqilliyi uğrunda Qarabağ və Sərhədyanı rayonlarda gedən döyüşlərdə iştirak etməklə İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30.04.2021-ci il tarixdə isə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, 23 avqust 2021-ci il tarixdə ev dustaqlığı növündə qətimkan tədbirinin müddəti 28 oktyabr 2021-ci il tarixədək uzadılmış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22.10.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün və ev dustaqlığında olduğu müddət təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-də saxlanılan 17 ədəd narkotik tərkibli çətənə bitkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk, onun evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olduğuna görə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı, iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 28 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-də saxlanılan 17 ədəd narkotik tərkibli çətənə bitkisi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk, onun evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs İİ qrup əlil olduğuna görə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar