Məhkəmə qərarları › İş №1(100)-87/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-87/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-87/2022 30.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X8 oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi–Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Samux rayonunun Tatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Samux rayonunun Tatlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə saat 23 radələrində Samux rayonunun Ağasıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs qardaşı Şahid1 arvadı Şahid4 yanında “salam ay cındır” sözünü deməsini bəhanə edib Gəncə şəhəri, Kəpəz rayonu Atabəylər prospektində yerləşən “Çinarlı” adlanan kafenin yaxınlığında əvvəlcədən vədələşib görüşərək sonuncu ilə mübahisə etmiş və mübahisə zamanı cibindən çıxardığı kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağı ilə əsaslı səbəb olmadan kürək nahiyyəsinə qəsdən bir dəfə vuraraq dərəcəsinə görə yetirilən andan insan həyat üçün təhlükəli ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olub döş qəfəsinin daxilə keçən, ağciyərin zədələnməsi ilə müşayət olunan kəsilmiş-deşilmiş yarası, hemopnevmotoraks xəsarətlərini yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamılığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Samux rayonunun Tatlı kəndində təzə inşa etdirdiyi fərdi yaşayış evində arvadı Ülviyyə, azyaşlı övladları Elşad və Yeganə ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamışdır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, yaşadığı kənddə əkin sahələrinin 1 ha ərazisini 20 manata sulayaraq ailəsini dolandırır. Samux rayonunun Ağasbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs təxminən 6 ildir ki, tanıyır, onunla əvvəllər heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Rəşad qardaşı Seymur ilə dostdur, münasibətləri normal olmuşdur. 23 iyun 2021-ci il tarixdə saat 22 radələrində O yaşadığı küçənin aşağı hissəsində yerləşən həmkəndlisi Altaya məxsus mağazadan siqaret alıb küçəyə çıxmışdır. Həmin vaxt qardaşı Seymur avtomobilini idarə edib onun yanına gəlmişdir. O, Seymurun dilxor olduğunu hiss etdiyi üçün sonuncudan nə baş verdiyini soruşmuşdur. Seymur ona az öncə arvadı Aynur ilə avtomobilində olan zaman, Rəşadın idarə etdiyi avtomobilini onun avtomobilinin bərabərliyində saxlayaraq ona “ay cındır nətərsən” dediyini, buna görə də, mobil telefonu ilə Rəşada zəng edib iradlarını bildirdiyini söyləmişdir. Bu sözü eşidəndən sonra Seymurla birlikdə sonuncunun avtomobili ilə Çinarlı adlanan kafenin yanına getmiş, avtomobildən yerə düşən kimi Rəşada tərəf getmiş və sonuncuya “ay Rəşad utanmırsanmı sən qardaşıma ailəsinin yanında cındır deyirsən” sözlərini demişdir. Rəşad ona “sən yuyulmamış çömçə kimi araya girirsən, mən zarafat etmişəm, söhbəti niyə davaya çevirirsən?!” sözlərini demişdir. Həmin vaxt Rəşad illə aralarında mübahisə yaranmış, mübahisə zamanı Rəşad əlləri ilə onu arxaya itəliyərək üstünə gəlməməsini bildirmişdir. O da, vaxt itirmədən əynində olan şalvarın sağ yan cibində gəzdirdiyi açılıq-qatnanan bıçağı əlinə alıb, Rəşadın sağ kürək nahiyyəsinə bir dəfə zərbə ilə vurmuşdur. Sonra Rəşadın yanında olan Əli və qardaşı Seymur onları aralamışlar. Sonra qardaşı Seymur onun qolundan tutub avtomobilinə əyləşdirmiş və sonuncu onu yaşadığı evə aparıb düşürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Samux rayonunun Ağasıbəyli kəndində yaşayır. Yaşadığı kənddə yerləşən soyuducu anbarında nəzarətçi işləyir. O, hər gün işə saat 19 radələrində gedib, səhər 09 radələrində yaşadığı evə geri qayıdır. 23 iyun 2021-ci il tarixdə saat 21 radələrində o, iş yoldaşı Əli ilə birlikdə yemək yemişdir. Sonra o, istifadəsində olan VAZ 21074 minik markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib Samux rayonunun İnstitut qəsəbəsindən qarpız almağa getmişdir. O, işlədiyi anbara geri dönən zaman yolda tanışı Şahid1 işlədiyi mürəbbə sexinin yaxınlığı ilə asta sürətlə Ford markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini görmüşdür. O, avtomobilini Seymurun idarə etdiyi avtomobilin bərabərliyində saxlayaraq ona sonuncu ilə zarafatı olduğu üçün gülüş üçün ona: “Salam ay cındır” sözlərini demişdir. O Seymurun idarə etdiyi avtomobildə kimsəni görməsə də, Seymur ona arvadının avtomobilin salonunda olduğunu bildirmişdir. Sonra o, avtomobilini idarə edib işlədiyi anbara getmişdir. O işlədiyi anbarda Əli ilə birlikdə qarpız yeyən zaman Seymur istifadəsində olan mobil telefonuna zəng edərək, ona arvadının yanında cındır deməyinə görə öz iradlarını bildirmişdir. O da öz növbəsində, Seymura onun arvadının avtomobilin salonunda olduğundan xəbərinin olmadığını bildirməklə ondan üzr istəmişdir. Bir qədər sonra Seymur qardaşı Vüsalla onun olduğu Çinarlı kafesinə gəlmişlər. Avtomobildən Seymur ilə Vüsal yerə düşüb ona tərəf yaxınlaşmışlar. Bu an yanında olan dostu Əli onların yanından bir qədər uzaqlaşmışdır. O, Seymura yaxınlaşaraq bir daha üzürxahlıq edərək arvadının avtomobilin salonunda olduğunu görmədiyini, arvadının yanında xoşagəlməz söz danışdığına görə Seymurdan dönə-dönə üzr istəmişdir. Həmin vaxt Vüsal da ona ağır tonda iradını bildirmiş və onu təhqir etməyə başlamışdır. O da üzürxahlıq etdikdən sonra Vüsalın ona dediyi sözlərə görə ona əsəbiləşmişdir və ona “ayə sən niyə yuyulmamış çömçə kimi araya girirsən” sözlərini demişdir. O Vüsalın onu vurmaq üçün üzərinə gəldiyini görüb əlləri ilə onun sinə nahiyyəsindən bir qədər arxaya itələmişdir. O, həmin vaxt hava qaranlıq olduğu üçün Vüsalın əlində nəsə olduğunu görə bilməmişdir. Vüsal əlində olan bıçaqla onun kürək nahiyyəsinə bir dəfə vuraraq ona xəsarət yetirmişdir. O, Vüsalın onu yenidən vurmaması üçün Vüsalı əlləri ilə arxaya tərəf itələmişdir. Bu an Əli və Seymur onları bir-birlərindən aralamışlar. X9 “ ayə sən nə iş tutdun?!” deyib, Vüsalı idarə etdiyi avtomobilə mindirmişdir. O isə kürək nahiyyəsinən qan axdığını gördüyü üçün dərhal avtomobilinin sükanına əyləşmişdir. Əli də, onun idarə etdiyi avtomobilə əyləşdikdən sonra ondan təcili olaraq xəstəxanaya getməsini tələb etmişdir. O isə Əliyə narahat olmamasını bildirmiş, idarə etdiyi avtomobili ilə işlədiyi anbara getmişdir. O anbarda yarasını yapışdırmaq üçün yapışqanlı lent tapa bilməmişdir. Buna görə də, o, avtomobilini idarə edib Əli ilə birlikdə anasının qohumu, Samux rayonunun İnstitut qəsəbəsində yaşayan Ələsin yaşadığı evə getmişdir. O və Əli, Şahid3 yaşadığı evə getmişlər. Onlar Ələs ilə gördüşdükdən sonra Ələsə baş vermiş hadisəni danışmışdır. Ələs ona ilkin tibbi yardım göstərmişdir. Bir neçə dəqiqədən sonra onun halı pisləşdiyinə görə Ələs ilə Əli onu avtomobilin arxa oturacağına əyləşdirmişlər. Sonra Əli onun avtomobilini idarə edərək, Ələs ilə birlikdə onu Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparmışlar. O, xəstəxanaya çatan zaman artıq halı tamam pisləşmiş və həkimlər ona yuxu dərmanı verməklə əməliyyat etmişlər. O, bir neçə gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdır. Hava qaranlıq olduğuna görə o, Vüsalın ona xəsarət yetirdiyi bıçağı görə bilməmişdir. Lakin o, tam əmindir ki, həmin alət bıçaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Samux rayonunun Tatlı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs isə onun dostudur. Onun Rəşad ilə əvvəllər aralarında ədavəti və ya düşmənçiliyi olmamışdır. Samux rayonunun Tatlı kəndində yerləşən mürəbbə sexində 300 manat xidməthaqqı müqabilində nəzarətçi işləmişdir. 23 iyun 2021-ci il il tarixdə saat 16 radələrində işlədiyi mürəbbə sexinə məxsus Ford markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir, arvadı Şahid4 ilə birlikdə Samux rayonu Qiyaslı kəndində yaşayan qardaşı X1 yaşadığı evə qonaq getmişdir. O, qardaşı Xəyalın yaşadığı evi saat 21 radələrində arvadı Aynurə ilə birlikdə tərk edib yaşadığı evə yola düşmüşdür. Avtomobil idarə etmiş, yaşadığı evə tərəf hərəkət etməyə başlamışdır. Bir qədər sonra Rəşad avtomobilini idarə etmiş, onun avtomobilinin bərabərliyində saxlamış, ona zarafatla “Salam ay cındır” sözlərini demişdir. Arvadı ona “ailən maşında ola-ola bu kimdir sənə hörmətsizlikdir edir” sözlərini demişdir. O arvadı Aynurənin sözlərinə görə təsirlənmişdir və Rəşada ona dediyi sözə görə öz iradlarını bildirmişdir. Sonra o, arvadı Aynurəni yaşadığı evə qoymuşdur, Rəşadın yanına getmişdir. Yaşadığı kəndin mərkəzində Altaya məxsus ərzaq malları mağazasının qarşısında qardaşı Vüsalı görmüş və onunla salamlaşmışdır. Qardaşı Vüsal ona nə səbəbə dilxor olduğunu soruşmuşdur və o qardaşına arvadı Aynurənin yanında Rəşadın ona cındır deməsini, həmin sözə görə Aynurənin yanında pisikdiyini bildirmişdir. Sonra o, mobil telefonu ilə Rəşada zəng etmişdir, ondan harada olduğunu soruşmuşdur. Rəşad ona arvadı Aynurənin avtomobilin salonunda olduğundan xəbərinin olmadığını bildirmişdir və dediyi sözə görə ondan üzr istəmişdir. Bundan sonra Vüsal onun idarə etdiyi avtomobilə əyləşmişdir və birlikdə Rəşadən adətən olduğu Çinarlı adlanan kafenin yaxınlığına getmişlər. Onlar avtomobilin salonundan yerə düşən zaman Rəşad və Əli onlarla salamlaşıb, hal-əhval tutmuşlar. Onlar Rəşada yaxınlaşan zaman Əli bir qədər kənara getmiş, qardaşı Vüsal isə Rəşadın bir qədər üzərinə gedib iradını bildirən zaman Rəşad Vüsala: “ayə sən niyə yuyulmamış çömçə kimi araya girirsən” deyərək Vüsalı əli ilə arxaya itələmişdir.Bu zaman anidən Vüsal görə bilmədiyi və əlamətləri yadında qalmayan bıçaqla Rəşadın kürək nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. X11 xəsarət yetirdiyi üçün ondan bir qədər aralanmışdır. Rəşadın Vüsalı vuracağından ehtiyyat etmişdir və dərhal onların arasına girmişdir. Əli ilə birlikdə onları bir-birindən aralamışdır. Sonra o, Vüsalı idarə etdiyi avtomobilə əyləşdirmişdir, onu yaşadığı evə aparmışdır. O, Rəşadın aldığı xəsarətin yüngül olmasını zənn etmişdir və avtomobilini idarə etmişdir və yaşadığı evə getmişdir. Təxminən 3 saatdan sonra o, Rəşadın ağır dərəcəli xəsarət ilə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya daxil olduğunu və Rəşadın əməliyyat olunduğunu bilmişdir. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisə zamanı orada Əli və o olmuşdur. Kənardan isə onları görən olmamışdır. Hadisə zamanı Çinarlı adlanan kafe bağlı olmuşdur. Hadisəni kənardan hər hansı bir şəxs görməmişdir. Hava qaranlıq olduğuna görə o, qardaşı Vüsalın Rəşada xəsarət yetirdiyi bıçağı görə bilməmişdir. Hadisədən sonra Vüsal polisə gedib özünü təqdim edən zaman Rəşada xəsarət yetirdiyi bıçağı könüllü olaraq polisə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid7 Tariyel qızı işin halları ilə bağlı eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımışdır. Onun Vüsal və Rəşad ilə əvvəllər aralarında düşmənçiliyi və ədavəti olmamışdır. Rəşad onunla birlikdə soyuducu anbarında mühafizəçi işləyirdi. 23 iyun 2021-ci il tarixdə saat 21 radələrində iş yerində o, Rəşad ilə birlikdə yemək yemişdir. Sonra Rəşad istifadəsində olan VAZ 21074 minik markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək qarpız almağa getmişdir. Təxminən 30-40 dəqiqədən sonra Rəşad onun yanına geri qayıtmışdır. O, Rəşadın mobil telefonla qonşuluqda yerləşən Mürəbbə sexinin mühafizəçisi işləyən Seymurla danışdığını görmüşdür. Sonra onlar birlikdə qarpız yemişlər. Onlar qarpızı yeyib qurtardıqdan sonra Seymur yenidən Rəşada zəng vurmuşdur. Rəşad mobil telefonla həm Seymur, həmdəki sonuncunun qardaşı Vüsal ilə danışmışdır. X10 və Vüsala Çinarlı adlanan kafenin yanına gəlmələrini bildirmişdir. O, Rəşaddan nələrin baş verdiyini soruşduqda sonuncu ona bir neçə dəqiqə əvvəl qarpız alıb anbara geri qayıdan zaman yoldaşı Seymurun avtomobil idarə etdiyini gördüyünü, avtomobilini Seymurun avtomobilinin bərabərliyində saxlayıb ona zarafatla “Salam ay cındır” dediyini, həmin vaxt Seymurun arvadının da onun yanında olduğunu, sözünə görə həm Seymurun həmdəki, Vüsalın ona etiraz etdiklərini bildirmişdir. O və Rəşad Çinarlı adlanan kafenin yanında olan zaman Seymur idarə etdiyi, mürəbbə sexinə məxsus avtomobil ilə onların yanına gəlmişdir. Avtomobildən Seymur və qardaşı Vüsal yerə düşüb Rəşada tərəf yaxınlaşmışdılar. O, onların söhbətlərinə mane olmamaqdan ötrü bir qədər kənara çəkilib onlara baxmışdır. Rəşad Seymura onun arvadının avtomobilin salonunda olduğunu görmədiyini, arvadının yanında xoşagəlməz söz danışdığına görə üzürxahlıq etmişdir. Həmin vaxt Vüsal Rəşadı təhqir etmiş və onunla yüksək səs tonu ilə danışmışdır. Rəşad da, Vüsala: “ayə sən niyə yuyulmamış çömçə kimi araya girirsən?” deyə cavab vermişdir. Rəşad Vüsaln onun üzərinə gəldiyini görüb əlləri ilə bir qədər onu arxaya itələmişdir. Həmin vaxt Vüsal Rəşada əlindəki hava qaranlıq olduğu üçün görə bilmədiyi alət ilə xəsarət yetirmişdir. Onların arasında davadalaşın şiddətləndiyini gördüyü üçün o, dərhal onlara yaxınlaşmış və Seymur ilə birlikdə onları bir-birindən aralamışlar. Seymur Vüsalı idarə etdiyi avtomobilə mindirmişdir. Rəşad isə ona kürək nahiyyəsindən qanaxdığını bildirərək dərhal avtomobilin sükanına əyləşmişdir. O, Rəşadın idarə etdiyi avtomobilə əyləşdikdən sonra sonuncudan təcili olaraq xəstəxanaya getməsini tələb etmişdir. Rəşad isə ona narahat olmamasını bildirmişdir. Sonra o Rəşad ilə işlədikləri anbara geri qayıtmışlar. Rəşad anbarda yarasına yapışdırmaq üçün yapışqanlı lent tapa bilməmişdir. Buna görə də, onlar birlikdə Rəşadın anasının qohumu Ələsin yaşadığı evə getmişlər. Onlar Ələs ilə gördüşdükdən sonra sonuncuya baş vermiş hadisəni danışmışlar. Ələs Rəşada tibbi yardım etmişdir. Bir neçə dəqiqədən sonra Rəşadın halı pisləşdiyinə görə Ələs ondan Rəşadın avtomobilini idarə edib xəstəxanaya aparmağı xahiş etmişdir. O, Ələs ilə birlikdə Rəşadı avtomobilin arxa salonuna əyləşdirmişdir. Özü isə avtomobilin sükanına əyləşmişdir. Ələs avtomobilin ön sağ oturacağına əyləşdikdən sonra o, avtomobilin mühərrikini işə salmış, onlar Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya yola düşmüşlər. O, Ələs ilə birlikdə Rəşadı xəstəxananın həkimlərinə təhvil vermişdir. Rəşadı həkimlər əməliyyat etməkdən ötrü palataya aparmışlar. Bir neçə gün Rəşad xəstəxanadan müalicə aldıqdan sonra evlərinə qayıtmışdır. Hadisənin baş verməsinə səbəb Rəşad söhbət edən zaman Vüsalın araya girməsi, Vüsalın Rəşadla aralarında mübahisənin yaranması, Rəşadın Vüsalı əli ilə arxaya itələməsi olmuşdur. Sonra Vüsal əlindəki görə bilmədiyi alət ilə Rəşadın kürək nahiyyəsinə xəsarət yetirmişdir. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisə zamanı Rəşadla Vüsalın yanında Seymur və o olmuşdur. Kənardan isə onları görən olmamışdır. Hadisə zamanı Çinarlı adlanan kafe bağlı olmuşdur. Hadisəni kənardan hər hansı bir şəxs görməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi qızı İlhamənin oğludur. Samux rayonu Tatlı kəndində yaşayan Təqsirləndirilən şəxs tanımamışdır. Onun Vüsal ilə əvvəllər aralarında düşmənçiliyi və ədavəti olmamışdır. 23 iyun 2021-ci il tarixdə təxminən saat 23 radələrində o, yaşadığı evdə tək olmuşdur. O, televizora baxan zaman küçədən giriş darvazasının döyüldüyünü eşitdiyi üçün dərhal darvazanı arxadan açıb küçəyə boylanmışdır. Bu an Məlahətin oğlu Rəşad tanışı Əli ilə birlikdə evin həyətinə daxil olmuşdur. O, Rəşadla görüşdükdən sonra, sonuncu ona tanışı Vüsal tərəfindən 1 saat bundan əvvəl bıçaqla onun kürək nahiyyəsinə xəsarət yetirilmiş olunduğunu bildirmişdir, hazırda kürək nahiyyəsindən axan qanın kəsilməsindən ötrü Rəşada –ondan tibbi yardım göstərilməsini xahiş etmişdir. O, dərhal Rəşadı evin otağına aparmışdır və evdə yodu pambığa batırmaqla onun qanının axdığı yaranı təmizləməyə başlamışdır. Rəşadın halı qəfildən pisləşmişdir. O, Rəşadın daxili qanaxmadan öləcəyindən qorxduğu üçün dərhal Əli ilə birlikdə onu evin həyətinə çıxartmışdır. Sonra o, Əlidən Rəşadın avtomobilini idarə edib onu xəstəxanaya aparmağı tələb etmişdir. O, Əli ilə birlikdə Rəşadı avtomobilin arxa oturacağına əyləşdirmişdir. Sonra Əli ilə birlikdə Rəşadı onu Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparmışdır. Yolda o, olanlar barədə Rəşadın qardaşı Elşada zəng edib məlumat vermişdir. O, Əli ilə birlikdə Rəşadı xəstəxananın həkimlərinə təhvil vermişdir. Rəşadı həkimlər əməliyyat etməkdən ötrü palataya aparmışdır. Bir neçə gün Rəşad xəstəxanadan müalicə aldıqdan sonra evlərinə qayıtmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 Rəşad oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 Rəşad oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, Təqsirləndirilən şəxs isə onun tanışıdır. Onun Vüsal ilə əvvəllər aralarında düşmənçiliyi və ədavəti olmamışdır. 24 iyun 2021-ci il tarixdə saat 01 radələrində anası İlhamənin bibisi oğlu, Samux rayonu İnsitut qəsəbəsində yaşayan Şahid3, onun istifadəsində olan mobil telefonuna zəng edərək, qardaşı Rəşadın Samux rayonu Tatlı kəndində yaşayan Vüsal tərəfindən bıçaqlandığını, hazırda Rəşadı Əli ilə birlikdə tibbi yardım üçün Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya apardıqlarını bildirmişdir. O, dərhal bu barədə atası Arzumana məlumat vermişdir. Sonra o atası ilə birlikdə tanımadığı taksi ilə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya getmişdir. Xəstəxananın adını bilmədiyi həkimi onlara Rəşadın kürək nahiyyəsindən bıçaqla xəsarət aldığını, xeyli miqdarda qan itirdiyi üçün Rəşadın əməliyyat olunduğunu, hazırda isə vəziyyətinin kafi olduğunu bildirmişdir. Bir neçə saatdan sonra ona məlum olmuşdur ki, qardaşı Rəşad ilə Vüsalın arasında mübahisə yaranmış mübahisə zamanı Vüsal əlindəki bıçaqla Rəşada xəsarət yetirmişdir. Təxminən saat 07 radələrində Xəstəxananın adını bilmədiyi tibb bacısı Rəşadın hadisə zamanı əynində olan ağ rəngli maykasını ona təhvil vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid6 Rəşad oğlu ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24.06.2021-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, həmin cinayət işi 24 iyun 2021-ci il tarixli qərarla qəsdən sağlamlığa ağır zərər vurma faktına görə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə başlanaraq istintaqı aparılmışdır. Cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospektində yerləşən “Çinarlı” adlanan kafenin yaxınlığında aralarında yaranmış şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı X3 bıçaqla qəsdən vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası dərialtı emfireması ilə nəticələnən xəsarət yetirməsi, əsas isə həmin fakta dair toplanmış ilkin yoxlama materialı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 iyun 2021-ci il tarixli “götürmə və baxış keçirmə haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, 24 iyun 2021-ci il tarixdə “Çinarlı” adlanan kafedə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi yerə, eyni zamanda sonuncunun bıçaqla vurulub xəsarət aldığı yerə baxış keçirilərək şəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 iyun 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 iyun 2021-ci il tarixli “götürmə və baxış keçirmə haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, təqdim edilən 01 ədəd açılıb-qatlanan bıçaq cinayət işi üzrə götürülmüş, bu barədə protokol tərtib olunmuş və götürülmüş bıçağın fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyun 2021-ci il tarixli 4(043)-105/2021 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə” Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 24 iyun 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 iyul 2021-ci il tarixli “götürmə və baxış keçirmə haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, təqdim edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş mayka və paltarlar cinayət işi üzrə götürülmüş, bu barədə protokol tərtib olunmuş və fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 07.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, 24.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 24.07.2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs 08.07.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ-İV 234455 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12.11.2018-ci il təvəllüdlü Yeganə İbrahimova Təqsirləndirilən şəxs qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ-İV 289086 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 16.04.2014-cü il təvəllüdlü Elşad İbrahimov Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Samux rayonu İcra Hakimiyyəti Başçısının Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25.07.2021-ci il tarixli 242 və 243 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu Zazalı kəndində yaşayır və 1986-cı il təvəllüdlü arvadı Ülviyyə Rəsulova, 2018-ci il təvəllüdlü qızı Yeganə İbrahimova və 2014-cü il təvəllüdlü oğlu Elşad İbrahimovdan ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Samux rayonu İcra Hakimiyyəti Başçısının Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu Zazalı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertizasının 05 iyul 2021-ci il tarixli 1066 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin daxilə keçən, ağciyərin zədələnməsi ilə müşayət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası, hemopnevmotoraks – deçici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 23.06.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Həmçinin ekspertiza rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətin maddi sübut qismində ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib-yetirilməsini müəyyən etmək üçün hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan paltarlar və hadisə vaxtı istifadə olunan kəsicideşici alət xüsusi müayinə edilməlidir. (trasoloji və ya kriminalsitik) . Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-ballistik ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 16/873/874 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Həmçinin ekspertiza rəyindən görünür ki, təqdim olunan maykanın üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmiş-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş paltarın üzərindəki zədədə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Bundan başqa ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 05.07.2021-ci il tarixli 1066 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş maykanın səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin daxilə keçən, ağciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə maykanın səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təkrar məhkəmə-komisyon tibb ekspertizasının 16 sentyabr 2021-ci il tarixli T217/2021 nömrəli rəyində göstərilmişdir ki, vətəndaşı Zərərçəkmiş şəxs döş qəfəsinin daxilə keçən, ağciyərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, hemopnevmotoraks olmuşdur. Qeyd edilən xəsarət deşici-kəsici alətin təsirindən törənmiş, bıçaqla yetirilməsi inkar edilmir, qərarda göstərilən vaxtda, yəni 23.06.2021-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 sentyabr 2021-ci il tarixli 4(043)-190/2021 saylı Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.09.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş mayka, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd açılıb-qatlanan bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə ŞBPİ-nin anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.09.2021-ci il tarixli “cinayət işinin materiallarından ayrıca materialın ayrılması barədə” qərardan görünür ki, Şahid3 ağır cinayət barəsində bilib hüquq mühafizə orqanlarına məlumat verilməməsi barədə xüsusatların araşdırılması üçün toplanmış materiallar Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 03.12.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 24.06.2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş mayka qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd açılıb-qatlanan bıçaq məhv edilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 63 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03.05.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cu maddəsi ilə təqsirli bilinsin və ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 iyun 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş mayka qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd açılıb-qatlanan bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar