Məhkəmə qərarları › İş №1(100)-88/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-88/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-88/2024 06.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 2002-ci ildə Qazax rayonu, Qazaxbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Qazax rayonu, Qazaxbəyli kəndində qeydiyyatda olmaqla, Qazax şəhəri, Heydər Əliyev prospekti, ev 87-də yaşamış, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər yetirmişdir. Belə ki, o, 23 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında qurulmuş çadırda keçirilən toy məclisində ofisiant kimi qulluq göstərən zaman ofisiantlar tərəfindən qulluğun zəif təşkil edilməsi ilə bağlı toy məclisində qonaq qismində iştirak edən Zərərçəkmiş şəxs ilə əvvəl toy məclisinin yaxınlığında, ünvan 2 ünvanında yerləşən Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzinin inzibati binasının və daha sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmış şəxsi münasibətlər zəminində mübahisə zamanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində sonuncu ilə dalaşdıqdan sonra yenidən həmin gün saat 17 radələrində Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə çadırdakı stolun üzərindən götürdüyü soyuq silah hesab edilməyən kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə həmin fərdi yaşayış evinin qarşısındakı səkidə dayanmış sonuncunun qarın nahiyyəsinə qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edən, mədənin, dalağın, böyük piyliyin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yara xəsarətləri yetirib qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində Ayaz və digər ofisiantlarla birlikdə Qazax şəhəri, Azadlıq küçəsində qurulmuş çadırda təşkil edilmiş toy məclisinə gedib işləməyə başlamışlar. O, digər ofisiantlarla birlikdə qonaqlara qulluq etmişdir. Sonra onlar ofisiantlarla birlikdə növbə ilə yemək yemişlər. O, mağarda oturub toyda tanış qonaqlarla yemək yemiş, yemək yeyərkən bir az spirtli içki araq da içmişdir. Daha sonra mağardan çıxarkən görmüşdür ki, ev sahibi İlham adlı şəxs Ayaz və digər xatırlamadığı ofisiantlarla sözlə mübahisə edir. İlham ofisiantların yaxşı qulluq etmədiklərini, buna görə də onlara pul verməyəcəyini demişdir. O isə İlhama demişdir ki, bacardıqları qədər qulluq etmişlər, pulu verməlidir. İlham onlara pul verməyəcəyini deyib yenidən çadıra getmişdir. Daha sonra o, görmüşdür ki, toyda qonaq olan Zərərçəkmiş şəxs çadırdan bir qədər aralıda yerləşən xəstəxanın qarşısında Əfsun adlı ofisiantla sözlə mübahisə edir. Onların yanına gedib Zərərçəkmiş şəxs nəyə görə mübahisə etdiyini soruşduqda Elmar kobud formada ona cavab verərək onun üstünə gəlmiş və yumruqla bir dəfə alnına vurmuşdur. O da yumruqla Elmarın sifətinə vurmuşdur. Daha sonra orada olan şəxslər onları ayırmışlar. Bundan sonra o, toy evinin qarşısında ev sahibi İlhamı gözləyən zaman kimsə sol tərəfdən yumruqla sifətinə vurmuşdur. O, yumruq vuran şəxsin Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Elmar hərəkətlərini davam etdirib təpiklə sinəsinə, sol böyrünə vurmuş, o isə yerə yıxılmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs cəzalandırmaq üçün çadırın girişində olan stolun üsündəki dəstəyi ağ, göy və qırmızı rəngli bıçağı götürmüş və evin qarşısında dayanmış Zərərçəkmiş şəxs tərəf gedib bıçaqla bir dəfə onun qarnına vurmuşdur. Həmin vaxt orada olan Ramin adlı şəxs bıçağı onun əlindən almışdır. Daha sonra o, yaşadığı evə getmişdir. Sonradan polis əməkdaşları gəlib onu evindən polis şöbəsinə aparmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 23 oktyabr 2022-ci il tarixdə dostu Kənan Kərimovun yaşadığı evin qarşısnda toy məclisi təşkil edilmişdir. Həmin gün saat 15 radələrində digər tanışları ilə birlikdə həmin toy məclisinə getmişdir. Saat 17 radələrində çadırın sağ tərəfində, xəstəxananın binasının qarşısında ofisiantlarla xatırlamadığı şəxslərin mübahisə etdiklərini görüb oraya getmişdir. Həmin yerdə ofisiantlar bir nəfər toyda iştirak edən xatırlamadığı şəxslə qulluğun zəif təşkil edilməsi ilə bağlı mübahisə edirmişlər. O, ofisiantları sakitləşdirməyə çalışıb demişdir ki, ev sahibi ilə danışacaq ki, pullarını versinlər. Həmin vaxt adını sonradan bildiyi orada ofisiant kimi işləyən Təqsirləndirilən şəxs ona tərs-tərs baxmış, o, Əlidən nə baş verdiyini soruşduqda Əli yumruqla bir dəfə onun sifətinə vurmuş, o da Əlinin başını qolunun altına salıb yumruqla başına vurmuşdur. Bundan sonra ofisiantlar onları ayırmışlar. Sonra o, toy məclisinə qayıtmışdır. Bir neçə dəqiqə sonra o, çadırdan çıxanda ev sahibi İlhamın evinin qarşısındakı səkidə, çadırdan 20-25 metr aralıda Əlinin tanımadığı şəxslə mübahisə etdiyini görüb onların yanına getmişdir. O, Əlini qucaqlayıb sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs bel hissəsindən əlamətlərini xatırlamadığı bıçağı çıxarıb həmin bıçaqla bir dəfə onun qarnının sol tərəfinə vurmuşdur. O, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2022-ci il tarixdə toy məclisinə gedib ofisiant kimi işləməyə başlamışdır. Sonra onlar toyda yemək də yemişlər. Daha sonra ev yiyəsi gəlib onlara demişdir ki, “durun işləyin”. Onun özü, həmçinin Təqsirləndirilən şəxs da toyda yemək yeyərkən spirtli içki qəbul etmişdilər, yəni hər ikisi içkili olmuşlar. Orada olarkən sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Elmarı bıçaqla vurmuşdur. Şahid1 eyni zamanda ifadəsinin davamında ibtidai istintaq zamanı 23 oktyabr 2022ci il tarixdə, saat 09 radələrində o, Təqsirləndirilən şəxs və digər ofisiantlarla Qazax şəhərində, “Mütəffəkkirlər parkında” yerləşən çay evində görüşüb həmin gün saat 10 radələrində birlikdə toy məclisinə gedib işləməyə başladıqlarını, toy məclisinə çağırılan qonaqların sayı çox olduğu üçün qulluqda bir qədər çətinlik yarandığı, buna görə ev sahibi İlhamla aralarında narazılıq yaranması, həmin gün saat 16 radələrində o, çadırdan çıxan vaxt ev sahibi İlhamla qarşılaşdığını, İlham onun və ofisiantların spirtli içki içdiklərini dediyini və toydan çıxıb getməklərini tələb etdiyini, bundan sonra o, çadıra tərəf gedərkən həmin vaxt Əli adlı ofisiantın bəyin dostu olan Elmar adlı şəxslə pula görə mübahisə edib bir-birini itələdiklərini, o, çadıra girib bir neçə dəqiqə sonra çadırdan çıxdığını, həmin vaxt Qazax şəhər sakini Raminin Əlinin əlindən dəstəyi ağ, göy və qırmız rəngli olan, toy məclisində masalara qoyulmuş bıçaqlardan birini aldığını gördüyünü, yenidən mağara qayıtdığını, bir neçə dəqiqə sonra ev sahibi İlhamın onun yanına gəlib ofisiantlarla birlikdə toy məclisindən getməsini dediyini, o isə ofisiantlarla birlikdə toy məclisindən çıxıb İsmayıl Şıxlı adına parka tərəf getdiyini, parkın yaxınlığında Əlini gördüyünü və Əlinin Elmarı bıçaqla vurduğunu deməsini bildirməsinə dair ifadəsində göstərdiklərini (iş vərəqə: cild İ, səh.39-41) təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs toya ofisiant kimi gəlmişdi. Toyda hamı birlikdə- o, Təqsirləndirilən şəxs da yeyib-içmişlər. Sonradan çadırdan çölə çıxanda görmüşdür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla mübahisə edir. Elmar deyirdi ki, “niyə qulluq etmirsən, yaxşı qulluq et”. Mübahisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mətbəx bıçağı ilə vurmuşdur. Həmin mübahisə ofisiantların toyda yaxşı qulluq etməməsi söhbətinə görə yaranmışdır. Əvvəlcə Elmar əli ilə Təqsirləndirilən şəxs üzünə vurmuş, Əli isə Elmarı mətbəx bıçağı ilə vurmuşdur. Şahid2 eyni zamanda ifadəsinin davamında ibtidai istintaq zamanı 23 oktyabr 2022ci il tarixdə saat 14 radələrində dostu Kənanın toy məclisində iştirak etmək üçün Qazax şəhəri, Azadlıq küçəsində yerləşən evin qarşısında qurulmuş çadıra getdiyini, toyda tanışları ilə oturub yemək yeyib, spirtli içki olan araq içdiyini, həmin gün saat 16 radələrində tanışı Elmarın yanlarına gəlib onlarla birlikdə oturub yemək yeyib, spirtli içki araq içdiyini, Elmarın təxminən 15-20 dəqiqə oturduqdan sonra ofisiantlar zəif qulluq etdiyi üçün masadan durub özü qulluq etməyə başladığını, təxminən saat 17 radələrində Elmarın mağarın girişində Əli adlı ofisiantla bir-birini itələdiklərini gördüyünü, həmin vaxt Elmar ofisiantların zəif qulluq etmələri barədə Əliyə irad bildirdiyini, Əli isə lazımi qaydada qulluq etdiklərini dediyini, o, Əliyə mübahisə etməməsini bildirəndə Əli ona “Ramin əmi, sənlik məsələ deyil” dediyini, o isə Əliyə camaatın toyuna dava-dalaş salmamasını, o və digər ofisiantların yaxşı qulluq etmələrini dediyini, daha sonra onları ayırıb çadıra daxil olduğunu, bir neçə dəqiqə sonra geriyə qayıdan vaxt Əlinin əlində tiyəsi gümüşü rəngli, dəstəyi ağ, göy və qırmızı rəngli olan bıçaq olduğunu görüb bıçağı onun əlindən alıb əynində olan jiletin sol yan cibinə qoyduğunu, bir neçə dəqiqə sonra Elmarın mağarın sağ yanından girişə tərəf gəldiyini, əli ilə qarnını tutduğunu, əynində olan ağ köynəyin qarın hissəsinin qan olduğunu gördüyünü, Elmardan qarnına nə olduğunu soruşanda Əlinin bıçaqla qarnına vuraraq xəsarət yetirdiyini dediyini, bundan sonra Qazax rayon Polis Şöbəsinə gəlib hadisə barədə məlumat verdiyini və həmin bıçağı polis əməkdaşlarına təqdim etdiyini bildirməsinə dair ifadəsində göstərdiklərini (iş vərəqə: cild İ, səh.95-98) təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2022-ci il tarixdə oğlunu evləndirmək üçün yaşadığı evin qarşısında qurduqları çadırda toy məclisi təşkil etmişlər. Həmin məclisdə qonaqlara qulluq etmək üçün oğlu X5 adlı şəxslə danışıb altı nəfər ofisiant gətirməsini istəmişdir. Həmin şəxs isə bir nəfərə 10 manat olmaqla özündən başqa beş nəfər ofisiant gətirməyə razılaşmışdır. 23 oktyabr 2022-ci il tarixdə ofisiantlar toy məclisinə gəlib qulluq etməyə başlamışlar. Həmin gün saat 16 radələrində o, üç nəfər ofisiantın sərxoş olduğunu görüb onları çağırıb toy məclisindən getmələrini tələb etmişdir. O, saat 17 radələrində eşitmişdir ki, çadırdan kənarda kimsə dalaşmış və bıçaqlanma hadisəsi baş vermişdir. O, çadırın kənarına çıxdıqda xatırlamadığı uşaq ona Əli adlı ofisiantın Kənanın dostu Zərərçəkmiş şəxs bıçaqladığını demişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 oktyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, cinayət hadisəsi ünvan 1 ünvanında yerləşən Şahid3 məxsus fərdi yaşayış evinin qarşısında baş vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Şahid3 məxsus fərdi yaşayış evinin qarşısındakı səkini göstərərək 23 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində həmin yerdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu döydüyü üçün həmin yerin bərabərində, küçədə qurulmuş çadırın girişindəki stolun üzərindən bıçağı əlinə götürüb səkinin həmin yerində bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir dəfə zərbə vuraraq ona xəsarət yetirdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh. 45-52). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 oktyabr 2022-ci il tarixli “baxış və götürmə haqqında protokol”dan görünür ki, Şahid2 cinayətin aləti olmuş bir ədəd bıçağı təqdim edərək həmin bıçağı 23 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində tanışı X1 toy məclisi zamanı Qazax şəhər sakini Təqsirləndirilən şəxs əlindən aldığını bildirmiş, həmin bıçaq iş üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülülmüşdür (iş vərəqə: cild İ, səh. 9-10). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 oktyabr 2022-ci il tarixli, 102 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, 23 oktyabr 2022-ci il tarixdə, saat 23:40-da Təqsirləndirilən şəxs müayinəsi zamanı orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. (iş vərəqə: cild İ, səh. 15). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 14 noyabr 2022-ci il tarixli “baxış və götürmə” istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə zamanı əynində olmuş bir ədəd uzunqol köynəyə baxış keçirildikdən sonra qablaşdırılaraq götürülülmüşdür (iş vərəqə: cild İ, səh. 107-111). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 oktyabr 2022-ci il tarixli “əşyanın tanınması protokolu”ndan görünür ki, Şahid2 götürülmüş və tanınma məqsədi ilə nömrələnmiş bıçaqlar arasından Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı tanımış və həmin bıçağı göstərmişdir (iş vərəqə: cild İ, səh. 42-44). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 fevral 2023-cü il tarixli “üzləşdirmə" istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirdiyi hallarla bağlı ifadəsində göstərdiklərini, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi hallarla bağlı ifadəsində göstərdiklərini bir-birilərinin üzünə qarşı demişlər (iş vərəqə: cild İ, səh. 201- 203). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 446 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- qarının ön divarının daxilə nüfuz edən, mədənin, dalağın, böyük piyliyin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası, kəsici-deşici əşyanın (bıçağın) təsirindən törənmişdirlər və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (iş vərəqə: cild İ, səh. 154-156). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 25 oktyabr 2022-ci il tarixli, 398 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər- alın və sağ kürək nahiyəsinin qançırları, sağ bazu, sağ və sol dirsək nahiyəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqə: cild İ, səh. 91). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks məhkəmə-trasoloji və məhkəmə-ballistik ekspertizalarının 20 fevral 2023-cü il tarixli, 16/126/127 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim olunan köynəyin üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, tədim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş köynəyin üzəridəki zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir (iş vərəqə: cild İ, səh. 224-226). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 775/274 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq, o, hazırki cinayət əməlini törədərkən öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Onun keçirdiyi həmin emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt vəziyyətində olmamışdır (keçirməmişdir) (iş vərəqə: cild İ, səh. 194-195). Cinayət işinin materiallarına əlavə edilmiş 10 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək və bir ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və Qazax Rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir, həmin qərardan həmçinin görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı zor tətbiq edərək sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi ilə əlaqədar onun həmin əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir (iş vərəqə: cild İ, səh. 233-250). Cinayət işinin materiallarına əlavə edilmiş 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 23). Cinayət işinin materiallarına əlavə edilmiş Qazax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 88-90). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 dekabr 2022-ci il tarixli tələbnaməsindən və Gəncə Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona qəti olaraq 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəza 01 il sınaq müddəti ilə şərti tətbiq edilmiş, daha sonra Gəncə Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarına əsasən Qazax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli həmin hökmü ləğv edilərək Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin cinayət işinə xitam verilmişdir (iş vərəqə: cild İ, səh.126, 128-139). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Qazax Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 231). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış, dəymiş maddi və mənəvi ziyan təm şəkildə ödənmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmçinin zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona qəti olaraq 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəzanın 01 il sınaq müddəti ilə şərti tətbiq edilməsi, daha sonra Gəncə Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarına əsasən Qazax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli həmin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin cinayət işinə xitam verilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olmuş həmin cinayət işi üzrə cinayət təqibinə xitam verildiyindən həmin cinayət işi ilə bağlı onun məhkumluğu yaranmamışdır. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8, 59.1.12, 59.1.13-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Qazax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Qazax Rayon Polis Şöbəsində saxlanılan maddi sübutlar – bir ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 63 (altmış üç) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki cinayət işi üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Qazax Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar