Məhkəmə qərarları › İş №1(100)-89/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-89/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-89/2021 12.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi – Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsi, ev 75-də qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Göygöl rayonu, Mollacəlilli kəndi ərazisində yerləşən Gəc sexində ustası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində sözlə mübahisə edib əlindəki dəhrənin küp hissəsi ilə sonuncunun baş nahiyəsinə zərbə vurub ona baş beynin yüngül dərəcəli əzilməsi, sol təpə sümüyünün basılmış sınığı, epidural hematoma, subaraxnoidal qansızma, sol təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan açıq kəllə beyin travması yetirməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində həmişə olduğu kimi Zərərçəkmiş şəxs onu və onunla birlikdə həmin sexdə gəc bişirməklə məşğul olan Bəhlulu öz avtomobili ilə yaşadıqları evdən götürmüş və işləmək üçün Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən Kamilə məxsus olan sexə getmişlər. Sexdə olan zaman Kamil Bəhlula və ona gün ərzində görüləsi işləri tapşırıb gəci bişirmək üçün yanacaq gətirməyə getmişdir. Təxminən saat 11 radələrində Kamil öz avtomobili ilə qayıdıb gələndə Kamildən əmək haqqını tələb edərək evə un almalı olduğunu bildirdikdə, sonuncu ona pul olmadığını demişdir. Kamilə etiraz etdikdə Kamil onu nalayiq ifadələrlə təhqir etməyə başlamış, ona məsuliyyətsiz, nanəcib olduğunu dedikdə isə hislərinə hakim ola bilməyib əlində olan, sexdə odun doğramaq üçün istifadə etdiyi dəhrənin dəmir hissəsinin arxa tərəfi ilə Kamilin baş nahiyəsindən bir zərbə vurmuşdur. Kamilin yerə yıxıldığını görərkən ona nəsə olacağından qorxub geriyə çəkilmiş, yaxınlıqda olan Şahid isə qaçaraq gəlib Kamilin qalxmasına kömək etmişdir. Kamilin başından qan axdığını görmüş və Bəhlul onu qaldıraraq stulda əyləşdirmişdir. Kamil onlara işləri ilə məşğul olmağı tapşıraraq özünə məxsus avtomobilin sükanı arxasına əyləşib getmiş, o isə Bəhlulla birlikdə piyada yaşadığı evə gəlmiş və sonradan Kamilin xəstəxanaya aparıldığını öyrənmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göygöl rayonu, Mollacəlilli kəndi ərazisinin yaxınlığında gəc sexi işlədir, Təqsirləndirilən şəxs da orada fəhlə işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Bəhlul ilə Göygöl şəhərində bir neçə ünvana gəc satıb sexə getmişlər və təxminən saat 11 radələrində Fəqanın çay içdiyini, gəc bişirmək üçün istifadə olunan peçin yanmadığını görüb ona “Bəhlulu da çörək pulu qazanması üçün özünlə gətirmisən, lakin oturub çay içirsən, peçi də qalamamısan ki, işimizi görək”-demişdir. Həmin vaxt Fəqan onun sözünə heç bir əhəmiyyət verməmiş, buna görə də aralarında sözlü mübahisə baş vermişdir. Mübahisə zamanı Fəqan əlində odun doğramaq üçün saxladığı dəhrənin dəmir hissəsinin arxa tərəfi ilə onun baş nahiyəsindən bir dəfə zərbə vurmuş, həmin zaman o, müvazinətini itirdiyindən yerə yıxılmışdır. Bundan sonra Bəhlulun köməkliyi ilə qalxıb öz avtomobilinə əyləşib yaşadığı evə getmişdir. Arvadı Pərvanə qan içində olduğunu görüb nə baş verdiyini soruşduqda, işdə baş nahiyəsinə dəmir parçası düşdüyünü demişdir. Xəsarət aldığı üçün arvadı Pərvanə onu Göygöl rayonu Mərkəzi xəstəxanasına aparmış, xəstəxanada başına tikiş qoyulmuş və baş sümüyünün sındığını, həyati təhlükə ola biləcəyini deyib, başında cərrahiyyə əməliyyat olunmağın vacib olduğunu bildirmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində fəhlə işlədiyi Göygöl rayonu, Mollacəlilli kəndi ərazisində yerləşən Gəc bişirilən sexə gemişdir. Təqsirləndirilən şəxs da həmin sexdə işləmiş və sexin sahibi Zərərçəkmiş şəxs gün ərzində görəcəkləri işləri deyib, gəci bişirmək üçün yanacaq gətirməyə getmişdir. Saat 11 radələrində Kamil sexə qayıtmış və Fəqanın tapşırdığı işə laqeyd yanaşdığını görüb sonuncunu danlayaraq məsuliyyətsiz olduğunu demişdir. O, Kamilə məxsus avtomaşından yanacaq kimi istifadə edəcəkləri işlənmiş maşın təkərlərini yerə boşaldan zaman Fəqanın Kamilə “niyə məni kiminsə yanında təhqir edirsən”-deməsini eşitmiş, bundan sonra Fəqan əlində olan dəhrə ilə Kamilin baş nahiyəsindən vurduğunu, Kamilin də müvazinətini itirərək yerə yıxıldığını görmüşdür. O, qaçaraq Kamilin yanına gəlib ona yerdən qalxmağına kömək edərək Kamili stulda əyləşdirmiş, Fəqan isə kənara çəkilib durmuşdur. Kamili evinə aparmağı təklif etsə də, Kamil ona məhəl qoymadan öz avtomobilinə minib getmişdir. Məhkəmədə tədqiq edilən baxış və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, eləcə də həmin tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, cinayətin aləti olmuş bir ədəd dəhrə baxış keçirilərək götürülmüş və iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Göygöl RPŞ-nın saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən hadisə yerinə baxış keçirilməsi haqqında 28 avqust 2020ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Göygöl rayonu, Mollacəlilli kəndi ərazisində, Göygöl-Mollacəlilli avtomobil yolundan 1 kilometr məsafədə yerləşən Gəc sexində törədilmişdir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 139 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - baş beynin yüngül dərəcəli əzilməsi, sol təpə sümüyünün basılmış sınığı, epidural hematoma, subaraxnoidal qansızma, sol təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan açıq kəllə beyin travması küt mexanizmindən, tinli bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, xx.xx.2020-ci il tarixdə dəhrənin küp hissəsi ilə yetirilməyə uyğundur, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilən ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 637/290 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman əsəbi psixi-emosional halda olmuşdur, lakin həmin psixi-emosional vəziyyət fizioloji affekt halına çatmamış, o, affekt halı keçirməmişdir. Təqsirləndirilən şəxs aşağdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə (anşalmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, öz hərəkətlərinə cavab vermək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nın 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirinə ehtiyacı yoxdur, hazırda da öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Narkoloji dispanserinin xx.xx.2020-ci il tarixli, 3879 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilən Göygöl MKTİB-nın xx.xx.2020-ci il tarixli 2656 saylı arayışından və xasiyyətnaməsindən, eləcə də AZ-İ № 464680 saylı nikah haqqında şəhadətnamənin, AZE № 12974616 və AZE № 12974446 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri, Şəhriyar küçəsi, 65 nömrəli mənzildə yaşayır, 1986-cı il təvəllüdlü həyat yoldaşı X1, 2009-cu il təvəllüdlü oğlu Ələddin Həbilovdan və 2012-ci il təvəllüdlü Ayxan Həbilovdan ibarət ailə üzvləri vardır, barəsində Birliyə heç bir şikayət və narazılıq daxil olmamışdır. Məhkəmədə tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Göygöl rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(066)-31/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Göygöl rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 4(066)-41/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs xx xxxxxxxx 2020-ci il tarixli, eləcə də məhkəməyə təqdim etdiyi xx xxxxxx 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Göygöl rayonu Mollacəlilli kəndi ərazisində yerləşən Gəc sexində ustası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində əlindəki dəhrənin küp hissəsi ilə sonuncunun baş nahiyəsinə zərbə vurub ona insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurduğuna görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Eləcə də, məhkəmə tərkibi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən hadisənin baş vermə mexanizmini, yəni Təqsirləndirilən şəxs ustası Zərərçəkmiş şəxs ona iş yerində məsuliyyətsizliyi ilə bağlı irad tutduğuna görə o, mübahisə edib, şəxsi münasibətlər zəminində əlindəki dəhrənin küp hissəsi ilə Zərərçəkmiş şəxs xəsarət yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər yetirməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, səmimi etirafı və əməlindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən halların kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni altı ildən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən digər halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Göygöl rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 4(066)-41/2020 saylı qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut qismində Göygöl rayon Polis Şöbəsində saxlanılan cinayətin aləti olmuş bir ədəd dəhrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. İş üzrə maddi sübut kimi tanınıb Göygöl RPŞ-nin saxlanc otağında saxlanılan bir ədəd dəhrə sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X6 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Məhəmməd Bağırov Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar