Məhkəmə qərarları › İş №1(100)-90/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-90/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-90/2021 08.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili –X5 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2001-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, həbs olunanadək Kəlbəcər rayonu, Qaraçanlı kəndində daimi qeydiyyatda olmaqla, Bərdə rayonu, Lənbəran kəndində yaşamış, barəsində Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(021)-33/2020 saylı qərarı ilə həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1, 185.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni qəsdən digər şəxsi həyatdan məhrum etməyə cəhd etmiş, habelə avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmiş (qaçırmış) və vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 02:30 radələrində Bərdə şəhəri, Bakı küçəsi ilə gedərkən taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs və ona məxsus “VAZ- 21063” markalı ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilini görüb Zərərçəkmiş şəxs onun yaxın münasibətdə olduğu Şahid7 bir neçə ay əvvəl əxlaqsız təklif etmiş şəxs olması qərarına gələrək onu qisas almaq niyyəti ilə qəsdən öldürmək üçün həmin avtomobilin arxa oturacağında sərnişin kimi əyləşdikdən sonra Bərdə şəhərindən Bərdə rayonu, Lənbəran kəndi istiqamətində hərəkət edib həmin kəndin ərazisində yerləşən boş əkin sahəsinin yaxınlığında Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili saxlamasından istifadə edərək saat 03:15 radələrində cinayətkar niyyətini həyata keçirmək üçün sol əli ilə arxadan Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub sıxmaqla müqavimətini qırdıqdan sonra əvvəlcədən üzərində gəzdirdiyi məişət təyinatlı, soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə sonuncunun bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyələrə ardıcıl bir neçə dəfə zərbələr endirərək dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsi nahiyəsindəki daxilə keçən yaralar və birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ mil-bilək oynağı və sağ diz oynağı nahiyələrindəki kəsilmiş yaralar xəsarətlərini yetirmiş, növbəti zərbələri yetirmək istədikdə Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərib qaçaraq hadisə yerindən uzaqlaşdığından, həmçinin, hadisə yerinin yaxınlığında yaşayan kənd sakinlərinin köməyi ilə “Bərdə rayon mərkəzi xəstəxanası” X14 çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni qəsdən digər şəxsi həyatdan məhrum etməyə cəhd etmiş, daha sonra cinayət əməllərini davam etdirməklə həmin tarixdə saat 03:30 radələrində Zərərçəkmiş şəxs məxsus, 1990-cı il buraxılışlı, “VAZ-21063” markalı ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobili talama məqsədi olmadan, yəni hadisə yerində uzaqlaşmaq üçün Zərərçəkmiş şəxs icazəsiz şəkildə qanunsuz olaraq ələ keçirmək niyyəti ilə Bərdə rayonu, Lənbəran kəndi ərazisində boş əkin sahəsinin yaxınlığından özü işə salıb idarə edərək Bərdə rayonu, Bəcirəvan kəndi ərazisində yerləşən əkin sahələrinin suvarılması üçün nəzərdə tutulmuş su kanalının keçdiyi yerin yaxınlığına gətirmiş, həmin vaxt avtomobilin içərisində Zərərçəkmiş şəxs məxsus 60 manat dəyərindəki “Samsung” markalı “J2 2016” model mobil telefonun olduğunu görüb gələcəkdə satmaq məqsədilə götürüb içərisində olan 4 manat dəyərindəki 051 *** ** ** GSM nömrəni yandırmaqla məhv edərək avtomobilin salonunda bir neçə saat yatıb durduqdan sonra avtomobili yenidən işə salmaqla saxladığı yerdən bir qədər də irəliyə doğru idarə etməklə yolun kənarındakı su kanalının yaxınlığında saxlamış, avtomobil idarəetmə vərdişləri zəif olduğu üçün avtomobilin ötürücülər qutusunu neytral vəziyyətdə qoymaqla təbii ehtiyaclarını ödəmək məqsədilə yerə düşməsi səbəbindən həmin tarixdə saat 07 radələrində avtomobil hərəkətə gələrək kanalın içərisinə aşdığından, nəticədə avtomobilə ümumilikdə 277 manat dəyərində maddi ziyan dəymiş, daha sonra o, gələcəkdə satmaq məqsədi ilə avtomobildən götürdüyü “Samsung” markalı “J2 2016” model mobil telefonun satışı zamanı istifadə etməsi üçün kanala düşmüş avtomobilin sol tərəf ön oturacağın alt hisəssindən Zərərçəkmiş şəxs məxsus xx xxxxxx 2012-ci il tarixdə Xocalı rayon polis şöbəsi tərəfindən verilmiş, “AZE 08026700”seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsini götürərək talamışdır. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,120.1, 185.1 və 326.2-ci maddələri ilə ona elan edilmiş ittihamlar üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid7 ilə 2019-cu ildə Bərdə şəhərində tanış olmuş, o vaxtdan onunla sevgili kimi danışmış, zaman keçdikcə münasibətləri daha da yaxınlaşmışdır. 2019-cu ilin dekabr ayında Gülnarə ona zəng vurub bir nəfər “Vaz 21-06” markalı, nömrəsinin əvvəli 57 ilə başlayan sonu isə 200 rəqəmi ilən bitən taksi sürücüsünün ona söz atdığını demiş, o da həmin şəxsi tapıb söhbət edəcəyini Gülnarəyə bildirmişdir. Bir müddət sonra yəni, x xxxxxx 2020-ci il tarixdə gecə saatlarında Bakı şəhərindən qayıdarkən taksi ilə evə gedən zaman Bərdə şəhəri, Bakı küçəsi, “pajarni kruqu” deyilən dairədən keçəndə neçə vaxtdır axtardığı, nömrəsi 57 ilə başlayıb 200 rəqəmi ilə bitən taksinin orada olduğunu görmüşdür. Ona görə də avtomobilin sürücüsündən avtomobili saxlamasını xahiş etmiş və avtomobildən düşüb “Vaz 21-06” markalı avtomobilin taksi sürücüsünə, sonradan adının Kamil olduğunu bildiyi şəxsə yaxınlaşmışdır. O, Kamilin onun axtardığı şəxs olduğuna əmin olmuşdur. Gülnarə ona söz atan adamın başında tükün az olduğunu dediyindən, Kamilin də başında tük az olduğu üçün o, Gülnarənin dediyi əlamətlərin Kamilə uyğun gəldiyini görmüşdür. O, Kamilə bu barədə heç nə deməmiş, deməməyinin məqsədi isə həm avtomobillə öz kəndinə getmək, həm də kəndə getdikdən sonra onunla Gülnarə barəsində söhbət edib və onun cəzasını vermək olmuşdur. Bundan sonra o, Kamilə yaxınlaşmış, avtomobilin pəncərəsindən sonuncu ilə danışmağa başlamışdır. O, Kamildən onu Lənbəran kəndinə hansı qiymətə aparacağını soruşmuş və onlar 12 manata razılaşmışlar. Yolda olarkən o, Kamilə yuxusu gəldiyini demiş, Sonuncu da ona keçib arxada yata biləcəyini bildirmiş, o da arxa oturacaqda uzanmışdır. Kamil ona yolda bir nəfər tanışını da götürüb saray dairəsinə aparacağını, oradan da Lənbəran kəndinə gedecəklərini demiş, o da etiraz etməmişdir. Lənbəran kəndinə çatmaqlarına az qalmış Kamil onu oyatmış, o da oyanıb onunla söhbət etməyə başlamışdır. O, kəndə çatdıqca Kamili öldürmək fikrini özündə qətiləşdirib, yoldan tapdığı bıçaqla onu vurmağı planlaşdırmış, buna görə də avtomobili sakit yerə sürdürməyə qərar vermişdir. O, Lənbəran kəndinin sonunda bağlar başlayan, evlər olmayan küçəni tanıdığından və həmin küçədə gecə vaxtı heç kim olmayacağını bildiyindən, Kamili aldadıb evinin yaxında olmasını deyib, hər dəfə bir qədər də irəli sürməsini xahiş etmişdir. Kamil küçənin sonunda evlərin qurtardığını görən zaman artıq irəli sürməyəcəyini demişdir. O, əvvəlcə Kamillə söhbət edib onun Gülnarəyə söz atan adam olmasını dəqiqləşdirmək istəmiş, lakin Kamil avtomobilin istiqamətini Bərdə şəhərinə çevridiyindən onun qaçmasının asanlaşdığını, onunla söhbət etməyə başlasa qorxub qaçacağını, məqsədinə çatmayacağını və Kamilin Gülnarəyə söz atdığını boynuna almayacağını düşündüyündən, dərhal sol əli ilə oturacağın arxasında Kamilin boğazından tutub sağ əli ilə bıçağı şalvarın belindən götürüb ona zərbələr endirməyə başlamışdır. Həmin vaxt o, əsəbi olduğundan Kamilə neçə zərbə vurduğunu xatırlamamışdır. O, Kamili bir neçə dəfə vurduqdan sonra Kamil onun əlindən çıxaraq avtomobildən yerə enmiş, o da sonuncunun arxasınca maşından yerə enmiş, lakin Kamilin ondan 4-5 metr uzaqlaşıb evlərə tərəf getdiyini görüb geri qayıtmışdır. Bundan sonra o, Kamilin avtomobilin sükanına əyləşib avtomobili sürətlə idarə edib magistral yola çıxmış, “Planet” yanacaq doldurma məntəqəsinin yanında su kanalının kənarında dayanıb əl üzümü yumuş, orada təxminən 15-20 dəqiqə dayandıqdan sonra etdiyi əməldən peşman olmuşdur. Bundan sonra o, qayıdıb Kamili xəstəxanaya aparmaq qərarına gəlmiş, hadisə yerinə gedən zaman Kamilin orada olmadığını görmüşdür. Bundan sonra o, avtomobili idarə edib Lənbəran kəndindən çıxmış, Bəcirəvan kəndində kanalın yanında avtomobili saxlamış, orada Kamilin telefonundan nömrəsini çıxarıb qırıb atmışdır. Bundan sonra ayaq yoluna getmək üçün avtomobildən enmiş, avtomobilin mühərrikini söndürsə də onun ötürmələr qutusunun neytral vəziyətdə olmasını unutmuş, bu səbəbdən də mən avtomobil hərəkət edərək kanala düşmüşdür. O da avtomobilin qeydiyyat nömrələrini kanala atmışdır. Bundan sonra o, Bakıya getmək qərarına gəlmiş, bu məqsədlə piyada Bərdə şəhəri istiqamətinə gedərkən Kamilə məxsus avtomobildən götürdüyü sonuncuya məxsus şəxsiyyət vəsiqsini, mobil telefonu və hadisə vaxtı istifadə etdiyi bıçağı üzərində götürmüşdür. O, yolda bir avtomobil saxladıb həmin avtomobillə Bərdə şəhər avtovağzalına getmiş, orada mikroavtobus sürücüsünə yaxınlaşaraq üzərində pul olmadığını, ödənişi Bakı şəhərinə çatdıqdan sonra verəcəyini bildirsə də sürücü onunla razılaşmamış, bu səbəbdən o, Bərdənin təzə bazarında Kamilə məxsus mobil telefonu tanımadığı şəxsə Kamilin şəxsiyyət vəsiqəsindən istifadə edərək 35 manata satmışdır. Bundan sonra o, mikroavtvobusa əyləşib Bakıya getmiş, orada iş tapıb işləməyə başlamışdır. 18 gün sonra o, yenidən Bərdəyə qayıdıb Kamili vurduğu bıçağı yaşadığı evin yaxınlığında gizlətmiş, bu barədə heç kimə məlumat verməmişdir. O, Gülnarəyə söz atan şəxsi deyil səhvən başqa şəxsi bıçaqla vurub öldürmək istəmişdir. Hazırda əməlidən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o taksi kimi həmişə Bərdə şəhəri, Bakı küçəsində, FHN-nin yanğınsöndürmə xidmətinin yaxınlığında yerləşən dairənin yanında dayanıb müştəri gözləmişdir. xx xxxxxxx 2020-ci ildə saat 01:50 radələrində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər cavan oğlan ona yaxınlaşıb onu Lənbəran kəndinə aparmağını istəmişdir. Rəşad ona yuxulu olduğunu demiş, o da arxa oturacaqda yata biləcəyini ona bildirmişdir. Həmin vaxt bir nəfər Azər adlı müştərini əvvəlcə saray dairəsi deyilən yerə aparmış, sonra Lənbəran kəndi istiqamətində getmişdir. Kəndə çatamağa az qalmış o, Rəşadı oyatmışdır. Lənbəran kəndinə çatanda Rəşad ona hər dəfə sağ tərəfə dönməyini demişdir. O, sonuncu küçəyə dönüb bir qədər getdikdən sonra artıq evlərin qurtardığını, əkin sahələrinin başladığını görüb sonuncu evin yanında avtomobili saxlamış və Rəşada artıq yolun bitdiyini demişdir. Həmin vaxt Rəşad ona küçənin sonundakı bağdan onların evinə kəsə yol olduğunu, onu həmin bağa yaxınlaşdırmağını demişdir. Bundan sonra o, avtomobili bir qədər də irəli sürüb istiqamətini gəldiyi tərəfə çevirib saxlamış, bundan artıq gedə bilməyəcəyini deyib arxaya çevrilərək pulu götürmək istəmişdir. Bu zaman Rəşad sol əli ilə onu boğmuş, sağ əlindəki bıçaqla onun kürək nahiyəsindən birinci zərbəni endirmişdir. Rəşad onu ikinci dəfə ürəyindən vurmaq istəyəndə o, sol əlini qabağa vermiş, bıçaq onun əlini kəsmişdir. Əli kəsildiyinə görə o, məcbur əlini aşağı salmış, bu zaman Rəşad sonuncunun mədəsinin üst tərəfindən zərbə endirmişdir. Daha sonra Rəşad üçüncü dəfə bıçaqla onun kürəyinin sağ tərəfindən vurmuşdur. Bundan sonra o, Rəşadın əlindən çıxıb avtomobildən enmək istəyəndə Rəşad onun gödəkcəsindən tutub dartmış, həmin vaxt gödəkcəsi cırıldığından sonuncu Rəşadın əlindən çıxıb evlərə tərəf qaçmışdır. Rəşad da onun arxasınca bir qədər qaçdıqdan sonra geri qayıtmışdır. O, avtomobilin səsi gəldiyindən onun avtomobilə əyləşdiyini anlamış, onun avtomobillə gəlib onu vuracağından qorxub yolun sol tərəfindəki əkin sahəsinə açılan qapının üzərindən tullanıb otların arxasında gizlənmişdir. Bu zaman Rəşad onun avtomobilini sürətlə idarə edib oradan uzaqlaşmışdır. O, Rəşadın getdiyinə əmin olduqdan sonra gizləndiyi yerlə üzbəüz olan darvazanı döymüş, lakin qapını açan olmamışdır. Sonra o, həmin küçədə bir neçə qapını döysə də heç kim qapını açmamış, sonuncu qapıya çatanda artıq gücünün tükəndiyindən orada oturub qalmışdır. Qapını bir neçə dəfə döydükdən sonra bir qadın qapını açmış, sonra həmin qadının oğlu və tanımadığı 3 nəfər qonşusu gələrək, onu xəstaxanaya aparmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndində yaşadığı evdə olarkən gecə radələrində qaynı Tapdıq ona zəng edərək, bir nəfər tanımadığı şəxsin həyət darvazasını döyüyünü, darvazanın qarşısında yerdə oturduğunu demiş və ondan sonuncunun yaşadığı evə getməsini istəmişdir. O, dərhal Tapdığın yaşadığı evə tərəf getmiş və oraya çatanda bir nəfər tanımadığı şəxsin yerdə uzandığını görmüşdür. O, həmin şəxsdən kim olduğunu soruşmuş, sonuncu taksi sürücüsü olduğunu, bir nəfər müştərisinin onu bıçaqla vurduqdan sonra avtomobilini götürüb qaçdığını bildirmişdir. Bundan sonra onlar evdən döşək gətirib evin həyətində ona yer düzəldib və ilkin tibbi yardım göstərməyə çalışmışlar. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng edib bir nəfərin bıçaqla vurulduğu barədə məlumat vermişdir. Sonra səs-küyə onun qonşuları Sərvan və Elşən də gəlmişlər. Onlar birlikdə ona məxsus avtomobillə həmin şəxsi xəstəxanaya aparmışlar. Onlar Xaçınçay körpüsünün üzərində pois əməkdaşaları ilə qarşılaşmışlar, polislər onlara dərhal xəstəxanaya getmələrini bildirmişlər. Onlar xəstəxanada olan zaman bıçaqlanan şəxsin Bərdə şəhəri 866 saylı qəsəbə sakini Zərərçəkmiş şəxs olduğunu bilmişlər. Onlar onu həkimlərə təhvil verdikdən sonra yaşadıqları evə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə gecə saat 03:30 radələrində yaşadığı evin giriş darvazası döyülmüş, o, ehtiyat edib darvazanı açmamışdır. O, qohumu Sərvana zəng edib qapını kiminsə döydüyünü demişdir. Sərvan ona sonuncunu gözləməsini bildirmişdir. Bir qədər sonra Sərvan gəlmiş və onlar birlikdə darvazanın qarşısına cıxmışlar. Onlar orada heç kim olmadığını sadəcə yerdə qan izlərinin olduğunu görmüşlər. Bu zaman onlar Tapdığın yaşadığı ev tərəfdən səs-küy gəldiyini eşidib birlikdə həmin yerə getmişlər. Orada bir nəfər tanımadıqları şəxsin yaralı olduğunu görmüşlər. Həmin vaxt onun qonşusu Naib də orada olmuşdur. O, nə baş verdiyini soruşanda həmin şəxs taksi sürücüsü olduğunu, bir nəfər müştərisinin onu bıçaqla vurduğunu və avtomobilini götürüb qaçdığını bildirmişdir. Həmin şəxsin qan itirdiyini görüb Sərvan, Naib və o sonuncunu Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparmağa qərar vermişlər. Onlar qonşusu Naibin avtomobili ilə yaralını Bərdə RMX-a apararkən yolda polis əməkdaşları ilə qarşılaşmışlar. Polislər onlara yaralını dərhal xəstaxanaya aparmalarını demişdir. Xəstəxanada onlara məlum oldu ki, bıçaqlanan şəxs Bərdə şəhəri 866 saylı qəsəbə sakini Zərərçəkmiş şəxsdur. Onlar onu həkimlərə təhvil verdikdən sonra yaşadıqları evə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, Təzə Bazarda icarəyə götürdüyü dükanda telefon alqı-satqısı ilə məşğul olmuşdur.O, həmişə işlənmiş telefon alanda şəxsiyyət vəsiqəsi tələb etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində bir nəfər arıq, orta boylu, qaraşın oğlan onun dükanına gələrək əlində olan “Samsung J2 2016” markalı telefonu satmaq istədiyini demişdir. O, ondan telefonun kimə məxsus olduğunu soruşanda həmin şəxs telefonun özünə məxsus olduğunu sadəcə üzərində şəxsiyyət vəsiqəsi olmadığını, atasının şəxsiyyət vəsiqəsinin surətinin olduğunu, həmin sənədlə sata biləcəyini soruşmuşdur. O, telefonu həmin oğlandan 50 ya da 55 manata alacağını bildirmişdir. Bundan sonra həmin oğlan ona Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsinin həmin oğlanın özünə məxsus olmadığına görə şübhələnmiş və ondan sənədin arxasına öz xətti ilə ad, soyadını yazmasını istəmişdir. Həmin oğlan şəxsiyyət vəsiqəsinin surətinin arxsına öz xətti ilə “X10” sözlərini yazmış və imza etmişdir. O da sənədin arxasına həmin oğlandan əlaqə üçün soruşduğu 03 ədəd mobil nömrələri yazmışdır. Həmin nömrələr “050 537 03 13”, “050 501 55 90” və “050 474 03 13” saylı nömrələr olmuşdur. Həmin oğlan ona adının Etibar olduğunu, “050 537 03 13” saylı nömrənin onun atası Kamilə məxsus oduğunu demişdir. O, ondan telefonu alan zaman telefonun yaddaşı tamamilə silinmişdir. Onunla söhbət zamanı telefonu şəxsi problemi yarandığı üçün satdığını, telefonun satışından əldə edəcəyi pulun üstünə də qohumlarından alacağı pulu qoyub başqa rayona gedəcəyini demişdir. O, bir müddət həmin telefonu özü istifadə etmişdir. Bir neçə gün sonra yaşadığı evə təmir işləri üçün gələn Şahid6 və X11 ondan telefon istəmişlər, o da Vilayətə “Samsung S2” markalı mobil telefon, Vüsala isə həmin oğlandan aldığı “Samsung J2” markalı telefonu satmışdır. Bundan sonra heç nədən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin noyabr ayında qohumu Nicatdan nömrə almışdır. Həmin vaxtdan etibarən o,həmin nömrəni işlətmişdir. Sonra o həmin nömrəni qardaşı Vüsala vermişdir. Bəxtiyarı əvvəldən tanımışdır, belə ki, Bəxtiyar Bərdə şəhərində Təzə bazar adlanan yerdə telefon dükanı işlətmişdir. O, Vüsala nömrəni verdikdən bir qədər sonra, təxminən 2020-ci ilin yanvar ayında Vüsalın Bəxtiyarın dükanından Samsung J2 markalı mobil telefon aldığını bilmişdir. Həmin vaxtdan qardaşı həmin mobil telefonu işlətmişdir. 2020-ci ilin mart ayında dəqiq yadında qalmayan bir vaxtda qohumu Nicat qardaşı Vüsaldan Yevlax şəhərinə qonaq getməyi ilə əlaqədar olaraq özünün işlətdiyi mobil telefonu ona verməsini, bir gündən sonra qaytaracağını xahiş etməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Rəşadla 2019-cu ildə Bərdə rayonunun Lənbəran kəndində tanış olmuşlar. Həmin vaxtdan onların münasibətləri yaranmışdır. Müəyyən bir vaxt bir-birilərini sevmişlər. O, Rəşadla sevgili olduğu vaxtlarda mütamədi olaraq telefonla danışmışlar. O, 2019-cu ilin dekabr ayında Bərdə şəhərində olarkən tanımadığı bir taksi sürücüsü ona “nə qəşəysən” demiş və ondan avtomobilə əyləşməsini istəmişdir. O da ona “get öz işinlə məşğu ol” deyə cavab vermişdir. Bundan sonra o, Rəşada zəng edib bir nəfər “Vaz 21-06” markalı, nömrəsinin əvvəli 57 ilə başlayan sonu isə 200 rəqəmi ilən bitən taksi sürücüsünün ona söz atdığını demiş, Rəşad da həmin adamı özü tapıb söhbət edəcəyini bildirmişdir. Bundan sonra nə baş verdiyini bilməmişdir. 2020-ci ildən etibarən hər telefon danışığında Rəşad onu təhqir etmişdir. Bu səbəbdən də 2020-ci ilin mart ayında o, Rəşaddan ayrılmışdır. Bundan sonra onun Rəşaddan xəbəri olmamışdır. Sonra o, Xalid adlı şəxslə ailə həyatı qurmuş, halhazırda Xalidlə birlikdə yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(021)-33/2020 saylı qərarı ilə həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs iştirakı ilə aparılaraq Bərdə rayonu Lənbəran kəndi ərazisində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini özündə əks etdirən disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyü Zərərçəkmiş şəxs iştirakı ilə aparılaraq Bərdə şəhəri, Bakı küçəsində Yanğından Mühafizə İdarəsinin yaxınlığında yerləşən dairəvi yol ayrıcının kənarında “Nurlan” adlı paltar mağazasının qarşısında və Bərdə rayonu, Lənbəran kəndi ərazisində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntüləri fotoşəkillər çəkilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Məhkəmə- Tibbi Ekspertiza və X9” X18 Bərdə rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli 278 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər – döş qəfəsi nahiyəsinin sağ yarısının daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsi nahiyəsinin sol yarısının dalağın səthi zədələnməsi ilə diafraqmadan qarın boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ mil-bilək oynağı və sağ diz oynağı nahiyələrinin cəmi iki ədəd kəsilmiş yaraları olmuşdur. Həmin xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən (ola bilsin bıçaqla) törənmişdir, müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə a) döş qəfəsi nahiyəsindəki daxilə keçən yaralar birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; b) sağ mil-bilək oynağı və sağ diz oynağı nahiyələrindəki kəsilmiş yaralar birlikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Məhkəmə- Tibbi Ekspertiza və X9” X18 xx xxxx 2020-ci il tarixli 316/2020-MTKŞ nömrəli məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin və sviterin sağ yan nahiyəsində bir ədəd; gödəkçənin və sviterin arxa hissəsinin sağ-orta nahiyəsində bir ədəd, gödəkçənin və sviterin arxa hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmişkəsilmiş zədə aşkar edilmiş və bu zədələrin iti ucu, iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmamış, Zərərçəkmiş şəxs məxsus gödəkçənin və sviterin sağ-yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş, zədə onun bədəninin döş qəfəsi nahiyəsinin sağ yarısının arxa-bayır səthində olan; gödəkçənin və sviterin arxa hissəsinin sağ-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthində olan gödəkçənin və sviterin arxa hissəsinin sol yarısının arxa səthində olan eyni xarakterli zədələrlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər, Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər sağ mil-bilək oynağı və sağ diz oynağı nahiyələrindəki kəsilmiş yaralar sonuncuya məxsus olan paltarlarda öz əksini tapmamışdır, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Məhkəmə- Tibbi Ekspertiza və X9” X18 xx xxxx 2020-ci il tarixli 512/2020-MTBŞ nömrəli məhkəməbioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu A/İİ/-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus gödəkçə, sviter və şalvar üzərində insan qanı aşkar olunmuş və tədqiq olunmuş qan ləkələrinin antigen və aqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda “A” antigeni, əksər ləkələrlə həmçinin beta aqqlyutinini alınmış və bu qan ləkələrinin Abeta/İİ/ qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 4/458 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş AZE seriyalı 08026700 saylı şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa hissəsində olan “X10” yazıları və həmin yazıların önündəki imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/2416 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 1990-cı il buraxılışlı “VAZ-21063” markalı ** BM *** dövlət qeydiyyat nişanlı acvtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti 82 manat, təmir-bərpa işlərinin qiyməti 195 manat olmaqla təxminən 277 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı “J2 2016” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə almaqla 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 60 manat və 051 631 98 50 saylı GSM nömrə danışıq kartı isə 4 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin xx xxxx 2020-ci il tarixli 401 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qış gödəkçəsi, 01 ədəd uzunqol köynək və 01 ədəd cins şalvar götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs xəsarət aldıqdan sonra yaralı vəziyyətdə tapıldığı yer Bərdə rayonu, Lənbəran kəndində yerləşən X6 yaşadığı evin həyətidir. Həmin kənd ərazisində X6 yaşadığı ev ilə qonşuluqda yerləşən Şahid3 məxsus evin darvazası qarşısında, həmin ev ilə üzbəüz istiqamətdə yerləşən torpaq sahəsinin girişindəki dəmir materialdan olan məhəccərin üzərində və Zərərçəkmiş şəxs yaralı vəziyyətdə aşkar edildiyi küçənin sonunda yolun qurtardığı yerdə qan izləri, o cümlədən torpaq sahəsinin arasında yerləşən geniş sahədə avtomobilə aid təkər izləri aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq Bərdə rayon polis şöbəsinin CAB-nin xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus “VAZ-2106” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin Bərdə rayonu Bəcirəvan kəndi ərazisində əkin sahələrinin kənarından keçən su kanalının içərisində olduğu aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ-2106” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin aşkar edildiyi yer Bərdə-Ağcabədi magistral yolunun Bərdə rayonu, Bəcirəvan kəndi ərazisindən keçən hissəsində sol tərəfə dönən torpaq yolun kənarıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “VAZ-2106” markalı ** BM *** dövlət qeydiyyat nişanlı, texniki pasport nömrəsi AA871251 olan avtomobilə ümumilikdə, 277 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, üzərində Zərərçəkmiş şəxs məxsus AZE08026700 nömrəli şəxsiyyət vəsiqəsinin ön və arxa tərəflərinin təsviri olan, arxa tərəfində göy rəngli qələm ilə “X10” yazısı, həmin yazının sonunda imza nümunəsi və yazının alt hissəsində eyni rəngli qələm ilə “***-***-**-**. Kamil. Atası”, “***-***-**-**” və “050-474-5332=Etibar” yazıları icra edilmiş 01 ədəd A4 formatlı kağız vərəqinin 7x21 sm ölçüdə kəsilmiş hissəsi Şahid5 götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung J2 2016” markalı mobil telefon X3 götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş mobil telefonlardan hadisə zamanı Təqsirləndirilən şəxs onun avtomobilindən götürdüyü ağ rəngli “Samsung J2 2016” markalı mobil telefonu tanımış və əyani surətdə göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş şəxslərdən Təqsirləndirilən şəxs tanımış və xx xxxxxx 2020-ci il tarixdə saat 03:20 radələrində Bərdə rayonu, Lənbəran kəndi ərazisində onu bıçaqla vuraraq xəsarət yetirən şəxs olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid5 ona təqdim edilmiş şəxslərdən Təqsirləndirilən şəxs tanımış və xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində həmin şəxsin Bərdə şəhəri ərazisində yerləşən “Təzə bazar” deyilən yerdə işlətdiyi telefon dükanına gələrək ona “Samsung J2 2016” markalı mobil telefonu satan şəxs olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi 01 ədəd bıçaq Bərdə rayon polis şöbəsində götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında protokoldan görünür ki, 02 vərəqdə yazı nümunələri və 02 vərəqdə imza nümunələri Təqsirləndirilən şəxs tədqiqat aparılması məqsədilə götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində “X20.xlsx”, “bərdə İMEİ.xlsx” və “Bərdə RPŞ İMEİ nomreler.xlsx” adlı fayllar aşkar edilmiş, həmin fayllardan “bərdə İMEİ.xlsx” adlı faylı açdıqda “**********8680” İMEİ nömrəli mobil telefonda (Zərərçəkmiş şəxs məxsusdur) xx xxxxxx 2020-ci il tarixdə xx xxx 1988-ci il təvəllüdlü Şahid5 məxsus 050 303 35 36 mobil nömrəsinin, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 050 466 71 94 mobil nömrəsinin, xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində xx xxxxxxx 2002-ci il təvəllüdlü X7 məxsus 050 756 52 55 mobil nömrəsinin istifadə olunması müəyyən edilmişdir. Həmin məlumatlar 10 vərəqdə əlavə edilməklə protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid7 ona təqdim edilən şəxslərin içərisindən Zərərçəkmiş şəxs tanımamış və 2019-cu ilin dekabr ayında ona Bərdə şəhəri ərazisində əxlaqsız təklif edən “VAZ-2106” markalı dövlət qeydiyyat nişanı “57” seriyası ilə başlayan və son ədədi “200”-lük mərtəbəsinə aid olan avtomobilin sürücüsünün ona təqdim edilən şəxslərin içərisində olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx xxxxx 2020-ci il tarixli 011- 4267-1220 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş ADİS-dən eyniləşdirməyə dair çıxarışdan görünür ki, xx xxxxx 2020-ci il tarixdə ADİS-in mərkəzi serverinə Bərdə rayon polis şöbəsindən xx xxxxxxx 2001-ci il tarixdə Bərdə rayonunda anadan olmuş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi daxil olmuş, həmin şəxsin əl əksləri ADİS-in məlumat bankında olan açılmayan cinayət işləri üzrə hadisə yerlərinin müayinəsi zamanı götürülmüş əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində Bərdə rayon polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 138-438-1220 nömrəli məktubu vasitəsilə xx xxxxxx 2020-ci il tarixdə Bərdə rayonu 866 yerlik qəsəbədə yaşayan Xocalı rayon sakini Zərərçəkmiş şəxs bıçaq xəsarəti alması hadisəsi ilə bağlı “VAZ-2106” markalı avtomobildən götürülmüş əl izlərindən 04 ədədi xx xxxxxxx 2001-ci il tarixdə Bərdə rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc (avtomobilin bayır dəmirinin üzərindən götürülmüş) sol əlinin isə şəhadət (02 dəfə) (avtomobilin bayır dəmirinin üzərindən götürülmüş) və orta (avtomobilin bayır dəmirinin üzərindən götürülmüş) barmaqlarının əksləri ilə eynilik təşkil etmişdir. Buna görə də içərisində Təqsirləndirilən şəxs məxsus daktiloskopik xəritənin olduğu 01 ədəd zərf maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “xxxx” MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskin içərisindəki “Abunechiler.xls” və “Adina olan nomreler.xlsx” adlı faylları açıb baxan zaman aşkarlanan cədvələ əsasən 050 466 71 94, 050 425 11 08, 050 782 70 73, 051 635 52 87, 050 770 90 45 və 050 602 19 77 mobil nömrələrinin Xocalı rayonu Cəmilli kənd sakini Zərərçəkmiş şəxs adına, 050 474 53 32, 050 869 73 17, 050 869 57 84, 050 501 55 96 və 050 474 50 09 mobil nömrələrinin isə Kəlbəcər rayonu Qaraçanlı kənd sakini Təqsirləndirilən şəxs adına qeydiyyatda olduqları müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020ci il tarixli əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək istəməsinə səbəb kimi Təqsirləndirilən şəxs ilə həmin dövrdə yaxın münasibətdə olan Şahid7 əxlaqsız təklif etmiş, “VAZ-2106” markalı dövlət qeydiyyat nişanı “57” seriyası ilə başlayan və sonluğu “200”-lük mərtəbəsinə aid ədəd olan avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticənin əldə edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulan zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli 1(100)-90/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 29,120.1 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cinayət cəzası daşımalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksinyasında doqquz ilədən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsində göstərilir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasının yuxarı həddi on dörd il müddətə azadlıqdan məhrum etmə cəzası ilə məhdudlaşdırıldığından, həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət etməyə cəhd görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təyin edilə biləcək cəzasının yuxarı həddi 10 (on) il 6 (altı) aydan artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulan zərəri ödəməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslə barışıq əldə etməsi həm istinaq orqanı tərəfindən, həm də məhkəmə istinaqı zamanı Azərbaycan Respublikasının CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirilən hal kimi qəbul edilmiş, eləcə də onun əməlində Azərbaycan Respublikasının CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli qərarının 9-cü maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, CM-in 60-cı maddəsində göstərilən əsaslar olduqda başa çatmış cinayətlərə görə cəza təyin edilərkən bu müddət müvafiq maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən artıq olmayan müddətlə məhdudlaşmalı, cinayət etməyə cəhdə görə isə dörddə üçün dörddə üçündən çox olmayan müddətə bərabər olmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 63.3 və 60-cı maddələrinə, eləcədə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli qərarına əsasən hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 120.1-ci maddəsinin saksiyasında nəzrədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin, yəni on dörd ilin dörddə üçünün dörddə üçündən atıq olamamlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri böyük ictimai təhlükə törətməyən və xüsusilə ağır cinayət hesab olunduğundan və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyası həddində cəza təyin edilərək həmin cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Bərdə rayon prokurorluğunda saxlanılan maddi sübutlar Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd gödəkçə, 02 ədəd sviter və 01 ədəd şalvar ona qaytarılmalı, imtina etdikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə edilmiş 01 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olan AZE№08026700” nömrəli şəxsiyyət vəsiqəsinin 01 ədəd kserosurəti və içərisində Təqsirləndirilən şəxs məxsus daktiloskopik xəritənin olduğu 01 ədəd zərf cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs məxsus olan “VAZ-2106” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil və Samsung J2 2016”markalı mobil telefon isə sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş müdafiəçinin ibtidai istintaq orqanına verdiyi hesabatdan görünür ki, ibtidai istintaq zamanı müdafiəçi Təqsirləndirilən şəxs 42 (qırx iki) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X8 işlədiyi Bərdə rayon Vəkil Bürosunun hesabına 250 (iki yüz əlli) manat məbləğində pul köçürülməlidir. Həmçinin Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 30 (otuz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 154 (bir yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,120.1, və 326.2-ci maddələri ilə təqsirli bilinsin, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Bərdə rayon prokurorluğunda saxlanılan maddi sübutlar Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd gödəkçə, 02 ədəd sviter və 01 ədəd şalvar ona qaytarılsın, imtina etdikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə edilmiş 01 ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus olan AZE№08026700”nömrəli şəxsiyyət vəsiqəsinin 01 ədəd kserosurəti və içərisində Təqsirləndirilən şəxs məxsus daktiloskopik xəritənin olduğu 01 ədəd zərf cinayət işinin materiallarında saxlanılsın, Zərərçəkmiş şəxs məxsus olan“VAZ-2106”markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil və Samsung J2 2016”markalı mobil telefon isə qəbz alınmaqla sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 154 (bir yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X5 həyata keçirdiyindən 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili X12 həyata keçirdiyindən 250 (iki yüz əlli) manat dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar