Məhkəmə qərarları › İş №1(100)-90/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-90/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-90/2023 14.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Ağdam rayonu, Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olan, Ağdam rayonu, Quzanlı qəsəbəsi, ev 639-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə edib ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 19 iyun 2021-ci il tarixdə saat 13:00 radələrində "X6" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ, sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə etdiyi "Moskviç 412" minik markalı, **- DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər-Borsunlu-Hindarx yolunun Bərdə rayonu ərazisindən keçən 68-ci kilometrliyində "X6" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli olduğu halda bunu etməyərək, 80-90 km/saat sürətlə yolun sağ zolağı ilə Hindarx qəsəbəsi istiqamətində hərəkətdə olan zaman, avtomobil üzərində idarəetməni itirmiş, avtomobil yolun sağ kənarına çıxaraq aşmış, nəticədə o, ehtiyatsızlıqdan avtomobildə olmuş sərnişin X1 başın sağ gicgah nahiyəsinin qançırı, sağ gicgah, təpə və kəllə əsası sümüklərinin sınıqları, beyin qişalarına, yumşaq qişa altına, beyin toxumasına və mədəciklərinə qansızma, sol bazu sümyünün açıq sınığı, sol çiyinüstü, sağ bayır topuq, sağ diz oynağı nahiyələrinin sıyrıqları, sağ diz oynağı, sol qoltuq nahiyələrinin əzilmiş yaraları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, almış olduğu xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Yeni Quzanlı qəsəbəsində yaşayır. O, evlidir və iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Onun sürücülük vəsiqəsi yoxdur. Hadisə zamanı idarə etdiyi "Moskviç 412" minik markalı, **-DT- *** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 məxsus olmuşdur. 19 iyun 2021-ci il tarixdə qonşusu Məsud zəng edib onu Yeni Quzanlı qəsəbəsində hərbi komissarlığın yaxınlığında yerləşən yeməkxanaya çağırmışdır. O, yeməkxanaya getmiş və Məsudun qaynı Cəsarət də yeməkxanada olmuşdur. Onlar birlikdə yemək yemişlər, spirtli içki araq içmişlər. O, az miqdarda spirtli içki olan araq içmişdir. Həmin vaxt Cəsarət Məsuda demişdir ki, arvadı Fərqanəni Bərdə rayonundan Ağdam rayonuna evlərinə gətirmək istəyir. Məsud Cəsarətə demişdir ki, avtomobili Cəsarət sürsün. Cəsarət sükan arxasına keçmiş və onlar Bərdə rayonuna yola düşmüşlər. Onlar gedib Bərdə rayonunda “Su 1” deyilən yerdən Fərqanəni götürmüşlər. Həmin vaxt Məsud ondan xahiş etmişdir ki, avtomobili o, idarə etsin. Onun sürücülük vəsiqəsi olmasa da, Məsudun xəbəri olmuşdur ki, o, avtomobil idarə edə bilir. O da Məsudun xahişini qəbul edib sükan arxasına əyləşmişdir. Məsud avtomobildə qabaqda sağda oturmuş, Fərqanə ilə Cəsarət isə avtomobildə arxada oturmuşlar. O, Məsuda məxsus "Moskviç 412" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Ağdam rayonu istiqamətində hərəkətə başlamışlar. Saat təxminən 13:00 radələrində o, idarə etdiyi Məsuda məxsus "Moskviç 412" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 80-90 km/saat sürətlə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan zaman sağa meyilli yolda biranlığa avtomobil üzərində idarəetməni itirmiş və avtomobil idarəetmədən çıxıb yolun sağına istiqamətlənib aşıb dayanmışdır. Hadisə nəticəsində o, xəsarət almış, huşunu itirmişdir, ayılanda artıq Bərdə rayon Mərkəzi xəstəxanasında olduğunu, ağır xəsarət aldığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, avtomobildə olmuş Fərqanə hadisə zamanı ölmüşdür, Məsud və Cəsarət də xəsarət almışlar. Törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 19 iyun 2021-ci il tarixdə saat 13:00 radələrində Tərtər- Borsunlu-Hindarx yolunun Bərdə rayonu ərazisindən keçən 68-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsində ölmüş X3 onun bacısı qızı idi. Fərqanə qeyri-rəsmi olaraq Ağdam rayon sakini Şahid2la ər-arvad olmuşdur. Fərqanənin ondan başqa qohumu olmamışdır. 19 iyun 2021-ci il tarixdə təxminən günorta saatlarında ona məlumat verib bildirmişlər ki, Fərqanə Bərdə rayonu ərazisində yol nəqliyyat hadisəsi nəticəsində vəfat edibdir. Cəsarətin qohumu Məsud adlı şəxsin idarə etdiyi markasını və qeydiyyat nişanını sonradan bildiyi "Moskviç 412" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə edib yol-nəqliyyat hadisəsi törətmişdir. O, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş maddi zərər ona ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin gənc olmasını nəzərə alaraq ona ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. "Moskviç" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. 19 iyun 2021-ci il tarixdə qaynı Cəsarət və qonşusu Elnurla birlikdə Ağdam rayonu, Yeni Quzanlı qəsəbəsində hərbi komissarlığın yaxınlığında yerləşən yeməkxanada yemək yeyib spirtli içki araq içmişlər. Elnur elə də çox araq içməmiş, az içmişdir. Onlar yeməkxanada olan zaman qaynı Cəsarət ona demişdir ki, arvadı Fərqanəni Bərdə rayonundan Ağdam rayonuna evlərinə gətirmək istəyir. O, həmin vaxt sərxoş olduğu üçün özünü yaxşı hiss etmədiyindən Cəsarətə demişdir ki, avtomobili Cəsarət idarə etsin. Cəsarət sükan arxasına keçmiş və onlar Bərdə rayonuna yola düşmüşlər. Onlar gedib Bərdə rayonunda “Su 1” deyilən yerdən Fərqanəni götürmüşlər. Fərqanəni götürəndən sonra Cəsarətlə arvadı Fərqanə avtomobildə arxada oturmuşlar. O, Elnurun avtomobil idarə etməsini bildiyi üçün Elnura demişdir ki, bu dəfə avtomobili Elnur sürsün. Elnur avtomobilin sükan arxasına keçmiş, o, avtomobildə qabaqda sağda oturmuşdur. Elnur "Moskviç 412" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Ağdam rayonu istiqamətində hərəkətə başlamışlar. Elnur avtomobili sürətlə sürdüyü üçün Elnura bir neçə dəfə demişdir ki, avtomobili asta sürətlə sürsün. Saat təxminən 13:00 radələrində onlar Bərdə rayonu ərazisindən keçəndə o, avtomobildə yatmış, bir anlığına avtomobilin aşdığını hiss edib ayılmışdır. Hadisə nəticəsində o, xəsarət almış, sonra nə baş verdiyini xatırlamamışdır. Onu oradan yol avtomobili ilə Ağdam rayonu, Quzanlı xəstəxanasına aparmışlar, sonra isə Bərdə rayon Mərkəzi xəstəxanasına aparmışlar. Sonradan ona məlum olmuşdur ki, avtomobildə olmuş Fərqanə hadisə zamanı ölmüş, Elnur və Cəsarət də xəsarət almışlar. Hadisədən sonra onun “Moskviç 412” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili ona qaytarılmışdır. Həmin avtomobil yararsız vəziyyətdə olduğundan avtomobili metal kimi Bərdə rayonunda tanımadığı şəxsə satmışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvanda müəyyən etmək mümkün olmadığından məhkəmə baxışı zamanı iştirak etməmiş və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, X3 arvadıdır. 19 iyun 2021-ci il tarixdə o, yeznəsi Şahid1 və Məsudun qonşusu Təqsirləndirilən şəxs ilə birlikdə Ağdam rayonunda yerləşən hərbi komissarlığın yaxınlığında yerləşən kafedə nahar etmişlər. Nahar zamanı spirtli içki qəbul etmişlər. Bundan sonra o, Məsuda arvadı Fərqanəni Bərdə rayonundan gətirmək istədiyini bildirmişdir. Bundan sonra Məsud, Elnur və o, Məsuda məxsus “Moskviç 412” minik markalı avtomobillə yola düşmüşlər. Avtomobili o, idarə etmişdir. Bərdə rayonundan “Su bir” kimi adlandırılan yerdə yerləşən evdən arvadı Fərqanəni götürüb yenidən Ağdam rayonuna yola düşmüşlər. Ağdam rayonuna yola düşən zaman Məsud Elnurdan avtomobili idarə etməyini xahiş etmişdir. Elnur da xahişi qəbul edib “Moskviç 412” minik markalı avtomobilin sükanı arxasına keçmişdir. O və arvadı avtomobildə arxada əyləşmişlər. Məsud isə sərnişin qismində qabaq oturacaqda əyləşmişdir. Onlar Ağdam rayonuna yola düşmüşlər. Elnur avtomobili çox böyük sürətlə idarə etmişdir. Məsud Elnura iradını bildirərək avtomobili asta sürətlə sürməsini demişdir. O da Elnura iradını bildirmişdir. Ağdam rayonuna gedən zaman Bərdə rayonunun Soğanverdilər kəndindən keçərkən döngəli yola daxil olan zaman Elnur ani bir anda idarəetməni itirmiş və avtomobil yolun sağ kənarında olan yol çiyninə çıxaraq aşmışdır. Həmin vaxt Fərqanə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür (iş vərəqə: cild İ, səh. 26). Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı vəzifəsində işləyərkən hazırki cinayət işinin təhqiqatı onun tərəfindən aparılmışdır. Hazırki cinayət işi üzrə material onun icraatına daxil olduqdan sonra 19 iyun 2021-ci il tarixdə tərəfindən cinayət işi başlanılmışdır. O, həmin tarixdə yolnəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirmiş və Təqsirləndirilən şəxs idarə etdiyi "Moskviç 412" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər- Borsunlu-Hindarx yolunun Bərdə rayonu ərazisindən keçən 68-ci kilometrliyində Hindarx qəsəbəsi istiqamətində hərəkətdə olan zaman avtomobil üzərində idarəetməni itirərək, avtomobilin yolun sağ kənarına çıxaraq aşdığını, nəticədə isə avtomobildə olmuş sərnişin X1 almış olduğu xəsarətlərdən hadisə yerində öldüyünü müəyyən etmişdir. O, hadisə yerinə baxış keçirib bu barədə protokol tərtib etmiş, hadisəni törətmiş Təqsirləndirilən şəxs və digər şəxslərin izahatlarını almış, tərəfindən ekspertizalar keçirilməsinə dair qərarlar qəbul edilmişdir. O, iş üzrə təxirəsalınmaz istintaq hərəkətləri şəklində təhqiqat apardıqdan sonra, iş üzrə istintaqın davam etdirilməsi üçün müstəntiqə həvalə edilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 iyun 2021-ci il tarixli “yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Tərtər- Borsunlu-Hindarx yolunun Bərdə rayonu ərazisindən keçən 68-ci kilometrliyidir. Yolun ümumi eni 8 metrdir, yolun hər iki tərəfində 3 metr enində olan yol çiyni vardır. Avtomobillərin hərəkəti iki tərəflidir, hərəkət zolaqları bir-birindən ağ rəngli bütöv üfüqi nişanlama xətti ilə ayrılır. Yolun örtüyü asfaltbetondur. Hadisə zamanı asfat quru və üfüqi olmuş, görünüşdə məhdudiyyət olmamış, yolun deffekti olmamış, yol döngəli olmuşdur. Hadisə yeri yaşayış məntəqəsindən kənar əraziyə daxildir. Maksimal hərəkət sürəti 90 km/saatdır. Hadisə yerində tormoz və şin izləri aşkar edilməmişdir. "Moskviç 412" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil Hindarx istiqamətinin sağ yol kənarına çıxaraq aşmışdır. Baxış zamanı əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya götürülməmişdir (iş vərəqə: cild İ, səh. 7-14). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 iyun 2021-ci il tarixli, 751 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı avtomobili idarə edərkən orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur (iş vərəqə: cild İ, səh. 16). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 30 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir (iş vərəqə: cild İ, səh. 43). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 05 iyul 2021-ci il tarixli, 16 nömrəli rəyindən görünür ki, mərhum X1 meyitində aşkar edilmiş xəsarətlər – başın sağ gicgah nahiyəsinin qançırı, sağ gicgah, təpə və kəllə əsası sümüklərinin sınıqları, beyin qişalarına, yumşaq qişa altına, beyin toxumasına və mədəciklərinə qansızma, sol bazu sümüyünün açıq sınığı, sol çiyinüstü, sağ bayır topuq, sağ diz oynağı nahiyələrinin sıyrıqları, sağ diz oynağı, sol qoltuq nahiyələrinin əzilmiş yaraları – həyatidirlər, küş əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, 19 iyun 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur. Onun ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə məhkəmə tibbi müayinəsindən əvvələ doğru 3-5 saat olar baş vermişdir (iş vərəqə: cild İ, səh. 44-49). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 10 avqust 2021-ci il tarixli, 8/1795 nömrəli rəyindən görünür ki, - “Moskviç 412" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyi şəraitdə onun hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (iş vərəqə: cild İ, səh. 65-66). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 07 iyul 2021-ci il tarixli, 591 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-başın təpə, sol baldır-ayaq oynağı nahiyyələrinin əzilmiş yaraları, sağ körpücük sümüyünün sınığı, sağ bazu oynağı və sağ kürək nahiyyələrinin sıyrıq izləri küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 60-62). Cinayət işinin materiallarına əlavə edilmiş 26 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 337.3-cü maddəsi ilə nəzərədə tutulan inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir, bundan başqa "Moskviç 412" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır (iş vərəqə: cild İ, səh. 167-173). Cinayət işinin materiallarına əlavə edilmiş 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 163). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqə: cild İ, səh. 41). Cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X2 ərizəsindən görünür ki, o, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ilə barışması, ona qarşı heç bir şikayətinin, iddiasının və tələbinin olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir (iş vərəqə: cild İ, səh. 132). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti Başçısının Quzanlı köçkün qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən və arayışlarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh. 134-136). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə baxışı zamanı təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə ən yüngül cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə edib ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, onun tərəfindən dəymiş maddi zərərin ödənilməsini, əməlindən səmimi peşmanlığını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlinin təqsirin ehtiyatsızlıq formasına aid olmasını nəzərə alır və törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları (əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli olmasını), təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, hadisə nəticəsində özünün də xəsarətlər almasını, əməlindən səmimi peşmanlığını, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri isə hökm icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş üzrə çıxarılan hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış "Moskviç 412" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai araşdırma zaman sahibi Şahid1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınmış "Moskviç 412" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai araşdırma zamanı sahibi Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar