Məhkəmə qərarları › İş №1(100)-92/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-92/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-92/2021 01.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili- Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə məhkəmənin hazırlıq iclasında sonuncunun Azərbaycan Respublikası CM-nin 237.2.3, 234.1 və 228.1ci maddələri ilə təqsirləndirilməsinə dair işə baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3, 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3, 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilmişdir ondan ötrü ki, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Göygöl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs faktiki yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən sonuncunun əkib-yetişdirdiyi, qanunla yetişdirilməsi qadağan edilmiş qanunsuz olaraq aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 23910 qram olan, külli miqdar hesab edilən 40(qırx) ədəd narkotik tərkibli çətənə bitkiləri və yaşadığı evin boş otağında sellofan torbada, çətənə kollarının yarpaqlarından toplayaraq qurutmaqla qanunsuz olaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 5.319 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin istintaqa məlum olmayan vaxt və mənbədən əldə etdiyi keçmiş SSRİ dövlətində istehsal olunmuş 7.62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların(PK) və Mosin konstruksiyalı karabinlərin ştat patronları olmaqla atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 06(altı) ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: -Məhkəməyə daxil olmuş cinayət işinə baxılması X4 Məhkəməsinə aiddir; Məhkəmə tərəflərin fikrini dinləyərək, cinayət işinin materiallarını öyrənib, belə qənaətə gəlir ki, cinayət işi üzrə ibtidai araşdırma aparılarkən istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, sözügedən cinayət işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən olunmuşdur ki, cinayət işinin ibtidai istintaqını aparan Göygöl RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi X2 tərəfindən ittiham aktı tərtib edilərkən CPM-in 289-cu maddəsinin tələbləri pozulmuş, ittiham aktının prosessual formasına riayət olunmamışdır. Belə ki, ittiham aktında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə ona istinad edilən əməlin törədilmə vaxtı qeyd olunmamışdır. Bundan başqa ittiham aktında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə verilmiş ittihamın məzmunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyası ilə uyğunsuzluq təşkil etmişdir. Cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmaması Cinayət Prosessual məcəlləsinin 303.3.6-cı maddəsinin tələbinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını zəruri edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilir ki, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6-ci maddəsinin tələbinə görə cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kimi kobud pozuntulara yol verildikdə çıxarılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.3.6-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3, 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon Prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri qüvvəsində saxlanılsın.

3. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.

Hakimlər:

1. (sədrlik edən) Elmin Rüstəmov

2. Faiq Mahmudov

3. Xəqani Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar