Məhkəmə qərarları › İş №1(100)-93/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-93/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-93/2021 09.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 835 qram olan narkotik vasitə heroini, külli miqdarda, yəni təmiz çəkisi 2350 qram olan narkotik vasitə qurudulmuş marixuananı və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 750 qram olan narkotik vasitə qurudulmamış marixuananı əldə edib 750 qram çəkidə narkotik vasitə qurudulmamış marixuananı göy rəngli polietilen torbanın içərisinə doldurub Gəncə şəhəri, Atatürk prospekti 122 ünvanında yerləşən Gəncə şəhər 1 nömrəli X11 Məktəbinin həyətində moruq kollarının arasında gizlədərək satış məqsədi ilə saxlamış, 2350 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və iç-içə keçirilmiş şəffaf rəngli polietilen torbada olan 835 qram çəkidə narkotik vasitə heroini isə 1 ədəd bazar torbasının içərisində olmaqla satış məqsəd ilə üzərində saxlayaraq daşımış, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08.08.2020-ci il tarixdə, saat 12 radələrində əlində olan həmin bazar torbası ilə Gəncə şəhəri, Atatürk prospekti ilə A.İmanquliyeva küçəsinin kəsişməsində yerləşən Gəncə şəhər Təhsil İdarəsinin yaxınlığında saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda qeyd edilən bazar torbasının içərisindən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda, yəni təmiz çəkisi 2350 qram olan narkotik vasitə qurudulmuş marixuana və iç-içə keçirilmiş şəffaf rəngli polietilen torbada kustar üsulla hazırlanmış külli miqdarda, yəni təmiz çəkisi 835 qram olan narkotik vasitə heroin, bundan sonra Gəncə şəhəri, Atatürk prospekti 122 ünvanında yerləşən Gəncə şəhər 1 nömrəli X11 Məktəbinin həyətindəki moruq kollarının arasına baxış keçirildikdə oradan bir ədəd göy rəngli polietilen torbanın içərisində olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 750 qram olan narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, uzun müddətdir ki, həmin ünvanda yaşamır. Gəncə şəhərində müxtəlif ünvanlarda tək kirayədə yaşayır. Belə ki, Daşkəsən rayonu, A.Abdullayev küçəsində yerləşən 37 saylı fərdi yaşayış evini atası Firuddin uzun illər əvvəl onun üçün almış və o, həyat yoldaşı, eləcə də övladları ilə birlikdə həmin ünvanda yaşamışdır. Əvvəl çalışmaq üçün Rusiya Federasiyasına getmiş və bir müddət orada yaşamış, sonradan geri, yəni Daşkəsən rayonuna qayıtdıqda həyat yoldaşı ona rəsmi sənəd göstərib artıq ondan boşandığını bildirmiş və həmin evdən çıxıb getməsini istəmişdir. O, bir müddət ailə üzvləri ilə yenə birlikdə yaşasa da, həyat yoldaşı ilə tez-tez mübahisələri yarandığından yola gedə bilməmişlər. Ona görə də təxminən 7-8 il əvvəl Daşkəsən rayonundan çıxıb Gəncə şəhərinə, qardaşıgilin evlərinə gəlmişdir. Bir müddət də orada yaşamış, sonradan oradan da çıxmış və bacısıgilin Gəncə şəhərində olan evində yaşamağa başlamışdır. Sonra isə Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən ümumi istifadə təyinatı yaşayış binasında kirayə mənzil tutmuş və orada yaşamağa başlamışdır. Həmin müddət ərzində Gəncə şəhər 5 saylı MKTİB-də fəhlə kimi çalışmış, bir müddət əvvəl isə oradan işdən çıxarıldığı üçün kirayə haqqını ödəyə bilməmiş, ona görə də kirayədə yaşadığı, lakin dəqiq ünvanını bilmədiyi həmin mənzildən çıxaraq Gəncə şəhəri, Atatürk prospektində yerləşən Gəncə şəhər 1 saylı X11 Məktəbinin ərazisində gecələməyə başlamışdır. 07 avqust 2020-ci il tarixdə tanışı Elcin və Elcinin dostu Xaliqlə rastlaşmış söhbət etmişlər. Elcinin ünvanını, soyadını bilmir, onu fəhlə kimi tanımış, Xaliqi də Elcinin tanışı kimi tanımış, onun da ünvanını və soyadını bilmir. Söhbət zamanı Elcin səhəri gün Gəncə şəhər Təhsil İdarəsinin yaxınlığında görüşmələrini bildirmişdir. Səhəri gün günortaya yaxın həmin yerdə görüşmüşlər. Elcinlə Xaliq ona bir torba verib demişlər ki, torbanın içərisində narkotik vasitə olan marixuana var, bir azdan onların yanına bir qırmızı rəngli «Jiquli» avtomobili gələcək həmin torbanı avtomobildə olan şəxsə vermək lazımdır. Onların işlər olduğu üçün gedəcəklərini, sonra görüşüb yeyib içəcəklərini deyərək cıxıb getmişlər. Həmin torbanı götürüb bir az gözləmiş və yolun kənarına tərəf gedərkən polis əməkdaşları gəlib onu saxlayaraq polisə aparmışlar. Polis idarəsində müdafiəçinin iştirakı ilə torbaya baxış keçirilmiş içərisindən marixuana və «kokos» adlı narkotik vasitə aşkar olunmuşdur. Bu barədə soruşulanda hər şeyi olduğu kimi polis əməkdaşlarına bildirsə də, ona inanmamışlar. Sonra məcbur olub tanımadığı polis əməkdaşlarının ona dedikləri kimi ifadələr vermişdir. Ona fiziki zor tətbiq etməmişlər. Əvvəllər narkotik vasitədən istifadə etsə də sonralar istifadə etməmişdir. Narkotik vasitəni verəcəyi şəxslərdən pul almayacağını və buna görə Elcinin də ona pul verməyəcənini demişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 asvqust 2020-ci il tarixdə Daşkəsən rayon sakini, Gəncə şəhərində daimi yaşayış yeri olmadan yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə, əldə edib üzərlərində saxlamaqda və daşımaqda, eləcə də narkotik vasitələri Gəncə şəhər 1 saylı Uşaq X21 Məktəbinin həyətində gizlətməkdə şübhəli olması barədə aldıqları əməliyyat məlumatına əsasən, tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş və qəbul edilmiş həmin qərar əsasında, onun özü, eləcə də digər əməliyyat müvəkkilləri, Orxan Mehtiyev, Şahid1 və Şahid3 tərəfindən Təqsirləndirilən şəxs 08 avqust 2020-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhər Təhsil İdarəsinin inzibati binasının yaxınlığında əlində bazar çantası ilə piyada hərəkətdə olarkən müəyyən edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs özləri ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirmişlər. Gəncə şəhər BPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin də iştirakı ilə təhqiqatçı tərəfindən videoqeydiyyat aparılaraq Təqsirləndirilən şəxs üzərinə və üzərində olan bazar çantasında şəxsi axtarış və götürmə aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərində, yəni əynindəki paltarlarda qanunla qadağan edilmiş predmet, o cümlədən narkotik vasitə olmadığını, lakin əlindəki bazar torpasının içərisində narkotik vasitə olan marixuana və heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki paltarlarda şəxsi axtarış aparılsa da qanunla qadağan edilmiş predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki bazar torbasında axtarış aparılarkən torbanın içərisindən qurudulmuş marixunaya və heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri 07 avqust 2020-ci il tarixdə Gəncə şəhər 1 saylı Uşaq X21 Məktəbinin həyətindəki yarımtikilidən tapdığını və şəxsi istifadəsi üçün gizlətdiyini bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan heroinə və qurudulmuş marixunaya bənzər kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Belə ki, heroinə bənzər kütlənin çəkisi 840 qram, qurudulmuş marixunaya bənzər kütlənin çəkisi isə 2950 qram təşkil etmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılmış və tərəflərindən imzalarla təsdiq edilmişdir. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs özünün də bildirməsinə əsasən, tapdığını qeyd etdiyi narkotik vasitələrdən bir qismini gizlətdiyi yerə, yəni Gəncə şəhər 1 saylı Uşaq X21 Məktəbinin həyətinə getmişlər. Təqsirləndirilən şəxs özü könüllü olaraq həmin yerdə moruq kollarının arasına gizlətdiyi və üzəri islanmış sellofan torbanı təhqiqatçıya təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirildikdə içərisində qurudulmamış marixunaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlənin narkotik vasitə olmasını Təqsirləndirilən şəxs özü onlara bildirmiş və şəxsi istifadəsi üçün oraya gizlətdiyini demişdir. Bundan sonra həmin kütlə də elektron tərəzidə çəkilmiş və çəkisi 840 qram təşkil etmişdir. Həmin kütlə qablaşdırılmış və qablaşdırmanın üzəri möhürlənərək imzalarla təsdiq edilimişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Murazla aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitələri haradan və necə əldə etməsi barədə konkret məlumatı yoxdur, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirləri davam etdirilir.Təqsirləndirilən şəxs heç bir fiziki və psixi zor tətbiq olunmamışdır.Onu saxlayarkən həmin narkotik vasitəni Elcin və Xaliq adlı şəxsin ona verməsi barədə bir söz deməmiş, Elcin və Xaliq adlı şəxsi tanımadığını, Təqsirləndirilən şəxs ona polis əməkdaşlarının göstərdiyi kimi ifadə verməsi barədə dedikləri həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 08.08.2020-ci il tarixli qərardan görünür ki, narkotik vasitə qəbul etməkdə, üzərinə gəzdirməkdə və qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri Gəncə şəhər 1 saylı X12 Məktəbinin həyətində gzilətməkdə şübhəli olan Təqsirləndirilən şəxs üzərinə və narkotik vasitələri gizlətməsi ehtimal olunan Gəncə şəhər 1 saylı X12 Məktəbinin həyətinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Şəxsi axtarış və götürmə haqqında 08.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki paltarlarda qanunla qadağan edilmiş narkotik vasitə olmadığını, üzərindəki bazar torbasında isə narkotik vasitə olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərindən 1 ədəd narıncı rəngli saç darağı, 1 ədəd prima markalı siqaret, 1 ədəd qara rəngli təsbeh, 1 ədəd 5 qəpik pul, 1 ədəd “Nikoil” banka məxsus plastik kart, 1 ədəd sosial siğorta şəhadətnaməsi, sürücülük vəsiqəsi, qəbzlər, nar və bakcell mobil operatorlarına məxsus sim kartlar aşkar edildi. Təqsirləndirilən şəxs bazar çantasında nakotik maddə hesab edilən “marixuana” və “ “heroin” olmasını bildirdi. Təqsirləndirilən şəxs həmin çanatadakı narkotik vasitəni təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddələri 07.08.2020-ci il tarixdə saat 11-12 radələrində Gəncə şəhər 1 saylı X12 Məktəbinin ərazisində açıq yarımtikilidən tapdığını bildirdi.Bazar çantasının içərisinə baxdıqda çantanın içərisindən yaşıl rəngli kəskin qoxuya malik qurudulmuş kütlə aşkar edildi.Həmin çantanın içərisində üzərinə qırmızı hərflərlə “Oksana qadın geyimləri” sözləri yazılmışağ rəngli polietien sellofanın içərisində başqa bir şəffaf polietilen selofanın içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edildi.Bazar çantasının içərisində olan marixuana və heroinə bənzər kütlələr elektron tərəzi vasitəsilə çəkildi.Marixunaya bənzər kütlənin bazar çantası ilə birlikdə ümumi çəkisi 2 kiloqram 950 qram, heroinə bənzər kütlənin sellofan torba ilə birlikdə ümumi çəkisi 840 qram oldu. Bazar çanatsının içərisindən aşkar edilmiş kütlələr qablaşdırıldı və möhürləndi. Baxış keçirilməsi və götürülməsi haqqında 08.08.2020-ci il tarixli protokoldan görünür ki, baxış keçrilən yer Gəncə şəhər Təhsil İdman Mərkəzinin 1 saylı X12 Məktəbinin ərazisində yerləşən boş sahədir. Təqsirləndirilən şəxs 1 ədəd göy rəngli selofanı moruq kollarının dibindən götürüb təqdim etdi. Təqsirləndirilən şəxs həmin seloffanın içərisində olan kütlənin “marixuana” olduğunu bildirdi. Həmin kütlə elektron tərəzidə selofonla birlikdə çəkildi, çəkisi 840 qram oldu. Həmin kütlə qablaşdırıldı və möhürləndi. Baxış keçirilməsi haqqında 24.10.2020-ci il tarixli protokoldan görünür ki, görüntüdə olan şəxslər Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X13, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmin İdarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Xəqani oğlu, həmin İdarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin İdarənin kiçik əməliyyat müvəkkili, polis serjantı X14 və videoqeydiyyatı aparan Gəncə şəhər BPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X5r. Görüntüdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs sağ ayağının qarşısında 1 ədəd tünd rəngli bazar torbası var. X2 tərəfindən şəxs şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl onun Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir və bu barədə ona yazılı bildiriş təqdim edilir. Bundan sonra müdafiəçi X13 tərəfindən yazılı bildirişdə nəzərdə tutulan hüquq və vəzifələr bir daha şübhəli şəxs Təqsirləndirilən şəxs nəzərinə çatdırılır. Bundan sonra, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və digər bir predmet olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs isə üzərində qeyd edilən predmetlərin olmadığını bildirir. Bundan sonra əməliyyat müvəkkilləri tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, yəni əynində olan paltarlarda şəxsi axtarış aparılır və onun üzərindən narkotik vasitə, o cümlədən qanunla qadağan edilmiş digər bir predmet aşkar edilmir. Görüntünün 09:40 dəqiqəsində təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs görüntüdə olan bazar torbasının içərisində nə olması barədə sual verilir.Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bazar torbasını olduğu formada 07.08.2020-ci il tarixdə, saat 11-12 radələrində Gəncə şəhər 1 saylı Uşaq X21 Məktəbinin həyətində olan və tualet ehtiyaclarını ödəmək üçün getdiyi yarımtikilidən tapdığını, həmin torbanın içərisindəki ot şəklindəki kütlənin marixuana, torbanın içərisindəki ağ rəngli sellofan bağlamadakı kütlənin isə heroin olmasını bildirir. O, həmçinin bildirir ki, qeyd edilən kütlələrin narkotik vasitə və konkret olaraq hansı növ narkotik vasitə olmalarını baxan kimi bilmiş və həmin narkotik vasitələri tapdıqdan sonra marixuanadan özü üçün hələ bir dəfə də istifadə etmişdir. O, həmçinin bildirir ki, həmin narkotik vasitələri tapdıqdan sonra özü istifadə etmək məqsədi ilə həmin kütlələri saxlamış, yerini dəyişmişdir. Həmin narkotik vasitələri heç kimə satmamış və satmaq niyyətində olmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmçinin bildirir ki, tapdığı narkotik vasitələrin bir qismini Gəncə şəhər 1 saylı Uşaq X21 Məktəbinin həyətində gizlətmiş və onu təqdim edə bilər.Bundan sonra, qeyd edilən bazar torbasının içərisindəki kütlələr elektron tərəzidə çəkilir və qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 2950 qram, narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi isə 840 qram təşkil edir. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra ayrı-ayrılıqda qablaşdırılır və qablaşdırmaların üzərləri möhürlənməklə şəxsi axtarış və götürmə iştirakçıları tərəfindən imzalarla təsdiq edilir. Diskin içərisində olan ikinci görüntüdə isə baxış və götürmə keçmiş Gəncə şəhər 1 saylı Uşaq X21 Məktəbinin həyətində aparılır. Görüntüdə çıxış edən təhqiqatçı və baxış iştirakçıları yuxarıda qeyd edilən şəxslərdir və tərkib dəyişməmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs su axan istiqamətdə gedərək kolların arasından 1 ədəd göy rəngli sellofan torba gətirib təhqiqatçıya təqdim edir və həmin suyun əvvəl gəlmədiyini bildirir. Sellofan torbanın içərisində qurudulmamış yaş halda marixuana olması müəyyən edilir. Həmin xüsusatı şübhəli şəxs Təqsirləndirilən şəxs da təsdiq edərək həmin narkotik vasitəni öz istifadəsi üçün orada gizlətdiyini, başqa bir yerdə narkotik vasitə gizlətmədiyini bildirir. Həmin torbanın içərisinə baxış keçirilərkən içərisində qurudulmamış marixuanaya bənzər kütlədən başqa digər bir predmet olmadığı müəyyən edilir və həmin kütlə elektron tərəzidə çəkilir. Kütlənin çəkisi 840 qram təşkil edir. Bundan sonra kütlə torba ilə birlikdə qablaşdırılır və qablaşdırmanın üzəri möhürlənməklə baxış və götürmə iştirakçıları tərəfindən imzalarla təsdiq edilir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 5(043)- 66/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni Gəncə şəhəri Təhsil İdman Mərkəzinin 1 saylı uşaq gənclər idman məktəbinin həyətində gizlətməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin əraziyə baxış keçirilməsi barədə keçirilmiş əməliyyat tədbiri zamanı qanun pozuntusunun aşkar olunmadığı müyyən edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 15 sentyabr 2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirir, gündüzlər Gəncə şəhəri ərazisində müxtəlif yerlərdə fəhləlik edir, gecələr isə Gəncə şəhər 1 saylı X12 Məktəbinin həyətində gecələyir, saxlanıldığı vaxtdan bir neçə gün əvvəl həmin yerdən içərisində narkotik vasitələrə bənzər maddələr olan bazar çantası aşkar etmiş, sonradan onların həqiqətən narkotik vasitələr olmasına əmin olub onları iki yerə ayıraraq bir hissəsini gizlətmiş, digər hissəsini isə çantaya qoyaraq satmağa apararkən yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda göstərilən məlumatları təkzib edən sübut əhəmiyyətli faktlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər 1 saylı X12 Məktəbinin həyətində gecə saatlarında gecələdiyinə görə onun orada gecələməsini görmüş şəxslərin dairəsini, o cümlədən qeyd edilən yerin mühafizəçisinin şəxsiyyətini və müşahidə kameraları müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs tapdığı və içərisində narkotik vasitələr olan bazar çantasını Gəncə şəhər 1 saylı X12 Məktəbinin həyətinə gətirib qoyan şəxsin şəxsiyyətini, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satmaq üçün əvvəlcədən hər hansı konkret şəxslərlə sövdələşməsini, eyni zamanda onun qabaqcadan əlbir olan bir qrup şəxslərlə cinayət əlaqəsinə girməsi faktını müəyyən etmək mümkün olmamışdır. “İfadənin yerində yoxlanılması haqqında” 10.08.2020-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. İstintaq hərərəkəti icra edilərkən şübhəli şəxs tərəfindən törədilmiş cinayətin üsul və mexanizminin baş vermiş cinayət hadisələri ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İstintaq hərəkətinin icrası zamanı qeydə alınmış videogörüntü isə 1 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Materialların məhkəmə ekspertizası və məhkəmə bioloji ekspertizasının 08.08.2020-ci il tarixli 16/52 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan bazar çantasının içərisindən aşkar edilmiş heroinə bənzər kütlə” yazıları və imzalar olan kağız paketdəki, iki ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen torbada 835 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata təqdim olunmuş, üzərində “ şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən bazar çantasında olan marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan bazar çantasında, təmiz çəkisi 2350 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs keçmiş idman və şahmat məktəbinin həyətində saxladığı “marixuanaya” bənzər kütlə...” sözləri və imzalar olan polietilen torbadakı, təmiz çəkisi 750 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd bazar çantasında və bir ədəd polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Ambulator məhkəmə-narkoloji ekspertizasının 17.09.2020-ci il tarixli 831 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 17.09.2020-ci il tarixli 532 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CMin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək,hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Gəncə şəhər Nevroloji Dispanserinin 14.08.2020-ci il tarixli 2299 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin 18.08.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” 08.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10.08.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 avqust 2020-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmlərin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 13.07.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur.09.01.2020-ci ildə cəzasını tam çəkib qurtarmışdır. Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinin 26.08.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X4 birgə nikahlarından X10 və X15 adlarında iki azyaşlı övladları vardır. Daşkəsən rayon məhkəməsinin 2(030)-282/2019 saylı, 16.08.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş 16.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən, iş üzrə borclu Təqsirləndirilən şəxs 01.01.2007-ci il tarixdə anadan olmuş X10 və 13.05.2009-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17.07.2019-cu il tarixdən başlayaraq hər ay bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğində aliment alınıb iş üzrə tələbkar X7 ödənilməlidir. Sözügedən 2(030)- 282/2019 saylı, 16.08.2019-cu il tarixli icra vərəqəsi 22.08.2019-cu il tarixdə Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq borcluya tələbin könüllü icrasına dair bildiriş göndərilmişdir. Həmin icra vərəqəsi üzrə yaranmış aliment borcunun Təqsirləndirilən şəxs tərəfindən ödənilməməsinə görə icra vərəqəsinin icrasını məcburi qaydada təmin etmək məqsədi ilə borclunun əmlak vəziyvətinin yoxlanılmasına dair borclunun əmlakının və gəlirlərinin axtarılması haqqında qərar qəbul edilərək qərarın surəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə ərazi İdarəsinə, BDYP-nin Gəncə RQİ və TBŞ-yə, Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon Şöbəsinə, “xxxx“ ASC-nin Daşkəsən rayon filialına və digər aidiyyəti orqanlara göndərilmiş, lakin borclunun adına hər hansı daşınar və daşınmaz əmlakın qeydə alınması, pensiya, sosial müavinat alması və ya digər gəlir əldə etməsi, eləcə də banklarda və digər kredit təşkilatlarında pul vəsaitinin olması müəyyən edilməmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə qanunamüvafiq olaraq məcburi icra hərəkətləri həyata keçirilmişdir. Daşkəsən rayon məhkəməsinin 2(030)-282/2019 saylı, 16.08.2019-cu il tarixli icra vərəqəsinin icraatda olduğu dövrdə iş üzrə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq məhkəmənin 3(030)-32/2020 saylı, 19.02.2020-ci il tarixli inzibati xəta haqqında qərarı ilə 15 (on beş) gün müddətinə və məhkəmənin 3(030)-132/2020 saylı, 08.06.2020-ci il tarixli inzibati xəta haqqında qərarı ilə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Hal-hazırda 2(030)- 282/2019 saylı, 16.08.2019-cu il tarixli icra vərəqəsi üzrə Təqsirləndirilən şəxs 2314 (iki min üç yüz on dörd) manat məbləğində aliment borcu var. «Sübutların qiymətləndirilməsi haqqında» 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar ekspertiza tədqiqatından qalıq qalmış 834.8 qram heroin, 2349.8 qram qurudulmuş marixuana və 749.8 qram qurudulmamış marixuana Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Eləcə də axtarış və götürmə aparılmasının vidogörüntüləri olan üç ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində narkotik vasitəni satış məqsədi ilə əldə edib daşımadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 07 avqust 2020-ci il tarixdə, saat 19 radələrində tualet ehtiyacını ödəmək üçün Gəncə şəhər 1 saylı X11 Məktəbinin ərazisində olan yarımtikiliyə getdikdə orada 1 ədəd iri həcmli bazar torbası aşkar etmişdir. O, həmin torbanın içərisində nə olduğunu bilmək üçün açıb içərisinə baxdıqda içərisinin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ilə dolu olduğunu, üst hissəsində isə budaqları və yarpaqları olan narkotik vasitə qurudulmamış marixanaya bənzər kütlə olduğunu görmüşdür. Hərbi xidmət illərində narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün həmin kütlənin narkotik vasitə olduğunu rahatlıqla anlamışdır. Bundan sonra həmin torbanın içərisini əli ilə yoxladıqda orada şəffaf rəngli sellofana bükülü kütlə də aşkar etmişdir. Həmin kütlənin nə olduğunu öyrənmək üçün sellofanın kənarından açıb əli ilə yoxladıqda kəskin qoxuya malik yapışqan kütlə olduğunu görmüşdür. Televizordan heroini görüb əlamətlərini bildiyindən, eləcə də heroin haqqında tanışlardan eşitdiyindən həmin kütlənin narkotik vasitə olan heroin olmasını da anlamışdır. Bundan sonra o, daha sonra satıb pul əldə etmək məqsədi ilə qeyd edilən bazar torbasını içərisində olanlarla birlikdə aparıb həmin məktəbin ərazisində moruq kollarının yanında gizlətmişdir. Bununla yanaşı, həmin vaxt torbada olan qurudulmuş marixuanadan az bir miqdarda götürüb adi kağızın içərisinə doldurub çəkmişdir. O gün həmişəki kimi qeyd edilən məktəbin ərazisində gecələmişdir. Ertəsi gün, yəni 08 avqust 2020-ci il tarixdə, saat 11 radələrində həmin məktəbinin ərazisində moruq kollarının yanında gizlətdiyi bazar torbasının yanına gedib orada torbanın üst hissəsində olan qurudulmamış marixuananı ayırıb yerdən tapdığı göy rəngli sellofan torbaya doldurmuş və daha sonra yavaş-yavaş kağıza doldurub istifadə etmək, yəni şəxsi istifadəsi üçün həmin kolların kənarında gizlətmişdir. Geriyə qalan qurudulmuş marixuananı və heroini isə bazar torbasının içərisində özü ilə götürüb başqa yerə, yəni yolun qarşı tərəfində olan barının kənarında etibarlı bir yerə gizlətmək və satmaq məqsədi ilə müştəri axtarmaq üçün Gəncə şəhər 1 saylı X11 Məktəbinin ərazisindən yola çıxmışdır. Lakin, 08 avqust 2020-ci il tarixdə, saat 12 radələrində polis əməkdaşları onu saxlayıb əlindəki torba ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirmişlər. Orada müdafiəçi ilə təmin edilmiş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki paltarlardan qanunsuz hər hansı bir əşya, o cümlədən narkotik vasitə aşkar edilməsə də, üzərində, yəni əlində olan bazar torbasının içərisi narkotik vasitə olan qurudulmuş marixuana və heroinlə dolu olduğundan axtarış zamanı onlar müəyyən edilərək götürülmüşdür. Həmin vaxt qurudulmuş marixuana və heroin elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılmışdır. Şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq satış məqsədi ilə ayırıb saxladığı, üzərində gəzdirdiyi qurudulmuş marixuana və heroindən başqa Gəncə şəhər 1 saylı X11 Məktəbinin ərazisində moruq kollarının kənarında 1 ədəd sellofan torbanın içərisində şəxsi istifadəsi üçün qurudulmamış marixuana da gizlətdiyini səmimi şəkildə bildirmiş və həmin yeri polis əməkdaşlarına göstərmişdir. Orada moruq kollarının kənarından həmin torba aşkar edilərək götürülmüş və elektron tərəzidə çəkilmişdir. Bundan sonra isə həmin kütlə qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt torbanın içərisi su idi. Belə ki, o, torbanı gizlədərkən orada su gəlmirmiş, sonradan isə su gəldiyi üçün torba və içərisindəki narkotik vasitə islanmışdır.O, daha sonra ifadəsində bildirmişdir ki, həyat yoldaşından boşandıqdan sonra aliment borcu yaranmış və həmin borc hal-hazırda kifayət qədər məbləğdə yığılmışdır. Maddi imkanı olmadığından bu borcu ödəyə bilmir. Ona görə də bir-iki dəfə inzibati qaydada həbs edilmişdir. O, həmin narkotik vasitələri satıb pul əldə edəcəyini və aliment borcunu ödəyəcəyini düşünmüş, ancaq bu, baş tutmamışdır. Bununla yanaşı, o, uzun illər əvvəl narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyə başlamış, lakin heç vaxt narkotik vasitə satmamışdır. Buna baxmayaraq, 07 avqust 2020-ci il tarixdə tapdığı narkotik vasitə olan qurudulmuş marixuana və heroini satmaq üçün saxlamışdı. İlkin araşdırma zamanı həyəcanlı olduğundan üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və qurudulmuş marixuananı satış üçün deyil, şəxsi istifadəsi üçün saxladığını bildirsə də, hazırda sərbəst və səmimi ifadə verdiyindən həqiqətdə narkotik vasitə olan heroin və qurudulmuş marixuananı tapdıqdan sonra aliment borcunu ödəmək üçün satmaq qərarın gəlmişdir. O, narkotik vasitə satmaq üçün kiminləsə əvvəlcədən sövdələşməmiş, sadəcə olaraq düşünmüşdür ki, tanışlardan soraqlaşar, yəgin ki, bir müştəri tapar. Lakin, bu cür tanışlardan ağlında konkret biri olmasa da, müəyyən şəxslər var ki, onlardan soraqlaşacaqdı. Bundan başqa, qeyd edilən narkotik vasitələri tapdıqdan sonra onları könüllü olaraq polisə təhvil verməyə imkanı olsa da bu, ağlına gəlməmiş, çünki onları satmaq barədə düşünmüş, qeyd edilən narkotik vasitələri tapdıqdan sonra isə bu barədə heç kimə deməmişdir. Bundan başqa, o, mobil telefon istifadə etmir, istifadəsində mobil telefon olmamış, eləcə də tapdığını bildirdiyi narkotik vasitələrdən heç kimə nə əvəzli, nə də əvəzsiz qaydada verməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X8 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, marixuanakannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinkik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 834.8 qram heroin, 2349.8 qram qurudulmuş marixuana və 749.8 qram qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X8 üzrə Dövlət Komissiyasının Daimi X16 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də axtarış və götürmə aparılmasının vidogörüntüləri olan üç ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 08 avqust 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 834.8 qram heroin, 2349.8 qram qurudulmuş marixuana və 749.8 qram qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X8 üzrə Dövlət Komissiyasının Daimi X16 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də axtarış və götürmə aparılmasının vidogörüntüləri olan üç ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar