Məhkəmə qərarları › İş №1(100)-95/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-95/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-95/2024 23.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X3 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1983-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bərdə rayonu, Qasımbəyli kəndində qeydiyyatda olmaqla, X7 adlanan ərazidə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə külli miqdarda, yəni təmiz çəkisi 2,524 qram kustar hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 06 aprel 2023-cü il tarixdə saat 09 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bərdə rayonu, Meşəçilik İnstitutu adlanan ərazidə müəyyən edilərək Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd “Pall Mall” markalı siqaret qutusunun içərisində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində 05 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,054 qram, 0,439 qram, 0,224 qram, 0,519 qram və 0,288 qram olmaqla, ümumi təmiz çəkisi 2,524 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 aprel 2023-cü il tarixdə saat 09 radələrində o, yaşadığı evdən çıxmış, Bərdə rayonunda olan bazarın yaxınlığına gəlmişdir. O, zibillikdən butulka yığaraq həmin butulkaları satıb ailəsini dolandırır. Həmin vaxt polis əməkdaşları gəlib onu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Bərdə Rayon Polis Şöbəsində polis əməkdaşları onu döymüşlər, onun cibinə hansısa maddə qoymuşlar. Polis əməkdaşlarının ona fiziki təzyiqləri nəticəsində məcbur olub ona elan edilmiş ittihamda göstərilən həmin psixotrop maddənin ona məxsus olduğunu etiraf etmişdir. Onun üç övladı var, övladının biri hərbi xidmətdədir, digər ikisi isə yetkinlik yaşına çatmayandır. Onun narkotik vasitələrlə və ya psixotrop maddələrlə heç bir əlaqəsi olmamışdır. O, heç bir cinayət əməli törətməmişdir. İfadəsində göstərdiklərinə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs həmçinin məhkəmənin sonrakı iclaslarında 2 saylı İstintaq Təcridxanasından götürülmüş onun tibbi kitabçasında “həbs olunmadan əvvəl alınmış zədələr barədə” olan qrafada göstərilmiş köhnə çapıq toxumaları kimi zədələri həbs olunmamışdan əvvəl aldığını və hazırki cinayət işi ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06 aprel 2023-cü il tarixdə verdiyi izahatında, sonra 07 aprel 2023-cü il tarixdə şübhəli şəxs kimi dindirilərkən, daha sonra isə 08 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Əvvəllər narkotik vasitə istifadə etməmiş, lakin buna baxmayaraq narkotik vasitələrə marağı olmuş və istifadə etmək niyyətində olmuşdur. Təxminən 2-3 gün əvvəl o, yaşadığı Bərdə rayonunda Meşəçilik İnstitutu adlanan ərazidə yerləşən "çaylaq" adlanan ərazidən piyada keçərkən yolun kənarından bir ədəd siqaret qutusu tapmış və həmin qutunun içərisinə baxdıqda bir ədəd sellofan bükülünün içərisində 05 ədəd gümüşü rəngli kağız bükümdə ağ rəngli duza bənzər kütlə olduğunu görmüş və həmin kütlənin içərisindən bir neçə ədədini götürmüş və istifadə etmiş, həmin vaxt onun duz olmadığını görmüşdür. Buna görə də, o, həmin maddənin narkotik olduğunu anlamış və buna görə də öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində o, yaşadığı Bərdə rayonu, Meşəçilik İnstitutu adlanan ərazidən piyada Bərdə şəhəri istiqamətində gələrkən ona yolda iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər, həmin şəxslər onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat əldə etdiklərini bildirmişlər. Həmin vaxt o, həqiqətən də üzərində psixotrop maddə olduğunu bildirmiş və həmin maddəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Həmin vaxt ona həmin şəxslərlə birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, buna etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona vəkil təqdim olunmuş və bundan sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ona üzərində olan qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o da əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaret qutusu çıxarmış və həmin siqaret qutusunun içərisində olan bir ədəd şəffaf rəngli sellofanı çıxardaraq masanın üzərinə qoymuş və həmin sellofanın içərisində olan gümüşü rəngli kağızlarda olan kütlələrin narkotik vasitə "patı" olduğunu bildirmişdir. Sonra isə onun üzərində şəxsi axtarış aparılmış və başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra onun təqdim etdiyi gümüşü rəngli bükümlərə baxış keçirilmiş və içərisində ağ rəngli kütlələr olduğu müəyyən olunmuşdur. Onun və vəkilinin iştirakı ilə üzərindən götürülmüş 05 ədəd gümüşü rəngli kağız bükülülər içərisində olan kütlələrlə birgə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 3,12 qram olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər narkotik vasitə və psixotrop maddə istifadə etməsə də, başqa şəxslərin istifadə etdiyini görüb maraq üçün istifadə etmək niyyətində olmuşdur. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmur, həmin "patını" cibində şəxsi istifadəsi üçün saxlamışdır. Ona polis əməkdaşları tərəfindən heç bir təsir və zor tətbiq edilməmişdir. Üzərindən aşkar olunmuş beş ədəd bükümdə olan kütlələri o, yaşadığı Bərdə rayonu, Meşəçilik İnstitutu adlanan ərazidə yerləşən “çaylaq” adlanan yerdən piyada keçərkən yolun kənarından bir ədəd siqaret qutusunun içərisində tapmışdır (iş vərəqə: cild İ, səh.38-39, 54-56, 69-71). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Bundan sonra, o və Bərdə Rayon Polis X1 Qrupunun baş inspektorkriminalisti Şahid3, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat axtarış tədbirləri keçirilərək 06 aprel 2023-cü il tarixdə saat 09:05-də Təqsirləndirilən şəxs Bərdə rayonu, Meşəçilik İnstitutu adlanan ərazidə saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təhvil verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs cibindən siqaret qutusunun içərisindən bir ədəd sellofan bükülü çıxardıb təqdim etmişdir. Həmin bükülü açılarkən beş ədəd büküm aşkar olunmuş, həmin bükülülərin hər birinin içərisində ağ rəngli metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlələr tərəzidə çəkilərkən xatırladığı qədər çəkisi təxminən 3 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümləri yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Şahid2 ifadəsinin davamında həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik və ya psixotrop maddə alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan psixotrop maddəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilməmişlər. Şahid2 ifadəsinin yekununda onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki, psixoloji və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Prosessual hərəkətlər təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs butulka yığan kimi tanıyır. O, özü Bərdə rayonunda “köhnə bazarın başı” deyilən yer var, orada taksilik fəaliyyəti ilə məşğul olur. 06 aprel 2023-cü il tarixdə bazarın yaxınlığında Təqsirləndirilən şəxs polis əməkdaşları saxlayaraq polis şöbəsinə apardılar. Onun Təqsirləndirilən şəxs narkotik istifadə etməsi və ya satışı ilə məşğul olması barədə məlumatı olmayıb. “Meşəçilik institutu” deyilən yer bazarın yaxınlığıdır, aralarında təxminən heç bir kilometr məsafə olmaz. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bazardan, yaşadığı yerin yaxınlığında yaşayan biri kimi tanıyır. O, 06 aprel 2023-cü il tarixdə Bərdə rayonunda “köhnə bazarın üstü”ndə işə getmək üçün digər iş yoldaşlarını gözləyirmiş. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşları saxlayaraq polis şöbəsinə aparmışlar. Onun Təqsirləndirilən şəxs narkotik satışı ilə məşğul olması barədə məlumatı yoxdur, Təqsirləndirilən şəxs butulka yığıb satmaqla ailəsini dolandırır. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayarkən heç bir qanunsuz hərəkətlərinin şahidi olmamışdır. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxladıqları yerlə “Meşəçilik institutu” deyilən yerin arasında təxminən 50 metr məsafə olar. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs butulka yığan kimi tanıyır. O, 06 aprel 2023-cü il tarixdə Bərdə rayonunda “köhnə bazarın üstü”ndə işə getmək üçün digər iş yoldaşlarını gözləyirmiş. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşları saxlayaraq polis şöbəsinə aparmışlar. Onun Təqsirləndirilən şəxs narkotik satışı ilə məşğul olması barədə məlumatı yoxdur, Təqsirləndirilən şəxs butulka yığıb satmaqla ailəsini dolandırır. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayarkən heç bir qanunsuz hərəkətlərinin şahidi olmamışdır. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxladıqları yerlə “Meşəçilik institutu” deyilən yerin arasında təxminən 300 metr məsafə olar. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs butulka yığan kimi tanıyır. O, 06 aprel 2023-cü il tarixdə Bərdə rayonunda “köhnə bazarın üstü”ndə işə getmək üçün digər iş yoldaşlarını gözləyirmiş. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşları saxlayaraq polis şöbəsinə aparmışlar. Onun Təqsirləndirilən şəxs narkotik satışı ilə məşğul olması barədə məlumatı yoxdur, Təqsirləndirilən şəxs butulka yığıb satmaqla ailəsini dolandırır. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayarkən heç bir qanunsuz hərəkətlərinin şahidi olmamışdır. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxladıqları yerlə “Meşəçilik institutu” deyilən yerin arasında təxminən 100 metr məsafə olar. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 aprel 2023-cü il tarixli Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.7). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və “video görüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Bərdə rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzərində “Pall Mall” yazısı olan siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə 05 ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuş, kağız bükülülərin hər birinin içərisində ağ rəngli metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 3,12 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri təxminən iki gün əvvəl yaşadığı Bərdə rayonu, Meşəçilik İnstitutu adlanan ərazidə yerləşən “çaylaq” adlanan yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra aşkar edilmiş kütlələr bir ədəd zərfdə qablaşdırılaraq, üzəri möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılar ilə birlikdə həmin zərfin üzərini imzalamışdır (cild 1, iş vərəqə: 33-36). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 07 aprel 2023-cü il tarixli, 16/398 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..........Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 05 ədəd bükümdə psixotrop maddəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 5 (beş) ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,054 qram, 0,439 qram, 0,224 qram, 0,519 qram, 0,288 qram, ümumi təmiz çəkisi 2,524 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindirlər, kimyəvi tərkiblərinə görə eynidirlər (cild 1, iş vərəqə: 44-46). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 20 may 2023-cü il tarixli, 884 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə: 151). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bərdə Rayon Polis Şöbəsinin 04 may 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs konkret olaraq kimlərə narkotik vasitə satmasını və üzərindən aşkar olunaraq götürülmüş maddəni hər hansı bir şəxsdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə: 120). Cinayət işinin materiallarına əlavə edilmiş 22 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, cinayət işi üzrə ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,274 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir, həmçinin şəxsi axtarış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə: 161-168). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 06 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 28-29). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 08 aprel 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.85-89). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 aprel 2023-cü il tarixli tələbnaməsindən və iş materiallarında olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 17 yanvar 2022-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə: 114, 135-147). Cinayət işinin materiallarına əlavə edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X16 06 may 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur (cild 1, iş vərəqə: 122). Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqə: 160). Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (cild 1, iş vərəqə: 133-134). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə və saxlamağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edərək saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddənin və ya narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya psixotrop maddəni məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, X2 baş inspektor-kriminalisti Şahid3, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının sonuncunun psixotrop maddəni satış məqsədilə deyil, sadəcə üzərində saxlaması barədə olmasını bildirmişlər, həmçinin göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan psixotrop maddəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, psixotrop maddənin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə psixotrop maddəni satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "metamfetamin" psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən psixotrop maddə metamfetaminin kütləsi 2,524 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən psixotrop maddə metamfetaminin kütləsinin 2,524 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə psixotrop maddə və ya narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, psixotrop maddənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə psixotrop maddə və ya narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında psixotrop maddənin çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, cinayət işinin materiallarına əsasən müəyyən olunmuşdur ki, işdə olan 06 aprel 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmamışdan əvvəl onun barəsində satış məqsədi ilə deyil, narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild 1, səh.7). Lakin qeyd edilənlərə baxmayaraq, yəni Təqsirləndirilən şəxs psixotrop maddəni və ya narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən heç bir hallar mövcud olmasa da və ibtidai istintaqın sonrakı mərhələsində də bununla bağlı heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 2,524 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız psixotrop maddənin beş bükümdə olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatlarının onun satış məqsədi ilə deyil, narkotik vasitəni saxlaması barədə olduğu, daha sonrakı əməliyyatlar nəticəsində də onun hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmasının müəyyən olunmasının mümkün olmadığı, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə, ondan aşkar edilmiş psixotrop maddə metamfetaminin yalnız beş bükümdə olması əsasına görə, bununla bağlı heç bir sübutlar olmadığı halda, yalnız fərziyyə və ehtimallarla onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddənin və ya narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, psixotrop maddəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlaması və onun üzərindən həqiqətən də ittihamda göstərilən psixotrop maddənin aşkar olunması “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin protokolu, həmin istintaq hərəkətinin videoçəkilişinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, ekspertiza rəyləri, şahid ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrlə sübuta yetirilsə də, həmin sübutlarla təqsirləndirilən şəxsin ondan aşkar edilmiş psixotrop maddəni məhz satış məqsədilə əldə edib saxlaması sübuta yetirilməmiş və satış məqsədinin olmasını təsdiq edən hər hansı sübut da müəyyən edilməmişdir, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin beş bükümdə olması əsasına görə, heç bir sübut olmadığı halda, ehtimal və fərziyyə əsasında Təqsirləndirilən şəxs hamin maddəni satış məqsədilə əldə etməsi qənaətinə gəlinməsi qanunvericiliyin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilməməsi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi, cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrin də təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı olduğu, cinayət törədilməsində təqsirləndirilən şəxsin özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu olmadığı, ittihamı sübuta yetirmək və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi kimi təməl prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnmiş olar. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psoxotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 2,524 qram psixotrop maddə metamfetamin külli miqdar təşkil etdiyindən, həmin psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini külli miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun Bərdə Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən onun üzərinə psixotrop maddə qoyulması, polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində həmin psixotrop maddənin ona məxsus olduğunu etiraf etməsinə, onun heç bir cinayət əməli törətməməsinə dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən ondan aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və həmin maddəni tapdığını, sonra 06 aprel 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən üzərindən həmin psixotrop maddə metamfetaminin aşkar edildiyini, həmin maddəni tapdığını, daha sonra 07 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və 08 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən də üzərindən psixotrop maddə metamfetaminin aşkar olunduğunu etiraf etmiş, həmçinin polis əməkdaşları tərəfindən ona hər hansı təsir, təzyiq göstərilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.38-39, 54- 56, 69-71). Bundan başqa, məhkəmənin sorğusu əsasında göndərilmiş Bərdə rayon Polis Şöbəsinin X9 daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün X6 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Bununla yanaşı, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olubolmamasının müəyyən edilməsi üçün 2 saylı istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisəyə daxil olunarkən tibbi müayinədən keçirilmiş və bədənində xəsarətlər aşkar edilməmişdir, aşkar edilmiş köhnə çapıq izləri isə o, həbs olunmamışdan əvvəl yaranmışdır (cinayət işinin materialları). Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni Bərdə Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya digər təzyiqlər edilərək və ya digər qanunsuz hərəkətlərə yol verilərək ondan aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair göstərdikləri ilə əlaqədar hər hansı araşdırmanın aparılmasına dair Bərdə rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Bərdə rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 16-C-24 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və ya digər qanunsuz hərəkətlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyataxtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Bərdə rayon Prokurorluğunda toplanmış həmin material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları). Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər göstərilərək onun üzərinə qoyulmasını bildirsə də, onun həmin ifadələri şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, “şəxsi axtarış haqqında” protokol, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, digər maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici hallar iş üzrə yuxarıda göstərilən və mötəbərliyi heç bir mübahisə doğurmayan sübutlarla yanaşı, cinayət işinin obyektiv halları ilə də tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında təqsirləndirilən şəxsin ittihamda göstərildiyi Bərdə rayonu, Meşəçilik İnstitutu adlanan ərazidə deyil, Bərdə rayonunda “köhnə bazarın üstü”ndə saxlanılması xüsusatının araşdırılmasından ötrü dindirilmiş əlavə şahidlərin ifadələri ilə əlaqədar qeyd edir ki, həmin şahidlərin ifadələri ilə təsdiq olunmuşdur ki, Bərdə rayonunda Meşəçilik İnstitutu ilə “köhnə bazarın üstü” yaxın məsafədə yerləşməklə demək olar ki, eyni ərazidir. Odur ki, məhkəmə araşdırması zamanı həmin xüsusatla əlaqədar hər hansı qeyri-müəyyən halın olması və ya qeyri-qanuni hərəkətlərə yol verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və 17 yanvar 2022-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı qeyd edir ki, onun həmin məhkumluğu Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələblərinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin həmin hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edildiyi 17 yanvar 2022-ci il tarixdən hazırki cinayət əməlini törətdiyi tarixədək bir ildən artıq vaxt keçdiyindən onun həmin məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin 08 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 06 aprel 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 20 may 2023-cü il tarixli, 884 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış Bərdə rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,274 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 60.80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,274 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 60.80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar