Məhkəmə qərarları › İş №1(100)-96/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-96/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-96/2021 17.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüqüqşünas Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, X5 Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1, 234.4.3-cü məddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, həbs olunanadək ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(043)-82/2020 saylı qərarına əsasən həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq yaşadığı evində saxlamışdır. Belə ki, o, məlum olmayan vaxt və mənbədən külli miqdarda satış məqsədi və tamah niyyəti ilə 2345,568 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 5,568 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq üzərində daşımış, 2340 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı isə satış məqsədi ilə ünvan 3 ünvanda yerləşən evində saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Gəncə şəhər, Kəpəz RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Gəncə şəhəri, T.Arani küçəsində yerləşən “Metallurq” stadionunun yaxınlığında saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz RPİ-nə gətirilərək onun üzərinə baxış keçirilərkən əynindəki, şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 5,568 qram satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuana, həmin gün saat 19:45 radələrində yaşadığı həmin evin giriş qapısından evə daxil olduqda sağ tərəfdə əşyaların yanında olan sintetik torbanın içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 2340 qram, külli miqdar təşkil edən ümumilikdə 2345,568 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində işdən çıxıb Gəncə şəhəri T.Arani küçəsində yerləşən “Metallurq stadionu”-nun yaxınlığı ilə yaşadığı evə piyada gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və onu Gəncə şəhər Kəpəz RPİ-nə aparmışlar. Polis bölməsində Şahin adlı polis rəisi ona 1-2 açılmamış oğurluq hadisəsi olduğunu deyib ondan həmin hadisələri üzərinə götürməsini istəmişdir. Həmin vaxt o, razılaşmayaraq imtina etmişdir. Bu zaman Şahin müəllim ona narkotik vasitə göstərib həmin narkotikin ona aid olmasını boynuna almağını istəmiş və sonuncuya Azərbaycan Respublikasının 234.1ci maddəsi ilə barəsində iş açılacağını bildirmişdir. O, yenə də onunla razılaşmayaraq imtina etmişdir. Bu zaman polis əməkdaşları ona təzyiq göstərərək həmin narkotik vasitələrin ona aid olmasını sonuncunun boynuna qoyub cibinə narkotik vasitə yerləşdirib guya ona aid olmasını bildirmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə baxış keçirməyə getmişlər. Lakin onlar getməmişdən əvvəl polis əməkdaşları onun yaşadığı evə gedərək oraya narkotik vasitə yerləşdirmişlər. Polis əməkdaşları ilə onun yaşadığı evə daxil olan kimi polislərdən biri axtarış etməmiş narkotik vasitənin harada olduğunu göstərmiş və narkotik vasitəni həmin yerdən götürmüşdür. O, əvvəllər narkotik vasitədən istifadə etmiş və əvvəllər məhkum olunmuşdur. Lakin məhkumluğu qurtarıb azadlığa çıxdıqdan sonra o, narkotik vasitə qəbul etmir. Üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələr ona aid deyil, onları polis əməkdaşları onun üzərinə və yaşadığı evə yerləşdirmişlər. O, heç kimə narkotik maddə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 9A-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi, yaşadığı evində saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonra onun tərəfindən təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:30-da Təqsirləndirilən şəxs Gəncə şəhəri, T.Arani küçəsində “Metallurq” stadionunun yaxınlığında saxlayıb və qanunsuz olaraq narkotik vasitə saxladığına görə üstünə baxış keçirilməsi məqsədilə Gəncə şəhər Kəpəz RPİ-yə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə müdafiəçi Cəfər Hacıyevin iştirakı ilə baxış keçirilmiş və sonuncunun əynində olan göy rəngli şalvarın sağ ön cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə qablaşdırılmış, müvfiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı ünvan 6 nömrəli ünvana getmişlər və baxiş zamanı Təqsirləndirilən şəxs könüllü olaraq, onun evində axtarış aparmağa ehtiyac olmadığını, evində narkotik vasitə olduğunu və özü təqdim edəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs evin giriş qapısından evə daxil olduqda sağ tərəfdə əşyaların yanında olan sintetik torbanın içərisində qurudulmuş “Marixuana”nı çıxarıb təqdim etmişdir. S. Əliyevin evindən aşkar edilib götürülmüş narkotik vasitə marixuana tərəzi ilə çəkilmiş və ümumi çəkisi 2 kiloqram 475 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “Azos” deyilən yerdən özü istifadə etmək üçün yığıb gətirdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan narkotik vasitə iştirakçıların və müdafiəçinin iştirakı ilə qablaşdırılmış, imzalarla təsdiq edilmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mətləb oğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində 8,9 qram çəkidə narkotik vasitə olan "marixuanaya" oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Baxış və götürmənin aparılması videoçəkiliş vasitəsi ilə çəkilərək videolentə alınmış, fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısından evə daxil olduqda sağ tərəfdə əşyaların yanında olan sintetik torbanın içərisində qurudulmuş “Marixuana” aşkar edilərək götürülmüşdür. Baxış və götürmənin aparılması videoçəkiliş vasitəsi ilə çəkilərək videolentə alınmış, fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 16/648 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” sözləri və imzaları olan zərfdəki, 1(bir) ədəd kibrit qutusunda təmiz çkisi 5,568 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmçinin, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanından aşkar olunmuş 2.475 kq narkotik vasitəyə bənzər kütlə” sözləri və imzaları olan sintetik kisədəki, təmiz çəkisi 2340 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Bundan əlavə, Marixuananın təmiz çəkiləri- 5,568 qr (1№), -2340 qr (2№), tədqiqata cəmi sərf edilmiş- 0,1 qr (hər birindən 0,05 qr), qalıq- 5,518 qr (1№), - 2339,95 qr (2№) olmaqla, təqdim olunmuş bir ədəd zərfdə və bir ədəd sintetik kisədə olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “video diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb Polis İdarəsinə gətirilərək üzərinə və yaşadığı evinə baxış keçirilməsi zamanı video çəkilişdən istifadə edildiyindən həmin video görüntünü əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 4(043)-82/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 arayışından və hökmdən görünür ki, X5 Məhkəməsinin xx.xx.2014-cu il tarixli 1(088)-132/2014 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1, 234.4.3, 66.3 maddələri ilə təqsirli bilinib 07 il müddətə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(005)-68/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının 10 (on) ay 23 (iyirmi üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2014-cü il tarixdən “Kaunabinaibipaidlərdən aslıq” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 978 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nə saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5,518 qram və Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülmüş narkotik vasitə olan marixuanaların ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2339,95 qram narkotik vasitə olan marixuanalar cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, 1 ədəd DVD disk sübut növü kimi tanınmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək, həmin narkotik vasitələri onlar evə getməmişdən əvvəl polis əməkdaşlarının onun yaşadığı evə gedərək oraya narkotik vasitə yerləşdirməsi, polis əməkdaşlarının onun yaşadığı evə daxil olan kimi polislərdən biri axtarış etmədən narkotik vasitənin harada olduğunu göstərməsi və narkotik vasitəni həmin yerdən götürməsi, onun narkotik vasitə qəbul etməməsi, üzərindən və yaşadığı evdən çıxan narkotik vasitələrin ona aid olmaması, onun heç kimə narkotik maddə satmaması barədə ifadəsinə tənqidi yanaşaraq, işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etməyib, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək, eləcə də ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona ittiham elan olunan cinayət əməlini törətməsi şahid ifadələri, istintaq hərəkətinin protokolları, DVD disk, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, həçinin təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etməsini, daşımasını və saxlamasını nəzərə alaraq hesab edir ki, o, narkotik vasitələri məhz satış niyyəti ilə əldə edib saxlamışdır. Məhkəmə həmçinin təqsirdləndirilən şəxsin əməlinin hüquqi tövsifi zamanı “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki,“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərini həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıdığına və saxladığına görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal olması müəyyən edilmişdir. Bələ ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 arayışından və hökmdən görünür ki, X5 Məhkəməsi xx.xx.2014-cu il tarixli 1(088)-132/2014 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(005)-68/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs ona təyin olunan cəzanın 10 (on) ay 23 (iyirmi üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi üzrə ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. Məhkəmə tərkibi yuxarıda sadalanan cəzanı yüngülləşdirən halı, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən, X5 Məhkəməsinin xx.xx.2014-cu il tarixli 1(088)-132/2014 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1, 234.4.3-cü maddələri təyin edilmiş, qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(005)-68/2020 saylı qərarı ilə onun cəzasnın 10 (on) ay 23 (iyirmi üç) gün hissəsindən vaxtından əvvəl şərti azad etmə ləğv olunmalı və ona Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən onun cəzasının çəkilməmiş 10 (on) ay 23 (iyirmi üç) gün müddətə vaxtından əvvəl şərti azad etmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olduğundan, lakin narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,518 qram və təmiz çəkisi 2339,95 qram narkotik vasitə olan marixuanalar məhv edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 22 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabata əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 22 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən, X5 Məhkəməsinin xx.xx.2014-cu il tarixli 1(088)-132/2014 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(005)-68/2020 saylı qərarı ilə ona təyin edilmiş cəzanın 10 (on) ay 23 (iyirmi üç) gün hissəsindən vaxtından əvvəl şərti azad etmə ləğv olunsun. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən, X5 Məhkəməsinin xx.xx.2014-cu il tarixli 1(088)-132/2014 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 10 (on) ay 23 (iyirmi üç) gün müddətə vaxtından əvvəl şərti azad etmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut 5,518 qram və təmiz çəkisi 2339,95 qram narkotik vasitə olan marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 64,80 ( altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirdiyindən 132 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X5 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar