Məhkəmə qərarları › İş №1(100)-96/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-96/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-96/2022 08.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu (məruzəçi hakim) və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə Ağır Cinayətlər məhkəməsinin 24.06.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,362 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 ədəd qara rəngli kağız bükümün içərisində sellofan bükümdə qanunsuz əldə edərək üzərində saxlamış, 14 iyul 2021-ci il tarixdə saat təxminən 14 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bərdə şəhəri, Bakı küçəsində müəyyən edilərək polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə baxış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli idman şalvarın sol yan cibindən satış məqsədi ilə üzərində saxladığı 1 ədəd qara rəngli kağız bükümün içərisindəki sellofan bükümdə küllü miqdarda, yəni təmiz çəkisi 2,362 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonu Mirzalıbəyli kəndində olarkən yolun kənarından içərisində qara rəngli siqaret kağızına bükülmüş heroin olan siqaret qutusu tapmış və istifadə etmək götürmüşdür. 14.07.2021-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı evin həyətində olarkən 2 nəfər mülki geyimli polis əməkdaşı həyətə daxil olaraq onu tutub Bərdə rayon polos idarəsinə aparmışlar. Polis idarəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan idman şalvarının sol yan cibindən 1 ədəd şüşə ampula, 1 ədəd şpris və 1 ədəd üzərində gəzdirdiyi qara rəngli siqaret kağızınının içərisində 1,07 qram narkotik heroin aşkar edilmişdir. Bundan başqa o, ifadəsində polis əməkdaşları tərəfindən ona təyziq olunduğunu, işgəncəyə məruz qaldığını, üzərində 1,07 qram narkotik vasitə olduğunu, qalanının polislər tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə təxminən saat 14 radələrində Bərdə şəhəri Bakı küçəsində saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə aparılmış, müdafiəçi ilə təmin edildikdən və hüquq və vəzifələri izah edildikdən sonra polis baş leytenantı Şahid3 və Şahid2, iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etməsi bildirilmiş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan ebindən 1 ədəd şpris, 1 ədəd boş ampula və 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülüyə baxış zamanı içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini Bərdə rayonu Mirzalıbəyli Kəndində yolun qırağından tapdığını və şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək 3,65 qram çəkidə olması müəyyən edilmiş, aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddə 1 ədəd kağız zərfdə qablaşdırıldırılaraq götürülmüşdür. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs heç bir təsir və təyziq göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə rayon, Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Bərdə rayon, X6 Bölməsinin müstəntiqi X10 оğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” 25 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 01.01.2021-cil tarixdən 16.07.2021-ci il tarixədək müxtəlif mobil nömrələrdən “Gaga menem orxan menim 10 manatm var işe getmeliyem”, “Qaqa menem resan hardsan gel pulunu gotur ayniyon da getir”, “Mahir menem Fezail soz vermsen beyaxdan seni gozdyruk lomkada niye acmrsan?”, “Mahir gelecem dedin gelmedin qalmiwam burda ac susuz aqridanda olurem.niye bele eledinki pulunu vereceydimde nezaman vermedimki .bilirdinde bir manat pulumda yoxdu men neyniyim indi cavabda vermirsen”, “Qaqa 15 m var” məzmununda smslər yazılmışdır. Məhkəmədə tədqiq edilən “şəxsi axtarış və götürmə haqqında” 14 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd boş şüşə ampula, 01 ədəd “şprist” və 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükülünü çıxarıb təqdim etmiş, həmin bükülü elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 3.65 qram olmuşdur. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 16/699 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd qara rəngli büküm” yazı və imzalar olan zərfdəki 1 (bir) ədəd qara rəngli bükümün içərisindəki sellofan bükümdə nəm vəziyyətdə, iri kütlə şəklində qurudulduqdan sonra təmiz çəkisi 2,362 qram olan maddə kursat üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Həmin kağız paketdəki 1 (bir) ədəd şüşə flakonun, 1(bir) ədəd istifadə olunmuş birdəfəlik şprisin içərisində narkotik vasitələrə məxsus iz aşkar olunmadı. Tədqiqata təqdim olunmuş sınıq şüşə flakon və istifadə olunmuş birdəfəlik şpris, heroin məhlunun hazırlanmasında və qəbulunda istifadə edilə bilər. Məhkəmədə tədqiq edilən 14 iyul 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq həmin tarixdə Bərdə şəhəri Bakı küçəsində saxlanılaraq Bərdə RPŞ-ə aparılmışdır. Məhkəmədə tədqiq edilən 14 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 4(021)-68/2021 saylı qərarı ilə barəsində 04 (dörd) ay müddətə “həbs”qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2015-cü il tarixli, 1(088)-154/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsili bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08.07.02020-ci il tarixdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarı ilə 05 ay 02 gün vaxtından əvvəl şərti azad olmuşdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin 26 iyul 2021-ci il tarixli, 879 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Nakoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəliyinin 11 noyabr 2021-ci il tarixli, 6859 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X2, oğlu 2007-ci il təvəllüdlü X7, qızları 2008-ci il təvəllüdlü X3 və 2013-cü il təvəllüdlü X4 ilə birlikdə ünvan 2 ünvanda yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuş, spirtli içkilər içmir, narkotikaya meyillidir. Məhkəmədə tədqiq edilən 2 saylı İstintaq Təcridxansının 09 yanvar 2022-ci il tarixli 17/3976 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs təcirdxanaya daxil olarkən tibbi müayinədən keçmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilən 21 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 1 ədəd qara rəngli kağız bükümün içərisində sellofanda ümumi təmiz çəkisi 2,362 qram heroinin tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,162 qram heroin olan 1 ədəd möhürlənmiş zərf, eləcə də, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk, həmçinin “Azercell MMC”-dən daxil olmuş içərisində mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMSlərin və danışıqları barədə məlumatları olan “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış, içərisində narkotik vasitə heroin olan 1 ədəd möhürlənmiş zərf Bərdə RPŞ-nin saxlancına təhvil verilmiş, videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk və “Azercell MMC”-dən daxil olmuş 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitə istifadə etdiyini etiraf etsə də, narkotik vasitələrin satışı ilə məşqul olmadığını, ibtidai istintaq zamanı ona təyziq olunduğunu, işgəncəyə məruz qaldığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Eləcə də, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar şahid ifadələri və 2 saylı İstintaq Təcridxanasının sorğuya cavab məktubu ilə də təkzib olunur. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə olan “Gaga menem orxan menim 10 manatm var işe getmeliyem”, “Qaqa menem resan hardsan gel pulunu gotur ayniyon da getir”, “Mahir menem Fezail soz vermsen beyaxdan seni gozdyruk lomkada niye acmrsan?”, “Mahir gelecem dedin gelmedin qalmiwam burda ac susuz aqridanda olurem.niye bele eledinki pulunu vereceydimde nezaman vermedimki .bilirdinde bir manat pulumda yoxdu men neyniyim indi cavabda vermirsen”, “Qaqa 15 m var” məzmunlu yazışmalarını nəzərə alaraq hesab edir ki, o, narkotik vasitələri məhz satış niyyəti ilə əldə edib saxlamışdır. Yazılmış bütün bu smslər Təqsirləndirilən şəxs narkorik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə təsdiq olunur. O, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıdığına və saxladığına görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nın 59-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmamasını, əməlində cinayətlərin residivinin olmasını isə həmin Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qeyd edir, Belə ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24.06.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 08.07.02020-ci il tarixdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarı ilə 05 ay 02 gün vaxtından əvvəl şərti azad olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması, məhkumluğu ödənilmədən və götürülmədən yenidən ağır qəsdən cinayət törətməsi onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Həmin məcəllənin 65.2-ci maddəsinin tələbinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunan azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 14 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Bərdə RPŞ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,162 qram heroin, 01 ədəd boş şüşə ampula, 01 ədəd “şprist” məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD diskin, həmçinin “Azercell MMC”-dən daxil olmuş 1 ədəd DVD diskin, videogörüntülərin əks edildiyi 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi nakroloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə RPŞ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,162 qram heroin, 01 ədəd boş şüşə ampula, 01 ədəd “şprist” məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD diskin, həmçinin “Azercell MMC”-dən daxil olmuş 1 ədəd DVD diskin, videogörüntülərin əks edildiyi 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 30 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar