Məhkəmə qərarları › İş №1(100)-97/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-97/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-97/2024 06.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də operator işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, "xxxx" MMCnin Ağdam rayonu, Təzəkənd qəsəbəsi ərazisində yaradılmış işçi düşərgəsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 28 mart 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan bir ədəd sellofan bükümdə külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 29 mart 2023-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayonu, Evoğlu kəndində saxlanılaraq Ağdam Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada saat 18:27-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ cibindən bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış, külli miqdarda ümumi təmiz çəkisi 2,288 qram miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmişdir. Belə ki, 29 mart 2023-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinin polis əməkdaşları onu Ağdam rayonu, Evoğlu kəndində saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin polis əməkdaşları ona fiziki təzyiq göstərmişlər və psixotrop maddə olan metamfetamin göstərərək ona məxsus olduğunu etiraf etməsinə məcbur etmişlər. Həmin psixotrop maddə metamfetaminin ona heç bir aidiyyəti olmamışdır. Lakin polis əməkdaşlarının ona etdiyi fiziki təzyiqlər nəticəsində məcbur olaraq həmin psixotrop maddə metamfetaminin ona məxsus olduğunu etiraf etmişdir. O, tutularkən, həmçinin üzərində şəxsi axtarış keçirilərkən onun yanında müdafiəçisi iştirak etsə də, müdafiəçisinə polis əməkdaşlarının ona fiziki təzyiqlər etməsini və həmin psixotrop maddə olan metamfetaminin ona məxsus olmamasını bildirməmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən də polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi və həmin psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması barədə bildirməmişdir. Qeyd etdiklərinə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə 29 mart 2023-cü il tarixdə verdiyi izahatında, daha sonra 30 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi, bundan sonra 07 aprel 2023-cü il tarixdə əlavə dindirmə zamanı, həmçinin ibtidai istintaqın sonunda təqsirləndirilən şəxs qismində əlavə dindirildiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitələrdən epizodik olaraq istifadə edir. 2008-ci ildən "xxxx" MMC-nin təxminən Ağdam rayonu ərazisində həyata keçirdiyi layihədə operator vəzifəsində işləmiş, ayda 950 manat maaş almışdır. O, Ağdam rayonunda işləməyə başlayandan "xxxx" MMC-nin Ağdam rayonu, Təzəkənd qəsəbəsində yerləşən düşərgəsində 02 saylı yataqxanada qalmağa başlamışdır. xx.xx.2023-cü il tarixdən saat 18 radələrindən sonra o, düşərgənin ərazisini tərk edib Təzəkənd qəsəbəsi ərazisində təkbaşına piyada gəzməyə başlamış və yaxınlıqda olan mağazaya getmişdir. O, mağazadan geri qayıdarkən yerdə bir ədəd sellofan büküm görüb götürmüşdür. Bükümü açıb baxdıqda içərisində ağ rəngli kütlə olmuşdur. O, əvvəllər narkotik vasitələrdən istifadə etdiyindən həmin maddənin “patı” kimi tanınan metamfetamin olmasını düşünüb onu münasib vaxtda istifadə etmək üçün göy rəngli şalvarının sağ cibinə qoymuş və yaşadığı kampa qayıtmışdır. O, həmin vaxt həmin maddəni ona görə istifadə etməmişdir ki, düşərgə ərazisində digər iş yoldaşları onun narkotik vasitə istifadə etdiyini bilməmişlər və onların bilməsini də istəməmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ağdam rayonu, Evoğlu kəndi ərazisində yol tikintisi ilə məşğul olarkən tapdığı həmin büküm də şalvarının sağ cibində olmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb onu Ağdam Rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən həmin maddə şalvarının sağ cibindən aşkar edilərək elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılıb götürülmüşdür. Həmin maddəni üzərində gəzdirməkdə məqsədi işdən sonra münasib vaxt tapıb ətrafda heç kim olmayanda istifadə etmək olmuşdur. O, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Ağdam rayonu, Təzəkənd qəsəbəsi ərazisində yerdən tapmışdır. O, narkotik maddə istifadəçisi olduğuna görə həmin maddəni şəxsi istifadəsi üçün özündə saxlamışdır. O, həmin maddədən heç kimə satmamışdır. Əməlindən peşmandır (iş vərəqə: cild İ, səh.30, 60-62, 89-92, 151-153). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağdam Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Ağdam rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlamasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs işlədiyi Ağdam rayonu, Evoğlu kəndinə getmişlər və Təqsirləndirilən şəxs yaxınlaşaraq rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra polis şöbəsində üzərinə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin maddə tərəzidə çəkilərkən çəkisi 2 qramdan artıq olmuşdur. Sonra həmin maddə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin maddəni Ağdam rayonu, Təzəkənd qəsəbəsi ərazisindən yerdən tapdığını bildirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə "xxxx" MMCnin Ağdam rayonu, Təzəkənd qəsəbəsi ərazisində yaradılmış işçi düşərgəsində Təqsirləndirilən şəxs yaşadığı otağa baxış keçirmişlər. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya digər təzyiqlər göstərilməmiş, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilərkən üzərindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,45 qram psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh.26-28). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 mart 2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Təzəkənd qəsəbəsi ərazisində yaşadığı otağa baxış keçirilmiş və saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.32-35). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Ağdam Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 5(013)-27/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin (üzərinə və yaşadığı evə baxış keçirilməsi) həyata keçirilməsinə dair Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (iş vərəqə: cild İ, səh.88). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 aprel 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tapdığı yeri, tapdıqdan sonra getdiyi istiqaməti göstərmişdir (iş vərəqə: cild İ, səh.93-96). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli, 16/373 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə 2,45 qram ağırlığında narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 2,288 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (iş vərəqə: cild İ, səh.42-43). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2023-cü il tarixli, 694 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür, həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş psixotrop maddəni tapdığını bildirmişdir (iş vərəqə: cild İ, səh.137). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 mart 2023-cü il tarixli, 194 nömrəli rəyindən görünü ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur (iş vərəqə: cild İ, səh.138-139). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 aprel 2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,088 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Ağdam Rayon Polis Şöbəsinə saxlanca təhvil verilmiş, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntüsünü özündə əks edirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.80). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.18-19). Cinayət işinin materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsində izahatında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və əməlindən səmimi peşman olduğunu göstərmişdir (iş vərəqə: cild İ, səh.72-73). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.97). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır (iş vərəqə: cild İ, səh.159). Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin iş yeri üzrə xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (iş vərəqə: cild İ, səh.164). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh.160-161). Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən zaman çəkilmiş video görüntü nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən psixotrop maddə metamfetamin aşkar edildiyini etiraf etmiş, həmin maddəni tapdığını bildirmişdir (iş vərəqə: cild İ, səh.92). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “metamfetamin psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş həmin psixotrop maddənin külli miqdar həddindən artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində onun saxlanılmasında və üzərində şəxsi axtarış keçirilməsində iştirak edən Ağdam Rayon Polis Şöbəsinin polis əməkdaşlarının həmin psixotrop maddəni onun üzərinə qoymalarına, onu saxlayan həmin polis əməkdaşlarının ona fiziki təzyiq göstərmələrinə, həmin psixotrop maddənin ona məxsus olduğunu etiraf etməsinə məcbur etmələrinə dair göstərdiklərini məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində həmin göstərdikləri cinayət işinin faktiki hallarına ümumiyyətlə uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkiliş məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən onun saxlanılmasında iştirak edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı həqiqətən də Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən psixotrop maddənin aşkar edildiyi və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə cinayət işinin materialları qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin araşdırma başlandığı vaxtdan müdafiəçisinin iştirakı ilə 29 mart 2023-ci il tarixdə verdiyi izahatında, daha sonra 30 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, həmçinin 07 aprel 2023-cü il tarixdə və 27 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirmə zamanı verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində təqsirli bilindiyi cinayət əməlini etiraf etmiş və üzərindən aşkar edilmiş həmin psixotrop maddəni yerdən tapdığını və şəxsi istifadəsi üçün cibinə qoyub saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrini verərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsini və ya hər hansı başqa etirazını bildirməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən onun həmin ifadəsi müdafiəçisinin iştirakı ilə yanaşı, videoçəkilişlə alınmış və həmin videoçəkiliş məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən Təqsirləndirilən şəxs həqiqətən də həmin psixotrop maddə metamfetaminin onun üzərindən aşkar edildiyini etiraf etməsinə, həmin maddəni tapdığını göstərməsinə dair ifadəsi ilə və həmin ifadənin əks olunduğu video disklə də Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bildirdiyi inkaredici hallar bir daha təkzib edilmişdir (iş vərəqə: cild 1, səh.92). İlkin ibtidai araşdırma zamanı onun üzərində şəxsi axtarış keçirilərkən həmin istintaq hərəkətinin keçirilməsində onun saxlanılmasında iştirak edən polis əməkdaşları iştirak etsələr də, ibtidai araşdırmanın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində müstəntiqə sərbəst şəkildə bir neçə dəfə ifadə verərkən də, hətta cinayət işinin ibtidai istintaqının qurtarması barədə təqsirləndirilən şəxsə məlumat verilməsi barədə protokolla tanış olarkən və müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olub bu barədə protokolda münasibətini bildirərkən də təqsirləndirilən şəxs ona hər hansı təzyiq edilməsindən və hər hansı əməli etiraf etməsinə məcbur edilməsi ilə bağlı narazılığını bildirməmiş, hər hansı etiraz və vəsatətinin olmadığını göstərmişdir. Həmçinin cinayət işinin materiallarında olan 24 aprel 2023-cü il tarixli, 694 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkolojitibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş psixotrop maddəni tapdığını bildirmiş və həmin maddənin ona məxsus olduğunu inkar etməmişdir (cild 1, iş vərəqə: 137). Eyni zamanda, cinayət işinin materiallarında olan Ağdam Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarından görünür ki, məhkəmədə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və əməlindən səmimi peşman olduğunu bildirmişdir (cild 1, iş vərəqə: 72-73). Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs X4 Saxlama Yerinə daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün X2 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Bununla yanaşı, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olubolmamasının müəyyən edilməsi üçün 2 saylı istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Göstərilənlərdən başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun göstərdiyi polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar qeyd edilən xüsusatların araşdırılıb müvafiq qərar qəbul edilməsinə dair göndərilmiş sorğu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən məhkəməyə göndərilmiş 421-C-24 saylı qərar məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin qərarın məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun göstərdiyi polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıbqalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, həmçinin ifadəsində göstərdiyi polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Beləliklə də, bütün göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi həmin inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə tamamilə təkzib edilmiş və onun ifadəsində həmin göstərdikləri cinayət məsuliyyətindən yayınmaq üçün həqiqətə uyğun olmayan və heç bir faktla təsdiq olunmayan məlumatlar olduğu bir daha təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini sübut növü kimi qəbul etmir və onun ibtidai istintaq zamanı verdiyi ifadələri cinayət işinin materialları üzrə istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş videoçəkilişin əks olunduğu disk, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən, məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut növü kimi qəbul edir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini külli miqdarda əldə edib, saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır, onun cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Ağdam Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2023-cü il tarixli, 694 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış, Ağdam Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 2,088 qram psixotrop maddə metamfetamin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntüsünü özündə əks edirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Ağdam Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 2,088 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntüsünü özündə əks edirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 30,40 (otuz manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar