Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-98/2022 13.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu, Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, həbsə qədər Gəncə şəhəri Ə.B.Hüseynzadə küçəsi, 1-ci döngə, ev 27-də qeydiyyatda olmaqla yaşamış, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 5.704 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 30.06.2021-ci il tarixdə saat 19:30 radələrində, Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri H.Əliyev prospektində yerləşən Agüloğlu restoranının qarşısında saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli idman şalvarının sol ön cibindən şəffaf sellofan paketin içərisində külli miqdarda-yəni, təmiz çəkisi 5,704 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitələrin aludəçisi olmuş və buna görə də məhkumluqları olmuşdur. O, Nizami RPİ-də polisin nəzarəti altında olduğundan 30.06.2021-ci il tarixində Nizami RPİ-də imza ataraq polis şöbəsindən çıxdıqdan sonra polis əməkdaşlarının ona yaxınlaşaraq onu idarəyə dəvət etmişlər. İdarədə olarkən həmin şəxs sellofan bükümdə narkotik vasitəni ona verərək, narkotik vasitənin ona məxsus olduğunu deməsini bildirmişdir. O da polis əməkdaşlarının onu döyəcəyindən qorxduğu üçün həmin narkotik vasitəni üzərinə götürərək ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “29.06.2021-ci il tarixdə axşam saatlarında sərxoş vəziyyətdə Gəncə şəhəri, Gəncə çayının kənarındakı parkda olan zaman yerdən şəffaf rəngdə sellofan bükülü tapmış, həmin bükülünü açdıqda içində qəhvəyi rəngli heroinə bənzər toz aşkar etmiş, o, heroin istifadəçisi olduğu üçün görünüşündən və iyindən heroini dərhal tanımış, tapdığı heroini istifadə etmək üçün üzərində, yəni əynində olan qara rəngli idman şalvarının ön sol cibinə qoyaraq saxlamışdır. 30.06.2021-ci il tarixdə saat 19 radələrində həmin narkotik vasitə üzərində olarkən Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən Agüloğlu restoranın qarşısından keçən zaman mülki geyimli şəxslər onu saxlayaraq özlərini təqdim etmiş, polis əməkdaşı olduqlarını demiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nizami rayon polis idarəsinə gətirmişlər. İdarədə müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri izah olunmuş, ardınca müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli idman şalvarının ön sol cibindən bir ədəd şəffaf sellofana bükülmüş heroin aşkar olunmuş və sellofanla birlikdə götürülmüşdür. Təqsirləndirilən şəxs əlavə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini 29.06.2021-ci il tarixdə axşam saatlarında sərxoş vəziyyətdə Gəncə Dövlət Universitetinin yaxınlığında Gəncə çayının kənarındakı parkda olan zaman yerdən tapmış, özü istifadə etmək üçün üzərində saxlamış, narkotik vasitə olan heroindən heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, narkotik vasitə olan heroini əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamış, barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Rəfayil oğlu ifadəsində göstərdi ki, o, Nizami RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ona Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra 30.06.2021-ci il tarixdə X2 ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Agüloğlu restoranının yanına gələcəyi barədə əməliyyat məlumatı daxil olduqdan sonra, o, həmin məlumat əsasında Şahid2 ilə birlikdə Agüloğlu restoranının yaxınlığına getmişdir. Onlar Təqsirləndirilən şəxs Agüloğlu restoranının qarşısında dayandığını görmüş, sonuncuya yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, Nizami RPİ-nə dəvət etmişlər. İdarədə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol ön cibindən 1 ədəd şəffaf sellofan bükümdə spesifik kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin bükülü elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan heroinə bənzər kütlə sellofanla birlikdə çəkisi xatırladığı qədəri ilə 5 qramdan artıq gəlmiş, zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmçinin daha sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 Rəfayil oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəni özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “əvvəllər narkomanlar arasında “kakos” kimi tanınan narkotik vasitə olan heroin və narkomanlar arasında “patı” kimi tanınan psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, 2 ilə yaxın müddətdir Təqsirləndirilən şəxs narkotik vasitə satan şəxs kimi tanıyır. Elsevər Xəmsə parkın qarşı tərəfində çayın kənarında yerləşən evlərdən birində yaşamışdır. O, narkotik vasitə istifadəçisi olduğu üçün 2021-ci ilin yay aylarına kimi Elsevərdən bir neçə dəfə 10 manat pul müqabilində 1 çet narkotik vasitə olan heroin, həmçinin 10 manat pul müqabilində 1 çet psixotrop maddə metamfetamin alaraq qəbul etmişdir. O, Elsevərlə mobil telefon vasitə ilə əlaqə saxlayıb sonuncudan narkotik vasitə alaraq qəbul etmiş, hazırda maddi vəziyyəti yaxşı olmadığı və himayəsində yaşlı ana və bacısının uşaqları olduğu üçün 2021-ci ilin yay aylarından etibarən narkotik vasitə istifadə etməyi tərgitmişdir. Şahid3 əlavə suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin istifadə etdiyi vaxtlarda xatırlamadığı narkotik vasitə istifadə edən şəxslərin vasitəsi ilə Elsevəri tanımış, belə ki, o, təxminən 2 il bundan əvvəldən Elsevər tutulanadək sonuncudan bir neçə dəfə 1 dəfə istifadə üçün nəzərdə tutulmuş narkomanlar arasında kakos kimi tanınan 1 çet narkotik vasitə heroini 10 manat, həmçinin 1 çet patı kimi tanınan metamfetamini də 10 manat müqabilində alaraq qəbul etmiş, Elsevərlə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəm Elsevərin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlayıb sonuncu ilə Xəmsə parkın yaxınlığında çayın kənarında yaşadığı evin yaxınlığında görüşərək narkotik vasitələr almışdır. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Elsvər Qasımovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 06.06.2021 və 07.06.2021-ci il tarixlərdə göndərilmiş “20 lazımdı nağaraq qadam maşınan gəlim tez”, “Patı varsa 10 patı qalan 22 man ver ama kişi kimi” məzmunlu mesaj mətinlərindən ilk mesaj mətnində Təqsirləndirilən şəxs 20 manat dəyərində iki çet kakos kimi tanınan narkotik vasitə heroin istəmiş, digər mesaj mətnində isə 10 manat dəyərində patı kimi tanınan metamfetamin və 22 manat dəyərində kakos kimi tanınan heroin istəmiş və gedib Elsevərdən yaşadığı evin yaxınlığında alaraq qəbul etmişdir”. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 30 iyun 2021-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə və saxlamaqda şübhəli bilinərək Gəncə şəhəri H.Əliyev prospektində yerləşən Agüloğlu restoranının qarşısında saxlanılıb Nizami RPİ-nə gətirilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli idman şalvarının sol ön cibindən şəffaf sellofan paketin içərisində 5,8 qram olan heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 01 iyul 2021-ci il tarixli 16/631 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “30.06.2021-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 5,8 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 5,704 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə, istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 02 iyul 2021-ci il tarixli üzləşdirmə protolundan görünür ki, Şahid2 30.06.2021-ci il tarixdə 19:30 radələrində keçirilmiş əməliyyat axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs Agüloğlu restoranının qarşısında saxlanılaraq Nizami RPİ-nə aparıldığını və idarədə şəxsi axtarış zamanı üzərindən 5.8 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlənin aşkar edilərək götürüldüyünü, həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və özünə məxsus olduğunu etiraf etdiyini, idarədə Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq edilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 02 iyul 2021-ci il tarixli üzləşdirmə protolundan görünür ki, Şahid1 30.06.2021-ci il tarixdə 19:30 radələrində keçirilmiş əməliyyat axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs Agüloğlu restoranının qarşısında saxlanılaraq Nizami RPİ-nə aparıldığını və idarədə şəxsi axtarış zamanı üzərindən 5.8 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlənin aşkar edilərək götürüldüyünü, həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və özünə məxsus olduğunu etiraf etdiyini, idarədə Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq edilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 06 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, 29.06.2021-ci il tarixdə Gəncə şəhəri, Ə.Cəmil küçəsində yerləşən “Bayraq meydanı” adlanan istirahət parkının qurtaracağında oturacağın yanında üzərindən aşkar edilərək götürülən narkotik vasitəni tapdığı yeri və 30.06.2021-ci il tarixdə üzərində narkotik vasitə saxlayarkən Agüloğlu restoranın qarşısında saxlanaraq polis idarəsinə aparıldığı yerləri hadisə yerində göstərmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 10 iyul 2021-ci il tarixli 2804 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2014-cü il tarixdən tiryək narkomaniyası diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserinin 09 iyul 2021-ci il tarixli 2389 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 23 avqust 2021-ci il tarixli 985 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bakcell MMC-dən daxil olan CD diskə “baxış keçirilməsi haqqında” 11 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, 01.03.2021-ci il tarixdən 01.07.2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı ***-***-**-** saylı nömrə Gəncə şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur. Bundan başqa mesaj mətnlərinə baxış zamanı müəyyən edilmişdir ki, 05.03.2021-ci il tarixdə Vəfadar Hüseynovun adına olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** sayLə nömrəyə “3 dene ele qaqa bereketdi ele”, 10.03.2021-ci il tarixdə “ay dos onu 3 dene ele, 12.04.2021-ci il tarixdə “qaqa 4 dene cay olajax”, 16.03.2021-ci il tarixdə “qaqa 2 dene ele”, 17.03.2021-ci il tarixdə “qara tema ele tez gelem” məzmundə mesaj mətnləri göndərilmişdir.Bundan başqa baxış zamanı müəyyən olunmuşdur ki, 01.04.2021-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə “qaqa evdekilernen imperiala gedeciyik ne qedere gelisen 8m düzelib bil” məzmunda mesaj mətni göndərilmişdir.Bundan başqa baxış zamanı müəyyən olunmuşdur ki, 06.04.2021-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə “Elsevər baxşda bilirem gecdi bakıdan dostum gəlif nəsə elemək olar”, 08.04.2021-ci il tarixdə “mene vızıf at 2 dənə lazımdı” məzmunda mesaj mətnləri göndərilmişdir. Bundan başqa baxış zamanı müəyyən olunmuşdur ki, 10.06.2021-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə “20 lazımdı nağaraq qadam maşınan galim tez”, 26.06.2021-ci il tarixdə “patı varsa 10 patı qal 22 man ver ama kişi kimi” məzmunda mesaj mətnləri göndərilmişdir. Bundan başqa baxış zamanı müəyyən olunmuşdur ki, 21.06.2021-ci il tarixdə Mənsur Aslanovun adına olan ***-***-**- ** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə “qaqa gelim 20 manat ver heresinen bidene ver”, 21.06.2021-ci il tarixdə “qaqa gej gelesen denen bilim ağrıdan olurem” məzmunda mesaj mətnləri göndərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin 13 yanvar 2022-ci il tarixli 121-1833-1222 nömrəli məktubuna əlavə olunmuş qeydiyyat jurnalının surətindən görünür ki, Təqsirləndirilən şəxs polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əlaqədar olaraq həftənin 1,2,3 və 5-ci günləri Gəncə şəhər Nizami şəhər-rayon polis orqanın qeydiyyat jurnalına imza atmaqla, sonuncu dəfə 29 iyun 2021-ci il tarixdə imza atmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 13 okyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, təqdiqatdan sonra qalıq çəkisi 5.654 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, saxlaılması üçün Gəncə şəhər BPİ-nin saxlama anbarına verilmiş, 30 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Nizami RPİ-də üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş 1 ədəd “DVD”, üzləşdirmə istintaq hərəkətlərinin görüntüləri olan 2 ədəd “DVD” və "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disklər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “cinayət törəməkdə şübhələnən şəxsin tutulması barədə” 30 iyun 2021-ci il tarixli protokoldan və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 08 iyul 2021-ci il tarixli tələbnamədən və Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsinin 17 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 5 il azadlıqdan məhrumetmə cəzasına məkum edilmiş və Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli qərarına əsasən çəkilməmiş qalan 9 ay 2 gün cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər, cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmamasına, üzərindən aşkar olunan heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadələri, özünün ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, ifadənin yerində yoxlanılması protokolu, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskə baxış zamanı, ekspert rəyləri, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə iclasında araşdırılmış təqsirləndirilən şəxsə məxsus mobil telefon nömrəsinə gələn və gedən mesaj mətnlərinin tədqiqi, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və həmin hissədə sübut növü kimi qəbul etmir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə şübhəli qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuşdur. Onun üzərinə baxış zamanı prosessual hərəkətləri videoçəkilişlə həyata keçirilmiş, baxış zamanı, hətda müdafiəçinin sualına cavab olaraq üzərindən aşkarlanmış narkotik vasitə heroinin ona məxsus olmasını, həmin narkotik vasitə heroini Gəncə şəhəri, Gəncə çayının kənarındakı parkda olan zaman yerdən tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində Nizami RPİ-də polisin nəzarəti altında olduğundan 30.06.2021-ci il tarixində Nizami RPİ-də imza ataraq polis şöbəsindən çıxdıqdan sonra polis əməkdaşlarının ona yaxınlaşaraq onu idarəyə dəvət etdiyini bildirsə də, Gəncə şəhər Nizami şəhər-rayon polis orqanın qeydiyyat jurnalından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 29 iyun 2021-ci il tarixdə qeydiyyat jurnalına imza atmışdır. Odur ki, Təqsirləndirilən şəxs ifadəsini həmin hissədə də tənqidi yanaşaraq sübut növü kimi qəbul etmir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin külli miqdarda yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasına, Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ifadəsində 2021-ci ilin yay aylarına kimi Elsevərdən bir neçə dəfə 10 manat pul müqabilində 1 çet narkotik vasitə olan heroin, həmçinin 10 manat pul müqabilində 1 çet psixotrop maddə metamfetamin aldığını göstərməsinə, telefon danışıqlarına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə edərək üzərində daşımaqla saxlaması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını, maddi sübutlar, telefon danışıqları və şəxsi axtarışla bağlı protokollarını tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 30 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqatdan sonrakı qalıq 5.654 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli və üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş 1 ədəd “DVD”, üzləşdirmə istintaq hərəkətlərinin görüntüləri olan 2 ədəd “DVD” və "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskin isə cinayət işinin materialında saxlanılmaları nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 manat (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 17 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 30 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 5.654 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin və 03 ədəd “DVD” və 1 ədəd “CD” diskin isə cinayət işinin materialında saxlanılmaları nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 (yüz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-98/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-98/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver