Məhkəmə qərarları › İş №1(100)-99/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-99/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-99/2022 19.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 58, mənzil 61-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsi istehlak məqsədi ilə külli miqdarda psixotrop maddə olan metmfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq, külli miqdarda, yəni təmiz çəkisi 2,344 qram psixotrop maddə olan metmfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış və Gəncə şəhər Kəpəz RPB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 iyul 2021-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Alov” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri N.Nərimanov prospekti 179 ünvanında yerləşən Kəpəz Rayon Polis Bölməsinə aparılmış, üzərində şəxsi axtarış keçirilən zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümünə bükülmüş külli miqdarda, yəni təmiz çəkisi 2.344 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonunda yerləşən Natiq Allahverdiyevə məxsus mebel sexində mebel ustası işləyir. 08 iyul 2021-ci il tarixdə işdən gələn zaman, Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən aptekin yanında polis əməkdaşları onu saxlayıb Kəpəz RPİ-nə gətirmişlər. Polis bölməsində polis əməkdaşları onu yaşadığı evindən silah və narkotik vasitə çıxacağı ilə qorxudub, üzərindən narkotik vasitə çıxmasını boynuna almasını ondan tələb etmişlər. O, da qorxduğu üçün polis əməkdaşlarının tələbi ilə razılaşmışdır. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuş, həmin mobil nömrələrdən ***-***-**-** saylı mobil nömrə onun öz adına, ***-***-**-** saylı mobil nömrə isə Elşad adlı dostunun adına olmuş, lakin həmin mobil nömrələri son bir ildir ki, o, istifadə etmişdir. O, əvvəllər heç kimdən narkotik vasitə almamış, kimsəyə də narkotik vasitə satmamış və verməmişdir. O, narkotik vasitə qəbul edir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 08 iyul 2021-ci il tarixdə Gəncə şəhər H.Əliyev prospekti ev 58, mənzil 61-də qeydiyyatda olmaqla həmin ünvada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, mütəmadi olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi, saxlaması barədə daxil olmuş əməliyyat məlumatı barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuş, bundan sonra Bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16 radələrində Gəncə şəhəri H.Əliyev prospektində yerləşən «Alov» ticarət mərkəzinin qarşısında müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirmək məqsədi ilə sonuncunu Kəpəz Rayon Polis İdarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Azər İsmayılova tapşırılmış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Nadim Heydərov adlı müdafiəçi Polis İdarəsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra sonuncu hüquq vəzifələrinin aydın olduğunu və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş Nadim adlı vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif olunanda sonuncu əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq əskinazlardan ibarət cəmi 8 manat və 60 qəpik dəmir pulu, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən isə bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümu çıxarıb təqdim etmişdir. X6 tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilən zamanı orada ağ rəngli, kristal formalı, kəskin iyli və ilk baxışdan narkotik vasitə olan «metamfetamin»ə oxşar kütlənin olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisindəki kütlənin «şüşə» kimi adlandırdıqları psixotrop maddə olan metamfetamin olduğunu, saxlandığı gündən təxminən 2 gün əvvəl Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindən Şəmkir rayonuna gedərkən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında avtobus dayanacağından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 8 manat və 60 qəpik məbləğində pul sonuncunun özünə qaytarılmışdır. Daha sonra X6 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd bükülü elektron tərəzidə çəkilmiş və kütlənin çəkisi 2,39 qram müəyyən olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş həmin bir ədəd bükülü zərfə qoyularaq qablşaşdırılmış, zərf DİN-in 181 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxslə yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı «Samsung» markalı mobil telefonla qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən 2,39 qram çəkidə psixotrop maddə olan metamfetamindən başqa dövriyyəsi qanunla qadağan olunmuş digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olması barədə məlumat olsa da konkret olaraq psixotrop maddəni satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 iyul 2021ci il tarixdə Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Azər İsmayılov tərəfindən şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, video çəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən ümumi çəkisi 2,39 qram olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, həmin büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD köçürülərək materiala əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 09 iyul 2021-ci il tarixli 16/663 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd maddi sübut” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 2,344 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 10.07.2021-ci il tarixli 4(043)-122/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 08.07.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 22.07.2021-ci il tarixli, 2626 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış 29.07.2021-ci il tarixli, 2915 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 23 avqust 2021-ci il tarixli, 989 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09.07.2021ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqında” protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilən zamanı video çəkilişin qeydə aldığı bir ədəd DVD materiala əlavə edilmiş, həmin video görüntüyə tərəfimdən 09 iyul 2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X3 iştirakları ilə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Kəpəz RPİ-də Kəpəz RPİ-nin TB-nin təhqiqatçı, polis kapitanı X8, Gəncə şəhər Kəpəz RPB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, müdafiəçi X7 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa çıxardıb təqdim etməsi təklif olunanda o, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq əskinazlardan ibarət cəmi 8 manat və 60 qəpik dəmir pulu, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən isə bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümu çıxardıb təqdim edir. X6 tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilən zamanı orada ağ rəngli, kristal formalı, kəskin iyli və ilk baxışdan narkotik vasitə olan «metamfetamin»ə oxşar kütlənin olması məlum olur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisindəki kütlənin «şüşə» kimi adlandırdıqları narkotik vasitə olan metamfetamin olduğunu, saxlandığı gündən təxminən 2 gün əvvəl Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindən Şəmkir rayonuna gedərkən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında avtobus dayanacağından tapdığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 8 manat və 60 qəpik məbləğində pul onun özünə qaytarılır. Daha sonra X6 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində metamfetaminə bənzər kütlə olan bir ədəd bükülü elektron tərəzidə çəkildi və kütlənin çəkisi 2,39 qram müəyyən olundu. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş həmin 1 ədəd bükülü zərfə qoyalaraq qablşaşdırılıb ağzı DİN-in 181 saylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandı. X4 sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs heç kimə qarşı şikayəti və ya tələbi olmadığını, saxlanılaraq Polis İdarəsinə gətirilən zamanı polis əməkdaşları tərəfindən fiziki, psixi təsirə və ya digər hər hansı bir təsirə məruz qalmadığını bildirdi. Baxış zamanı iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3 iştirakı ilə diskə baxış keçirilən zamanı videogörüntüdə olan şəxsin özü olduğunu, üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu, özü istifadə etmək məqsədilə əldə edib üzərində gəzdirdiyini bildirdi və üzərinə şəxsi axtarış aparılan zamanı qeydə alınmış videogörüntüdə olanları təsdiq etmişdir. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 5(043)-184/2021 saylı qərarı əsasında "xxxx" MMC-dən 22.09.2021-ci il tarixli, BKC/LGL-17164/21 nömrəli cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə 29 sentyabr 2021-ci il tarixdə baxış keçirilmiş, məlum olmuşdur ki, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri Təqsirləndirilən şəxs məxsusdur. 24-05-2021, 19:19:22-də **********88 saylı mobil telefon nömrəsindən **********19 mobil telefon nömrəsinə «Ay qa seni bakiya getirsem qalmagada yer yurd elesem gelersen gel 2 qardas dvjenya eliyek her seymiz olsun brat mammin goru deyrem 2 gune zada getrim sabax ya», 24-05-2021, 19:27:16-da **********88 saylı mobil telefon nömrəsindən **********19 mobil telefon nömrəsinə «X13», 24-05-2021, 19:29:02-də **********88 saylı mobil telefon nömrəsindən **********19 mobil telefon nömrəsinə «Ay qa dosdum var baki gence isleyir onnan gonderejem demisem dedi qaqa prablem doy dedim sa emanet verejem gencede qabagna dosdum cixib gorurejek dedi ya», 24-05-2021, 19:29:05-də **********88 saylı mobil telefon nömrəsindən **********19 mobil telefon nömrəsinə «xsi qaqa prabkem doy gunortadan sora zeng vurajam get gotur patida kolada qaqa». Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə, eyni zamanda həmin nömrələrdən ayrı-ayrı vaxtlarda müxtəlif mobil operatorlarına zənglər olunaraq müxtəlif müddətlərdə danışıqlar olsa da cinayət işi üzrə hər hansı bir maraq doğuran mobil telefon nömrələri müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə, eyni zamanda həmin nömrələrdən ayrı-ayrı vaxtlarda müxtəlif mobil operatorlarına ayrı-ayrı məzmunlarda smslər yazılsa da həmin sms mətnlərində cinayət işi üzrə hər hansı bir maraq doğuran xüsusatlar müəyyən edilməmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və "xxxx" MMC-dən götürülmüş 1 ədəd diskin içərisində olan « 29 » vərəqədən ibarət telefon danışıqları çap olunaraq protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23.09.2021ci il tarixli, 122-8255-1221 nömrəli əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədilə psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamış, eyni zamanda əvvəllər də Gəncə şəhəri ərazisində psixotrop maddə və narkotik vasitələrin satışı ilə məşğul olsa da satdığı şəxsləri, üzərindən aşkar olunub götürülmüş psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin 11.10.2021-ci il tarixli, 122-8357-1221 nömrəli əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sms yazan şəxslərdən yalnız Gəncə şəhər sakini, 27.10.1971-ci il təvəllüdlü X5 dindirilməsi üçün istintaqa təqdim olunmuş, digər şəxslərin isə müəyyən olunması istiqamətində müsbət nəticə əldə olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı onda aşkar edilən narkotik vasitənin ona məxsus olmaması, polislər tərəfindən hədələndiyi üçün üzərindən narkotik vasitə aşkar edilməsini boyuna alması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən yanlış olaraq narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək üçün onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. Lakin ibtidai araşdırma orqanı yuxarıda qeyd edilənlərə, eləcə də qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, təmiz çəkisi 2,344 qram psixotrop maddə olan metmfetamini heç bir hüquqi əsası olmadan düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi və saxlanılması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitənin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vastəni kimə və necə satması barədə də heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxlaması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə subutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əsassız olaraq onun narkotk vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlmişdir. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində aşkar olunan təmiz çəkisi 2,344 qram psixotrop maddə olan metmfetaminin aşkar olmasına baxmayaraq, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı onun həmin narkotik vasitələri satış məqsədilə əldə edib üzərində daşımasına dair hər hansı mötəbər sübutun əldə edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə edilməsinə dair heç bir mötəbər sübut olmadığı halda, təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair yuxarıda qeyd edilən qanunda və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarında göstərilən digər xüsusatlar da müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı təmiz çəkisi 2,344 qram psixotrop maddə olan metmfetamini satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq, təmiz çəkisi 2,344 qram psixotrop maddə olan metmfetamini əldə edib daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai isintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə şəxsi axtarış keçirlməsi zamanı aparılmış videoçəkilişlə sübuta yetirilmişdir. Məhkəmə kollegyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 1(044)-50/2019 saylı 09.07.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 27 gün hissəsi Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli qərarı ilə 06 (altı) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 13.02.2021-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olsa da, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv yaratmadığından onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının orta həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 08 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 2,244 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 40 (qırx) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi qalıq çəkisi 2,244 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 30,40 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X11 oğlu həyata keçirdiyindən 240 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar