Məhkəmə qərarları › İş №1(101)-1001/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1001/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1001/2024 22.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 4 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi külli miqdar - 1002,3 qram təşkil edən narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 23 may 2023-cü il tarixdə saat 03:00-da ünvan 2 ünvanın qarşısında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq 36-cı Polis Bölməsinə aparılmış, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən ondan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi külli miqdar - 1002,3 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, özü tatu ustasıdır. Təxminən 6-7 ildir ki Əli adlı şəxslə tanışdır. Əli metronun “Neftçilər” stansiyasının ərazisində onun “Dönər” kababı satılan obyektinin yanında dönərçi işləmişdir. Əli ondan 30 manat pul istəmiş, o da vermişdir. Həm də Əlinin üzüyü onda qalmış, ona görə üzüyü də Əliyə çatdırmalı olmuşdur. Əli 30 manat pulu qaytarmaq üçün ona zəng edib harda olduğunu soruşmuş, o da evdə olduğunu demişdir. Əli qonaq getdiyi üçün gələ bilmədiyini deyib, görüşmək üçün onu metronun “Həzi Aslanov” stansiyasının yanına çağırmışdır. Ona görə də görüşmək üçün taksi ilə Əlinin ona “WhatsApp” vasitəsi ilə atdığı məkana getmişdir. Danışıq zamanı Əli ona 3-4 dəqiqəyə həmin yerə çatacağını bildirmişdir. Beş dəqiqə sonra Əliyə zəng etmiş, sonuncu ona “gələ bilmirəm, pulu bir yer var, ora qoymuşam” deyə bildirmişdir. O da Əlinin dediyi yerə, yəni ona göndərdiyi «məkan»a gedib baxmış, amma orada pul olmamış, pul əvəzində sellofan torba olduğunu görmüşdür. Əliyə zəng eləyib orada pul olmadığını, sellofan torba olduğunu demişdir. Əli də cavabından ona “ordakı sellofanı gətirərsən mənə, həm də pulu sənə verərəm” deyə bildirmişdir. Əlinin bu sözünə əsəbləşib sellofanı yerə tullamış və taksiyə minmək üçün oradan tərpənib getmək istəmişdir. Elə o anda təxminən 10 nəfər yaxınlaşıb onu tutaraq saxlamışdır. Onu döyədöyə maşına mindirib polis idarəsinə aparmışlar. Ondan həmin sellofanın nə olduğunu soruşmuşlar, o da nə olduğunu bilmədiyini, həmin torbanın ona aid olmadığını bildirmişdir. Ona təzyiq edib “götürməlisən bunu, əgər götürməsən gedib evindən çıxaracağıq” demişlər. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Əlinin harada yaşadığını bilmir, Əli bir-iki gündən bir gördüyü tanıdığı adam olmuşdur. Əlinin narkotik istifadə etdiyini bilmir. Əlinin «konum» atdığı yerə getmiş, ora boş ərazi olmuş, sağda bina, solda qaraj olmuşdur. Əli “qarajın yanında qutu var, pulu qutunun altına qoymuşam” demişdir. Elə telefon qulağında ikən ayaq səsləri eşitmiş, dərhal həmin ərazidən uzaqlaşmamış torbanı yerə tullamışdır. Ona müxtəlif xəsarətlər yetirilmişdir. Tutulandan sonra onu müvəqqəti saxlama yerinə aparmışlar, 3 gün orda qalmış, 14 gündən sonra ekspertizaya aparmışlar. Polislər yaxınlaşanda əlində heç nə olmamışdır. Onu saxlayanda torba ilə arasında 5-6 metr məsafə olmuşdur. Həmin vaxt taksi onu gözləmiş, sonradan taksi sürücüsünü də götürmüşlər. Əli ondan heç nə almamışdır. O da nə Əliyə, nə də başqasına narkotik satmamışdır. Özü aradabir “kakos” istifadə etmişdir. Saxlanılan vaxt “tattoo” salonu işlətmişdir. Öz telefonu ilə iki dəfə narkotik vasitə əldə etmək üçün danışmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olsa da ünvan 4 anası ilə birlikdə yaşayır. Təxminən 2-3 il bundan əvvəl narkotik vasitələrdən istifadə etmişdir. Əli adlı şəxsi 4-5 ildir ki tanıyır. Əli ilə metronun “Neftçilər" stansiyasının yaxınlığında təsadüfən tanış olmuşdur. Əlinin hərdən narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Əlinin ona təxminən 4-5 gündür 30 manat borcu olmuşdur. 23 may 2023-cü il tarixdə saat 02 radələrində yaşadığı evə getmişdir. Bu zaman Əli ona zəng edərək, harada olduğunu soruşmuşdur. O da Əliyə yolda olduğunu və evə getdiyini demişdir. Bu zaman Əli ona bir yer göndərəcəyini, orada olduğunu, ona borclu olduğu 30 manat pulunu görüşüb verəcəyini demişdir. O, Əlinin təklifi ilə razılaşmış və Əli ona “WhatsApp” proqramı vasitəsi ilə məkan ataraq oraya gəlməyini demişdir. O da yoldan keçən tanımadığı taksi ilə saat 03 radələrində Əlinin ona göndərdiyi Xətai rayonu, Q.Məmmədov küçəsi 7 saylı ünvanın yaxınlığına getmişdir. O, orada Əliyə zəng etmiş, Əli də ona orada olmadığını, pulu orada boş qutunun içərisinə qoyduğunu demişdir. O, axtarmağa başlamış və ağ qutunun içərisində 01 ədəd şəffaf sellofan büküm olduğunu görmüşdür. Əliyə zəng etmiş və göndərdiyi yerdə 30 manat pul olmadığını demişdir. Əli ona orada bir ədəd büküm olduğunu, həmin bükümü ona gətirməyini, 30 manat pulunu verəcəyini demişdir. O da həmin bükülünü götürüb oradan uzaqlaşmaq istəyən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. O, həmin şəxsləri görüb əlindəki bükümü atmış, amma həmin şəxslər bunu görüb bükülünü götürüb ona vermişlər. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib onu Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparmışlar. O da heç bir etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə getmişdir. Polis Bölməsində ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əlində olan 01 ədəd şəffaf sellofan bükümü, əynindəki qara rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung A8+” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuşdur. “Samsung” markalı mobil telefonu ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman bükümün içərisində qəhvəyi rəngli toz şəkilli kütlə olması müəyyən edilmişdir. Həmin sellofan büküm elektron tərəzi ilə çəkilmiş, bükümün qablaşdırma ilə birlikdə çəkisinin 1228 qram olması müəyyən edilmişdir. Sorğu zamanı həmin bükümü Əlinin sözü ilə götürdüyünü, içərisində nə olduğunu bilmədiyini bildirmişdir. Həmin sellofan büküm zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, həmin maddə zərfə qoyulub möhürlənmiş və onların imzaları ilə protokolun doğruluğu təsdiq edilmişdir. Həmin heroinin yerini Əli adlı şəxs ona göndərmiş, həmin yerdən götürüb Əliyə verəcəkmiş. O, həmin bükümün içərisində nə olduğunu bilməmişdir. Əli ona həmin bükülünü çatdırmağını və 30 manat borcunu qaytaracağını demişdir. O, narkotik vasitə olan heroinin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman, ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, bükümün içərisində nə olduğunu bilmədiyi üçün polis əməkdaşlarını görən zaman atmışdır (cild 1, iş vərəqə 72-74). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, hadisə baş verən vaxt 36-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 23 may 2023cü il tarixdə təxminən saat 03:00 radələrində Xətai rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinin inzibati ərazisində xidmət apardığı zaman Təqsirləndirilən şəxs Elsəvər oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə edibetməməsi soruşulduqda, sonuncu narkotik vasitə istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs 36-cı Polis Bölməsinə dəvət olunmuşdur. Bölmədə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs Elsəvər oğlunun üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd sellofan büküm götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğu soruşulduqda, sonuncu bilmədiyini demişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs pul dalınca getdiyini, dostundan pul götürməli olduğunu, pulun yerinə isə narkotik vasitə götürdüyünü bildirmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, narkotik vasitə Təqsirləndirilən şəxs üzərində olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni istifadə etməsi, qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar məlumatları olmuşdur. Əməliyyat qrupu ondan və Hüseynov Müseyibdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs qarşı “evindən külli miqdarda narkotik çıxaracağıq” məzmunlu təhdidlər olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni də tam təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36cı Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 23 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu bilmədiyini, həmin bükümü 23 may 2023-cü il tarixdə gecə saatlarında ünvan 2 ünvanın yaxınlığında Əli adlı tanışının ona atdığı “konum” vasitəsilə götürdüyünü və həmin bükülünü Əliyə çatdıraraq sonuncunun ona olan 30 manat borc pulunu qaytarmalı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-34,165-166). Məhkəmə-kimyəvi ekspertizasının 23 may 2023-cü il tarixli 6/2959 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan kağız yapışdırılmış bir ədəd kağız bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 1002,3 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1002,2 qram təşkil etmişdir (cild 1, iş vərəqə 42-46). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 iyun 2023-cü il tarixli 3459 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniya məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 157-158). Diskə baxış keçirilməsi haqqında 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, X2 adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrəyə daxil və xaric olmuş sms mətnlərində baxış zamanı +994-55-857-40-40 saylı mobil nömrəyə “Nunu sen cıxardacagsan meni.cıxartaan bu vezyetden Nunu senol.cox.pisem.and.olsun Allaha hec vaxt bele.olmamiwdim”, +994-77-271-23-23 saylı mobil nömrədən “Gel. Mende gelirem ozum Day karta atma. 10 kola heri?”, +994-77-543-03-27 saylı mobil nömrəyə “Emi 60 daw.50 kola 70den awagi dawi 55den awagi.kola veren yoxdu hamisida qatqili”,+994-70- 824-24-24 saylı mobil nömrədən “das goturum gellem bew deq” məzmunlu mesajların göndərilməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan mobil nömrənin dostu X2 adına rəsmiləşdirildiyini, lakin özü tərəfindən istifadə olunduğunu, hazırda həmin sms mətnlərini kimə yazmasını və ya kimdən daxil olmasını xatırlamadığını, xatırlamasına görə isə özü müəyyən vaxtlarda narkotik vasitə istifadə etdiyinə görə ağrılar yaşadığından tanışlarına narkotik vasitə əldə etmək üçün yazdığını və ya ona sms daxil olmasını bildirmişdir (cild 1, iş vərəqə 167-176). Məhkəmə-kompüter texniki ekspertizasının 25 iyun 2023-cü il tarixli 5/775 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy S8” markalı “SM-G950FD” modelli “**********92423, **********92421” imei kodlu mobil smartfon hal - hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “Samsung Galaxy S8” markalı “SM-G950FD” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur (cild 1, iş vərəqə 276-281). İbtidai istintaq orqanının 31 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 216-217). Cinayət işinin başlanmasının rədd edilməsi bərədə 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından prokurorluq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqə 203-204). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 30 may 2023-cü il tarixli 7927 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 97). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 134). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmamasına, külli miqdarda narkotik vasitəni əldə etməməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə bu qənaətə gələrkən onu da qeyd edir ki, təqsirləndirilən şəxsin 30 manat borc pulu geri götürmək adı ilə məlum ünvana getməsi barədə israrı əsassızdır. Belə ki, cəmi 30 manat borcun gecə saat 03 radələrində “konum” atılmaqla uzaq bir ünvana – küçəyə bəlli yerə qoyulmaqla qaytarılması heç bir halda inandırıcı qəbul edilə bilməz. Anlaqlı və yaşı da nəzərə alınmaqla kifayət qədər təcrübəli insan olması heç bir halda mübahisə doğurmayan Təqsirləndirilən şəxs bu “üsulla” tanışı tərəfindən qaytarılan 30 manatı götürməyə getməsi uydurulmuş fərziyyədir. Digər tərəfdən, Təqsirləndirilən şəxs SMS yazışmalarının məzmunu da onun külli miqdarda narkotik vasitələrin dövriyyəsinə aidiyyətini təsdiq edən dəlillərdir. Həmin yazışmalarda keçən və qramla çəkini ehtiva etməsi aşkar görünən 10, 50, 60 rəqəmləri də məhkəmənin gəldiyi qənaətin əsaslı olmasını möhkəmləndirən xüsusatlardır. Təqsirləndirilən şəxs ona qarşı fiziki güc tətbiq edilməsi, döyülməsi ilə bağlı bildirdikləri isə məhkəmə araşdırması zamanı başqa hər hansı dəlillə öz təsdiqini tapmadı. Şəxsi axtarış keçirilməsi prosesini əks etdirən, müdafiəçisinin də bilavasitə iştirak etdiyi videoçəkilişdən də aşkar görünür ki, Təqsirləndirilən şəxs kifayət qədər sərbəst şəkildə sualları cavablandırır, saxlanması halı ilə bağlı hadisənin baş vermə ardıcıllığını dəqiqliklə təsvir edir. Xarici görünüşündə, sərbəst hərəkətlərində ona qarşı hər hansı fiziki güc tətbiq olunmasını ehtimal etməyə əsas verə biləcək əlamətlər müəyyən olunmur. Həm də bilavasitə videoçəkilişin gedişində müdafiəçisinin ona qarşı polis əməkdaşları tərəfindən zorakılıq, işgəncə tətbiq edilib-edilməməsi ilə bağlı birbaşa sualını dərhal tərəddüdsüz şəkildə cavablandıraraq belə halın baş vermədiyini bildirir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 23 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 81-84). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 may 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1002,2 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 01 ədəd CD disk və məhkəmə komputer-texniki ekspertizasının nəticəsinin əks olunduğu 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Samsung A8+” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 181 (bir yüz səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 43,277). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1002,2 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 01 ədəd CD disk və məhkəmə komputer-texniki ekspertizasının nəticəsinin əks olunduğu 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın; -01 ədəd “Samsung A8+” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 181 (bir yüz səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar