Məhkəmə qərarları › İş №1(101)-1002/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1002/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1002/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) X3 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə 5 sentyabr 1960-cı ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Naxçıvan şəhəri, N.Hikmət küçəsi, ev 7-də qeydiyyatda olub, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İttiham aktına görə Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK 4 yolu adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan «Əli» adlı İran İslam Respublikası vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,638 qram çəkidə narkotik vasitə heroini 100 (yüz) manat pul müqabilində əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 18:30 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2olis bölməsinə gətirilmiş və orada saat 20:15-də üzərinə baxış keçirilərkən əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümündə təmiz çəkisi 2,638 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişlər. Məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsini mümkünlüyü yoxlanılarkən müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4 vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi vəsatətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai istintaqı zamanı maddi və prosessual qanunvericiliyin kobud pozuntusuna yol verildiyindən, onun məhkəmə baxışına təyin edilməsini qeyri-mümkün etmişdir. Belə ki, həmin cinayət işi 19 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə başlanmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Uzun müddət ərzində aparılmış istintaq zamanı ittihamın mahiyyətinə, həcminə və əməlin tövsifinə təsir edə bilən heç bir əlavə sübutlar əldə olunmadan, 3 aydan sonra 18 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməli əsassız olaraq CM-nin 234.4.3-cü maddəsinə tövsif edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Bu ittihamın əsasını «satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi» təşkil etmişdir. Halbuki, ibtidai istintaqla narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin satış məqsədilə əldə etməsi hər hansı bir sübut və dəlillə təsdiqini tapmamışdır. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid1 və kiçik inspektor Şahid2 ifadələrində «Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması»nı göstərmişlər. Yəni, «satış» barədə heç bir əməliyyat məlumatının olmadığı təsdiq edilmişdir. Bundan başqa, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinin kobud pozuntusuna yol verilməklə tərtib edilmişdir. İttiham aktının təsviri-əsaslandırıcı hissəsində, 2-ci səhifəsinin sonuncu cümləsində «Aparılmış ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir» göstərilmiş, nəticəvi hissəsində isə «O, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamış və satmışdır» kimi heç nə ilə təsdiqlənməyən əsassız qənaətə gəlinmişdir. Eyni zamanda, həmin nəticəvi hissədə «Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi» təsdiq edilmişdir. Müdafiəçi V.S.Əkbərov qeyd olunan kobud qanun pozuntularının məhkəmədə aradan qaldırılmasının mümkün olmadığını, Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə vəsatətə dair tərəflərin fikirlərini dinləyib hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntusuna yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin CPM-nin 303.2-ci maddəsində deyilir ki, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3-cü maddəsinə görə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün). 303.3.6. cinayət işi üzrə ittiham aktının və məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3-cü maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması. Həmin Məcəllənin 299.3-cü maddəsi qeyd edir ki, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı CPM-nin tələblərinin pozulub-pozulmaması, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır . Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsi tələb edir ki, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks olunmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud oduğu əməlin (hərəkət və ya hərəkətsizliyinin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Belə ki, ittiham aktının məzmunundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,638 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitə üzərindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı 20 dekabr 2020-ci il tarixli qərarla bu hərəkətinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 65-66). 18 mart 2021-ci ildə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmişdir (98-111). Lakin ittiham aktının təsviri-əsaslandırıcı hissəsində müstəntiq ibtidai istintaq zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini sübuta yetirildiyi qənaətinə gəlmişdir (ittiham aktının 2-ci səhifəsinin son cümləsi) . Digər tərəfdən cinayət işi materiallarında təqsirləndirilən şəxsin ondan aşkar edilərək götürülmüş narkotik vasitənin kiməsə satdığı barədə heç bir sübut olmadığına baxmayaraq, müstəntiq Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamaqla yanaşı, həm də tamamilə əsassız olaraq həmin narkotik vasitəni satdığı nəticəsinə gəlmişdir. Bununla da istintaq orqanı Təqsirləndirilən şəxs törətmədiyi cinayətə görə ittiham elan etməklə, onun vəziyyətin ağırırlaşdırmış və müdafiə hüquqlarını pozmuşdur. Bundan başqa, müstəntiq ittiham aktında Təqsirləndirilən şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxladığı və həm də satdığını qeyd etsə də, ittiham aktının nəticə hissəsinin sonunda həmin hərəkətləri ilə onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyini göstərmişdir. Bununla da istintaq orqanı ittiham aktının nəticəvi hissəsinin əvvəli ilə sonu arasında ziddiyyət yaratmışdır. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Göründüyü kimi ibtidai araşdırma zamanı cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan yuxarıda sadalanan kobud pozuntuya yol verildiyindən, yəni ittiham aktı tərtib olunarkən CPM-nin 289-cu maddəsinin tələbləri pozulduğundan cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə CPM-nin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri düzgün seçilmişdir, hazırki mərhələdə onun dəyişdirilməsi və ya ləğv edilməsinə üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 299-300, 303.1- 303.3, 306.1 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1002/2021 saylı cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar