Məhkəmə qərarları › İş №1(101)-1002/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1002/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1002/2022 25.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 17 avqust 1989-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 6,794 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 05 yanvar 2022- ci il tarixdə saat 16:00-da Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 10 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış həyata keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümdə ayrı- ayrılıqda çəkiləri 3,273 qram və 3,521 qram olmaqla ümumi təmiz çəkisi 6,794 qram psixotrop maddə metamfetamin əynindəki boz rəngli şalvarın sağ yan cibindən, bir ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı qara rəngli gödəkçəsinin sağ iç cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, saxlanılarkən üzərində bıçaq olsa da, narkotik vasitə olmamışdır. O heç vaxt nə narkotik vasitədən istifadə etməmiş, nə də narkotik vasitə satmamışdır. Bunların hamısı polis əməkdaşları tərəfindən başqa bir məsələ ilə bağlı ona hazırlanmışdır. Belə ki, bir şəxs var imiş və polis əməkdaşları ona deyirmiş ki, həmin şəxsin silah saxlamasını etiraf etsin, lakin o, etiraf etməmişdir. Buna görə də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu idarəyə aparmışlar. Orada polis əməkdaşları onun üzərinə narkotik vasitə yerləşdirmiş və ona təzyiq göstərmişlər ki, həmin narkotik vasitənin ona məxsus olduğunu bildirsin. Əks halda, 70 yaşlı anasını idarəyə gətirəcəkləri və evinə 1 kiloqram narkotik vasitə yerləşdirəcəkləri ilə onu hədələmişlər. O da bu hədələr qarşısında məcbur olub üzərinə yerləşdirdikləri narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. O, indiyədək narkotik vasitədən istifadə etməmiş, heç siqaret belə çəkməmişdir. Ekspertizada ondan sadəcə olaraq bir neçə sual soruşulmuşdur. Analiz belə verməmişdir. O, narkotik vasitə adlanan şeyi tanımamışdır. Saxlanılarkən üzərində bıçaq olsa da, narkotik vasitə olmamışdır. Ona belə qərəzli yanaşmalarına səbəb polis əməkdaşlarının onu üzdən tanıdığı bir şəxsin silahı olmasını etiraf etməyini istəmələri olmuşdur. Bunu ona qarşı bu rəftarlarına səbəbin nə olduğunu soruşduqda polis əməkdaşları özləri demişlər. O, dəfələrlə ölkə bayrağını müsabiqələrdə qaldırmışdır və heç vaxt narkotik vasitlərin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu evdən çıxanda binanın yanında tutmuşlar. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir və narkotik vasitə görməmişdir. Polis əməkdaşları onu hədələdikləri üçün üzərinə yerləşdirdikləri narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Artıq polis əməkdaşları onu tutmuşlar və polis əməkdaşlarının ona etdiklərini məhkəməyə bildirməkdən qorxmur. Saxlanılarkən üzərində olan bıçağı iki gün əvvəl tapmış və xoşuna gəlmişdir. Saxlanıldığı gün yadından çıxdığı üçün bıçaq üzərində qalmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o və digər əməkdaşlar Şahid1, Şahid2 iştirak etmişdir. Həmin gün Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 10 ünvanın yaxınlığında saxlamışlar. Saxlanmasının əsaslarını izah etdikdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməsini təklif etmişlər və o etiraz etməyərək onlarla birlikdə idarəyə getmişdir. Baş idarədə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü cibində olan bıçağı və iki ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd büküm açıldıqda bükümlərin içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bıçaq və iki ədəd bükümdə olan metamfetaminə oxşar maddələr ayrı-ayrı iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Narkotik vasitə Təqsirləndirilən şəxs cibində aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitəni özü çıxarıb masanın üzərinə qoymuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da digər Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü narkotik vasitənin satışında təqsirli bilməməsi və üzərində narkotik vasitənin olmaması barədə verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 05.01.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayəkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Babək Haqverdiyev tərəfindən tərtib olunmuş 05 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılacağı barədə məlumat verilmiş, o bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində bıçaq və metamfetamin olduğunu bildirərək, əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd bıçaq tipli dəmir predmeti və şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin kütlələrə baxış keçirilmiş və bükümlərdə ağ rəngli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə bənzər maddə olması müşahidə edilmişdir. Həmin bükümlərdəki maddələr sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunan soyuq silaha bənzər dəmir predmeti sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilən zaman qeydə alınmış videogörüntülər 01 ədəd DVD Diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2022-ci il tarixli, 6/29 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6 dairəvi möhür əksi olan, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş....” sözləri, soyad və imzalar qeyd edilmiş olan bir ədəd kağız paketin içərisində olan iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,273 qram, 3,521 qram, ümumi təmiz çəkisi 6,794 qram olan, ağ rəngli, kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi-6,794 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 6,694 qram. Cinayət işində olan 06 yanvar 2022-ci il tarixli “DVD Disk daşıyıcısında qeydə alınan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 05 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə BMCMİ-nin xidməti otaqlarının birində təhqiqatçı Babək Haqverdiyev tərəfindən şəxsi axtarış və götürmə hərəkətləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O, üzərində bir ədəd bıçaq və metamfetamin olduğunu bildirir və əynindəki gödəkcənin sağ iç cibindən bir ədəd bıçağı və əynindəki şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümləri çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümlər açıldıqda bükümlərdə ağ rəngli, kristalşəkilli maddələr olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bıçağı mağazadan, iki ədəd bükümlərdəki metamfetamini isə İran vətəndaşından aldığını bildirir. Həmin bükümlərdəki maddələr sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış davam etdirilir və Təqsirləndirilən şəxs üzərindən əlavə qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Bundan sonra onun üzərindən aşkar olunmuş iki ədəd bükümdə olan maddələr kağız zərfdə qablaşdırılaraq möhürlənir. Cinayət işində olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-16/2022 saylı 07.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-51/2022 saylı 14.01.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 05.01.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 04 fevral 2022-ci il tarixli, 3/26 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 28.02.2022-ci il tarixli, 994 №-li rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 05 yanvar 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi qalıq 6,694 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd soyuq silah hesab olunan bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 129 (yüz iyirmi doqquz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 05 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 129 (yüz iyirmi doqquz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi qalıq 6,694 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd soyuq silah hesab olunan bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar