Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1003/2020 12.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1982-ci ildə tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Biləsuvar rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən ümumi təmiz çəkisi – 38,243 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq 800 manata alıb əldə edərək Bakı şəhərinə gətirmiş ayrı-ayrı bükümlərə bölüb üzərində daşımış, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 16:50-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 2 saylı ünvanda yerləşən yaşayış evinin qarşısında saxlanılıb Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən və göy rəngli cins şalvarın sağ yan cibindən - ümumilikdə 16 ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 9,938 qram, 9,886 qram, 9,934 qram, 0,150 qram, 0,960 qram, 0, 964 qram, 0,480 qram, 0,911 qram, 0,947 qram, 0,480 qram, 0,487 qram, 0,452 qram, 0,422 qram, 0,934 qram, 0,448 qram, 0,850 qram, ümumi təmiz çəkisi 38,243 qram, yəni külli miqdarda, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, bir neçə ay olardı ki, narkotik vasitə olan marixuana və heroindən istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb metronun «20 Yanvar» stansiyasının yaxınlığına getmiş və orada dövlət nömrə nişanına diqqət yetirmədiyi, markasını unutduğu taksi avtomobilinə əyləşərək şəxsi işləri ilə bağlı Biləsuvar rayonuna getmişdir. Biləsuvar rayonunda əvvəllər tanımadığı, təsadüfən tanış olduğu bir şəxslə söhbət edərkən həmin şəxsin də narkotik vasitə istifadəçisi olduğunu hiss etmişdir. Ona görə də həmin şəxsdən onun üçün narkotik vasitə tapmasını xahiş etmişdir. Həmin şəxs ona bir qədər gözləməsini deyərək çıxıb getmiş, təxminən bir saat sonra geri qayıdaraq ona bir ədəd ağ rəngli sellofan büküm vermiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu deyərək bunun müqabilində 800 manat pul ödəməli olduğunu bildirmişdir. O, həmin şəxsə 800 manat vermiş və narkotik vasitəni əynində olan qara rəngli gödəkçənin iç cibinə qoymuşdur. Bundan sonra taksi avtomobili ilə Bakı şəhərinə qayıtmışdır. Heroin aldığını evdə heç kimə söyləməmiş, narkotik vasitəni gələcəkdə rahat istifadə edə bilməsi üçün ayrı-ayrı bükümlərə bölərək üzərində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 16:30 radələrində yaşadığı evdən çıxıb Əmircan qəsəbəsinə getmişdir. Həmin vaxtı narkotik vasitə üzərində olmuşdur. Belə ki, o, heroinin bir qismini gödəkçəsinin sol iç cibinə, bir qismini isə ayrı-ayrı bükümlərdə şalvarının sağ yan cibinə qoymuşdur. Təxminən saat 16:50 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 2 saylı evin qarşısında olan zaman bir neçə şəxs ona yaxınlaşmış, vəsiqələrini təqdim edərək Suraxanı rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və birlikdə X12 getməyi təklif etmişlər. O, etiraz etməyərək həmin şəxslərlə birlikdə Suraxanı rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində xidməti otaqların birində dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, sonra isə üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın və ya predmetin olub-olmaması soruşulmuş, müsbət halda təqdim etməsi təklif edilmişdir. O, könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sol iç cibindən və cins şalvarın sağ yan cibindən ayrı-ayrı bükümlər şəkilində olan narkotik vasitəni çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitələr Biləsuvar rayonunda tanımadığı şəxsdən aldığı heroin olmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş başqa əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən və ya Polis İdarəsinə gətirildikdən sonra ona qarşı hər hansı bir şəxs fiziki və ya psixiki təzyiq və təsirlər göstərməmişdir. O, Biləsuvar rayonuna tək getmiş, narkotik vasitəni alarkən yanında başqa şəxs olmamışdır. Narkotik vasitə aludəçisi olduğu üçün və tez-tez narkotik vasitə almaq məcburiyyətində qaldığından Biləsuvar rayonunda olarkən külli miqdarda narkotik vasitə almışdır ki, lazım olanda istifadə etsin və uzun müddət narkotik vasitə satan axtarmasın. Narkotik vasitəni ayrı-ayrı bükümlərə bölmüşdür ki, birdəfəlik istifadə etmək rahat olsun. Lakin o, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, həmin narkotik vasitədən heç kimə nə hədiyyə qismində verməmiş, nə də satmamışdır. Bütün bu halları nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini, əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək ona məhz bu maddə ilə cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayon X4rşı Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə etimad doğuran qərəzsiz mənbədən Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edərək saxlaması barədə məlumat əldə olunmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyə məruzə olunduqdan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin rəisi Namiq Həsənov tərəfindən əməliyyat qrupunun yaradılması ilə bağlı xx xxxx 2020-ci il tarixli əmr verilmişdir. Keçiriləcək əməliyyat qrupuna o, Suraxanı rayon X4rşı Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri X9 və Şahid3 Kamil oğlu, Suraxanı rayon X13-Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid4 və əməliyyat müvəkkili Şahid5 daxil edilmişdir. Əməliyyat qrupunun rəhbəri o təyin edilmişdir. Tərəflərindən keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 16:50 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə gətirilmiş və bu barədə rəhbərliyə məruzə edilmişdir. Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar üzrə araşdırmanın aparılması aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon X10 şöbəsinin təhqiqatçısı Suad Həmzəyevə həvalə edilmişdir. Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən o, əməliyyat qrupunun digər əməkdaşları və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkil həmin istintaq hərəkətində iştirak etmişlər. Üzərində axtarış aparılmamışdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar və ya predmetlər varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən sarı rəngli qutunun içərisində olan ayrı-ayrı bükümlərdə və əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə maddələri çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bağlamaların içərisində narkotik vasitə olan heroin olduğunu, onları xx xxxx 2020-ci il tarixdə Biləsuvar rayonunda tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 800 manata aldığını və gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, lakin üzərindən özünün təqdim etdiyi maddələrdən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol ucadan oxunmuş, doğruluğu iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs hər hansı bir şəxs tərəfindən fiziki və ya psixiki təzyiq və təsirlər göstərilməmiş, özü səmimi olaraq törətdiyi cinayət əməlini etiraf etmiş və üzərində olan narkotik vasitəni təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı rayon X4rşı Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri X9 və Şahid3, Suraxanı rayon X13-Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid5, həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş əməliyyat müvəkkili Şahid4 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 131-134). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli gödəkçənin sol iç cibindən sarı rəngli qutunun içərisindən və göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilmiş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 29-31). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/84 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Təqsirləndirilən şəxs..» yazısı olan zərfdə, 16 (on altı) ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 9,938 qram, 9,886 qram, 9,934 qram, 0, 150 qram, 0,960 qram, 0, 964 qram, 0, 480 qram, 0,911 qram, 0,947 qram, 0,480 qram, 0,487 qram, 0,452 qram, 0,422 qram, 0,934 qram, 0,448 qram, 0,850 qram, ümumi təmiz çəkisi 38,243 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 38,043 qram təşkil etmişdir (cild 1, iş vərəqə 36-39). Ambulator X3 xx xxx 2020-ci il tarixli 1250 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan amfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 143-144). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X16 xx xxxx 2020-ci il tarixli 2432 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tibb müəssisəsində müalicədə olmamışdır (cild 1, iş vərəqə 104). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli kliniki psixiatriya xəstəxanasının xx xxxxx 2020-ci il tarixli 1/597 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan tibb müəssisəsinə müraciət etməmişdir (cild 1, iş vərəqə 113). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 98-99). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində yaşadığı müddətdə onun barəsində heç bir inzibati material daxil olmadığı qeyd edilmişdir (cild 1, iş vərəqə 186). İbtidai istintaq orqanının xx.xx.2020-ci il tarixli qərarları ilə hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə ********* saylı cinayət işi ayrıcı icraata ayrılmışdır (cild 1, iş vərəqə 198-200). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri özünün şəxsi istifadəsi üçün alması ilə bağlı ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 79-84). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 38,043 qram təşkil edin narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X2 və X14 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində, ibtidai istintaq mərhələsində göstərilmiş 56 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat, ibtidai istintaq mərhələsində göstərilmiş 38 iş saatı həcmində iş hüquqi yardımla bağlı X11 vəkil işlədiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına üçün 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübut - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 38,043 qram təşkil edin narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına vəkil X2 üçün 336 (üç yüz otuz altı) manat, vəkil X14 üçün 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi oğlu üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1003/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1003/2020
12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver