Məhkəmə qərarları › İş №1(101)-1003/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1003/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1003/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1997-ci il tarixdə Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 01 fevral 2021-ci il tarixdə tutulmuş, 03 fevral 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il tarixdə, saat 04 radələrində tanışı Zərərçəkmiş şəxs kirayə qaldığı Sumqayıt şəhəri 42-ci məhəllə, 16 saylı yataqxana, otaq 107-yə çağırıb görüşdükdən sonra Zərərçəkmiş şəxs onu da aparmasını bildirmiş, lakin sonuncu etiraz edərək aparmayacağını bildirərək onu nalayiq ifadələrlə söyüb təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs bıçaq ilə iki dəfə vurmaqla sağ budun bayır səthinin kəsilmiş-deşilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya, döş qəfəsinin sağ yarısının boşluğa nüfuz edən kəsilmiş-deşilmiş yarasından ibarət həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanımaqla, onların yaxşı münasibətləri olmuşdur. Özü prolfessional idmançı olmuş, idmanın güləş növü ilə məşğul olmuşdur. İşdə şahid kimi adı keçən Şahid1 da tanımışdır. Belə ki, kirayə ev axtararkən Şahid1 Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı yataqxana, otaq 107-ini kirayə verdiyini kimdənsə öyrənmiş və 08 dekabr 2020-ci il tarixdə, saat 14 radələrində həmin evə getmişdir. Evin sahibi olan, əvvəllər tanımadığı Şahid1la görüşüb sonuncudan kirayə ev verib-vermədiyini soruşmuş, Rasim də evi ailəli adamlara 50 manata kirayə verdiyini demişdir. O da Rasimə yalandan subay olduğunu, qalmağa yerinin olmadığını, 2-3 gün qaldıqdan sonra çıxıb gedəcəyini demişdir. Lakin onun 2-3 gün qalması ilə əlaqədar Rasimlə aralarında hər hansı bir pul söhbəti olmamışdır. Rasim onunla razılaşıb evinə buraxmış və o, Rasimlə birlikdə həmin evdə yaşamağa başlamışdır. Həmin evə gedərkən özü ilə müxtəlif paltarlar da aparmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, son bir-iki ayda Zərərçəkmiş şəxs onunla görüşməmiş, ümumiyyətlə ortalıqlarda görünməmiş, ona zənglər etsə də cavab almamış, zənglərə cavab verdikdə isə Sumqayıtda olmadığını demiş və ya başqa bəhanə gətirmişdir. Odur ki, 11 dekabr 2020-ci il tarixdə, gecə saat 03 radələrində Şəhriyara təkrarən zəng etmiş, sonuncuya onunla görüşmək istədiyini demiş, olduğu ünvanı Şəhriyara demiş və ora gəlməsini istəmişdir. Lakin Şəhriyarın yubandığını görüb ona bir neçə dəfə zəng etmişdir. Sonuncu zəngində Şəhriyar ona çox acıqlı cavab verib telefonu söndürmüşdür. Son zəngdən bir neçə dəqiqə sonra, yəni gecə saat 04 radələrində həmin evdə olarkən qapı döyülmüşdür. O, həmin vaxt uzanmış, Rasim də televizora baxmışdır. Rasim gedib qapını açmış, həmin vaxt qapıda dayanan Şəhriyar Rasimə adının Şəhriyar olduğunu və Nofəl tərəfindən çağırıldığını demişdir. Rasim də Şəhriyarı içəriyə dəvət etmişdir. Şəhriyar içəriyə keçib onun yanına gəlmişdir. O Şəhriyarı görüb ayağa qalxıb görüşmüş, daha sonra onlar evin otağının sağ tərəfində yerləşən masa arxasında əyləşmişlər. Rasim isə keçib sol tərəfdə olan televizora baxmağa davam etmişdir. Onlar söhbət edərkən Şəhriyara «niyə məndən qaçırsan, görüşmürsən, sənə qarşı hər hansısa xoşagəlməz hərəkət və ya davranış göstərmişəmsə, bu sənin xətrivə dəyibsə de, bilim, çünki hər dəfə səninlə aramızda olan soyuqluğu aydınlaşdırmaq üçün görüşmək istəsəm də, müxtəlif bəhanələr və yalanlar söyləyərək mənimlə görüşmürsən, hər dəfə Sumqayıtda olmadığını deyirsən, lakin sonradan burda olduğunu, mənimlə qəsdən görüşmədiyini öyrənirəm» demişdir. Şəhriyar heç bir izah verməmiş, çox fikirli olmuşdur. Şəhriyar çıxıb getmək istərkən o, Şəhriyardan gedərkən onu da aparmasını xahiş etmişdir. Həmin vaxt Şəhriyara zəng gəldiyindən sonuncu tələsdiyini bildirmiş və onu gözləyə bilməyəcəyini söyləmişdir. O, getmək üçün hazırlaşacağını bildirib, Şəhriyardan bir az gözləməsini xahiş etmişdir. Lakin Şəhriyar gözləmək itstəməmiş, buna görə o, Şəhriyarın hərəkətlərinə etirazını bildirmişdir. Buna görə Şəhriyar onunla mübahisəyə başlamış, nalayiq ifadələrlə onu söymüşdür. Rasim isə onları ayırmağa çalışmışdır. O, Şəhriyardan söyüş söyməməsini tələb etmiş, həmin vaxt sonuncu ona qarşı bıçaq çıxartmışdır. Bıçağı gördükdə o, təəccüblə Şəhriyara «mənim üstümə bıçaq çıxarırsan?» sualını vermişdir. Şəhriyar isə onun sözünə məhəl qoymayaraq onu bıçaqla vurmaq istəmiş, o arxaya çəkildiyindən birinci zərbə ona dəyməmişdir. Şəhriyarın ikinci bıçaq zərbəsi isə onun sol kürək nahiyəsindən dəymişdir. O, bıçağı Şəhriyardan ala bilməsi üçün bir idmançı olaraq fənd işlədərək Şəhriyarı çarpayıya yıxmış, Şəhriyarın əlindəki bıçaq yerə düşmüşdür. O, əyilib bıçağı yerdən götürərkən Şəhriyar onun sol gicgah nahiyyəsinə bir dəfə yumruqla vurmuşdur. Buna baxmayaraq o, bıçağı yerdən götürmüş və həmin bıçaqla Şəhriyarın ayağından vurmaq istəmiş, gözlənilmədən Şəhriyar qalxdığından bıçaq Şəhriyarın sinəsinin sağ tərəfindən dəymişdir. Şəhriyar yaralandıqdan sonra hər ikisi sakitləşmiş, o, Şəhriyara onu həkimə aparmağı təklif etmişdir. Lakin Şəhriyar razı olmamış özünün gedəcəyini demiş və evdən çıxıb getmişdir. Şəhriyarın ardınca o da evdən çıxıb həyətə düşmüş, Şəhriyarın xəstəxanaya gedib-getməməsi ilə maraqlanmış, ona yardım etmək istəmişdir. Şəhriyar taksi ilə xəstəxanaya getdikdən sonra o da çıxıb getmiş, Şəhriyara məxsus bıçağı isə xatırlamadığı yerə tullamışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, onun Şəhriyara xəsarət yetirmək məqsədi olmamış, məqsədi Şəhriyarı qorxutmaq və özünü müdafiə etmək olmuşdur. Hazırda əməlindən peşimandır, Şəhriyarla barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir (iş vərəqə: səh. 86-88). Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs tanımaqla, onların yaxşı münasibətləri olmuş, tez-tez görüşmüşlər. Lakin hadisədən bir-iki ay əvvəldən başlayaraq onda ciddi ailə problemləri olmuş, bir-birinin ardınca bədbəxt hadisələr baş vermişdir. Düşdüyü vəziyyət onu stresə salmış, heç kimlə, o cümlədən Nofəllə görüşmək istəməmişdir. Nofəl ona dəfələrlə zəng etsə də, o, müxtəlif bəhanələr gətirərək görüşdən yayınmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, 11 dekabr 2020-ci il tarixdə, gecə saat 03:30 radələrində o, tanışı Anjelika adlı qızla idarə etdiyi avtomaşında gəzərkən Nofəl ona zəng etmiş, onunla görüşmək istədiyini bildirmiş, ona olduğu ünvanı demiş və yanına gəlməsini istəmişdir. Lakin o, yenə də getmək istəməmişdir. Buna baxmayaraq Nofəl dalbadal ona zənglər edib onu yormuş, əsəbləşdirmişdir. Saat 04 radələrində Nofəlin dediyi Sumqayıt Şəhəri, 42-ci məhllədə yerləşən 16 nömrəli yataqxanaya getmişdir. Maşından düşüb Nofəl olan mənzilə getmiş, həmin vaxt Anjelika maşında qalmışdır. Mənzilin qapısını döymüş, qapını əvvəllər tanımadığı, sonradan adını Rasim kimi bildiyi şəxs açmışdır. Rasimə adının Şəhriyar olduğunu və Nofəl tərəfindən çağırıldığını demişdir. Rasim də onu içəriyə dəvət etmişdir. O içəriyə keçib Nofəlin yanına getmiş, dalbadal zəng edib onu əsəbləşdirdiyini bildirmiş və sanki məcburi olaraq onunla görüşmüş, evin otağının sağ tərəfində yerləşən masa arxasında əyləşmişlər. Rasim isə keçib sol tərəfdə olan televizora oturub baxmışdır. Nofəl ona «niyə məndən qaçırsan, görüşmürsən, sənə qarşı hər hansısa xoşagəlməz hərəkət və ya davranış göstərmişəmsə, bu sənin xətrivə dəyibsə de, bilim, çünki hər dəfə səninlə aramızda olan soyuqluğu aydınlaşdırmaq üçün görüşmək istəsəm də, müxtəlif bəhanələr və yalanlar söyləyərək mənimlə görüşmürsən, hər dəfə Sumqayıtda olmadığını deyirsən, lakin sonradan burda olduğunu, mənimlə qəsdən görüşmədiyini öyrənirəm» demişdir. O, Nofələ heç bir izah verməmiş, şəxsi həyatı ilə bağlı olduğunu demiş və qalxıb getmək istəmişdir. Nofəl ondan gedərkən onu da aparmasını xahiş etmişdir. Həmin vaxt Anjelikadan ona zəng gəldiyindən Nofələ tələsdiyini və gözləyə bilməyəcəyini söyləmiş, açığı əsəbi olduğundan onu aparmaq istəməmişdir. Nofəl isə ona bir az gözləməsini demiş, hazırlaşıb bir yerdə getmələrini təklif etmişdir. O isə Nofələ gözləyə bilməyəcəyini, gedəcəyini demişdir. Nofəl ona təkrar gözləyəcəyini dedikdə, o, əsəbləşib Nofəli söymüş və aralarında mübahisə yaranmışdır. Nofəl ona söyüş söyməməsini dedikdə o, üzərində olan bıçağı çıxarmışdır. Nofəl onun bıçaq çıxarmasına təəccüblənmiş, ondan bıçağı yığışdırmağı tələb etmişdir. O, daha da əsəbləşmiş və Nofəli bıçaqla vurmaq istəmişdir. Nofəl ilk zərbədən yayınıb arxaya çəkildiyindən birinci zərbə ona dəyməmiş, ikinci zərbə isə Nofəlin sol kürək nahiyəsindən dəymişdir. Bu zaman Nofəl güləş fəndi işlədərək onu çarpayıya yıxmışdır. O, yıxılarkən əlindəki bıçaq yerə düşmüşdür. Nofəl bıçağı yerdən götürmək istəyəndə o, Nofəlin sol gicgah nahiyyəsinə bir dəfə yumruqla vurmuşdur. Həmin vaxt Nofəl bıçağı yerdən götürmüş və həmin bıçaqla onun ayağından vurmaq istəmişdir. Lakin o, qalxdığından bıçaq onun sinəsinin sağ tərəfindən dəymiş və o, bədən xəsarəti almışdır. Bundan sonra Nofəl onu həkimə aparmağı təklif etmiş, lakin o, Nofələ qarşı kinli olduğundan bunu istəməmiş, özünün gedəcəyini deyib, evdən çıxıb getmişdir. Nofəlin qaldığı evdən çıxdıqdan sonra özü idarə etməklə öz maşını ilə xəstəxanaya getmək istəmişdir. Lakin vəziyyəti yaxşı olmadığından çox çətinliklə taksi tapıb Anjelika ilə birlikdə xəstəxanaya getmişdir. Hadisədən sonra Nofəl də həyətə düşmüş, onun xəstəxanaya getməsi üçün maşın axtarmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, hadisə vaxtı istifadə etdiyi bıçaq onun cibində olmuşdur. Bıçaq turistik bir bıçaq olmuş və hər hansı bir ərzaqın və ya meyvənin doğranması üçün istifadə etmişdir. Hadisə vaxtı onun həmin bıçaqdan istifadə etmək fikri olmamışdır. Nofəllə aralarında baş vermiş mübahisə zamanı sonuncu onu əsəbləşdirdiyi üçün üzərində olan bıçaqdan istifadə edərək Nofəli sadəcə qorxudaraq mübahisəni sonlandırmaq fikri olmuş, başqa heç bir məqsədi olmamışdır. Nəticədə Nofələ bıçaqla bədən xəsarəti yetirmişdir. Hadisədən sonra bıçağın necə olduğunu bilməmişdir. Hadisə vaxtı mobil telefonu cibindən yerə düşmüş, orada qalmışdır. Xəstəxanadan çıxdıqdan sonra Nofəlin atası Paşa ilə Sumqayıt şəhər Dəmiryolu vağzalının yanında görüşmüş və Nofəlin atası Paşa mobil telefonunu ona vermişdir. Deməsinə görə o, həmin telefonu oğlunun olmasını güman etdiyindən hadisə yerindən götürüb saxlamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, Nofəlin valideynləri onun xəstəxana xərclərini qarşılamış, o, Nofəllə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Hadisənin baş verməsinə səbəb onun əsəbi olması səbəbindən baş verməsi olmuşdur, ona görə də özünü günahkar hesab edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, yaşadığı evi kirayə vermək istəmiş, Təqsirləndirilən şəxs isə kirayə ev lazım olduğu üçün kimdənsə onun kirayə ev verdiyini öyrənmiş, 08.12.2020-ci il tarixdə, saat 14 radələrində onun yaşadığı evə gəlmişdir. O, Nofəli əvvəllər tanımamış, sonuncuyla heç bir münasibəti olmamışdır. Söhbət əsnasında Nofəl ondan yaşadığı 01 otaqlı mənzili ayda neçəyə kirayə verdiyini soruşmuş, o da Nofələ ailəli adamlara ayda 50 manata kirayə verdiyini demişdir. Nofəl isə ona subay olduğunu, qalmağa yeri olmadığını, 2-3 gün qalıb, çıxıb gedəcəyini demişdir. Lakin Nofəlin 2-3 gün qalması ilə əlaqədar aralarında hər hansı bir pul söhbəti olmamışdır. O, Nofəllə razılaşıb evinə buraxmış və sonuncu onunla birlikdə evdə qalmışdır. Nofəl evə gələndə özü ilə heç bir əşya, paltar gətirməmiş, sonuncunun əlində heç nə görməmişdir. 11 dekabr 2020-ci il tarixdə, gecə saat 03:30 radələrində Nofəl Şəhriyar adlı dostuna zəng edib, ona görüşmək istədiyini demiş və olduğu ünvanı Şəhriyara bildirmişdir. Nofəldən bu barədə heç nə soruşmamışdır. Təxminən yarım saat sonra, yəni gecə saat 04 radələrində televizora baxdığı vaxt qapının döyüldüyünü eşitmişdir. Nofəl uzanmış vəziyyətdə olduğundan o, yaxınlaşıb qapını açmış, həmin vaxt qapıda dayanan bir oğlan ona Şəhriyar olduğunu və Nofəl tərəfindən çağırıldığını demişdir. O, Şəhriyarı içəriyə dəvət etmiş, Şəhriyar içəriyə keçib Nofəlin yanına getmiş, Nofəl Şəhriyarı görüb ayağa qalxıb görüşmüş, daha sonra onlar evin otağının sağ tərəfində yerləşən masa arxasında əyləşmişlər. O isə keçib sol tərəfdə olan televizora baxmağa davam etmişdir. Həmin vaxt Nofəlgil söhbət etmişlər. Təxminən 5 dəqiqə sonra onların uca səslə bir-birinin üstünə qışqırdıqlarını görmüşdür. Belə ki, hər ikisi ayağa qalxmış, əvvəlcə Nofəl Şəhriyara gözləməli olduğunu, Şəhriyar isə gözləməyəcəyini demişdir. Nofəl bir daha Şəhriyara gözləyəcəyini demişdir. O, araya girib onları ayırmışdır. Həmin vaxt Şəhriyar Nofələ nalayiq ifadələr işlətmiş, daha sonra bıçaqla Nofəlin kürəyindən vurmuşdur. Bu zaman o, bıçaq zərbəsinin ona dəyməməsi üçün kənara çəkilmişdir. Həmin vaxt Nofəl fənd işlədərək Şəhriyarı yıxmış və sonuncu yıxılarkən əlindən düşən bıçağı Nofəl götürərək Şəhriyarı vurmuşdur. Nofəl Şəhriyarı xəstəxanaya aparmaq istəsə də, Şəhriyar bundan imtina edərək özü gedəcəyini bildirərək evdən çıxmışdır. Daha sonra isə onun ardınca Nofəl evdən çıxıb getmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 10 il ərzində tanışdır, onların yaxın münasibətləri olmuşdur. 11 dekabr 2020-ci il tarixdə, saat 03:30 radələrində Şəhriyarla birlikdə olarkən sonuncuya Nofəl adlı tanışı zəng edərək harasa çağırmış, lakin Şəhriyar nədənsə getmək istəməmişdir. Amma Nofəl dalbadal zəng etdikdə Şəhriyar əsəbləşmiş və ona Nofəlin yanına getməli olduqlarını demişdir. Bundan sonra o, Şəhriyarın idarə etdiyi “Niva» markalı avtomobilinə minərək Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 16 saylı yataqxanaya tərəf getmişlər. Saat 03:40 radələrində ora çatmışlar. Şəhriyar ona maşında oturub gözləməsini tapşırmış, özü Nofəlin yanına yataqxanaya gedib gələcəyini demişdir. O, razılaşıb aşağıda maşında gözləmişdir. Şəhriyar maşından düşərək yataqxanaya daxil olmuşdur. Təxminən 15-20 dəqiqə sonra Şəhriyar qayıtdıqda onun sinəsini sağ əli tutduğunu görmüşdür. Nə baş verdiyini soruşanda, Şəhriyar bıçaqlandığını demiş, maşına oturub maşını idarə etmək istədikdə, halı olmadığı üçün maşını sürüb həyətdən yola tərəf çıxmışlar. Lakin Şəhriyarın vəziyyəti yaxşı olmadığı üçün maşını orada saxlamış, təcili bir maşın saxlayıb onu (Şəhriyarı) xəstəxanaya aparmasını ona demişdir. O, tez maşından düşərək yola çıxıb markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksini saxlamış, daha sonra Şəhriyarın yanına qayıdıb kömək edərək sonuncunu həmin maşına mindirmiş və onlar Sumqayıt şəhər TTYX-na getmişlər. Yolda gedərkən Şəhriyardan qardaşı Cavidin nömrəsini öyrənmiş, taksi sürücüsünün istifadəsində olan mobil telefon nömrəsindən Cavidə zəng edib Şəhriyarın bıçaqlandığını bildirmiş, özünü Sumqayıt şəhər TTYX-na çatdırmasını demişdir. Onlar xəstəxanaya çatmış, Şəhriyarı xəstəxanaya yerləşdirmiş, taksi sürücüsü də çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra Şəhriyarın qardaşı Cavid xəstəxanaya gəlmiş və ondan nə baş verdiyini soruşmuşdur. O da Cavidə az əvvəl Şəhriyarla birlikdə Nofəlgilə getdiklərini, maşında Şəhriyarı gözlədiyini, Şəhriyarın isə Nofəlin yanına yataqxanaya gedib-qayıtdıqdan sonra bıçaqlandığını gördüyünü, lakin Şəhriyarın konkret olaraq kim tərəfindən bıçaqlandığını görmədiyini demişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının 14 yanvar 2021-ci il tarixli, 59 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sağ yarısının boşluğa nüfuz edən kəsilmiş-deşilmiş yarası, sağ budun bayır səthinin kəsilmiş-deşilmiş yarasından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmişdirlər, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, 11.12.2020-ci il tarixdə əmələ gələ bilərdilər. Həmin xəsarətlərdən sağ budun bayır səthinin kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarət, yəni - döş qəfəsinin sağ yarısının boşluğa nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (iş vərəqə: səh. 173-176). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının 18 yanvar 2021-ci il tarixli, 58 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində döş qəfəsinin deşilmiş-kəsilmiş yarası xəsarəti aşkar olunmuşdur ki, həmin xəsarət də dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vərəqə: səh. 170-172). Məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 fevral 2021-ci il tarixli, 381 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl və törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterili məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən hallırı düzgün qavrayıb təsvir etmə və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hərəkətlərinin faktiki xarakterini tam dərk etmək və həmin hadisə zamanı öz hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər (iş vərəqə: səh. 177-179). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü təqsirli bilmiş, müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Həmçinin son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirmiş və törətdiyi əmələ görə cəza təyin edilərkən barəsində olan bütün yüngülləşdirici halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 210-211). Həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdıqlarını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir (iş vərəqə: səh. 156, iş materialları). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs araşdırılan cinayət hadisəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuna zidd hərəkətlərinin təsiri altında törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə günü təqsirləndirilən şəxs Fuad Qasımovun onu da gözləməsini və maşınla aparmasını israr etdiyi üçün sonuncu ilə kobud danışması, nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında sözlə mübahisə yaranmış və bu zaman zərər çəkmiş Zərərçəkmiş şəxs ilk olaraq cibindəki bıçağı çıxardaraq Təqsirləndirilən şəxs vurmağa cəhd etmiş, birinci cəhdi boşa çıxsa da ikinci cəhdində Təqsirləndirilən şəxs döş qəfəsinin deşilmişkəsilmiş yarasından ibarət xəsarət yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş və məhz bundan sonra sonuncu güləş fəndi işlədərək Zərərçəkmiş şəxs yıxmış, yıxılarkən Zərərçəkmiş şəxs əlindən yerə düşən bıçağı götürərək zərər çəkmiş Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan qəsdən ağır bədən xəsarəti yetirmişdir. İbtidai istintaq orqanı tərəfindən zərər çəkmiş Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan tərkib əlamətlərinin olması qənaətinə gəlinmiş, lakin Təqsirləndirilən şəxs tərəfindən heç bir tələb və şikayət olmadığına dair ərizə daxil olduğundan 01.04.2021-ci il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi olan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən hissəvi xitam verilmişdir (iş vərəqə: səh. 261-262). İşdə olan, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil Kommunal sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: səh. 208). Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs dəfələrlə idmanın güləş növü üzrə dünya, Avropa və Azərbaycan çempionatlarında və müxtəlif turnirlərdə yüksək nailiyyətlər əldə etməklə Azərbaycanın idman şərəfini qorumuşdur (iş vərəqə: səh. 214-241). Məhkəmə Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuna zidd hərəkətlərinin təsiri altında törətməsini qüvvədə olan Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, əvvəllər məhkum olunmamasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, peşəkar və perspektivli idmançı olmasını, nəhayət tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin: 59.1.8-ci maddəsinə əsasən cinayətin zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi; 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərdən keçirib belə neticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah oluna biləcəyi mümkündür və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06 yanvar 2021-ci il tarixdə tutulmuş, 08 yanvar 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Müvəqqəti saxlama yerindən azad edilmiş, bundan sonra, 01 fevral 2021-ci il tarixdə tutulmuş və 03 fevral 2021-ci il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Odur ki, ona təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edildiyindən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunan əsas cəza müddətinə hesablanmaqla çıxılmalı və üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası, həmçinin təqsirləndirilən şəxsə təyin olunmalı olan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış "həbs" qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş "həbs" qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə tutulub 08 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, 01 fevral 2021-ci il tarixdə tutulub barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmünün elan olunduğu 06 may 2021-ci il tarixədək fasiləsiz olaraq həbsdə saxlanıldığı 3 (üç) ay 05 (beş) gün – cəmi 3 (üç) ay 07 (yeddi) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar