Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1003/2022 26.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - "A.İ.M" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 13 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə, naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda - 1087,960 qram çəkidə narkotik vasitə heroini əldə etdikdən sonra həmin narkotik vasitə heroinin 17,960 qram hissəsini üzərində, 1070 qram hissəsini isə idarə etdiyi «Chevrolet» markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlayaraq daşımış, 13 oktyabr 2021-ci il tarixdə saat 18:45-də ünvan 3 ünvanın qarşısında saxladığı, idarə etdiyi «Chevrolet» markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında olan zaman Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Nəsimi rayon Polis idarəsinə gətirilmiş, həmin gün saat 20:30-da üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə 17,960 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin gün saat 21:15-də idarə etdiyi «Chevrolet» markalı **-LP- *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən isə avtomobilin arxa yük yerindən bir ədəd selofan torbanın içərisindən 1070 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə saxladığı, üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir. 13 oktyabr 2021-ci il tarixdə o, işdən çıxıb evə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt onun üzərində 17 qram heroin olmuşdur. O, tutulmamışdan 5-6 ay əvvəl narkotik vasitədən istifadə etməyə başlamışdır. Polis əməkdaşları onu saxladıqdan sonra maşının açarını ondan almışlar. Polis əməkdaşları onu Nəsimi rayon polis idarəsinə aparmış, orada hər şeyi boynuna almışdır. O, narkotik vasitəni haradan aldığını polis əməkdaşlarına demişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs onda 17 qram narkotik vasitə olduğunu, lakin tərəzi olmadığını, maşından aşkar olunan 1070 qram narkotik vasitənin və tərəzilərin ona məxsus olmadığını, saxlanılan zaman üzərində 6 bank kartı olduğunu, ona təzyiqlər göstərildiyinə görə maşından aşkar olunmuş narkotik vasitənin də özünə məxsus olduğunu etiraf etdiyini, Bakı İstintaq Təcridxanasına gətirilən zaman həkim müayinəsindən keçirildiyini, həmin vaxt üzərində hər hansı xəsarət izinin müəyyən edilmədiyini, qətimkan tədbiri ilə bağlı işə baxan hakimə narkotik vasitəni öz istifadəsi üçün aldığını dediyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə axşam saat 18:45 radələrində ünvan 4 ünvanının qarşısında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs idarə etdiyi «Chevrolet» markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslər polis əməkdaşı olduqlarını bildirib, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis idarəsinə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə Nəsimi RPİ-yə gəlmişdir. Burada ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və siyahıdan vəkil seçdikdən sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və psixotrop maddə qalıqları varsa təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon, **********210063, **********626704, **********230725, **********521112, **********368984, **********993779 nömrəli plastik bank kartları, 84 manat pul və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Sonra üzərindən aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılmışdır. İş üçün əhəmiyyət kəsb etdiyindən bank kartları və mobil telefon götürülmüş, 84 manat pul və avtomobil açarı isə ona qaytarılmışdır. Verilən şifahi suallara cavab olaraq üzərindən aşkar olunan narkotik vasitə heroini “Orxan dayı» şəxsdən əldə etdiyini, idarə etdiyi avtomobildə də narkotik vasitə saxladığını, həmin avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Onun iştirakı ilə avtomobilinə baxış keçirilmişdir. Bunun üçün müdafiəçi və polis əməkdaşları ilə avtomobilinin olduğu yerə getmişlər. Orada avtomobilinə keçirilən baxış zamanı avtomobilin yük yerində gizlətdiyi sellofan torbanı vermiş və həmin torbadan narkotik vasitə heroin və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş narkotik vasitə heroin və elektron tərəzilər qablaşdırılmışdır. Avtomobildən aşkar olunmuş narkotik vasitə heroini və elektron tərəziləri “Orxan dayı” adlı şəxsdən əldə etmişdir. Daha sonra protokol tərtib olunmuş və iştirakçılar kimi həmin protokolu imzalamışdır. Üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitəni istifadə etmək məqsədilə saxlamışdır (cild 1, iş vərəqi 62-64). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni qismən təsdiq etdiyini, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, CMnin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, avtomobildən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, istintaq vaxtı ona edilmiş təzyiqlər nəticəsində narkotik vasitələrin hamısının özünə məxsus olmasını etiraf etdiyini bildirərək, təzyiqlərin nədən ibarət olduğunu izah edə bilmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirdi ki, 13 oktyabr 2021-ci il tarixdə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla müraciət etmiş, müvafiq icazədən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Əməliyyat qrupuna o, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları Şahid3 və Şahid2 daxil edilmiş və qrupa rəhbərlik ona həvalə olunmuşdur. 13 oktyabr 2021-ci il tarixdə saat 18:45-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində piyada hərəkət edən zaman saxlanılmış, ona özlərini təqdim edərək narkotik vasitələrin əldə edilərək satışında şübhəli olması izah edilmişdir. Bundan sonra onu Nəsimi rayon polis idarəsinə dəvət etmişlər. Kənan idarə etdiyi “Chevrolet” markalı avtomobillə polis idarəsinə gətirilmişdir. Nəsimi RPİ-nin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Kənan əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf selofan torbanı çıxarıb təqdim etmiş, həmin bükümün içərisində spesifik iyə malik toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, 2 gün əvvəl dayısı Orxandan aldığını bildirmişdir. Həmçinin avtomobildə də narkotik vasitə olduğunu əlavə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, 1 ədəd “Samsung” markalı mobil telefon və 84 manat pul, 6 ədəd bank kartları və avtomobil açarı dəsti aşkar olunmuşdur. Heroin, bank kartları və mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüş və avtomobil açarı dəsti və 84 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinə görə, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı avtomobilə də baxış keçirilmiş, bu zaman avtomobilin yük yerindən 1 ədəd torbada heroinə bənzər maddə və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Kənan həmin narkotik vasitənin də dayısı Orxana məxsus olduğunu, 2 gün əvvəl saxlamaq üçün ona verdiyini və geri qaytaracağını bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qimində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3 və Şahid2 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Nəsimi RPİ-nə gətirilməsi, polis idarəsində üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilərkən külli miqdarda narkotik vasitələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, Şahid1 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokola əsasən, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli şalvarının sağ cibində bir ədəd şəffaf selofan torbanın içərisində heroinə bənzər maddə, 1 ədəd “Samsung” markalı mobil telefon, 6 ədəd bank kartları, avtomobil açarı və 84 AZN pul aşkar edilərək götürülmüş, bu zaman Təqsirləndirilən şəxs narkotik vasitəni istifadə etmək məqsədilə üzərində saxladığını, həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə “Orxan” adlı dayısından əldə etdiyini və idarə etdiyi “’’**-LP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin yük yerində də narkotik vasitə saxladığını bildirmişdir (cild 1, iş vərəqi 29-31). Cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus **-LP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin yük yerinə baxış zamanı orada gizlətdiyi 1 ədəd selofan torba aşkar edilərək götürülmüş, həmin torbanın içərisində narkotik vasitə heroinə bənzər maddənin və 2 ədəd elektron tərəzinin olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 34-35). Cinayət işində olan məhkəmə kimyəvi ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 6/4556 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 17,960 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 1 ədəd selofan torbada təmiz çəkisi 1070 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə olan bir ədəd bükümdə və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 1 ədəd selofan torbada qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir və ümumi təmiz çəkisi 1087,960 qram təşkil edir. - Tədqiqata təqdim edilmiş üzərində 2 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 43-46). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli 105 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranmış asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 126-127). İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021 -ci il tarixli 2893 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərininin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 124-125). Cinayət işində olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan **********07 saylı mobil nömrə üzrə hansı şəxslərlə ünsiyyətdə olması, cinayətə və narkotik vasitələrə meylli şəxslərlə əlaqə saxlayıb-saxlamaması, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə kütlələrini haradan əldə etməsi və kimlərə satması, eləcə də, cinayət əməllərinin qarşısı alınanadək hansı anten şəbəkələrində olmasının müəyyən edilməsi məqsədilə "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə sorğu edilən tarixlərdə çoxsaylı telefon danışıqlarının aparıldığı və sms mətnlərinin daxil olduğu müəyyən edilmişdir. Sms mətnlərinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan **********07 saylı mobil nömrəyə **********22 saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə “Qaqa nolar cixanda ya tele baxanda xeber elede mene gelim bir cet ver mene”, **********07 saylı mobil nömrədən **********49 saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə «1,25 falan bəs edər» kimi və bunlara oxşar jarqon sözlərdən istifadə edilməklə çoxsaylı sms mətnləri göndərilmişdir (cild 1, iş vərəqi 109-122). İbtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 17,960 qram narkotik vasitə heroin və sonuncuya məxsus **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 1070 qram narkotik vasitə heroin və 2 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalan ümumilikdə 1087,860 qram narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi hissəsinin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 175-176). İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkündür və Qaradağ rayonu «Qobu park» yaşayış kompleksində anası və bacısı ilə birlikdə yaşayır, onun barəsində Mənzil kommunal istismar sahəsinə heç bir xoşagəlməz məlumat daxil olmamışdır (cild 1, iş vərəqi 183- 184). Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, idarənin sorğu-statistika kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 169-170). Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəsi üçün dəlillər gətirərək, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, avtomobildən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, istintaq vaxtı ona edilmiş təzyiqlər nəticəsində narkotik vasitələrin hamısının özünə məxsus olmasını etiraf etdiyini bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs istintaq zamanı həm şəxsi axtarışı, həm də avtomobilinə baxış zamanı aşkar olunmuş bütün narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etmiş, lakin həmin narkotikləri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs maşından aşkar olunmuş narkotik vasitənin də özünə məxsus olmasını ona göstərilmiş təzyiqlər nəticəsində etiraf etdiyini göstərsə də, həmin təzyiqlərin nədən ibarət olmasını izah edə bilmədi. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, dəfələrlə müxtəlif şəxslərə satması onun adına rəsmiləşdirilmiş və istifadəsində olmuş +994 55 257 06 07 saylı mobil nömrəyə daxil olan və çıxan SMS mətnləri ilə bir daha öz təsdiqini tapır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqlənən ziddiyyətli ifadə verməsini onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 13 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmiiş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan ümumilikdə 1087,860 qram narkotik vasitə heroin və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən narkotik vasitələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd DVD disk və onun istifadəsində olan mobil nömrə kartına dair məlumatları özündə əks etdirən 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarına görə, keçirilmiş ekspertiza tədqiqatı 91 (doxsan bir) manat 76 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 91 (doxsan bir) manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına «A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, vəkil Müdafiəçi ödənilməli olan 100 (yüz) manat pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 105 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranmış asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, həmçinin məcburi müalicəyə əks göstərişi olmadığından Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumilikdə 1087,860 qram narkotik vasitə heroin və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən narkotik vasitələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd DVD disk və onun istifadəsində olan mobil nömrə kartına dair məlumatları özündə əks etdirən 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatının dəyəri olan 91 (doxsan bir) manat 76 qəpik pul pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 100 (yüz) manat məbləğində pul vəsaiti «A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1003/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1003/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver