Məhkəmə qərarları › İş №1(101)-1003/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1003/2025

24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1003/2025 24.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, psixoloq – X2 iştirakı ilə, xx xxxx 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki Abşeron rayonu, Saray qəsəbəsində yaşayan, 08 dekabr 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 02 iyul 2024-cü il tarixdə saat 16 radələrində metronun “Memar Əcəmi” stansiyasının yanında olarkən təsadüfən qarşılaşdığı xx xxxx 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan tanışı Zərərçəkmiş şəxs ona yaxınlaşaraq əvvəlcədən aralarında baş vermiş mübahisə ilə əlaqədar söhbət etmələri məqsədilə ünvan 3 ünvanda yerləşən «Moskva ticarət mərkəzi»nin arxasına dəvət etməsindən sonra orada Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmış mübahisə zamanı sonuncunun onu yumruqla vurması və əvvəlki mübahisə zamanı onun anasının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən qisas almaq niyyətilə üzərində olan soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı turist bıçağı ilə sonuncunun bədən nahiyyəsindən qəsdən vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının arxa divarının boşluğa nüfuz edən hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, “Papanin” ərazisindən keçib şəhərə gedərkən orada Zərərçəkmiş şəxslə rastlaşmışdır. Elmirin yanında başqa şəxslər də olmuş, həmin şəxslər ondan siqaret istədikdə o, siqaretinin olmadığını, məşq etdiyini bildirmişdir. Elmir onu kənara çəkib, təhqir etmiş, yəni ana söyüşü söymüş və vurmuşdur. Bir həftə sonra “Əcəmi” ərazisindən evə gedərkən Elmir yenə onun qarşısına çıxmışdır. O, Elmirə onu təhqir etdiyini bildirərkən Elmir onu yumruqla vurmuş, o da Elmirə bıçaqla xəsarət yetirmişdir.Hal hazırda barışıq əldə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bidirmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəldən dost olmuşlar. Onlar Ayazı “Papanin” ərazisində zarafatlaşıb döydükdən bir həftə sonra Ayaz yenə onunla qarşılaşmışdır. O, yenə Ayazı vurduqdan sonra sonuncu onu bıçaqla vurmuşdur. O, Ayazın anasını zarafatla söymüşdür. Onların arasında barışıqla bağlı notarial qaydada təsdiq edilmiş ərizə mövcuddur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 02 iyul 2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 20:00-da X5 həkim Abbasov tərəfindən Zərərçəkmiş şəxs döş qəfəsinin açıq yarası xəsarəti alması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqə 40). 03 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur ( cild 1, iş vərəqə 29-35). 03 iyul 2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki,bıçaq tiyə və dəstək hissədən ibarət olmaqla, qatlanan bıçaqdır. Bıçağın tiyəsi gümüşü rəngli metaldandır. Bıçağın bir tərəfi küt, digər tərəfi kəsici olmaqla, ucu deşici xassəyə malikdir. Bıçaq kəsici tərəfdən hər iki üzdən itilənmişdir. Tiyənin üzərində oyuq vardır. Bıçağın dəstəyinin əsas hissəsi tiyənin davamı deyildir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur ( cild 1, iş vərəqə 36-37). 09 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 89-92). 12 dekabr 2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus köynək qara rəngdədir, qisaqoludur, üçdüymədir. Köynəyin üzərində geyilmə izləri müşahidə olunur. Köynəyin sol arxa tərəfində bir ədəd dəlib keçən zədə və qana bənzər ləkə vardır.Köynəyin üzərində hər hansı digər zədə izləri aşkar edilməmişdir ( cild 1, iş vərəqə 98). 12 dekabr 2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, şalvar boz rəngli cins materialındandır, şalvarın üzərində geyilmə izləri müşahidə olunur. Şalvarın önündə və arxasında ciblər vardır. Şalvarın üzərində kəmər vardır. Şalvarın arxa səthində qana bənzər ləkə vardır. Şalvarın üzərində zədə aşkar olunmamışdır ( cild 1, iş vərəqə 99). 05 iyul 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir ( cild 1, iş vərəqə 119- 121). 09 avqust 2024-cü il tarixli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu—Oalfabeta /İ/-dir. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək və şalvar üzərində Oalfa,beta /İ/ qruplu insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur ( cild 1, iş vərəqə 134-138). 12 avqust 2024-cü il tarixli məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın arxa səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, o cümlədən qeyd edilən konstruktiv xüsusiyyətə malik bıçağın tiyəsinin təsirindən törənə bilər. Zərərçəkmiş şəxs məxsus cins şalvarın və bir cüt corabın üzərində zədə aşkar olunmamışdır ( cild 1, iş vərəqə 139-142). 22 avqust 2024-cü il tarixli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı dəyişiklik edilməmişdir ( cild 1, iş vərəqə 147-149). 14 avqust 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər döş qəfəsinin sol yarısının arxa divarının boşluğa nüfuz edən hemopnevmotoraksla müşayiət olunan deşilmişkəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti əşyanın ( alətin), ola bilsin bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 02 iyul 2024-cü il tarixə və şəraitə uyğun gəlir, kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqə 152-154). 26 iyul 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamsetik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Söz götürməmək, özünə qarşı hörmət tələb etmək, özünə məxsus mövqeyə və prinsipə malik olmaq və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla etdiyi hərəkətləri adekvat olaraq qavramaq və onların mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Emosional-iradi sferasında, hərəkət və davranışın iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur.Təqsirləndirilən şəxs əqli və psixi inkişafın xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir (cild 1, iş vərəqə 157-159). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 123). 05 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd şalvar, bir ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı Şəhəri Nəsimi rayon Polis İdarəsinə təhvil verilmişdir (cild 1, iş vərəqə 161-166). Cinayət işinin materiallarına əlavə edilmiş 16 yanvar 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, bununla əlaqədar ona qarşı iddia və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmış mübahisə zamanı sonuncunun Təqsirləndirilən şəxs yumruqla vurması və aralarında əvvəl olmuş mübahisə zamanı Zərərçəkmiş şəxs onun anasının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən qisas almaq niyyətilə baş vermişdir. Məhkəmə bu halı əsas götürərək hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsi qənaətinə gəlir. Cəza təyin edərkən məhkəmə hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması kimi cəzasını yüngülləşdirən halların olmasını, barəsində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, hadisə zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Əvvəllər məhkum olunmamışdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd şalvar və bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 148). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 34 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 204 (iki yüz dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd şalvar və bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 34 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 204 (iki yüz dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar