Məhkəmə qərarları › İş №1(101)-1004/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1004/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1004/2020 15.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X3 və ədliyyə müşaviri Dövlət ittihamçısı,müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili X4, Zərərçəkmiş şəxs1 iştirakları ilə, « 15 » oktyabr 2020-ci il Bakı şəhərində xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 23:47 dəqiqədə ünvan 2 saylı ünvanda yerləşən “BRAVO” marketin qarşısına gəlmiş, bu vaxt həmin marketin qarşısında dayanmış İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi **-LA-*** dövlət qeydiyyat nişanlı “TOYOTA PRADO” markalı avtomobilə yaxınlaşaraq avtomobilin arxa qapısını açıb içəri daxil olmuş və özü ilə gətirdiyi silah qismində istifadə etdiyi bıçağı çıxarıb sürücü oturacağında əyləşmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs1 boyun nahiyəsinə dirəyib sonuncunun həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməklə pul tələb edərək quldurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanında yerləşən “BRAVO” marketə müştəri qismində daxil olaraq, həmin marketdə alış-veriş edən Zərərçəkmiş şəxs2 diqqətinin yayınmasından istifadə edib, sonuncunun nəzarətsiz qoyduğu müştərilər üçün nəzərdə tutulmuş yük arabasının içərisindən pul kisəsini görüb onu ələ keçirmək niyyəti ilə marketdən götürdüyü yük arabasını Zərərçəkmiş şəxs2 yük arabasının yanına gətirərək saxlayıb içərisində sonuncuya məxsus pul kisəsi olan yük arabasını götürərək oradan uzaqlaşmış və pul kisəsinin içərisindən Zərərçəkmiş şəxs2 məxsus olan 200 manat məbləğində nəğd pulu, 01 ədəd qiyməti 3 manat olan “Bank Respublika”-ya aid bank kartını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 203 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, narkotik vasitə istifadəçisidir. Maddi vəziyyəti ilə əlaqədar tanımadığı şəxsləri bıçaqla qorxudub pul almaq qərarına gəlmişdir. Bunun üçün xx xxx 2020-ci il tarixdə saat 20 radələrində Xətai rayonu, Babək prospektində yerləşən “BRAVO” marketin qarşısına gəlmiş, evdən çıxarkən tapdığı bıçağı özü ilə götürmüş və həmin bıçağı əynindəki gödəkçənin sağ yan cibində saxlamışdır. Həmin marketin qarşısında saxlanmış avtomobillərin yanında gəzişməyə başlamış, saat 23 radələrində “TOYOTO PRADO” markalı, qara rəngli avtomobilin “BRAVO” marketin qarşısında saxlandığını görmüşdür. Həmin avtomobilə yaxınlaşmış və içərisinə baxmışdır. Yaxına gəldikdə avtomobilin salonunda sürücü oturacağında bir nəfər şəxsin oturduğunu görmüş, şəxs əlində olan mobil telefona baxırdı. O həmin şəxsi bıçaqla qorxudub, pul tələb etmək məqsədilə avtomobilin sürücü oturacağı tərəfdən arxa qapısını açmış və içəriyə daxil olub, dərhal qapını bağlamışdır. Avtomobilin içərisində olarkən bıçağı sürücünün sağ boyun nahiyəsinə yaxınlaşdırmış və pulunu tələb etmişdir. Həmin şəxs sürücü oturacağının qapısını açıb küçəyə çıxmışdır. O isə avtomobilin arxa sağ qapısı açılmadığından sol qapıdan çıxmağa cəhd etmiş, lakin sürücü əlləri ilə arxa sol qapını tutmuşdur. O dərhal sürücü oturacağına keçmişdir ki, qabaq qapıdan çıxsın. Bu zaman sürücü özü qapını açmış, o isə küçəyə çıxmışdır. O çıxarkən küçəyə bir neçə tanımadığı şəxs yığılmışdır. Həmin şəxslərin onu tutmasından qorxub sürücüyə bildirmişdir ki, “bəsdi qızlara sataşdız” və əlindəki bıçağı ona yönəldərək onun ardınca getməyə başlamışdır. Sürücü isə arxaya doğru hərəkət edib uzaqlaşdı. Onlar avtomobilin ətrafında iki dəfə dövrə vurmuş və sürücü bu zaman yerə yıxılmışdır. Daha sonra sürücü əynindəki gödəkçəni çıxarıb ona doğru tullamışdır. O ətrafdakı insanların çoxalmasını görüb həmin yerdən Babək prospekti istiqamətində getmiş, tanımadığı taksi saxlayıb yaşadığı mənzilə getmişdir. xx xxx 2020-ci il tarixdə saat 18 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən “BRAVO” marketin qarşısına gəlmiş və müştəri qismində mağazaya daxil olmuşdur. Mağazada olarkən bir ədəd əl arabası götürmüş və heç kimi şübhələndirməmək üçün içərisinə müxtəlif çeşidli ərzaq məhsulları qoyaraq mağazada əl arabası ilə gəzişməyə başlamışdır. Mağazadakı meyvə-tərəvəz bölməsinin yaxınlığına gəldikdə görmüş ki, tanımadığı əynində qırmızı rəngli köynək olan qadın meyvə və tərəvəzlərə baxır və özü ilə gətirdiyi əl arabasını isə arxa tərəfində saxlamışdır. O bir az yaxınlaşdıqda görmüşdür ki, həmin arabanın içərisində ərzaq məhsulları və həmin ərzaq məhsullarının altında bir ədəd tünd rəngli pul kisəsi vardır. O həmin qadının diqqətinin yayınmasından istifadə edib həmin pul kisəsini əl arabasının içərisində birlikdə aparmaq qərarına gəlmiş, götürdüyü əl arabasını həmin qadının saxladığı əl arabasının yanında saxlamış və guya arabasını səhv salmışdır səhnəsini yaradaraq onun arabasını aparmışdır. O həmin qadının əl arabasını mağazadakı kassanın yanına aparmış və içərisində olan pul kisəsini götürüb mağazadan küçəyə çıxmışdır. O küçədə həmin pul kisəsinin içərisinə baxmış və görmüş ki, pul kisəsinin içərisində 160 manat məbləğində nağd pul, X2 məxsus bir ədəd şəxsiyyət vəsiqəsi, həmçinin həmin şəxsə məxsus bir ədəd sürücülük vəsiqəsi, nömrəsini və markasını xatırlamadığı avtomobilin bir ədəd qeydiyyat şəhadətnaməsi, müxtəlif market kartları və bir ədəd “BANK RESPUBLİKA” a aid bank kartı var idi. O həmin pul kisəsindən nağd pulların hamısını və eləcə də həmin bank kartını götürüb əynindəki şalvarın cibinə qoymuşdur. Daha sonra pul kisəsi və içərisindəki sənədlər ona lazım olmadığından qərara gəlmiş ki, həmin qadına qaytarsın. Bu zaman mağazanın qarşısında olan iki nəfər tanımadığı azyaşlı oğlan uşaqlarına yaxınlaşmış və pul kisəsini içərisindəki sənədlərlə birlikdə verərək mağazanın içərisində tanışı olan qırmızı rəngli köynək geyinmiş qadına çatdırmaqlarını xahiş etmiş və yaşadığı mənzilə getmişdir. Həmin pulları o şəxsi ehtiyacları üçün müxtəlif yerlərdə xərcləmişdir. Həmin bank kartından pul çıxarmaq üçün həmin gün saat 20 radələrində yaşadığı mənzilin yaxınlığında yerləşən “BANK RESPUBLİKA” ya aid bankomatın qarşısına getmiş və həmin kartı bankomata daxil etmiş, pul kisəsindən həmin kartın yanında olan və üzərində dörd rəqəmli kod yazılmış kağızda olan rəqəmləri bankomata daxil etdikdə bankomat kartı saxlamışdır. Bir müddətdən sonra polis əməkdaşları yaşadığı mənzilə gəlmiş və onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. O polis şöbəsində törətdiyi cinayətləri etiraf etmiş və həmin bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 23 radələrində o yaşadığı mənzildən alış-veriş etmək məqsədi ilə özünə məxsus **-LA-*** dövlət qeydiyyat nişanlı, qara rəngli “TOYOTO PRADO” markalı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “BRAVO” marketə gəlmişdir. Avtomobili marketin qarşısında saxlamış və özü də avtomobilin sürücü oturacağında oturub mobil telefonundan xəbər saytına girərək xəbərləri izlədiyi zaman avtomobilin arxa qapısının açıldığını eşitmiş və kiminsə avtomobilə daxil olduğunu hiss etmişdir. Arxaya baxmaq istəyərkən avtomobilə daxil olmuş tanımadığı şəxs buna imkan verməmiş, onun boynunun sağ nahiyəsinə bıçaq dirəmiş, ona pulun və nəyi varsa verməyini demişdir. O həmin şəxsə bildirmişdir ki, bıçağı aşağıya salsın pul verir. Bu anda həmin şəxs biraz arxaya tərəf çəkilmişdir. O bu şəraitdən istifadə edib dərhal sürücü oturacağı tərəfdən qapını açıb küçəyə çıxmışdır. Küçədə o səs-küy salmağa başlamış ki, ona kömək etsinlər. Bu zaman həmin şəxs avtomobildən qaçmağa cəhd etmişdir. Lakin onun avtomobilinin həmin qapısı nasaz olduğundan və içəri tərəfdən açılmadığından həmin şəxs buna müvəffəq olmamışdır. Bundan sonra həmin şəxs az əvvəl daxil olduğu qapıdan çıxmaq istəmiş, lakin o buna imkan verməmiş, əlləri ilə həmin qapını tutmuşdur. Bundan sonra həmin şəxs onun oturduğu sürücü touracağına keçmiş, avtomobilin açarı üstündə olduğundan narahat olmuş və özü sürücü oturacağı tərəfdən qapını açmış və həmin şəxs küçəyə çıxmışdır. Həmin şəxs küçəyə çıxdıqdan sonra qəflətən ona doğru gəlmiş və sağ əlindəki həmin bıçala onu bir neçə dəfə vurmağa cəhd edərək onun bacısına sataşmağımı demişdir. O arxaya doğru hərəkət etmiş, həmin şəxs isə onun ardınca hərəkət etməyə davam etmişdir. Onlar iki dəfə avtomobili dövrə vurmuşlar. Bu zaman o əynindəki gödəkçəni özünü müdafiə etməkdən və bıçaqdan qorunmaqdan ötrü çıxarmış və həmin şəxsə doğru atmış, arxaya hərəkət edərkən yerə arxası üstə yıxılmışdır. Həmin şəxs isə yenidən onun üstünə gəlməyə davam etmiş, ətrafdakı insanların çoxaldığını görmüş və oranı tərk etmişdir. O mobil nömrəsini həmin mağazanın tanımadığı mühafizəçisinə vermiş və avtomobilinə əyləşərək yaşadığı evə getmişdir. Sabahsı gün polis əməkaşları ona zəng edərərək Xətai RPİnin 37-ci PŞ-nə dəvət etmişlər. O həmin şöbəyə gələrək olmuş hadisə barədə ərizə və izahat vermişdir. Hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir və o həmin şəxsə heç bir nağd pul və ya digər əmlak verməmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı mənzildən çıxıb özünə məxsus **-NL-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” markalı avtomobil vasitəsi ilə tək olaraq ünvan 3 ünvanında yerləşən “Bravo” marketə alış-veriş etmək məqsədi ilə getmişdir. Avtomobilini həmin marketin qarşısındakı dayanacaqda saxlayıb, piyada marketə daxil olmuşdur. Marketdən bir ədəd arabanı götürüb ərzaq məhsullarının yerləşdirildiyi piştaxtalara yaxınlaşmışdır. Bir neçə ərzaq məhsulunu seçib arabaya qoymuşdur. Həmçinin özünə məxsus içərisində onun bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd özünə məxsus **-NL-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” markalı avtomobilin qeydiyyat şəhadətnaməsi, bir ədəd “BİZİM MARKET”ə aid kart, bir ədəd özünə məxsus “B” kateqoriyalı sürücülük vəsiqəsi, bir ədəd “VİTA” aptekə məxsus vizitka, bir ədəd “BALLİ” marketə məxsus kart, bir ədəd “HAPPY LAND” əyləncə mərkəzinə məxsus kart, bir ədəd “BANK RESPUBLİKA” ya aid onun adına olan və balansında pul olmayan bank kartı və 200 manat məbləğində biri 100-lük əskinaz digərləri isə 5, 10 və 20-lik əskinazlardan ibarət pul olan əl çantasını həmin arabaya qoymuşdur. Meyvə tərəvəz bölməsinin qarşısında olarkən götürdüyü arabanı yanında saxlamış və özü isə ayrılaraq meyvə və tərəvəzlərə baxırdı. Təxminən bir–iki dəqiqə sonra o mağazanın meyvə-tərəvəz bölməsindən sellafanda tərəvəz götürüb arabaya qoymaq istəyərkən həmin arabanı saxladığı yerdə aşkar etməmişdir. O düşünmüş ki, kimsə səhvən onun arabasını götürüb, ona görə də mağazada olan tanımadığı mühafizəçiyə yaxınlaşmış və bu barədə ona bildirmişdir. Mühafizəçi kameraya baxdıqdan sonra ona bildirmiş ki, bir nəfər şəxs o meyvə tərəvəz bölməsində meyvələri seçərkən yanında saxladığı arbanı onun diqqətinin yayınmağından istifadə edib aparır. O oğurluq hadisəsi baş verdiyini anlayıb, bu barədə 102 Zəng mərkəzinə zəng edib məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra o mağazada olarkən iki nəfər tanımadığı azyaşlı oğlan uşaqları yaxınlaşaraq ona məxsus olan əl çantasını vermişlər və bildirmişlər ki, bir nəfər cavan oğlan həmin əl çantasını onlara vermiş və onu göstərərək demişdir ki, o guya pul kisəsini götürən şəxsin anasıdır və özünü pis hiss etdiyindən evə getməlidir, ona görə də əl çantasını ona çatdırmaqlarını xahiş etmişdir. O həmin əl çantasını açdıqda görmüş ki, içərisində olan qeyd etdiyi 200 manat məbləğində pul və “BANK RESPUBLİKA” ya aid onun adına olan və balansında pul olmayan bank kart yoxdur. O əl çantasını özü ilə götürmüşdür. Bir qədər sonra mühafizəçi onun götürdüyü arabanı mağazanın içərisindən taparaq gətirmişdir. Arabanın içərisində o qoyduğu bütün ərzaq məhsullarını aşkar etmişdir. Daha sonra polis əməkdaşları gəlmişlər və onu polis şöbəsinə dəvət etmişlər. O şöbədə bu barədə ərizə və izahat vermiş, lakin “BANK RESPUBLİKA” ya aid onun adına olan və balansında pul olmayan bank kartının həmin əl çantasında olduğunu həyacanlı olduğundan unutmuşdur. Zərərçəkmiş şəxs2 teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı iddia və tələbi yoxdur,ona təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “BRAVO” marketdə mühafizə rəisinin müavini vəzifəsində çalışır. xx xxx 2020-ci il tarixdə saat 18 radələrində “BRAVO” marketdə olarkən bir nəfər müştəri ona yaxınlaşmış və bildirmiş ki, kimsə onun əl arabasını səhv götürmüşdür. O marketin içərisində quraşdırılmış kameraların yaddaşına baxmış və müəyyən etmişdir ki, həmin qadın marketdəki meyvə-tərəvəz bölməsinin qarşısında dayanıb meyvə seçərkən özü ilə gətirdiyi arabanı arxası tərəfdə saxlayır. Bir nəfər başında kepka olan saqqallı cavan oğlan isə onun diqqətinin yayınmasından istifadə edib özü ilə gətirdiyi arabanı həmin qadının saxladığı arabanın yanına qoyaraq sonuncunun arabasını aparmışdır. O bunun oğurluq faktı olmasını həmin qadına bildirmişdir. Həmin qadından həmçinin arabanın içərisində nə olmasını soruşduqda o bildirmişdir ki, həmin arabada ona məxsus içərisində sənədlər və 200 manat məbləğində pul olan pul kisəsi və mağazadan götürüdüyü ərzaq məhsulları var idi. Bundan sonra o mağazada həmin arabanı axtarmağa başlamışdır. Çox keçmədiki o giriş qapısının yaxınlığında sahibsiz araba müəyyən etmiş, arabanı qadına göstərmişdir. Qadın arabaya baxdıqdan sonra bildirmişdir ki, onun arabasıdır və götürdüyü bütün məhsullar yerindədir. Lakin pul kisəsi arabada yoxdur. Bununla bağlı həmin qadın 102 zəng mərkəzinə bu barədə məlumat vermişdir. Onlar küçəyə çıxıb polis əməkdaşlarını gözləyərkən iki azyaşlı əvvəllər tanımadığı oğlan uşaqları onlara yaxınlaşmış və həmin qadına bildirmişlər ki, bir nəfər tanımadıqları cavan oğlan onlara yaxınlaşaraq anasının “BRAVO” marketdə kassa önündə gözlədiyini, onun isə özünü pis hiss etdiyi evə getmək məcburiyyətində olduğunu deyib pul kisəsinin anasına çatdırmaqlarını xahiş etmiş və pul kisəsini uşaqlar qadına vermişlər. Qadın pul kisəsini götürüb içərisinə baxmış və bildirmişdir ki, ona məxsus 200 manat məbləğində pul yoxdur və bir ədəd ona məxsus “BANK RESPUBLİKA” ya aid bank kartı oğurlanmış,digər sənədlər isə yerindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 23 radələrində işlədiyi Xətai rayonu, N.Rəfiyev küçəsi 29 ünvanında yerləşən “Bravo” marketin qarşısında yerləşən avtodayanacaqdan səs-küy eşitmiş və küçəyə çıxdıqda dayanacaqda saxlanmış qara rəngli “Prado” markalıə avtomobilin yanında təxminən 7-8 nəfər şəxsin toplaşdığını görmüşdür. O dərhal oraya getmiş və görmüşdür ki, bir nəfər üzü saqqallı, başında kepka olan cavan oğlan əlində bıçaq tutaraq digər dolu bədən quruluşlu nisbətən yaşlı olan şəxsə onun bacısına sataşdığı üçün onu hədələyir. Yaşlı şəxs qaçaraq əynindəki gödəkçəni çıxarıb, xəsarət almaması üçün əli bıçaqlı şəxsə tərəf tulladı. Bununla da onlar maşın ətrafında bir neçə dəfə dövriyyə vurdular və yaşlı olan şəxs yerə yıxıldı. Ətrafdakı şəxslər dava-dalaşın namus üstündə baş verdiyini düşünüb, əli bıçaqlı şəxsi sözlərlə sakitləşdirməyə çağırırdılar, sonra əlində bıçaq olan şəxs qəflətən oradan qaçmışdır. O yerdə yıxılmış vəziyyətdə olan şəxsə köməklik edərkən, həmin şəxs digər şəxsin onun avtomobilinə daxil olub, bıçaqla onu hədələyərək pul tələb etdiyini bildirmişdir.. O həmin şəxsin ləhcəsindən İran İslam Respublikasının vətəndaşı olduğunu anlamış və ona bu barədə polisə müraciət etməsini tövsiyyə etmişdir. Lakin həmin şəxs mobil nömrəsini verib, oradan avtomobili ilə uzaqlaşmışdır. Növbəti gün o həmin nömrəni işçiləri mağaza müdiri Orxan Kazımova vermiş ki, polis əməkdaşlarına məlumat versin. Məhkəmə-ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3/467 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 01(bir) ədəd bıçaq kustar üsulu hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilmir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 614 saylı rəyindən görünür ki, Vət, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarət və xəsarət izləri müəyyən edilmədi. Məhkəmə-portret, məhkəmə-videotexniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3/512; 5/315 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “CD-R” və “DVD-R” tipli disklərdəki fayıllarda əks olunmuş kişi və qadın cinsli şəxslərin, o cümlədən istintaq üçün zəruri zəruri olan kişi cinsli şəxsin xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, gözləri, göz yanaqları, göz qapaqları, burnu, qaşları, qulqa seyvanları, çənəsi) tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır; -Tədqiqata təqdim edilmiş üç ədəd rəngli fotoşəkildə fasdan, sağ və sol profillərdən əks olunmuş kişi cinsli şəxsin xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yanaqları, göz qapaqları, burnu, qaşları, qulaq sevanları, çənəsi) tam və aydın əks olunduğundan müqayisəli tədqiqat üçün yararlıdır; -Tədqiqata təqdim edilmiş “CD-R” və “DVD-R” tipli disklərdəki fayllarda əks olunmuş kişi və qadın cinsli şəxslərin, o cümlədən istintaq üçün zəruri olan kişi cinsi şəxsin xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, burnu, qaşları, qulaq seyvanları, çənəsi) müqayisəli tədqiqat üçün yararsız olduğundan eksperimental fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüş elementlərinin tədqiqi və onun “CD” və “DVD-R” tipli disklərdəki fayllarda əks olunmuş kişi şəxslər ilə müqayisə tədqiqatı aparılmadı; -Təqdim edilmiş 01 ədəd “Verbatim” markalı “CD” tipli diskdə “hadisə ani” adlı, 01 ədəd “VİD_20200508_151544” adlı, 01 ədəd “VİD-20200510-WA0001” adlı, 01 ədəd “VİD-20200510-WA0003” adlı və 01 ədəd “Verbatim” markalı “DVD” tipli diskdə “USKT7486” adlı “*. mp4” formatında tərtib olunmuş videoçəkilişlərdə texniki müdaxilə və düzəliş izləri aşkar edilmədi; -Təqdim edilmiş 03 ədəd fototəsvirdə kəsilmə, əlavə, tamlığı pozan digər əlamətlər müəyyən edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1856 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddələr ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Xətai RPİ-də saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 264 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Bakı şəhəri, Xətai RPİ-də saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri 264 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar