Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1004/2022 20.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və rusazərbaycan dilləri üzrə tərcüməçi X1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, milliyyətcə tatar, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 ünvanda yaşamış, 17 fevral 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 fevral 2021-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, 17 iyun 2021-ci il tarixdə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş, 29 dekabr 2021-ci il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmiş, 28 yanvar 2022-ci il tarixdə tutulmuş, faktiki 28 yanvar 2022-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən külli miqdarda narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 17 fevral 2021-ci il tarixdə, saat 18:05 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 17 saylı evin 11 nömrəli mənzilinin qarşısında saxlanılıb ünvan 2 ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına aparılaraq videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,692 qram təşkil edən narkotik maddə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının qənaətinə görə qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – bir ədəd bükümdə təmiz çəkisi 2,692 qram təşkil edən heroin narkotik vasitəsini əldə edib daşıyaraq üzərində saxlamış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 17 fevral 2021-ci il tarixdə, saat 18:05 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 17 saylı evin 11 nömrəli mənzilinin qarşısında saxlanılıb ünvan 2 ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına aparılaraq videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,692 qram təşkil edən narkotik maddə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edib göstərdi ki, milliyətcə tatardır, Bakı şəhərində rus dilində orta təhsil almış və Suraxanı rayonunda yaşamışdır. Son bir neçə il ərzində problemləri olduğu üçün narkotik vasitə olan heron kimi tanıdığı maddədən istifadə etmiş, əhval-ruhiyyəsini yaxşılaşdırmaq istəmişdir. Narkotik vasitələri Suraxanı qəsəbəsi ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı bir nəfər kişidən pulla alaraq əldə etmişdir. 17 fevral 2021-ci il tarixdə yaşadığı evdən çıxaraq Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisinə getmiş, daima narkotik vasitə aldığı həmin şəxslə görüşmüş və ondan narkotik vasitə istəmişdir. Həmin şəxs bir qədər dayanıb ətrafa baxdıqdan sonra 10 manat pul müqabilində ona bir büküdə heroin satmışdır. O, həmin bükülünü əynində olan cins şalvarının sağ yan cibinə qoymuş, sonra özünün yaşadığı ev istiqamətdə getməyə başlamışdır. Saat təxminən 18:05 radələrində yaşadığı evin qarşısına çatan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O da özünü təqdim etmiş və nəyə görə saxlanıldığını soruşmuşdur. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və Polis İdarəsinə getmək təklif olunmuşdur. O, da heç bir etiraz etməyərək polisin təklifini qəbul etmiş və birlikdə Suraxanı RPİ-yə getmişlər. Polis idarəsinə gedərkən bir bükümdə aldığı narkotik vasitə üzərində olmuş, istifadə etməmiş, belə ki, buna imkanı olmamışdır. İdarədə xidməti otaqların birinə vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və sonra üzərində vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla axtarış aparılmışdır. Axtarış zamanı ona üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O, da özü könüllü olaraq sağ yan cibində saxladığı bir ədəd içərisində narkotik vasitə olan bükümü çıxarıb təqdim etmişdir. Suallara cavab olaraq o, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni həmin gün özünün şəxsi istifadəsi üçün Suraxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunsuz heç bir əşya müəyyən olunmamışdır. Ondan aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş, protokolun düzgün tərtib edildiyi üçün o, və iştirakçılar protokolu imzalamışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, narkotik vasitəni heç kimə satmaq və ya vermək niyyəti ilə əldə etməmiş, heç kimə narkotik vasitə satmamış, narkotik vasitəni yalnız özünün istifadəsi üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı növdən olan narkotik vasitə saxlamamış və ya narkortik tərkibli bitkilər əkməmişdir. Narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatlı olmuşdur. Narkotik vasitəni aldığı şəxs haqqında heç bir məlumata sahib deyildir. Həmin şəxs kişi olmuş, onu üzdən tanımış, lakin onun barəsində başqa məlumata sahib olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilərkən verdiyi ifadəsini bir daha təsdiq edib göstərdi ki, 17 fevral 2021-ci i tarixdə Təqsirləndirilən şəxs narkotik maddələri qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə RPİ-nin rəhbərliyinə raportla məruzə etmiş və onun özündən və Suraxanı RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 18:05 radəsində ünvan 4 ünvanının qarşısında hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onla özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, onun narkotik maddələrin istifadəsi və üzərində saxlamasında şübhəli olduğu deyilmiş və üzərində şəxsi axtarış həyata keçirilməsi üçün Suraxanı RPİ-yə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Polis İdarəsinə getmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və Suraxanı RPİ-yə aparılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Reqina Xəlilovna əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, təhqiqatçının suallarına cavab olaraq təqdim etdiyi bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, özünə məxsus olduğunu, həmin narkotik vasitəni Suraxanı rayonu, Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 10 manata özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmamışdır. Məlumatda onun qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadəsi ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs narkortik vasitələrin satışı ilə məşğul olması və ya konkret olaraq kiməsə satması, çatış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsi barədə məlumat əldə edə bilməmiş, onlar tərəfindən keçirilmiş sonrakı tədbirlər də müsbət nəticə verməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid2 həmkarı – Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmadığını, onun narkortik vasitələrin satışı ilə məşğul olması və ya konkret olaraq kiməsə satması, çatış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsi barədə məlumat əldə edə bilmədiklərini, həmçinin keçirilmiş sonrakı tədbirlərin müsbət nəticə vermədiyini bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 30 avqust 2021-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində «Xiaomi Mİ 9 T» markalı mobil telefondan istifadə olunmaqla videoçəkiliş müşaiyəti ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızı bükümündə heroin narkotik vasitəsinə bənzər maddə aşkar edilərək götürülmüş, heroin narkotik vasitəsinə şübhəli maddə olduğu müəyyən edilmiş bir ədəd büküm götürülərək qablaşdırılmış, Suraxanı RPİ-yə məxsus 45 saylı möhürlə möhürlənmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, yekunda tərtib olunan protokol və şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd CD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.31-32). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “diskə baxış keçirilməsi haqqında” 24 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 17 2021-ci il tarixli protokolun məzmununa uyğun olub, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində dövlət hesabına təyin edilmiş müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsini, əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsinin təklif olunması, Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarınsağ yan cibindən bir ədəd siqaret kağızı bükümündə bükümü çıxarıb təqdim etməsi və içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik maddəni üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirməsi prosesini özündə ehtiva etmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs götürülmüş həmin büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilmiş, lakin onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Yekunda şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçtirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: cild İ, səh.89). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» və “diskə baxış keçirilməsi haqqında” protokolların məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir(cinayət işinin materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2021-ci il tarixli, 6/710 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N 45” dairəvi möhür əksi, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə...” yazılan zərfdə olan qəhvəyi rəngli, tozşəkilli maddə narkotik vasitə - heroindir, təmiz çəkisi 2,692 qram təşkil edir. Tədqiq olunan rəydən görünür ki, heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: cild İ, səh.38-43). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 11 mart 2021-ci il tarixli, 768 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.99- 100). İbtidai istintaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş ümumilikdə təmiz çəkisi 2,692 qram təşkil edən heroin narkotik vasitə üzrə maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,642 qram hissəsi saxlanılması üçün Suraxanı RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk sübut növü qismində cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 114-119). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini külli miqdarda əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və CPM-nin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin baxılan cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Polis İdarəsinin rəhbərliyinə ünvanlanmış 17 fevral 2021-ci il tarixli raportun, eyni şəxs tərəfindən qəbul edilmiş və Polis İdarəsinin rəhbəri tərəfindən təsdiq edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” eyni tarixli qərarın, həmçinin əməliyyat qrupunun təşkil edilməsi haqqında eyni tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələri qanunsuz olaraq saxlaması və istifadə etməsi barədə olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan, əməliyyat məlumatının məzmununu özündə ehtiva edən həmin sənədlərdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamasından və ya daşımasından və ya eyni əməli təkbaşına və ya qeyriləri ilə cinayət əlaqəsinə girməklə külli miqdarda törətməsindən ümumiyyətlə bəhs olunmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan 30 avqust 2021-ci il tarixli qərarın və eyni tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar yazılmış 30 avqust 2021-ci il tarixli raportun və “şəxsi axtarış və götürmə aparılması haqqında” eyni tarixli protokolun məzmunundan görünür ki, həmin sənədlərdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamasında və istifadəsində şübhəli şəxs qismində saxlanıldığı qeyd olunmuş, tədqiq olunan həmin sənədlərdə onun satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və daşıması barədə heç bir qeyd müəyyən edilməmişdir. İşdə olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərarından isə görünür ki, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 17 fevral 2021-ci il tarixli qərarı qanuni sayılmışdır. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq olunan materiallarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında toplanmış materiallar üzrə cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və buna əsas Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanılması, istifadəsi və daşınmasında şübhəli olması və ondan bir ədəd bükümdə cəmi 2,692 qram heroin narkotik vasitəsi aşkar edilib götürülməsi olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 19 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və eyni tarixli qərarla Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin əməlin tövsif edilməsi haqqında 19 fevral 2021-ci il tarixli həmin qərardan görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edərkən heç bir sübuta istinad etməmiş, əməlin tövsifini əsaslandırmamışdır. İstər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu, satış məqsədilə qanunsuz olaraq narkortik vasitələri əldə edib saxladığını və daşıdığını, həmçinin eyni məqsədlə qeyriləri ilə cinayət əlaqəsinə girdiyini göstərməmiş, ifadələrində narkoman olduğunu, narkotik vasitələri yalnız özünün şəxsi istifadəsi məqsədilə əldə edib saxladığını və daşıdığını bildirmişdir. İbtidai istintaq orqanının sübut növü kimi qiymətləndirdiyi, şahidlər - Suraxanı RPİnin NMB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduqları və məhkəmə baxışı zamanı tədqiq olunan ifadələrində Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının onun narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlaması və istifadə etməsi barədə olması qeyd olunmuşdur ki, adı çəkilən şahidlər məhkəmə istintaqı zamanı da verdikləri ifadələrində eyni xüsusatları bir daha təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmadığını, onun narkortik vasitələrin satışı ilə məşğul olması və ya konkret olaraq kiməsə satması, çatış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsi barədə məlumat əldə edə bilmədiklərini, həmçinin keçirilmiş sonrakı tədbirlərin müsbət nəticə vermədiyini göstərilmişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2021-ci il tarixli, 6/710 saylı ekspert rəyinin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın sübut etmə predmetinə gəldikdə isə məhkəmə qeyd edir ki, tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizalarının həmin rəyi təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin növünün, tərkibinin və kütləsinin müəyyənləşdirilməsinə dair hissədə sübut əhəmiyyətinə malikdir və bu rəylər Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə edib saxlamasını, daşımasını və s. təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, yuxarıda göstərildiyi kimi, ibtidai istintaq orqanı həm də məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının rəyini Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın təsdiqi üçün sübut əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir ki, tədqiq olunan həmin rəy ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsini özündə ehtiva edir, yəni təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin olub-olmaması, belə bir xəstəlik müəyyən olunduğu təqdirdə isə şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli tədbirlərin tətbiq edilib-edilməməsi məsələsi məhkəmə tərəfindən həmin rəyin nəticəsinə uyğun həll edilir. Odur ki, bu rəydən təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını, daşımasını və s. təsdiq edən sübut kimi istifadə oluna bilməz. Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat tapşırığına 20 aprel 2021-ci il tarixli, 097-3182-1221 saylı cavab məktubundan görünür ki, görülmüş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, həmçinin əməliyyat tədbirləri müsbət nəticə verməmiş, yəni Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamasını və daşımasını müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan 22 aprel 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işindən sonuncunun əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ayrıca icraatda ********* saylı cinayət işi ayrıldığı müəyyən edilmişdir. Daha sonra, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməmiş, həmin ünvanda axtarış aparılmamış, ünvandan hər hansı növdən olan narkotik vasitələr aşkar edilməmiş, o, narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının 11 mart 2021-ci il tarixli, 768 saylı rəyindən də göründüyü kimi, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan həmin rəyin təsviri hissəsindən göründüyü kimi, Təqsirləndirilən şəxs tədqiqat aparılarkən ekspertlərə 2 il ərzində heroin narkotik vasitəsindən ineksiya yolu ilə, metamfetamin psixotrop maddəsini isə yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini etiraf etmişdir (iş vərəqə: cild İ, 99-100). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilb götürülmüş heroin narkotik vasitəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyn edilməmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib bir ədəd bükümdə götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 2,692 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil edir və bu miqdar qanunla müəyyən olunan külli miqdar həddini az bir miqdar fərqlə aşmışdır. Lakin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 2,692 qram olmaqla külli miqdar təşkil etməsi, bu miqdar narkotik vasitənin bir ədəd bükümdə aşkar edilib götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməlidir və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Qeyd olunan həmin qərardan da göründüyü kimi, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin və ya psixotrop maddənin tək kütləsinin külli miqdar təşkil etməsi və bir ədəd bükümdə olması onun narkotik vasitələri və ya psixotrop maddələri satmaq niyyətində olması qənaətinə gəlməyə əsas vermir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Araşdırmaya əsasən məhkəmə qeyd ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 2,692 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması məhkəmə baxışı nəticəsində təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması öz təstiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar edilib götürülən heroin narkotik vasitəsinin bir ədəd bükümdə olmaqla külli miqdar meyarına, istintaqçının özünün hüquq düşüncəsinə, fərziyyə və şübhələrinə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifi məsələsinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla sonuncu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs X4 əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, 108). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs X3 himayəsində 2009-cu il təvəllüdlü bir nəfər azyaşlı qızı vardır (iş vərəqə: cild İ, 113). Təqsirləndirilən şəxs X4 yaşayfış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, 103). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, əvvəllər məhkum olunmamasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 11 mart 2021-ci il tarixli, 768 saylı rəyi əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 19 fevral 2021-ci il tarixdə barəsində Suraxanı rayon Məhkəməsi tərəfindən 03 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. 07 may 2021-ci il tarixdə Suraxanı rayon prokurorunun təqdimatına Suraxanı rayon Məhkəməsində baxılmış Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 20 gün, yəni 27 may 2021-ci il tarixədək uzadılmış və cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarxli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin baxılmasına xitam verilib işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə yanaşı Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 17 iyun 2021-ci il tarixədək uzadılmışdır. Bundan sonra ibtidai istintaq orqanının 17 iyun 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir. Daha sonra müəyyən edilmişdir ki, 04 noyabr 2021-ci il tarixdə iş üzrə ittiham aktı təsdiq edilmiş və həmin tarixdə baxılması üçün təkrarən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası mərhələsində olarkən Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlmədiyindən və məhkəmədən yayındığından məhkəmənin 29 dekabr 2021-ci il tarli qərarına əsasən onun barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdə tutulmuş və 01 fevral 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhz buna görə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdən başlayaraq həbsdə və ev dustaqlığında fasilələrlə saxlanıldığı, həmçinin 28 yanvar 2022-ci il tarixdən başlayaraq fasiləsiz olaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub 19 fevral 2021-ci il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilənədək həbsdə saxlanıldığı 2 (iki) gün, 19 fevral 2021ci il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməklə 17 iyun 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 28 (iyirmi səkkiz) gün – cəmi 4 (dörd) ay ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və üzərində cəza çəkməsi üçün qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,642 qram narkotik vasitə heroin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 88,70 (səksən səkkiz manat, 70 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub 19 fevral 2021-ci il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilənədək həbsdə saxlanıldığı 2 (iki) gün, 19 fevral 2021-ci il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməklə 17 iyun 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 28 (iyirmi səkkiz) gün - cəmi 4 (dörd) ay ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və üzərində cəza çəkməsi üçün qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,642 qram narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 88,70 (səksən səkkiz manat, 70 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1004/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1004/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver