Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1005/2025 21.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X4 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Salyan şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 5də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan Əsgər adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə isitintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Kürdəmir-Ağsu avtomobil yolunun yaxınlığında yerləşdırdiyi 01 ədəd yaşıl rəngli çemodanın içərisindən 15 ədəd sellofan bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 655 qram, 760 qram, 785 qram, 765 qram, 700 qram, 815 qram, 775 qram, 810 qram, 380 qram, 320 qram, 845 qram, 1020 qram, 310 qram, 290 qram və 125 qram olmaqla, ümumi təmiz çəkisi 9355 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, üzərində “Metadone-40” göstəricisi olan, üzərindəki göstəriciyə əsasən təsiredici maddəsinin ümumi miqdarı 86,4 qram təşkil edən külli miqdarda narkotik vasitə hesab edilən 2160 ədəd metadon tərkibli həbləri, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 350 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini 20 sentyabr 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda həmin yerdən götürüb əldə edərək Əsgər adlı şəxsin təlimatı ilə istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 68-ci Hövsan küçəsində yerləşən nömrəsiz evdə daşıyaraq saxlamış, 23 sentyabr 2024-cü il tarixdə saat 23:12 dəqiqədə Bakı şəhəri, ünvan 5in yaxınlığında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq orada, Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, 68-ci Hovsan küçəsində yerləşən nömrəsiz və baxış keçirilən zaman evin qonaq otağında olan divanın alt hissəsində 15 ədəd sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 655 qram, 760 qram, 785 qram, 765 qram, 700 qram, 815 qram, 775 qram, 810 qram, 380 qram, 320 qram, 845 qram, 1020 qram, 310 qram, 290 qram və 125 qram olmaqla, ümumi təmiz çəkisi 9355 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, üzərində “Metadone-40” göstəricisi olan, üzərindəki göstəriciyə əsasən təsiredici maddəsinin ümumi miqdarı 86,4 qram təşkil edən külli miqdarda narkotik vasitə hesab edilən 2160 ədəd metadon tərkibli həbləri, həmin otaqda olan çarpayının alt hissəsindən 1 (bir) ədəd bağlamada təmiz çəkisi 350 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini və evin qonaq otağında olan dolabın içərisindən üzərində narkotik vasitə marixuananın hissəcikləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2024-cü ilin may ayında qaranlıq küçə ilə yol gedən zaman tanımadığı bir şəxs onun başına zərbə ilə vurmuş, bu hadisədən sonra başına tikiş atılmış, həmin yaranın yeri tez-tez şişdiyinə, başı fırlandığına və yerə yıxıldığına görə müalicə olunmaq məqsədilə həkimə getmiş və orada müalicəyə 10000 manat xərc çəkməli olduğunu demişlər. Həmin məbləği ödəməyə imkanı olmadığına görə kömək məqsədilə Əsgərə müraciət etmişdir. Əsgərlə tanışlığı qardaşının oğlu Emil Hacıyev vasitəsilə yaranmışdır. Belə ki, Emillə Əsgər alış-satış işi ilə məşğul olmuş, bir müddət sonra Emil həbs olunmuşdur. Emilin həbs olunmasına baxmayaraq Əsgərin onunla ünsiyyəti davam etmiş, Əsgər ondan Emilin əhvali-ruhiyyəsini, vəziyyətinin necə olduğunu soruşmuşdur. O, Əsgərə zəng edib müalicə olunmalı olduğunu demiş, X7 Respublikası həkimlərinin onu müalicə edə biləcəyini bildirmişdir. Əsgərin vasitəçiliyi ilə o, həkimlərlə “Skype” proqramı vasitəsilə görüntülü danışmış, həkimlər ona müalicə üçün 2000 manat xərcinin çıxacağını, əməliyyat olunmağa ehtiyacının olmadığını demişlər. Həkimlərlə danışdıqdan sonra Əsgər ona Türkiyədən keçərək oradan Tehrana gəlməyini, Tehrana çatan zaman da zəng etməyini, onu qarşılayacağını bildirmişdir. Səhv xatırlamırsa, Əsgər Urmiya şəhərində yaşamışdır. O, Əsgərə müalicə üçün və Tehrana gəlmək üçün pulunun olmadığını demiş, Əsgər ona 10 kiloqram nəşəni dediyi ünvandan götürüb başqa bir ünvana yerləşdirməsini, əvəzində isə 5000 manat verməyi təklif etmişdir. O, Əsgərin təklifi ilə razılaşmalı olmuş, Əsgərin yolladığı konum vasitəsilə Kürdəmir rayonu ərazisinə getmiş, yol qırağındakı çemodanı götürmüş, sonra da kirayə qaldığı evə gətirmişdir. Əsgər ona əvvəlcədən həmin çemodandakı narkotik vasitələrin bükümlərdə olduğunu, hər birinin üzərində qramının yazıldığını, həmin qramları qruplaşdırıb dediyi ünvanlara qoymalı olduğunu bildirmişdir. O, bunu eşitdikdən sonra qəzəblənmişdir, çünki Əsgərlə əvvəlcədən narkotik vasitələri sadəcə bir ünvana yerləşdirmək barəsində razılaşmışdır. Özünə də bu etirazını bildirmiş, daha sonra da narkotik vasitələrin hamısını oraya yerləşdirmək üçün konkret ünvan istəmişdir. Danışdığı bu hadisələr 21 sentyabr 2024-cü ildə baş vermişdir. Götürdüyü çemodanın içərisində “Metadon m40”, 350 qram metamfetamin və başqa narkotik vasitələr olmuş, hamısı cinayət işinin materiallarında qeyd olunmuşdur. O, narkotik vasitələri kirayə qaldığı evə gətirdikdən 2 gün sonra polis əməkdaşları gəlmiş, içəriyə daxil olmuşlar. O, polislərin evi axtarmasını gözləmədən bütün narkotik vasitələri könüllü şəkildə təqdim etmişdir. Polis əməkdaşları evə baxış keçirmək üçün gələndə oğlu Şahid4 də evdə olmuş, evdən aşkar olunan narkotik vasitələri, baş verən bütün prosesləri canlı şəkildə izləmişdir, bu səbəbdən cinayət işi materiallarında şahid qismində adı qeyd olunmuşdur. Oğlunun evdə narkotik vasitə olduğundan məlumatı olmamış, ilk dəfə polis əməkdaşlarına özü könüllü şəkildə təqdim edəndə görmüşdür. Polis əməkdaşları onu İdarəyə apardıqdan sonra orada da səmimi şəkildə nəşədən istifadə etdiyini bildirmişdir. Onun heç bir zaman narkotikləri satış məqsədi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 23 sentyabr 2024-cü il tarixdə, saat 23:12 radələrində Mübariz adlı şəxs və oğlu Hüseyn tərəflərindən Suraxanı rayonu, Hövsan qəsəbəsi 68, fərdi yaşayış evinin önündə saxlanılmış və onlara külli miqdarda narkotik vasitələrin dövriyyəsi və satışı barədə saxlanıldıqları bildirilmişdir. Evə baxış keçirilən zaman 15 ədəd bağlamada marixuana, 01 ədəd bağlamada metamfetamin, 2600 ədəd metadon həbləri, 01 ədəd tərəzi aşkar edilmişdir. 15 ədəd bağlamadakı marixuananın çəkisi 9 kiloqram, 01 ədəd metamfetaminin çəkisi 358 qram olmuşdur. Mübarizdən həmin narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda, sonuncu, İran İslam Respublikası vətəndaşı olan Əsgər adlı şəxsin vasitəsi ilə Kürdəmir rayonundan təhvil alıb Bakıya gətirdiyini, burada müxtəlif ünvanlara yerləşdirərək kiloqramına 500 manatdan olmaqla pul əldə edəcəyini bildirmişdir. Şəxslər İdarəyə dəvət olunmuşdur, orada videoçəkiliş vasitəsi ilə üzərlərinə baxış keçirilmişdir. Aşkar olunan narkotik vasitələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, Mübariz narkotik vasitələrin ona məxsus olduğunu könüllü şəkildə etiraf etmişdir. Evdə aşkar olunan narkotik vasitələrin hamısı Mübarizə məxsus olmuşdur. Onun və digər polis əməkdaşları tərəfindən Mübarizə qarşı fiziki, psixi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 113-116). Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin oğlu Şahid4 ifadəsində göstərdi ki, atası ilə yaxın münasibəti olmamışdır, ayrı evlərdə yaşamışlar, ehtiyacı olduqca atasının yanına getmişdir. Hadisə günü də atasının evinə işıq çəkmək üçün getmişdir. Həyətdə işıq çəkilib qurtardıqdan sonra evə girmiş, evdə oturub atasını gözləmişdir. Atası gələndən bir müddət sonra polis əməkdaşları gəlmiş, atası və o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Polis əməkdaşları evə daxil olmuş, baxış zamanı evdən narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, əmioğulları, əmisi narkotiklə bağlı polis əməkdaşları tərəfindən tutulmuşdur. Atası narkotik vasitə istifadəçisi olmuşdur, əvvəllər bununla bağlı Rusiyada da tutulmuşdur. Atasının narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir məlumatı olmamışdır, sadəcə istifadəçi olduğunu bilmişdir. Polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı zor tətbiq olunmamışdır. Atasının üzərinə baxış keçirilən zaman yanında olmadığı üçün narkotik vasitə aşkar olunub-olunmadığına dair heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1966-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 5də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, yaşadığı ünvanda külli miqdarda narkotik maddə gizlətməsi bildirilmişdir (cild 1, iş vərəqi 6). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). - əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 5 ünvanının qarşısında saxlanılmış, saxlanıldığı yerdə onun hüquqları izah olunmuş, onun paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onun üstü yoxlanılmağa başlanılmış və ona sadalanan əşyalanı verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən üzərində ***-***-**-** və ***-***-**-** nömrələri olan “Redmi” markalı mobil telefonu təqdim etmiş, üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra onun yaşadığı ünvana baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 68-ci Hovsan küçəsində yerləşən nömrəsiz evin qonaq otağında olan divanın alt hissəsindən 2163 ədəd metadon həblərinə bənzər kütlələri, yataq otağında olan çantanın içərisindən 13 ədəd bağlamada açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, çarpayının alt hissəsindən 02 ədəd bağlamada açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, 01 ədəd bağalamada ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və dolabın içərisindən 01 ədəd elektron tərəzini təqdim etmiş və həmin əşyalar, habelə “Redmi” markalı mobil telefon götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələri Əsgər adlı İran vətəndaşının vasitəsilə 3 gün əvvəl Kürdəmir rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini, hər 1 kiloqrama görə Əsgər adlı şəxsin ona 500 manat verəcəyini bildirmişdir (cild 1, iş vərəqi 12-14). - təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, ünvan 5 ünvanında külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, 23 sentyabr 2024-cü il tarixdə, saat 23:12 dəqiqədə Bakı şəhəri, ünvan 5 ünvanının qarşısında Şahid4 ilə birlikdə saxlanılaraq üstləri yoxlanılmış, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman 15 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd bağlamada metamfetaminə bənzər kütlə, 2160 ədəd metadon həblərinə bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar edilərək 1 ədəd çantada qablaşdırılması və Təqsirləndirilən şəxsdan götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 2 ədəd mobil telefon və 2 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, 1 ədəd çantaya və 1 ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs imzası olan çantadan 15 ədəd bağlamada, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd bağlamada ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, 2160 ədəd narkotik vasitə metadon həblərinə bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 9 kq 920 qram, metamfetaminə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 358 qram olmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq evdən aşkar olumuş kütlələri İran İR-nın vətəndaşı Əsgər adlı şəxsin vasitəsi ilə 3 gün əvvəl Kürdəmir rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, hər 1 kq görə Əsgər adlı şəxsin ona 500 manat pul verəcəyini bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən video çəkiliş aparılmışdır (cild 1, iş vərəqi 20-23). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4681 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N7” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad, imzalar qeyd edilmiş bir ədəd çemodanda olan bir ədəd bağlamada təmiz çəkisi 350 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone-40” göstəricisi olan ümumilikdə 2160 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 86,4 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasımın Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasımın Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 49-54). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/1583 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Evdən aşkar olunmuş kütlə Təqsirləndirilən şəxs....” yazı və imzalar olan 1 (bir) ədəd tünd göy rəngli çemodanda 15 (on beş) ədəd sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 655 qram, 760 qram, 785 qram, 765 qram, 700 qram, 815 qram, 775 qram, 810 qram, 380 qram, 320 qram, 845 qram, 1020 qram, 310 qram, 290 qram və 125 qram olmaqla, ümumi çəkisi 9355 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin çemodanın içərisində olan bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil edir (cild 1, iş vərəqi 55-58). - təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 67-68). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "Redmi" markalı mobil telefona baxış keçirilmiş, müəyyən edilmişdir ki, mobil telefon "Redmi” markalı olmaqla ön və arxa tərəfi qara rənglidir. Mobil telefonun üzərində hər hansı gözəçarpan zədələnmə mövcud deyildir. Mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Bundan sonra mobil telefonu açıb "menyu” bölməsinə daxil olduqdan sonra ilkin olaraq "ismarıc” qutusuna baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilmədi. Bundan sonra mobil telefonda olan "Whatsapp” tətbiqetməsinə baxış keçirildi. "Whatsapp” tətbiqetməsində “Əsgərlik Dost”, “Əsgər” kimi qeyd olunmuş +**********357 nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs +**********23 nömrəsi arasında səsli isamarıcın və Təqsirləndirilən şəxs avtomobillə narkotik vasitənin yerləşdirildiyi yer istiqamətində hərəkət etməsi videogörüntüsünün “Əsgərlik Dost”, “Əsgər” kimi qeyd olunmuş +**********57 nömrəsinə göndərilməsi, narkotik vasitənin yerləşdirildiyi yerin fotoşəkli müəyyən edilir. Bundan sonra mobil telefonun fotoşəkillər bölməsinə baxış keçirilən zaman fotoşəkil bölməsində müxtəlif narkotik vasitənin yerləşdirildiyi yerin fotoşəkilləri müəyyən edilir. "Whatsapp” sürətli yazışma sosial şəbəkə tətbiqetməsində olan digər səsli və yazılı sms yazımalarına baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb bir hal müəyyən edilmir (cild 1, iş vərəqi 123-127). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, 4295 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün adı yuxarıda göstərilən xəstəxanaya müraciət etməmişdir (cild 1, iş vərəqi 146). - telefon məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə dair "Azercell” MMC-dən daxil olmuş telefon danışıqlarının və əhatə dairəsinin qeyd olunduğu bir ədəd diskə baxş keçirilmiş, baxış zamanı telefon danışıqlarının və əhatə dairəsinin qeyd olunduğu bir ədəd diskdə istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir (cild 1, iş vərəqi 158-160). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6780 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 163-164). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2910 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədən vaxtı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 166-168). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 350 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 9355 qram narkotik vasitə qurudulmuş marixuana, 2160 ədəd narkotik vasitə metadon həbləri və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 349,95 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 9354,25 qram narkotik vasitə qurudulmuş marixuana, 2115 ədəd narkotik vasitə metadon həbləri və 01 ədəd elektron tərəzi saxlanmasından ötrü Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Bundan başqa 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 169-182). - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Əsgər adlı İran vətəndaşı barədə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 185-186). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 193-195). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri xeyli miqdar, 1,6 qramı külli miqdar, 160 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotiklərin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə zamanı Əsgər adlı İran vətəndaşından narkotikləri məhz maddi maraq zəminində müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə etdiyini bildirmişdir. Təkcə bu hal narkotiklərin yayılmasına yönəldilmiş hərəkətlər hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən ifadələrini, habelə iş üzrə toplanılmış və məhkəmə zamanı araşdırılmış sübutları əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin, onun özünün cinayət məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, təqsirləndirilən şəxs Hacızadə X2 Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzsına məhkum edilmiş, cəza müddəti başa çatdığından 02 iyul 2021-ci ildə qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 140-141, 148-155). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Hacızadə X2 Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 23 sentyabr 2024-cü il tarixdən məhdudlaşdırılmış, o, 24 sentyabr 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 25 sentyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 32, 92-95). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 349,95 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 9354,25 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2115 ədəd narkotik vasitə metadon həbləri və 01 ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 135 (yüz otuz beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 349,95 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 9354,25 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2115 ədəd narkotik vasitə metadon həbləri və 01 ədəd elektron tərəzi məhv edilsin. Digər maddi sübutlar - 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 135 (yüz otuz beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1005/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1005/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver