Məhkəmə qərarları › İş №1(101)-1006/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1006/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1006/2025 22.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, “EKOL” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Ağstafa şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, 08 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda – təmiz çəkisi 2370 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin və Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 oktyabr 2024-cü il tarixdə saat 22:56-da ünvan 3 ünvanının qarşısında saxlanılmış və orada üstündə yoxlama aparılan zaman əlində olan selofan bağlamanın içərisindən külli miqdarda - təmiz çəkisi 2370 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs qeyd olunan ittihamdan əlavə narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə həmin narkotik vasitələrin satış məqsədilə əldə edilməsi, saxlanılması və daşınmasına görə, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapsa da, şəxsin həmin cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisə baş verən gün o, həmyerlisi kimi tanıdığı İlqar adlı şəxslə yeyib içməyə gedərkən, yolda İlqar ona bir yerə getməyi təklif etmiş, o da, razılaşmışdır. İlqarla birlikdə «Semaşko” xəstəxanasının yanına gəlmişlər. Həmin vaxt 7-8 nəfər mülki geyimli şəxslər yaxınlaşıb onları tutmuşlar. Həmin şəxslər polis işçiləri olmuşdur. Onları polis şöbəsinə aparmışlar, bir qədər sonra İlqarı buraxmışlar. Bu zaman İlqar ona narahat olmamağı, onu da buraxacaqlarını bildirmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs saxlanıldığı yerə tanışı İlqarla getdiyini, özünün narkotik vasitələrdən istifadə etmədiyini, əvvəllər İlqarla bir yerdə işlədiyini, sonuncunu 5-6 ildir ki, tanıdığını, istintaq zamanı ona vəkil verildiyini, lakin həmin vəkili ilk dəfə məhkəmədə sanksiyaya aparılanda gördüyünü, aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün təqsirləndirlən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan və tədqiq edildi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamla deyil, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən hərdən istifadə edir. Təxminən 2-3 ay əvvəl “Facebook” sosial şəbəkəsində tanımadığı şəxslə yazışmağa başlamışdır. Söhbət zamanı həmin şəxs İran vətəndaşı olduğunu bildirmiş və sonradan ona telefon nömrəsini verdikdə görmüşdür ki, həqiqətən də İran nömrəsidir. Həmin şəxs ona narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edib-etmədiyini soruşmuş, o da, həmin maddələrdən istifadə etmədiyini bildirmişdir. Sonradan həmin şəxs bir neçə dəfə ona narkotik vasitələr və psixotrop maddələrlə bağlı suallar vermiş, o isə, həmin maddələrdən başı çıxmadığını demişdir. Sonradan həmin şəxs ona pul qazanmaq istəyibistəmədiyini soruşmuş, o, bu barədə maraqlandıqda, həmin şəxs demişdir ki, narkotik vasitəni hər hansı yerə ataram, həmin yerdən götürüb başqa yerdə at, sonradan pul qazan. O, fəhlə işlədiyi üçün asan qazanc təklifi ona cəlbedici gəlmişdir. Təxminən 10-15 gün əvvəl həmin şəxs ona narkotik vasitə göndərəcəyini bildirdikdə, o, əvvəlcə qorxduğu üçün imtina etmişdir. Hətta həmin vaxt şəxs dəfələrlə təkid etməsinə baxmayaraq, o, razılaşmamış və dediyini etməmişdir. 08 oktyabr 2024-cü il tarixdə həmin şəxslə «whatsapp» proqramı vasitəsilə danışmış, həmin şəxs ona bildirmişdir ki, bir ədəd selofanda narkotik vasitə marixuana göndərəcəkdir, həmin selofanı götürüb dediyi yerə qoysa, sonradan ona məxsus karta 2.000 manat pul göndərəcək. O, razılaşmış, həmin gün axşam saatlarında tanışı və eyni rayondan olduğu İlqarla görüşmüşdür. İlqar Bakı şəhərində fəhləlik etmiş və yerli kimi hərdən görüşmüşlər. İlqarla çay içib ümumi mövzulardan söhbət etmişlər. Daha sonra o, iranlı şəxslə telefon əlaqəsi yaratmaq istədikdə, mobil telefonun interneti olmadığını görmüşdür. Bundan sonra o, İlqardan xahiş etmişdir ki, öz mobil telefonunu ona versin, internet lazımdır. İlqar telefonunu ona vermişdir. O, İlqara tanış adamın ona yük göndərdiyini, həmin yükü götürməli olduğunu, öz telefonunda internet olmadığı üçün onun telefonu lazım olduğunu bildirmiş, İlqar da onunla razılaşmışdır. O, iranlıya İlqarın telefon nömrəsini vermişdir. İranlı İlqarın telefonuna «whatsapp» proqramı vasitəsilə məkan məlumatları göndərmiş və o, İlqarla birlikdə həmin məlumatlar üzrə hərəkət edib deyilən yerə gəlmişdir. Oraya yaxınlaşdıqda İlqara aralıda gözləməsini bildirmiş və özü yaxınlaşıb qara rəngli selofanı qoyulan yerdən götürmüşdür. Bundan sonra gəlib İlqarın yanına çatmış və İlqarın mobil telefonunu ona qaytarmışdır. Həmin vaxt saat təxminən 23:00 radələri olmuşdur. Bu vaxt bir neçə mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib, xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib videoçəkilişlə üzərini yoxlayacaqlarını bildirmişlər. O və İlqar buna etiraz etməmişlər. Sonra videoçəkilişlə ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa, onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əlində saxladığı, içində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd qara selofanı, 1 ədəd mobil telefonu, 1 ədəd 4098 5844 6514 0711 nömrəli «Leobank» kartnı təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində başqa əşyalar olub-olmadığı yoxlanılmış və başqa heç bir əşya, yaxud predmet aşkar edilməmişdir. Daha sonra İlqara üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. İlqar özünə məxsus 1 ədəd mobil telefonu təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən İlqarın üzərində başqa əşyalar olub-olmadığı yoxlanılmış və başqa heç bir əşya, yaxud predmet aşkar edilməmişdir. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran vətəndaşından sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 2000 (iki min) manat pul verəcəyini, İlqarın bu məsələdən xəbərdar olmadığı, narkotik vasitəni götürməyə gedən zaman yanında yoldaş kimi apardığını bildirmişdir. Bundan sonra aşkar edilmiş əşyalar qablaşdırılmış və üzərindəki kağız bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o və İlqar birlikdə Nəsimi RPİ-nin inzibati binasına gəlmişlər. Orada təhqiqatçı tərəfindən aşkar edilmiş əşyalara, eləcə də diskə onların iştirakı ilə baxış keçirilmiş, həqiqətən də üzərindən aşkar edilən əşyalar olduğunu və digər xüsusatları bir daha təsdiq etmişdir. Bununla bağlı protokol tərtib edilib ucadan oxunmuş və imzalanmışdır (cild 1, iş vərəqi 116-119, 236-239). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs protokollardakı imzaların və qeydlərin ona məxsus olduğunu, polis şöbəsində ona necə öyrədiblərsə, o cür də ifadə verdiyini, həmin ifadəni təsdiq etmədiyini, heç bir İran vətəndaşı ilə telefonda danışmadığını və narkotik istəmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 08 oktyabr 2024-cü il tarixdə bölməyə Təqsirləndirilən şəxs və Şahid2 Nəsimi rayonu ərazisində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onun rəhbərliyi ilə NMB-nin əməliyyat müvəkkilləri Fərid Quliyev və Bilal Bilalov, kiçik əməliyyat müvəkkili Elnur Cəfərli, Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkilləri Xudaverdi Hənifəyev və Orxan Mikayılovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 23 radələrində ünvan 4 ünvanının yaxınlığında zahiri əlamətləri Təqsirləndirilən şəxs və Şahid2 bənzər şəxslər saxlanılmışlar. Həmin şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqları bildirilmiş, videoçəkilişlə üzərində olan qanunsuz əşyaları videoçəkilişlə təqdim etmələri təklif olunmuşdur. Bundan sonra həmin şəxslərin üstləri saxlanıldıqları yerdə yoxlanılmış, Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli selofanı, bir ədəd bank kartını, üzərində olan pulu və 1 ədəd «Redmi» markalı mobil telefonu təqdim etmişdir. Daha sonra İlqarına üstü yoxlanılmış, o, 1 ədəd mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin selofanda nə olması soruşulduqda, sonuncu, üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotiki sosial şəbəkədə tanış olduğu İran vətəndaşından ona deyiləcək ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində iranlının ona 2000 manat pul verəcəyinə söz verdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş əşyalar qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra birlikdə Nəsimi RPİ-nin inzibati binasına gəlmişlər. Orada təhqiqatçı tərəfindən aşkar edilmiş əşyalara, eləcə də diskə onların iştirakı ilə baxış keçirilmiş, həqiqətən də aşkar edilən əşyalar olduğunu və digər xüsusatları bir daha təsdiq etmişdir. Bununla bağlı protokol tərtib edilələrk ucadan oxunmuş və imzalanmışdır. İlqarın aşkar olunmuş narkotik vasitələrə heç bir aidiyyəti olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri, Nəsimi rayon Polis idarəsinin əməkdaşları X3, X7, X8, X4 və X1 ibtidai istintaq zamanı verdikləri ifadələr tədqiq olunarkən, onların Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üstü yoxlanılarkən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürlüməsi zamanı əməliyyat qrupunun üzvləri kimi əməliyyat tədbirində iştirak etmələri, həmkarları Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdikləri müəyyən olundu (cild 1, iş vərəqi 194-196, 201-203, 212-214, 216-221). Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, təxminən 15 ildir Bakı şəhərinə köçmüş və fəhləliklə məşğul olur. 08 oktyabr 2024-cü il tarixdə yerlisi və tanışı Ramin ona zəng edərək görüşməyi təklif etmiş, o da, razılaşmışdır. Onlar görüşmüş və çay içib ümumi mövzulardan söhbət etmişlər. Sonra Ramin ondan xahiş etmişdir ki, öz mobil telefonunu ona versin, internet lazımdır. O, mobil telefonunu Raminə vermişdir. Ramin ona demişdir ki, tanış adam ona yük göndərir, onu götürməlidir, telefonunda internet olmadığı üçün ona telefon lazımdır. O, razılaşmış və onun telefonuna «whatsapp» proqramı vasitəsilə məkan məlumatları gəlmişdir. Onun telefonu Ramində olmuş və o, Raminlə birlikdə həmin məlumatlar üzrə hərəkət edib həmin yerə gəlmişlər. Oraya yaxınlaşdıqda Ramin ona aralıda gözləməyini bildirmiş və təxminən 5-7 dəqiqə sonra geri qayıdaraq mobil telefonunu ona qaytarmışdır. Saat təxminən 23:00 radələri olmuş, bu vaxt bir neçə mülki geyimli şəxs yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim etmiş, onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib videoçəkilişlə üzərini yoxlayacaqlarını bildirmişlər. O və Ramin buna etiraz etməmişlər. Sonra videoçəkilişlə Raminə üzərində qanunla qadağan olunmuş əşya varsa, onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Ramin əlində saxladığı, içində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd qara selofanı, 1 ədəd mobil telefonu, 1 ədəd bank kartını təqdim etmiş və bildirmişdir ki, üzərində başqa əşya yoxdur. Sonra polis əməkdaşları tərəfindən Raminin üzərində başqa əşyalar olub-olmadığı yoxlanılmış və başqa heç bir əşya, yaxud predmet aşkar edilməmişdir. Daha sonra ona üzərində olan əşyaları təqdim etməyi təklif edilmişdir. O, özünə məxsus 1 ədəd mobil telefonu təqdim etmiş və bildirmişdir ki, üzərində başqa əşya yoxdur. Polis əməkdaşları tərəfindən onun üzərində başqa əşyalar olub-olmadığı yoxlanılmış və başqa heç bir əşya, yaxud predmet aşkar edilməmişdir. Ramin verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran vətəndaşından sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyimi, bunun müqabilində ona 2000 (iki min) manat pul verəiləcəyini, onun bu məsələdən xəbərdar olmadığını, narkotik vasitəni götürməyə gedən zaman yanında yoldaş kimi apardığını bildirmişdir. Bu vaxt o başa düşmüşdür ki, Ramin narkotik vasitə götürməyə gəlibmiş. Bundan sonra aşkar edilmiş əşyalar qablaşdırılmış və üzərindəki kağız bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra birlikdə Nəsimi RPİ-nin inzibati binasına gəlmişlər. Orada təhqiqatçı tərəfindən aşkar edilmiş əşyalara, eləcə də diskə onların iştirakı ilə baxış keçirilmiş, həqiqətən də üzərindən aşkar edilən əşyalar olduğunu və digər xüsusatları bir daha təsdiq etmişdir. Bununla bağlı protokol tərtib edilib ucadan oxunmuş və imzalanmışdır (cild 1, iş vərəqi 96-99). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokola əsasən, Şahid2 və Təqsirləndirilən şəxs üzərinə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanıldıqları yerdə, yəni Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 102 ünvanının yaxınlığında videoçəkilişlə yoxlama keçirilən zaman Təqsirləndirilən şəxs sağ əlindəki 1 ədəd qara rəngli selofan bağlamanın içindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, eləcə də 50 manat pul, 1 ədəd plastik bank kartı, 1 ədəd “Redmi” markalı mobil telefon, Şahid2 üzərindən isə 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüş, zərflərdə qablaşdırıldıqdan möhürlənmiş və həmin zərflər iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Quliyev X9 üzərindən aşkar olunmuş 1 ədəd selofan bağlamada olan maddələrin narkotik vasitə quruduımuş marixuana olduğunu, həmin maddələrin istifadəçisi olmadığını, aşkar edilən maddələri polis əməkdşaları tərəfindən saxlanılmazdan əvvəl onlayn formada tanımadığı İran vətəndaşı “Seyid” adlı şəxsdən müəyyən yerlərə çatdırmaq məqsədilə əldə etdiyini, bunun müqabilində 2.000 manat pul əldə edəcəyini, Şahid2 bu məsələdən xəbərdar olmadığını, interneti bitdiyi üçün onun mobil telefonu ilə “Seyid” adlı şəxslə əlaqə saxlayıb yoldaş kimi yanında gətirdiyini bildirmiş, Şahid2 da bu xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqi 9-11). Cinayət işində olan xx.xx.2024-cü il cü il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan, həmin protokola əlavə edilmiş DVD diskİərə keçirilmiş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs üzərinə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanıldıqları yerdə, yəni ünvan 5 ünvanının yaxınlığında videoçəkilişlə üstləri yoxlanılarkən götürülmüş əşyalara, həmçinin çəkilmiş videogörüntülərə baxış keçrilmiş, bu zaman əşyaların və videogörüntülərin xx.xx.2024-cü il tarixli protokolda qeyd olunanlarla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 16-17, 100-101). Məhkəmə-bioloji ekspertizasının 09 oktyabr 2024-cü il tarixli 3-16-16/2-7/1689 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs.., Şahid2...” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli selofan bağlamada 1 (bir) ədəd qara rəngli selofan torbadakı təmiz çəkisi 2370,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanandır. Marixuana bir obyekt olduğu üçün ayrıayrılıqda çəkiləri və eyni tərkibli olub-olmaması barədə suallar üzrə tədqiqat işləri aparılmamışdır (cild 1, iş vərəqi 75-78). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü tarixli 6746 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 132-133). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3142 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixiopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 222-224). İş materiallarında olan xx.xx.2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus 1 ədəd «Redmi» markalı mobil telefon aparatında olan foto, video, audio və mətn məlumatlarında hər hansı istintaq marağı kəsb edən hallar aşkar edilməmiş, şübhəli şəxs Şahid2 məxsus 1 ədəd «Samsung» markalı mobil telefon aparatında “whatsapp” ani mesajlaşma proqramında +98 930 *** ** ** nömrəsi ilə yazışmalar, silinmiş səsli mesajlar, eləcə də narkotik vasitənin gizlədildiyi yerə aid 3 ədəd fotoşəkil olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 151-158). İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2370,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və Şahid2 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 2369,9 qram çəkidə qurudulmuş marixuana Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, mobil telefon isə öz sahibinə qaytarılmışdır (cild 1, iş vərəqi 159). Elektron məhkəmə portalından əldə edilmiş məlumatdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Quliyev X5 şəhəri, H.Əliyev prospekti, ev 71 ünvanında qeydiyyatdadır, onun himayəsində həyat yoldaşı və xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 2015-ci ildə və 2020ci ildə az ağır cinayətlər törətməyə görə iki dəfə cərimə və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum olunsa da, hər iki cəzanı çəkib qurtarmışdır və hazırda o, məhkumluğu olmayan şəxs hesab edilməlidir (cild 1, iş vərəqi 180-189). Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını, saxlanıldığı yerə tanışı İlqarla getdiyini, özünün narkotik vasitələrdən istifadə etmədiyini, istintaq zamanı ona vəkil verildiyini, lakin həmin vəkili ilk dəfə məhkəmədə sanksiyaya aparılanda gördüyünü, heç bir İran vətəndaşı ilə telefonda danışmadığını və narkotik istəmədiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb həmin yerdə videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Şübhəli şəxs Nəsimi RPİ-yə gətirilib müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarışı aparılarkən narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu. həmin narkotiki üzünü görmədiyi İran vətəndaşı kimi özünü təqdim edən şəxsin təklifi ilə ona deyiləcək digər ünvana aparıb çatdırmalı olduğunu, bunun müqabilində həmin şəxsin ona 2000 manat pul verməyi öhdəsinə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində ilkin izahatında dediklərini təsdiq etmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında da əməlini səmimi etiraf edərək peşman olduğunu, saxlanıldığı zaman ona qarşı heç bir fiziki və ya psixoloji təsir və təzyiq göstərilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi etirafedici ifadələrinə uyğun olaraq saxlanılarkən onunla bir yerdə olmuş həmyerlisi və tanışı Şahid2 məxsus 1 ədəd «Samsung» markalı mobil telefon aparatına baxış keçirilərkən “whatsapp” ani mesajlaşma proqramında +98 930 *** ** ** nömrəsi ilə yazışmalar, silinmiş səsli mesajlar, eləcə də narkotik vasitənin gizlədildiyi yerə aid 3 ədəd fotoşəkil olduğu müəyyən edilmiş, onların fotoşəkilləri çıxarılaraq protkola əlavə edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini və gətirdiyi dəlilləri onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, həmin maddələri qazanc müqabilində satmaq məqsədilə İran vətəndaşı kimi tanıdığı “Seyid” adlı şəxsin tutulduğu gün Bakı şəhəri, Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etməsini etiraf etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaq müqabilində tanımadığı şəxsin ona 2000 manat pul verməli olduğunu bildirməsini, həmçinin aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə əməlini düzgün tövsif emişdir. Bununla belə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq olunmuş bütün sübutları təhlil edib qiymətləndirərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə tövsif edərkən istintaq orqanı yalnış nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin maddə ilə verilmiş ittihama görə o, narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə həmin cinayəti törətmişdir. Təqsirləndirilən şəxsə verilmiş həmin ittihamla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi, cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti öz səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də həmin Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə tövsiyyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-nin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə, əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı ümumiyyətlə hər hansı bir sübut mövcud deyildir, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır. Bu səbəbdən ehtimallara əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi şəxsə ittihamın verilməsi əsassızdır. Cinayət işinin materialları ilə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi də müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən cinayətin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunmamış, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncu tərəfindən gizlədilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edərək üzərində daşımaqla saxlaması qeyd edilmişdir. Göründüyü kimi, işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə aralarında cinayətkar razılaşma olmamış, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışı ilə bağlı, həmçinin satış məqsədi ilə bağlı qabaqcadan razılığ əldə edilməmiş, bununla bağlı heç bir mötəbər sübut mövcud olmamış və istintaq orqanı bu hallara düzgün qiymət verməmişdir. Belə olan halda, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməsi yolverilməzdir. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda – təmiz çəkisi 2370 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin və Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 oktyabr 2024-cü il tarixdə saat 22:56-da ünvan 3 ünvanının qarşısında saxlanılmış və orada üstündə yoxlama aparılan zaman əlində olan selofan bağlamanın içərisindən külli miqdarda - təmiz çəkisi 2370 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları ümumiləşdirərək belə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittiham məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından, həmin maddə ilə ona verilmiş ittiham ümumi ittihamdan çıxarılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 08 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 08 oktyabr 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü tarixli 6746 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar barədə məsələ aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2369,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli; - Şahid2 məxsus 1 ədəd “Samsung” markalı mobil telefonun istintaq zamanı öz sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 72 (yetmiş iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 72 (yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından ümumi ittihamdan çıxarılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar barədə məsələ hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2369,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; - Şahid2 məxsus 1 ədəd “Samsung” markalı mobil telefonun istintaq zamanı öz sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 72 (yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar