Məhkəmə qərarları › İş №1(101)-1007/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1007/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1007/2023 04.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X1 və Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1985-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, taksi sürücüsü, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 01 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı”adlandırılan ərazidə rastlaşıb birlikdə yaşadıqları ünvana doğru piyada hərəkət edərkən, həmin tarixdə, saat 19 radələrində ünvan 3 ünvanda yerləşən evin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, yəni təxminən bir ay əvvəl Təqsirləndirilən şəxs 45 manata zərər çəkmiş Zərərçəkmiş şəxs satdığı göyərçinlərə görə qalıq qalmış 30 manat məbləğində borcunu ödəməməsinin səbəbini sonuncudan soruşduqda, Zərərçəkmiş şəxs ona qarşı kobud cavab verib özünün və ailə üzvlərinin ünvanına nalayiq sözlər işlətməsinə görə özünü təhqir edilmiş hesab edərək üzərində olan, lakin istintaqla müəyyənləşdirilməmiş kəsici-deşici əşya ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vuraraq ona hemoperitoneuma (periton boşluğuna qanın yığılması) və S-vari bağırsağın zədələnməsinə səbəb olan qarının sol-yan səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur, yəni qeyd oulnan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, baş vermiş cinayət hadisəsi ilə bağlı tutulana qədər taksi sürücüsü kimi fəaliyyət göstərmiş, həmçinin, ev göyərçinləri saxlayaraq böyüdübğ satmaqla məşğul olmuşdur. Baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə qonşudurlar, sonuncu nisbətən aralıda yaşamış, Məhəmmədlə Sabunçu qəsəbəsində yerləşən «Sabunçu bazarı»nda göyərçin satarkən tanış olmuş, münasibətləri yaranmış və dəfələrlə onunla görüşmüşlər. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti üzrə göstərdi ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində onun idarə etdiyi avtomobilin təmirə ehtiyacı olduğu üçün saxladığı göyərçinlərdən satmaq istəmişdir. Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən «Sabunçu bazarı»nda göyərçin satarkən Zərərçəkmiş şəxs ondan 7-8 ədəd göyərçin almış, o, göyərçinləri Məhəmmədə 45 manata satmışdır. Məhəmməd pulun 15 manatını vermiş, qalan 30 manatı isə növbəti gün verəcəyini bildirmişdir. O, münasibəti nəzərə alıb, Məhəmmədlə razılaşmışdır. Məhəmmədin ona verəcəyi 30 manata ehtiyacı olsa da, növbəti gün Məhəmmədi tapa bilməmiş, Məhəmmədin onda mobil telefon nömrəsi olmamışdır. Məhəmmədi görməmiş və sonuncu söz verdiyi vaxtda borclu qaldığı ona 30 manat pulu verməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 31 oktyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində yaşadığı evdən çıxıb tək piyada olaraq «Sabunçu bazarı»nda getmiş, məqsədi həyətində olan itlər üçün yem almaq olmuşdur. Bazardan yem almış və saat 19 radələrində piyada evinə geriqayıdarkən yolda Zərərçəkmiş şəxsla rastlaşmışdır. Məhəmmədin yanına gedərək onunla görüşmüş və 30 manat pulunu verməməsinin səbəbini soruşmuşdur. Məhəmməd ona hazırda pulunun olmadığını demiş, lakin tezliklə verəcəyini bildirmişdir. Məhəmmədlə söhbət edə-edə hər ikisi eyni istiqamətdə piyada hərəkət edərək Sabunçu qəsəbəsində Məhəmmədin yaşadığı evin yaxınlığına çatmışlar. O, dəqiqləşdirmək üçün Məhəmməddən pulunu nə vaxt verəcəyini bir daha soruşduqda, Məhəmməd onunla kobud danışmağa başlamış, ona «30 manat pulun nə puldur ki,» deyərək təhqiramiz formada ona çıxıb getməsini bildirmişdir. O, Məhəmmədə həmin pulun az və ya çox olmasına baxmayaraq, ehtiyacı olduğunu bildirmiş və pulu verə bilməyəcəyi halda göyərçinlərini qaytarmasını demiş, həmçinin ona söyüş söyməməsini bildirmişdir. Həmin vaxt Məhəmməd ona yenə də təhqiramiz formada çıxıb getməsini tələb etmiş və pulunu da verməyəcəyini bildirmişdir. Ona görə də, Məhəmmədlə aralarında sözlə mübahisə başlamış və mübahisə zamanı Məhəmməd ona anasının və «var-yox»unun ünvanına söyüş söymüşdür. Məhəmmədin onun pulunu qaytarmamaqla yanaşı günahsız yerə onun ünvanına ağır söyüşlər etməsi ona çox pis təsir etdiyindən o, cibində olan, üzərində brelokla birlikdə olan cib bıçağını çıxarıb Məhəmmədin qarnından bir dəfə vurmuş və qorxub həyəcanlı vəziyyətdə oradan qaçaraq uzaqlaşmışdır. Hadisədən sonra evə gec getmiş, ailə üzvlərinin yatdığını görüb heç kimə bir söz demədən evdən çıxmışdır. Həmin gecə küçədə və qəbristanlıqda gecələmiş, sonra evinə gedib ailə üzvlərini Ramana qəsəbəsinə ata evinə aparmış, oradan çıxanda arvadına dalaşdığını bildirərək gedib polisə təslim olacağını demiş və elə həmin gün Sabunçu RPİ-nin 12-ci PŞ-nə gedib könüllü təslim olmuş və Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirən şəxsin o özü olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, hadisədən sonra qaçarkən həyəcandan yolda bir neçə dəfə yıxılmış, sonra isə hadisə törətdiyi bıçağın üstündə olmadığını görmüşdür. O, həmin bıçaq yolda yıxıldığı vaxtlarda harasa düşdüyünü fikirləşmiş və bıçağı tapmaq üçün də getməmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq balaca olmaqla təxminən 15 sm olmuş, həmin bıçağı bir neçə il əvvəl almış və avtomobildə, bazarda istifadə etdiyindən üzərində daşımışdır. Məhəmmədlə mübahisə və dava-dalaş cəmi 2-3 dəqiqə çəkmiş, hadisə zamanı yanlarında və ətrafda heç kim olmamışdır. Məhəmmədlə barışıq əldə etmiş, onun müalicəsi üçün lazım olan bütün xərclər onun ailəsi tərəfindən ödənilmişdir. Himayəsində iki nəfər azyaşlı uşaqlarından biri xəstədir, ayağında problemləri vardır. Məhkəmə baxışı zamanı tədqiq olunan, ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir. Hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.İbrahimov küçəsi, ev 10K ünvanının qarşısı olduğu müəyyən edilmişdir. İstintaq hərəkəti keçirilərkən işin hallarına uyğun müvafiq fotoşəkillər çəkilərək protokola və cinayət işinin materiallarına həvalə edilmişdir (iş vərəqə: səh. 50-51). Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxsla bir məhlədə yaşamış, Radikdən 25 manata 1 dənə göyərçin almış, lakin pulun verməmişdir. Radiklə bir-birini tanıdıqlarından sonuncu ona quşu nisyə vermişdir. Pulu olmadığından quşun pulunu verməmişdir. Quşu alandan 4-5 gün sonra, yəni hadisə günü onlar Sabunçu bazarı deyilən yerdə görüşmüş, Radik həmin vaxt içkili olmuşdur. Onlar oradan söhbət edə-edə məhləlləyə gəlmiş, aldığı göyərçinin pulunu verməməsi səbəbindən aralarında mübahisə yaranmışdır. Belə ki, Radik pulu verməməsinin səbəbini soruşduqda, o, verəcəyini demiş, «pulu sabah çatdırmalısan» dedikdə isə əsəbləşib onu təhqir etmişdir. Mübahisə nəticəsində o, Radikə təhqiramiz sözlər demişdir. Radik ilk öncə ona xəbərdalıq edib, onu təhqir etməməsini demiş, lakin o, Radikin ünvanına təhqiramiz sözlər deməyə davam etdikdə Radik əsəbləşib onu ğtam dəqiq görə bilmədiyi, bıçağa bənzətdiyi balaca bir şeylə bir dəfə vurmuş və uzaqlaşıb getmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərdi ki, Hadisə nəticəsində xəsarət aldığından onu Sabunçu xəstəxanasına aparmışlar və o, orada 10 gün müalicə almışdır. O, Radiki bağışlamışdır və ona qarşı şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan olundu və tədqiq edildi. Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 5-6 müddətində tanımış, uzaq qonşu olmuşlar. Təqsirləndirilən şəxsla aralarında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən «Sabunçu bazarı»nda Təqsirləndirilən şəxs saxlamaq üçün 45 manat dəyrində göyərçin almışdır. Göyərçinləri alarkən Radikə 15 manat pul vermiş, 30 manat isə borclu qalmış, həmin 30 manat pulu da 1-2 gün ərzində verəcəyini bildirmişdir. Lakin söz verdiyi müddətdə pulu olmamış və 30 manat pulu Radikə dediyi vaxt ərzində verə bilməmişdir. Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə, saat 18:45 radələrində o, Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən «Sabunçu bazarı»nın yanında olan zaman təsadüfən Radiki görmüş, Radik bazardan nəsə alıb çıxmışdır. Radik ondan 30 manat pulunu nə səbəbə görə vermədiyini soruşanda o, Radikə pulunun olmadığını, lakin tez bir zamanda pulunu verəcəyini bildirmişdir. Radiklə söhbət edərək ikisi də eyni istiqamətdə piyada hərəkət etmiş, Sabunçu qəsəbəsində M.İbrahimov küçəsində yaşadığı evin yaxınlığında olan zaman Radik ondan yenə də pulunu tez bir zamanda verməsini bildirdikdə, o ani olaraq əsəbiləşmiş və ona pulu olanda verəcəyini deyib, 30 manat pulu bu qədər böyütməməsini acıqla bildirmişdir. Radik də ona 30 manat pulun onun üçün böyük pul olduğunu, ehtiyacı olduğunu təkidlə bildirdikdə o, əsəbi şəkildə ona söyüş etmiş və pulunu verməyəcəyini bildirmişdir. Həmin vaxt Radiklə aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı Radik cibindən bir ədəd bıçaq çıxararaq onun qarınının sol tərəfinə bir dəfə vurmuş və qaçaraq oradan uzaqlaşmışdır. O, tək olduğu və ətrafda heç kim olmadığı üçün ona heç kim yaxınlaşmamış, bir qədər piyada hərəkət edərək məhlədə mağaza işlədən qonşusu Əlövsət adlı şəxsi görmüş və ona bıçaqlandığını bildirərək təcili tibbi-yardıma zəng etməsini xahiş etmişdir. Belə ki, onun üzərində telefon olmamışdır. Əlövsət onu evinə aparmış və təcili tibbi-yardıma zəng etmişdir. Çox keçmədən təcili tibbi yardım maşını gəlmiş və onu Sabunçu tibb mərkəzinə aparmışlar. O xəstəxanada tibbi əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, Radiklə aralarında olan mübahisə 2-3 dəqiqə çəkmiş, mübahisə zamanı yanlarında və ətraflarında heç kim, eləcə də səs-küy olmamışdır. Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirdiyi bıçağı ani olaraq görsə də, tam əlamətlərini görə bilməmiş, lakin böyük bıçaq olmamışdır. Balaca cib bıçağına oxşamışdır. Bıçağın hazırda harada olmasından xəbərsizdir (iş vərəqə: 46-49). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edərək göstərdi ki, Bakı şəhərində Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi, ev 17-də yaşayır və yaşadığı evin qarşısında ərzaq mağazası işlədir. Zərərçəkmiş şəxs qonşuluqda yaşayan şəxs kimi tanımış, münasibətləri yaxşı olmuşdur. 31 oktyabr 2022-ci il tarixdə, saat 19:40 radələrində işlətdiyi mağazada olarkən Məhəmməd onun yanına gəlmiş, bıçaqla vurulduğunu bildirmiş və qanı necə kəsmək olduğunu soruşmuşdur. O, Məhəmmədin köynəyini qaldırıb baxdıqda onun qarının sol tərəfinin deşildiyini görmüş, Məhəmmədə bıçağın iç orqanlara ziyan vura biləcəyindən ehtiyat etməsini bildirmiş, təcili tibbi-yardıma zəng etmək lazım olduğunu bildirərək onu yaşadığı evə aparmışdır. Sonra çox keçmədən təcili tibbi-yardım maşını gəlmiş və Məhəmmədi xəstəxanaya aparmışdır. O, Məhəmmədə xəsarət yetirən şəxsi tanımamış, sonuncu bu barədə ona deməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 2671 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hemoperitoneuma (periton boşluğuna qanın yığılması) və S-vari bağırsağın zədələnməsinə səbəb olan qarının sol-yan səthinin daxilə nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla törənə bilər, müddəti qərarda göstərilən 31 oktyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, xaraker və loklizasiyasına görə müəyyən olunan xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir (iş vərəqə: 83-85). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi kriminalistik ekspertizasının 02 fevral 2023-cü il tarixli 20/2023-MTBŞ nömrəli rəyindən görünür ki, tədqiqat üçün təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın sol yan nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə müəyyən olunmuşdur, həmin zədə Zərərçəkmiş şəxs bədəni üzərində “qarının sol-yan səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə yerləşməsinə görə üst-üstə düşürlər (iş vərəqə: 139- 141). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 20/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə AB (İV) olaraq müəyyən edilmişdir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, ekspertizaya təqdim edilmiş mayka üzərində olan ləkələrdə AB (İV) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri AB (İV) qruplu şəxsə, o cümlədən, ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə: 8, 134-138). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 3056 nömrəli rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, o, hazırkı psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair pisixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktikti xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 121-123). İş materiallarında olan 13 fevral 2023-cü il tarixli qərarla müəyyən olundu ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olub, hadisə zamanı əynində olmuş bir ədəd qolsuz mayka iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: 142, 160). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, əməliyyat yolu ilə də Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan mübahisənin onlar arasında olan borc məsələləri ilə əlaqədar baş verdiyi, nəticədə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.İbrahimov küçəsində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi, hadisənin baş verməsindən ərazidə yaşayan şəxslərin məlumatsız olmaları, hadisənin şahidi olmadığı və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi kəsici-deşici əşyanın (bıçağın) müəyyən edilməsinin mümkün olmadığı və Zərərçəkmiş şəxs xəsarət aldıqdan sonra ona qonşusu Şahid tərəfindən köməklik göstərildiyi müəyyən edilmişdir (iş vərəqə: 112). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 119-120). Həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsyla barışdığını, ona dəymiş maddi zərərin sonuncunun valideynləri tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (iş vərəqə: 114; iş materialları). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlərin təsiri nəticəsində törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, baş vermiş cinayət hadisəsinin səbəbi təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs arasında baş tutmuş göyərçin quşlarının alqı-satqısından sonuncunun təqsirləndirilən şəxsə ödəməli olduğu 30 manat pulu söz verdiyi vaxtda ödəməmsi, hadisə günü təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsdən borclu olduğu pulu tələb etməsindən sonra sonuncunun ona kobud cava verməsi, təhqiramiz ifadələr işlətməsi və söyüş söyməsi olmuşdur. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs himayəsində 2016 və 2020-ci il təvəllüdlü iki nəfər azyaşlı uşaqları vardır (iş vərəqə: 118- 119). İşdə olan, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Balaxanı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 15 dekabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: 115). Qeyd olunanlara əsasən məhkəmə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, onun sonuncuya qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxs tərəfindən yetirilmiş maddi zərərin ödənildiyini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, 59.1.8-ci, 59.1.9cu, 59.1.12-ci və 59.1.13-cü maddəsinə, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmadığını və yaşayış yeri üzrə müsbət xarakteriza olunduğunu həmin Məcəllənin 59.2ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, cəza təyinetmənin ümumi prinsiplərinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Püstə Məmmədovnın üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 01 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 03 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Püstə Məmmədova barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “həbs” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olub, hadisə nəticəsində zədələnmiş bir ədəd qolsuz mayka hökm qanuni qüvvəyə mindikdən sonra təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərcləri müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumt vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olub, hadisə nəticəsində zədələnmiş bir ədəd qolsuz mayka təyinatını itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır, ekspertiza xərcləri müəyyən edilməmişdir. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar