Məhkəmə qərarları › İş №1(101)-1008/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1008/2020

20.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1008/2020 20.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsində əvvəllər tərəvəz məhsullarının yetişdirilməsi üçün istifadə edilmiş istixanada qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib, ümumilikdə külli miqdarda - 628 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, xx xxx 2020-ci il tarixdə saat 08:20-də yaşadığı evin qarşısında saxlanılaraq evin həyətindəki istixanaya baxış keçirilərkən orada qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi ümumi təmiz çəkisi 47 kiloqram 745 qram olan külli miqdarda 628 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurub çəkmək yolu ilə qəbul edir. Son vaxtlar külli miqdarda borcları olduğu üçün qərara gəlmişdir ki, həyətində olan əvvəllər tərəvəz əkib becərdiyi istixanada çətənə bitkisi kollarını əkib becərməklə narkotik vasitələrin satışı ilə məşğul olsun. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə özündə olan çətənə toxumlarını əkib sonradan becərməklə həmin bitkiləri yetişdirmiş, onlara qulluq etmişdir. xx xxx 2020-ci il tarixdə səhər yaşadığı həyətin giriş qapısının döyüldüyünü eşitmiş, qapını açan zaman gələnlərin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bilmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin əkibbecərməsində şübhəli bilinməsi ilə əlaqədar məlumatları olduğunu bildirərək qərarla tanış etmişlər. O, yaxalandığıını başa düşərək səmimi olaraq yaşadığı ünvan 1 saylı ünvanın həyətində yerləşən istixanada narkotik tərkibli çətənə bitkisi kolları əkib becərdiyini etiraf etmişdir. Bundan sonra polis işçiləri onun razılığı ilə həmin istixanaya girmiş və baxış keçirilməsinə başlanılmışdır. Baxışda iştirak edən aqronom həmin bitkilərə baxıb onların narkotik bitkilər olduğunu, diblərinin boşaldıldığını, gübrə və su verilməklə bitkilərə qulluq göstərildiyini bildirmişdir. Sorğu zamanı o, istixanada əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, xx xxxx 2020-ci il tarixdə çətənə bitkisi toxumlarını əkibbecərməklə həmin bitkiləri yetişdirdiyini etiraf etmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş çətənə kolları toplanaraq sayılmış və 628 çətənə kolları qablaşdırılaraq götürülmüşdür. Daha sonra yaşadığı evin həyətyanı sahəsinə və üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilməsi davam etdirilmiş, lakin başqa qanunsuz əşyalar və maddələr aşkar olunmamışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Baş X1 İdarəsinə gəlmiş və həyətində keçirilmiş baxış barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol ucadan oxunduqdan sonra o da, digər iştirakçılar kimi öz imzaları ilə onu təsdiq etmişlər. Təqsirləndirilən şəxs çətənə kollarını əkməsinə həm özünün narkotikdən istifadə etməsinin, həm də çoxlu borclarının yığılmasının səbəb olduğunu, törətdiy əməldən peşman olduğunu ifadəsinə əlavə etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirdi ki, xx xxx 2020-ci il tarixdə işlədiyi idarəyə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib becərməsi və kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. xx xxx 2020-ci il tarixdə saat 08:20-də əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin evin darvazasını açan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonuncuya, həyətyanı sahədə narkotik tərkibli bitkilərin əkib becərməklə məşğul olmasında şübhəli olduğu bildirilmiş və bu barədə qəbul olunmuş qərarla tanış edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həqiqətən həyətyanı sahəsində yerləşən istixanada narkotik tərkibli çətənə bitkisi əkib-becərdiyini və həmin sahəni göstərə biləcəyini demişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəyə və evə baxış keçirilməsinə etirazı olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Bundan sonra saat 08:30-da “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində, yaşadığı evində və evinin həyətyanı sahəsində narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlamadığını, lakin yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkilər əkibbeçərdiyini və həmin bitkiləri təqdim edə biləcəyini bildirmişdir. Tədbir iştirakçıları saxlanılan şəxsin təklifi ilə həyətin giriş qapısından sol tərəfdə yerləşən istixanaya daxil olmuş, istixanada hündürlüyü 20-60 sm olan bitkilərin əkildiyi məlum olmuşdur. Baxışda iştirak üçün dəvət olunmuş mütəxəssis Mərdan Tağıyev həmin bitkilərə baxış zamanı yarpaqlarına, gövdəsinə, zoğuna və iyinə görə narkotik xassəli çətənə bitkisi olduğunu, bitkilərin ətrafının ot örtüyündən təmizləndiyini, diblərinin boşaldıldığını, gübrə verildiyini, torpağında suvarma əlamətləri aşkar edildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs istixanada əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, xx xxxx 2020-ci il tarixdə özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan istixanada istilik dərəcəsini artırmaq üçün soba yandıraraq, bitkilərə su və üzvi kübrələr verərək onlara qulluq göstərdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs özünun uzun illərdir narkotik vasitə olan marixuana qəbul etdiyini və bitkiləri əkməkdə məqsədi satıb qazanc əldə etmək olduğunu bildirmişdir. Bundan sonra istixanada olan narkotik tərkibli çətənə bitkisinə oxşar kollar torpaqdan çıxarılıb sayılmiş və bitkilərin ümumi sayının 628 ədəd olması müəyyən edilmişdir. Aşkar olunmuş çətənə kolları sübut əhəmiyyətinə malik olduğundan beş ədəd ağ rəngli sintetik kisələrə yığılıb qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinin digər hissələrinə baxış keçirilsə də, digər qeyriqanuni əşya və predmetlər aşkar edilməmişdir. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs və digər iştirakçılar Baş X1 İdarəsinə dəvət olunmuşlar. Burada dəvət olunmuş vəkilin iştirakı ilə keçirilmiş baxışın nəticələri rəsmiləşdirilmiş, bütün tədbir iştirakçıları protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 08:20-də yaşadığı ünvan 1-da yerləşən evin qarşısında saxlanılaraq yaşadığı evin həyətindəki istixanaya baxış keçirilərkən orada qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi ümumi təmiz çəkisi 47.745 qram olan külli miqdarda 628 ədəd əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətlərinin gedişini özündə əks etdirən videogörüntülərin olduğu iki ədəd disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 32-35). Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 7/248 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan beş ədəd sintetik torbalardakı ümumi sayı 628 (altı yüz iyirmi səkkiz) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 47.745 qram (47 kq 745 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqranomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qalıq: çətənə kolları 628 ədəd kol 47.744,49 qram çəkidə (cild 1, iş vərəqi 41-44). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2116 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 130-131). Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 5(005)- 457/2020 nömrəli və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 5(003)-157/2020 nömrəli qərarları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir (iş vərəqi 108-109, 112-113). Cinayət işində olan xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 120-122). İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 102). Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin əməkdaşları tərəfindən tutulub saxlanılmış, xx xxx 2020-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar: - Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş beş ədəd sintetik torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 47 kiloqram 744,49 qram çəkidə 628 ədəd çətənə bitkiləri məhv edilməli; - istintaq hərəkətlərinin gedişini özündə əks etdirən videogörüntülərin olduğu 2 ədəd SD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 69,82 (altmış doqquz) manat 82 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 69,82 (altmış doqquz) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2116 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi və məcburi muailicəyə ehtiyacı olmadığı üçün onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, bununla belə o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar: - Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş beş ədəd sintetik torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 47 kiloqram 744,49 qram çəkidə 628 ədəd çətənə bitkiləri məhv edilsin; - istintaq hərəkətlərinin gedişini özündə əks etdirən videogörüntülərin olduğu 2 ədəd SD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 69,82 (altmış doqquz) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar