Məhkəmə qərarları › İş №1(101)-1010/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1010/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1010/2021 28.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Naxçıvan MR-sı Şərur rayonu Çomaxtur kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 18,566 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 17,603 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib sərnişin qismində əyləşdiyi "VAZ 21061" markalı ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillə daşıyaraq Sumqayıt şəhərinə gətirmiş, 06 yanvar 2021-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən avtomobil körpüsünün üzərində Sumqayıt ŞPİ-nin X2 əməkdaşlarının Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindəki üzərində "Jalə albalı nektarı" yazısı olan qutunun içərisində satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd şəffav rəngli sellofan bükümdə təmiz çəkisi 18,566 qram olan külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffav rəngli sellofan bükümdə təmiz çəkisi 17,603 qram olan külli miqdarda ağ rəngli, kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir ki, narkotik tərkibli maddələr qəbul edir. 2021-ci ilin yanvar ayının əvvəllərində özünün istifadə etmək üçün narkotik vasitə almaq qərarına gəldi, bundan sonra tanışı olan və özünə məxsus VAZ 2106 markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi xidməti göstərən Şahid4 zəng vurdu, ondan onu Abşeron rayonu ‘"Sulutəpə dairəsi” adlandırılan əraziyə aparmasını xahiş etdi. Babək idarə etdiyi avtomobillə onu gedəcəyi yerə aparmağa razılıq verdikdən sonra o, idarə etdiyi avtomobillə olduğu yerə gəldi. Avtomobilə minərkən avtomobildə Babəkin qohumu Şahid5 da olduğunu gördü, Babək Vüqarin birlikdə getməsinə etirazının olub olmamasını soruşduqda etirazının olmadığını bildirdi, bundan sonra saat təxminən 18 radələrində yola düşüb Abşeron rayonu ərazisində yerləşən "Sulutəpə dairəsi” adlandırılan əraziyə getdilər, ora çatanda isə Babək və Vüqardan onu avtomobildə gözləmlərini xahiş edərək şəxsi işinin olduğunu, işlərini həll etdikdən sonra geri qayıdacağını bildirib avtomobildən düşdü. Avtomobildən düşüb bir qədər aralandıqdan sonra həmin ərazidə əvvəllər tanımadığı, adını və yaşadığı ünvanı, digər anket məlumatlarını bilmədiyi, ancaq yenidən görsə üzdən tanıya biləcəyi şəxslə qarşılaşdıqdan sonra, həmin şəxsə narkotik tərkibli maddələr qəbul etdiyini bildirməklə, şəxsi istifadə üçün narkotik vasitə və psixotrop maddə almaq istədiyini dedikdə, həmin şəxs ona narkotik vasitə və psixotrop maddə sata biləcəyini bildirdi. Həmin şəxslə "kakos" adlandırılan narkotik vasitə olan heroinin və ‘‘şüşə” adlandırılan psixotrop maddə olan metamfetaminin ona satılması ilə bağlı razılığa gəldikdən sonra, həmin şəxsə 400 manat pul verdi. Həmin şəxs bir ədəd sellofan bükümdə '"kakos" adlandırılan narkotik vasitə olan heroin və bir ədəd sellofan bükümdə “şüşə” adlandırılan psixotrop maddə olan metamfetamin verdi. Narkotik vasitəni və psixotrop maddəni aldıqdan sonra, onları bir qutunun içərisinə qoydu, həmin qutunu isə əynində olan gödəkcənin sağ yan cibinə qoyub, Babəkin idarə etdiyi avtomobilin yanına qayıtdı. Avtomobildə olan Babəkə və Vüqara aldığı narkotik vasitə və psixotrop maddə barədə heç bir məlumat vermədən, Babəkdən onu Sumqayıt şəhərinə qaytarıb gətirməsini xahiş etdi, bundan sonra Babəkin idarə etdiyi avtomobillə geri Sumqayıt şəhərinə qayıtdı. Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən yolun üzərindəki körpünün üzəri ilə keçərkən, yol kənarında olan mülki geyimli şəxslər işarə verib Babəkdan idarə etdiyi avtomobili saxlamasını istədilər. Babək idarə etdiyi avtomobili yol kənarında saxladıqdan sonra isə bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərinin polis əməkdaşları olduqlarını bildirməklə təqdim etdilər. Həmin vaxt video kameradan istifadə edilməklə video çəkiliş aparılırdı, yaxınlaşmış polis əməkdaşları saxlanılma səbəblərini izah edərək, onun narkotik vasitə və psixotrop tərkibli maddələri qanunsuz əldə etməkdə, üzərində saxlamaqda, qəbul etməkdə şübhəli olduğundan saxlandığını bildirdilər və onu polis bölməsinə dəvət etdilər. Onların təklifindən sonra onlarla razılaşaraq onlarla birgə polis bölməsinə getdilər. Yol boyu video çəkİliş aparılmaqda davam etdirildi. Polis bölməsində hüquq və vəzifələri izah edilməklə hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edildi, həmçinin üzərinə şəxsi axtarış aparılacağı deyildi. Bundan əlavə oraya vəkil dəvət edildi. Polis əməkdaşlarının, hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əynində olan gödəkcənin sağ yan cibindəki kiçik ölçülü qutuda saxladığı iki ədəd sellofan bükümdəki narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etdi. Polis əməkdaşları təqdim etdiyi maddələrin nə olduğunu, hardan əldə edib üzərində saxladığını soruşduqda isə həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini həmin gün Abşeron rayonu "Sultapə dairəsi” adlandırılan ərazidə olarkən əvvəllər tanımadığı, adını və yaşadığı ünvanı, digər anket məlumatlarım bilmədiyi, ancaq yenidən görsə üzdən tanıya biləcəyi şəxsə 400 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirdi. Törətdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci il yanvar ayında Sumqayıt ŞPİ-nin 5-ci PB-nə Aqil adlı şəxsin narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, qəbulu, eləcədə üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan, Aqil adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, qəbulu, eləcədə üzərində gəzdirməsini müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfinən qərar qəbul edildi. Əməliyyat qrupu onun rəhbərliyi ilə Şahid3, Şahid2 və Rasim Paşayevdən təşkil olunmuşdu. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün axşam radələrində Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsi ərazisindən keçən avtomobil yolunun üzərində yerləşən avtomobil körpüsünün üzərində Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi “VAZ 21061" markalı ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən saxlanıldı. Həmin vaxt avtomobili idarə edən Şahid4 olduğu müəyyən edildi, avtomobildə Təqsirləndirilən şəxs başqa sərnişin qismində əyləşmiş Şahid5 da var idi. Həmin avtomobil saxlanılarkən Rasim Paşayev tərəfindən video kameranın yaddaşına qeyd etməklə video çəkliş aparıldı. Aqil və avtomobildə olan digər şəxslər saxlanıldıqdan sonra onlara özlərini təqdim edərək, Aqilin narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlamasında, qəbulunda, eləcədə üzərində gəzdirməsində şübhəli olduğundan saxlanıldıqlarını izah etdilər. Həmin vaxt Aqilə hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün vəkil dəvət edilməsi barədə təhqiqatçı tərəfindən məlumat verildi, Aqil saxlanıldıqdan sonra bundan başqa təhiqatçı tərəfindən onun hüquq və vəzifələri izah edilməklə, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edildi. Aqil ilə birlikdə saxlanmış Babək Aqili tanıdığını, taksi sürücüsü olduğundan Aqilin xahişi ilə onu idarə etdiyi avtomobillə Abşeron rayonu Sulutəpə qəsəbəsi ərazisinə aparıb, sonra isə geri qaytardığını, idarə etdiyi avtomobildə olan digər sərnişinin Babəkin dayısı oğlu Şahid5 olduğunu bildirdi. Bundan başqa təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və saxlanılmış digər şəxslərə Təqsirləndirilən şəxs üzərinə şəxsi aparılması üçün aparılan video çəklişin dayandırılmadan, birlikdə polis bölməsinə getməli olduqları izah edildikdə, Təqsirləndirilən şəxs, eləcədə saxlanılmış digər şəxslər polis bölməsinə getmələrinə etirazlarının olmadıqlarını bildirdilər. Bu səbəbdən aparılan videoçəkliş dayandırılmadan avtomobillərə əyləşib polis bölməsinə getdilər, polis bölməsinin xidməti otaqlarının birinə daxil olduqdan sonra Aqilin üzərinə video kamerdan istifadə edib çəkliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı bir daha təhqiqatçı tərəfindən izah edildi, həmin vaxt orda Aqilin hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş vəkil də iştirak etdi. Aqil üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyindən, daha sonra ona üzərində olan qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə o, əynində olan gödəkcənin cibinə salaraq cibindən üzərində "Jalə albalı nektarı” yazısı olan bir ədəd qutunu çıxarıb masanın üzərinə qoydu. Təhqiqatçı tərəfindən həmin qutunun içərisinə baxış keçirildikdə qutunun içərisindən 2 büküm aşkar edildi. Aqildən təqdim etdiyi maddələrin nə olduğunu soruşduqda o, təqdim etdiyi bir bükümdəki maddənin metamfetamin və digər bükümdəki maddənin isə heroin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni həmin gün Babəkin idarə etdiyi avtomobillə Abşeron rayonu Sulutəpə qəsəbəsi ərazisinə gedərkən, həmin ərazidə əvvəllər tanımadığı, adını və ünvanını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 400 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirdi. Bundan sonra onun üzərində əlavə olaraq şəxsi axtarış da aparıldı, ancaq Təqsirləndirilən şəxs üzərindən başqa qanunla daşınması və saxlanılması qadağan olunmuş əşya aşkar edilmədi, Aqilin üzərindən aşkar edilərək götürülmüş bükümlərdəki maddələr elektron tərəzidə çəkilmiş, həmin maddələrin ümumi çəkisi müəyyən edildikdən sonra qablaşdırılaraq götürüldü. Daha sonra Aqilin sərnişin qismində əyləşdiyi və Babək tərəfindən idarə edilən avtomobilin salonuna və saxlanc yerlərinə video kameranın yaddaşına qeyd etməklə baxış keçirildi və avtomobilə baxış keçirilərkən avtomobildən qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet aşkar edilmədi. Bundan sonra Aqilin üzərinə şəxsi axtarış aparılması ilə bağlı, eləcədə avtomobilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib edildi, həmin protokollar ucadan oxundu, protokollara əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edildi. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Abşeron rayonu Sulutəpə qəsəbəsindən, tanımadığı şəxsdən və şəxsi istifadəsi üçün aldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun məhkəmə prosesində özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan 06 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarından müəyyən olunur ki, , Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 21.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, üzərində 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Sumqayıy Apellyasiya Məhkəməsinin 06.07.2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhər məhkəməsinin 21.04.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırki əməlini, barəsində çıxarılan Sumqayıt şəhər məhkəməsinin 21.04.2021-ci il tarixli hökmündən əvvəl törətmişdir, ona görə də hazırki hökmlə Sumqayıt şəhər məhkəməsinin qeyd olunan hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə toplanılmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə kimyavi ekspertizasının 07.01.2021-ci il tarixli 6/65 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 18,566 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 17,603 qram olan ağ rəngli kirstallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən pxixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.Qeyd: Metamfetaminin təmiz çəkisi-17,603 qr., tədqiqata sərf edildi -0.100 qr., qalıq-17.503 Heroinin təmiz çəkisi - 18,566 qr. tədqiqata sərf edildi - 0.100 qr. qalıq - 18,466 qr. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin hakimi Rövşən Xəlilovun 12.01.2021-ci il tarixli qərarından görünür ki, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Aqşin Əhmədov tərəfindən təsdiq edilmiş 06 yanvar 2021-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Cinayət işində olan Şənclər və İdman Nazirliyi tərəfindən müxtəlif vaxtlarda verilmiş diplomlardan görünür ki, Təqsirləndirilən şəxs güləş üzrə təltif edilmişdir. Cinayət işində olan nikah şəhadətnaməsi və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X3 ilə nikahda olmaqa həmin nikahdan 22.09.2020-ci il təvəllüdlü X5 oğlu adlı övladları var. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 21.01.2021-ci il tarixli 163 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 06 yanvar 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, güləş üzrə müxtəlif vaxtlarda diplomlarla təltif edilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, barəsində ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan qalıq çəkisi 18,466 qr. heroin və 17.503 metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD formatlı disk və Bakcell MMC dən götürülmüş 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat 82 (səksən iki) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 06 (altı) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt şəhər məhkəməsinin 21.04.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 06 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat 82 (səksən iki) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan qalıq çəkisi 18,466 qr. heroin və 17,503 qr. metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD formatlı disk və Bakcell MMC dən götürülmüş 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar