Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1011/2021 14.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, ədliyyə müşaviri X4 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Emil oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1991-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Abşeron rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, Salyan rayonu, Yolüstü kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 1 ünvanında yaşamış, 06 yanvar 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “Riyad” ticarət mərkəzinin yaxınlığında məlum olmayan mənbədən satış məqsədi ilə bir ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 225,436 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil olan külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 02:05 radələrində Daxili İşlər Nazirliyi X9 Alayının 12-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Riyad” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş və idarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy-qara rəngli gödəkçəsinin sol iç cibindən həmin bir ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 225,436 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrin istifadəçisi olmamış, tutulmamışdan bir qədər əvvəl narkotik vasitədən istifadə etməyə başlamışdır. Həmin narkotikləri müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. 06 yanvar 2021ci il tarixdə saat 02 radələrində evdən hava almaq məqsədi ilə küçəyə çıxmış, “Riyad” ticarət mərkəzinin yaxınlığında olan zaman kafenin yaxınlığında yerdən 1 ədəd şəffaf selofan olduğunu görmüş, həmin bükülünü yerdən götürmüşdür. Onun içinə baxdıqda narkotik vasitə heroin olduğunu görmüş və narkotik vasitəni özü istifadə etmək üçün əynindəki gödəkçənin cibinə qoymuşdur. Sonra yaşadığı “Abşeron Gənclər Şəhərciyi”nə tərəf gedən zaman “Riyad” ticarət mərkəzinin yaxınlığında polis əməkdaşları ona yaxınlaşmış, karantin rejimi ilə bağlı küçəyə çıxmaq üçün icazəsinin olub-olmamağını soruşmuşlar. O, icazəsinin olmadığını dedikdə, polis əməkdaşları onu Abşeron rayon Polis idarəsinə aparmışlar. İdarədə ondan üzərində hansısa qanunsuz əşyalar, narkotik vasitələr olub-olmaması soruşulmuş, o isə, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Ona üzərində şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş, buna etiraz etməmişdir. Abşeron rayon Polis idarəsində təhqiqatçı və onu saxlayan polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, bu zaman vəkil də dəvət olunmuş və videoçəkiliş aparılmışdır. O, təhqiqatçının təklifi ilə 1 ədəd şəffaf selofana bükülmüş narkotik vasitə heroini əynindəki gödəkçəsinin sol iç cibindən çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitəni 06 yanvar 2021-ci il tarixdə saat 02 radələrində “Riyad” ticarət mərkəzinin yaxınlığında kafenin yanında yerdən tapdığını və şəxsi istifadəsi üçün götürüb üstündə saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı onun təqdim etdiyi 1 ədəd şəffaf selofana bükülmüş narkotik vasitə heroini zərfə qoyaraq möhürləmiş və bu barədə protokol tərtib etmişdir. O da, həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Təqsirləndirilən şəxs anası olduğunu, onunla birlikdə yaşayan Muradın subay olduğunu bildirərək ifadəsində göstərdi ki, Murad əvvəllər “Abşeron Gənclər Şəhərciyi”ndə telefon dükanı işlətmiş, təxminən 1 ildir ki, ölkədəki karantin rejimi ilə bağlı Murad da işsiz olmuş, adətən gecələr evə gec gəlmişdir. 06 yanvar 2021-ci il tarixdə oğlu Muradın narkotik vasitə gəzdirdiyi üçün tutulduğunu bilmişdir. Həmçinin məlumatı olmuşdur ki, Murad son zamanlar narkotik vasitələrdən istifadə edir. Murad tutularkən onun üzərindən aşkar edilmiş narkotik vasitə barədə özünün heç bir məlumatı olmamış, Muradın həmin narkotik vasitəni haradan, kimdən alması barədə heç nə deyə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs qardaşı olduğunu bildirərək, anası Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Alayı 12-ci Polis Bölməsinin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, “Abşeron Gənclər Şəhərciyi” ərazisində hər gün gecə növbəsində polis serjantı Şahid4 və polis baş serjantı Şahid3 ilə birlikdə avtopatrul ilə xidməti aparırlar. 06 yanvar 2021-ci il tarixdə saat 02 radələrində yenə həmin ərazidə Şahid4 və Şahid3lə birlikdə xidmətdə olarkən “Riyad” ticarət mərkəzinin yaxınlığında bır nəfərin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar. Onlar həmin şəxsə respublikada mövcud xüsusi karantin rejimi ilə əlaqədar üzərində hər hansı sənədinin, küçəyə çıxmaq icazəsinin olub-olmamasını soruşmuşlar. Küçəyə çıxmaq üçün icazəsinin olmadığını dedikdə, onlar həmin şəxsi Abşeron rayon Polis idarəsinə dəvət etmişlər. Növbətçi hissədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün idarənin inzibatı binasında təhqiqatçının xidməti otağında müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı saxlanılan şəxsə üzərində qadağan olunmuş əşyaların olubolmamasını soruşmuş, müsbət halda onların təqdim olunmasını təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümü çıxarmış və həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra həmin şəffaf rəngli selofana bükülmüş büküm onların iştirakı ilə zərfə qoyulmuş, onlar tərəfindən imzalanmış, sonra təhqiqatçı protokol tərtib etmiş, onlar həmin protokolun da doğru olması səbəbindən imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Alayı 12-ci Polis Bölməsinin polis nəfərləri Şahid3 və Şahid4 həmkarları Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 06.01.2021-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyi X9 Alayının 12-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Xırdalan şəhərində yerləşən “Riyad” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş və həmin tarixdə saat 03:00-dan 03:25-dək idarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy-qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış videoçəkilişlə aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 24-26). İş materiallarına əlavə edilmiş 16.02.2021-ci il tarixli protokoldan görünür ki, 06 yanvar 2021-ci il tarixdə Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskə baxış keçirilmişdir. Bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilən zaman əynindəki göy-qara rəngli gödəkçəsinin sol iç cibindən şəffaf rəngli selofana bükülmüş bir ədəd büküm aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 115-116). Məhkəmə-kimyəvi ekspertizasının 06.01.2021-ci il tarixli 6/56 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd selofan torbada təmiz çəkisi 225,436 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin təmiz çəkisi 225,436 qramdır, tədqiqata sərf olunan miqdar 0,100 qram, qalıq 225,336 qram təşkil edir (cild 1, iş vərəqi 33-38). İbtidai istintaq orqanının 05.04.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə 225,436 qram heroin və bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 225,336 qram heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 149-153, 158). Məhkəmə-narkoloji ekspertizasının 15.03.2021-ci il tarixli 799 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 141-142). Cinayət işinə əlavə olunmuş 01.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə 06.12.2020-ci il tarixdən 06.01.2021ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, SMS-lərin siyahısı, abunəçilərə və hansı anten əhatə dairəsində istifadə olunmasına dair məlumatların götürülməsi ilə bağlı "xxxx" MMC-dən daxil olmuş 31.03.2021-ci il tarixli AZF/LGL-6855/21 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə 05.01.2021-ci il tarixdə saat 18:51 dəqiqədə Abşeron rayonu ərazisində anten dairəsi əhatəsində olduğu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hadisə baş verən zaman, yəni 06.01.2021-ci il tarixdə heç bir mobil nömrə ilə telefon danışıqları aparılmaması müəyyən edilmişdir (cild 1, iş vərəqi 138-140). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 13.01.2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həmin iş üzrə 11 iyul 2020-ci ildən 13 iyul 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmçinin həmin hökmə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (cild 1, iş vərəqi 88- 89, 117-124). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həmin iş üzrə 11 iyul 2020-ci ildən 13 iyul 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmçinin həmin hökmə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin hökm üzrə ona təyin olunmuş cəzanı çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş və çəkilməmiş qalan 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına münasibətdə hesab edir ki, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68 və 69-cu maddələrinin müddəaları nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-ci maddəsinin tələbinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 06 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Abşeron rayon Polis idarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 225,436 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 225,336 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 81 (səksən bir) manat 82 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 15.03.2021-ci il tarixli 799 №-li rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş və çəkilməmiş qalan 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökm üzrə təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Abşeron rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası cinayətlərin məcmusu qaydasında qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 225,336 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1011/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1011/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver