Məhkəmə qərarları › İş №1(101)-1013/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1013/2022

08.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1013/2022 08.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 14 avqust 1984-cü il tarixdə Ağdam rayonu, Qalayçılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində dörd nəfər azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Əlimədətli ərazi dairəsi, Qalayçılar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Ulduz” düşərgəsində yaşamış, 21 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 dekabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumilikdə səkkiz ədəd bükümdə ümumi təmiz çəkisi 36,842 qram təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini əldə edib üzərində saxlamaqla daşımış, 21 dekabr 2021-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Arzu” düşərgəsinin yaxınlığında piyada hərəkət edərkən X9 Alayının 11-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə (bundan sonra: RPİ, PŞ) aparılmış, şöbənin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti zamanı əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd açıq yaşıl rəngli plastik qabda 7 ədəd bükümdə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkisi 0,294 qram, 0,253 qram, 0,209 qram, 0,252 qram, 0,297 qram, 0,246 qram, 0,291 qram – cəmi 1,842 qram təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, bir ədəd bükümdə isə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə digər yeddi ədəd bükümdə olan maddələrlə fərqli olan, təmiz çəkisi 35,0 qram təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi - ümumilikdə təmiz çəkisi 36,842 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd şpris aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmuşdur. Baxılan iş üzrə tutulmazdan təxminən 5 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Narkotiklərdən 2-3 gündən bir istifadə etmiş, hər istifadə edəndə 0,001 qram istifadə etmişdir. Həmin miqdarda narkotiki isə 10 manata almışdır. Bu səbəbdən də narkotik vasitələrə olan tələbatını ödəmək üçün 21 dekabr 2021-ci il tarixdə, axşam saat 7-8 radələrində Mərdəkan qəsəbəsində «Zəfəran» aptekin qarşısında rastlaşdığı əslən suraxanılı kimi tanıdığı Rasim adlı şəxsdən 25 manat pul verərək şəxsi istifadəsi məqsədi ilə içərisində təxminən 1,4-1,5 qram heroin olan bir büküm narkotik vasitə almışdır. Aldığı narkotiki tərəzidə çəkməsə də, təxmini çəkini gözəyarı müəyyən edə bilmişdir. Narkotik almaq üçün ümumiyyətlə heç vaxt, heç kimə zəng etməmiş, sadəcə tanıdığı uşaqlardan rastlaşdığı zaman narkotik vasitə almışdır. Rasimdən aldığı narkotiki əynində olan gödəkçənin sağ cibinə qoyaraq piyada yaşadığı evə gedərkən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, “Arzu” düşərgəsinin yaxınlığında Əlahiddə ÇPA-nın 11-ci Patrul Bölüyünün əməkdaşları ona yaxınlaşaraq heç bir söz demədən onu zorla polis avtomobilinə mindirmiş və təxminən saat 19:30-da Xəzər RPİ-nin 1-ci PŞ-nə aparmışlar. O, həmin anadək aliment borcuna görə tutulduğunu fikirləşmişdir. O, saxlanılarkın Əli adlı polis işçisi onu boğmuş, Cavid adlı digər polis əməkdaşı isə onu böyründən vurmuş, sonuncu onun başına yumruqlar da vurmuş, o, yerə yıxılmışdır. Daha sonra onu yerdə təpikləməyə başlamışlar. O, Cavidə irad bildirərək camaatın içində niyə belə döydüyünü soruşduqda sonuncu “gedək, bölmədə bilərsən” demişdir. Saxlanıldığı zaman nə Əli, nə də Cavid adlı polis əməkdaşları onun üstünə baxış keçirməmişlər. Növbətçi hissəyə salınarkən üstünə baxış keçirmişlər. Polis bölməsinə gətirilərkən içəridə birinci sağdakı otağa aparılmış, bütün polis əməkdaşları da ardınca ora girmişlər. Sonra Xalid adlı əməkdaşı gəlib içəri girən kimi “səni yükləyəcəyik, 10 il gedəcəksən” sözləri ilə onu hədələmişdir. Onun üzərində olan 1,5 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Əvvəlcə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi bildirilsə də, sonradan 7-8 nəfər tanımadığı polis əməkdaşları onu döymüş, üstündən əvvəl 75, sonra 45, daha sonda sə 35 qram heroin çıxmasını boynuna alması ondan tələb edilmişdir. Bundan sonra içində şpris və duz olan başqa bir sellofan gətirilmiş. Həmin sellofandakıların guya onun üzərindən çıxdığı bildirilmişdir. O, inkar etmiş, gecə saat 12-yə işləmişə qədər onu döymüşlər. Bundan sonra ona Namiq adlı bir vəkil gətirilmiş və sonuncunun yanında onun cibinə narkotik qoyulmuşdur. Hətta məhkəmədə qətimkan tədbiri seçilərkən hakim də onun vəziyyətini görmüş, onu niyə belə döymələrini, niyə boynuna qoyduqlarını soruşmuş, lakin bunu öz qərarında yazmamışdır. Gecə saat 12-yə işləmiş narkotiki İran vətəndaşından alması, sonra ayın 19-u Suraxanı keçidindən alması, 21-də tutularkən üstündə bu qədər narkotik olduğunu deməsi tapşırılmış, videoçəkiliş altında onların dedikləri kimi, yalandan narkotiki tanımadığı İran vətəndaşından aldığını, İran vətəndaşının narkotiki körpünün altına atdırdığını, onun da oradan götürdüyünü demişdir. Bundan sonra onu Bakı İstintaq Təcridxanasına aparmışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onu tutmaqda polis əməkdaşlarının maraqları olmuşdur. Belə ki, o, tutulmamışdan 6-7 ay öncə Mirmövsüm ağa ziyarətgahında su başında onun qardaşı öz pul kisəsini unutmuş, polis əməkdaşları Əligil həmin pul kisəsini tapmış, pul kisəsindəki 1800 manat pulu götürmüş, boş pul kisəsini gətirib ziyarətgahın mühafizəçisinə vermişlər. Bundan sonra kamera görüntülərində müəyyən edilmişdir ki, qardaşı pul kisəsini unutduğu yerə 10-15 dəqiqə ərzində yalnız polis əməkdaşları daxil olmuşdur. Bundan sonra, qardaşı 102 xidmətinə şikayət etmiş, polislər də gətirib həmin pulu qaytarmışlar. Lakin polislər şikayət etdiyi üçün qardaşına “ya səndən, ya da qardaşından bunun əvəzini çıxacağıq” demişlər. Məhz buna görə polislər onu tutmuşlar. O, saxlanılarkən üzərində təxminən 1,5 qram narkotik vasitə heroin olmuşdur. Üzərində 7 deyil, cəmi 1 büküm narkotik olmuşdur. Həmin 1 büküm narkotiki də o özü cibindən çıxarıb stolun üstünə qoymuşdur. Üzərindən aşkar olunan digər narkotik vasitə heroin, bir ədəd şpris və bir bükümdə limon duzu ona məxsus olmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona qarşı edilən qanunsuz hərəkətlər barədə Xəzər rayon Prokurorluğuna müraciət etmiş, ədalətli və obyektiv araşdırma aparılmasını xahiş etmişdir. İlkin istintaq zamanı qorxduğuna görə baş verənlər barədə ifadəsində göstərməmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində şübhəli şəxs qismində vermiş olduğu 22 dekabr 2021-ci il tarixli və təqsirləndirilən şəxs qismində vermiş olduğu 23 dekabr 2021-ci il tarixli ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitədən istifadə etmişdir. Bu səbəbdən də narkotik vasitələrə olan tələbatını ödəmək üçün 19 dekabr 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində, piyada keçidinin yanında Rasim adlı şəxsdən narkotik vasitə olan heroini (kokosu) 950 manata almışdır. Həmin şəxsə 150 manat məbləğində pul versə də, 800 manatını borclu qalmışdır. Daha sonra narkotik vasitəni üzərində saxlayıb gəzdirmişdir. 21 dekabr 2021-ci il tarixdə, saat təxminən 19:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, “Arzu” düşərgəsinin yaxınlığında Əlahiddə ÇPA-nın 11-ci Patrul Bölüyünün əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getməyi təklif etmişlər. O da etiraz etməyib onlarla birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getmişdir. 1-ci Polis Şöbəsində xidməti otaqlardan birində polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyalar olduğu təqdirdə təqdim olunması ona təklif edilmişdir. Bununla da o, əynindəki qara rəngli gödəkçənin sağ cibində olan ağ rəngli polietilen paketin içərisinə 01 ədəd açıq yaşıl rəngli, dairəvi formalı plastik qabın içərisində 07 ədəd şəffaf rəngli sellofana bükülmüş, spesifik iyə məxsus, qəhvəyi rəngli, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, spesifik iyə məxsus, qəhvəyi rəngli, 01 ədəd şprisin paketinə bükülmüş, ağ rəngli, toz şəkilli, spesifik iyə məxsus, narkotik vasitəyə oxşar kütlələri və 01 ədəd şprisi təqdim etmişdir. Daha sonra həmin kütlələr içərisi boş olan ağ rəngli, kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, o, narkotik vasitəni həm qəbul etmiş, həm də satışı ilə məşğul olmuşdur. Belə ki, Rasim adlı şəxsdən aldığı narkotik vasitə heroinin bir qismini öz istifadəsi üçün, digər qismini isə satıb pul qazanmaq üçün əldə etmişdir. Rasim adlı şəxsi yalnız üzdən tanımış, anket məlumatları barədə heç bir məlumatı olmamışdır. Rasimlə yalnız sosial şəbəkə vasitəsilə əlaqə saxlamışdır. Sonuncunun istifadə etdiyi telefon nömrəsi belə İran nömrəsi olmuşdur ki, həmin nömrəni də xatırlamamışdır. Saxlanıldığı zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixoloji zor tətbiq edilməmişdir (iş vərəqə: səh. 44-46; 59-62). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-in X9 Alayının 11-ci Patrul Bölüyünün polis nəfəri Şahid ifadəsində göstərdi ki, 21 dekabr 2021-ci il tarixdə həmkarı - polis nəfəri X8 ilə birlikdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində xidmət apararkən saat təxminən 19:30 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən “Arzu” düşərgəsinin yaxınlığında bir nəfər şəxsin onların idarə etdiyi xidməti avtopatrulu görəndən sonra gizlənməyə çalışması onların diqqətini cəlb etmiş, onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra gizlənmək istəməsinin səbəbini soruşmuş, həmin şəxs suallara cavab verə bilməyərək özünü şübhəli aparmağa başlamışdır. Üzərində narkotik vasitə olmasından şübhələndikləri üçün həmin şəxsi Xəzər RPİ-nin 1-ci PŞ-nə aparmışlar. Polis şöbəsində həmin şəxsin 14 avqust 1984-cü il təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Ulduz” düşərgəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra hadisə barədə raport yazıb məruzə etmişlər. Bununla əlaqədar araşdırmanın aparılması Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayevə həvalə edilmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Şahin Mustafayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı Şahin Mustafayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl video çəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ cibindən bir ədəd sellofan bükümdə və bir ədəd plastik qabda 07 ədəd bükümdə, ümumilikdə 08 ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitəyə bənzər maddələri, 01 ədəd bükümdə ağ rəngli maddəni və 01 ədəd şprisi təqdim etmiş, ümumilikdə 08 ədəd bükülüdə olan maddənin narkotik vasitə heroin, 01 ədəd bükülüdə olan maddənin “limon duzu” olduğunu və qeyd olunan maddələri 19 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində “Rasim” adlı şəxsdən 950 manat pul müqabilində aldığını, həmin məbləğdən 150 manat pulu verdiyini, 800 manat pul borcu qaldığını bildirmişdir. Həmin kütlələr qablaşdırılıb möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuş və Təqsirləndirilən şəxs narkotik vasitələrdən həm özünün istifadə etdiyini, həm də satışı ilə məşğul olduğunu bildirmişdir. Şahid qismində dindirilən polis nəfəri Şahid göstərdi ki, Elmin Mizəyevə qarşı istər saxlanılarkən və ya istərsə də Şöbədə olarkən heç bir fiziki və ya psixoloji təsir göstərilməmiş, o, özünü çox sərbəst aparmış və baxış və götürmə müdafiəçisinin iştirakı ilə videoçəkiliş altında aparılmışdır. Hətta baxış və götürmə zamanı onun müdafiəçisi bu barədə ona suallar da vermişdir. Məhkəmə baxışı zamanı xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə əlaqədar adı məhkəməyə dəvət olunmalı şahidlər siyahısına əlavə edilməmiş, lakin məhkəməyədək icraat zamanı şahid qismində dindirilməklə iş üzrə ittiham aktında ifadələrinə qiymət verilmiş şahid X4 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, şahid X8 Şahid ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (iş vərəqə: səh. 116-117). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, “şəxsi axtarış, baxış və maddi sübutun götürülməsi” haqqında 21 dekabr 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, Əlahiddə ÇPA-nın 11-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantı X4, polis serjantı Şahid və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ondan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə təqdim olunması təklif edilmiş və vətəndaş Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ cibində olan ağ rəngli polietilen paketin içərisində 01 ədəd açıq yaşıl rəngli, dairəvi formalı plastik qabın içərisində 7 ədəd şəffaf rəngli sellofana bükülmüş, spesifik iyə məxsus qəhvəyi rəngli, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, spesifik iyə məxsus, qəhvəyi rəngli, 1 ədəd şprisin paketinə bükülmüş, ağ rəngli, toz şəkilli, spesifik iyə məxsus, narkotik vasitəyə oxşar kütlələri və 1 ədəd şprisi təqdim etmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərinə, əynində olan paltarlarına keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş digər predmet, əşya və maddə aşkar edilməmişdir. Sorğu zamanı vətəndaş Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 08 ədəd şəffaf rəngli sellofana bükülmüş, spesifik iyə məxsus, qəhvəyi rəngli narkotik vasitə “kakos”dur, 1 ədəd şprisin paketinə bükülmüş, ağ rəngli, toz şəkilli, spesifik iyə məxsus vasitə limon duzudur və həmin narkotik vasitələri 19 dekabr 2021-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində, piyada keçidinin yanında Rasim adlı şəxsdən 950 manata almış, 150 manatını vermiş, 800 manatını borclu qalmışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan narkotik vasitəyə bənzər kütlələr, şpris və limon duzu iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən maddi sübut kimi götürülmüş, qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, doğru olduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: səh. 24-25). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərinin yerləşdirildiyi diskə baxış keçirilməsi haqqında 23 dekabr 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, diskə baxış keçirilməsi haqqında protokolun məzmununda göstərilənlərlə “şəxsi axtarış, baxış və maddi sübutun götürülməsi” haqqında 21 dekabr 2021-ci il tarixli protokolun məzmununda göstərilənlər üst-üstə düşür və biri digərini təsdiq edir (iş vərəqə: səh. 75). Məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən diskdə olan videogörüntülərlə müəyyən edildi ki, diskdə olan videogörüntülər Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış, baxış və maddi sübutun götürülməsi” haqqında 21 dekabr 2021-ci il tarixli və şəxsi axtarış aparılması prosesinin videogörüntülərinin yerləşdirildiyi diskə baxış keçirilməsi haqqında 23 dekyabr 2021-ci il tarixli protokollarda göstərilənlərlə üst-üstə düşməklə bir-birini tamamlayır və axtarış və götürmə prosesində prosessual pozuntulara yol verilmədiyini təsdiq edir. Tədqiq olunan videogörüntülərdən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs təhqiqatçının «bu narkotik vasitələri hansı məqsədlə alıb əldə etmisiniz?» məzmunda sualına özünün şəxsi istifadəsi məqsədilə alıb əldə etdiyini, həmçinin satışı ilə məşğul olduğunu bildirmişdir (cinayət işinə əlavə edilmiş DVD formatlı disk). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 22 dekabr 2021-ci il tarixli, 6/5576 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №157” dairəvi möhür əksi olan “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd sellofan bükümdə və bir ədəd açıq yaşıl rəngli plastik qabda 7 ədəd bükümdə ümumilikdə 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 35,0 qram, 0,294 qram, 0,253 qram, 0,209 qram, 0,252 qram, 0,297 qram, 0,246 qram, 0,291 qram ümumi təmiz çəkisi 36,842 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin narkotik vasitəsinin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olması tədqiq olunan rəyə əlavə edilmişdir. Bundan başqa, tədqiq olunan rəydən görünür ki, bir ədəd şprisdə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmamışdır. Bir ədəd bükümdə təmiz çəkisi 5,0 qram olan ağ rəngli maddə limon turşusudur. Limon turşusu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir (iş vərəqə: səh. 32-37). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 30 mart 2022-ci il tarixli, 6/1281 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan, 6/1281...22 dekabr 2021-ci il...” sözləri qeyd edilmiş bir ədəd MEM-ə məxsus kağız paketdə qablaşdırılmış üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 34,96 qram heroin ilə yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,254 qram, 0,213 qram, 0,169 qram, 0,212 qram, 0,257 qram, 0,206 qram, 0,251 qram ümumi təmiz çəkisi 1,562 qram olan heroinlərlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Təqdim edilmiş yeddi ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,254 qram, 0,213 qram, 0,169 qram, 0,212 qram, 0,257 qram, 0,206 qram, 0,251 qram ümumi təmiz çəkisi 1,562 qram heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir (iş vərəqə: səh. 152- 156). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 25 fevral 2022-ci il tarixli, 955 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 145- 146). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə Şahid arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: səh. 139-142). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 03 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman aşkar edilərək səkkiz bükümdə götürülmüş ümumi çəkisi 36,842 qram təşkil etmiş heroin narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 36,202 qram hissəsi və 01 ədəd şpris iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd CD disk iş üzrə mötəbər sübut kimi cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: səh. 162-170). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən təqribən on səkkiz dəfə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək 08 ədəd bükümlərdə daşıyıb saxlaması, aşkar edilmiş narkotik vasitələrin mənbə müxtəlifliyi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitənin külli miqdar təşkil edən 35,0 qramının ona aid olmamasına, ona qarşı fiziki zor tətbiq edilməklə döyülməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs qarşı işgəncə faktı sonuncunun müdafiəçisi Ümman Salahzadənin şikayət ərizəsi əsasənda Bakı şəhəri Xəzər rayon prokurorpluğu tərəfindən araşdırılmış, prokurorluğun 09 fevral 2022-ci il tarixli qərarına əsasən müdafiəçinin şikayət ərizəsində göstərdiyi xüsusatlar üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işi başlanılması rədd edilmişdir. Xəzər rayon prokurorluğunun tədqiq olunan 09 fevral 2022-ci il tarixli həmin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertiza (xx.xx.2022-ci il, №-135) keçirilmiş, ekpertiza tədqiqatı nəticəsində Təqsirləndirilən şəxs bədəni üzərində 21 dekabr 2021-ci il tarixdə travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aid 10382/2021 saylı tibbi kitabçaya baxışla müəyyən olunur ki, sonuncunun bədəni üzərində hər iki saiddə çoxlu sayda çapıq toxumaların mövcuddur, ümumi vəziyyəti kafidir və şikayəti yoxdur, psixo-nevroloji statusunda patoloji dəyişiklik olmamışdır. Məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs videoçəkiliş müddətində özünü tam sərbəst aparmış, verilən suallara fasilə vermədən adekvat cavablar vermiş, aşkar edilmiş narkotik vasitələri özünün şəxsi istifadəsi və satmaq məqsədilə alıb əldə etdiyini etiraf etmiş, hətta müdafiəçinin “polis məməkdaşları tərəfindən saxlanılıb Polis Şöbəsinə gətirilərkən, Polis Şöbəsində olarkən polis əməkdaşları tərəfindən sizə qarşı fiziki zor və ya psixi təsir göstərilibmi?” məzmunda sualına “Xeyir”, “bu ifadənizdə səmimisinizmi?” məzmunda sualına isə “Bəli” cavabını vermişdir. Videoçəkiliş müddətində Təqsirləndirilən şəxs geyimi səliqəlidir, onun bədənində görünən hissələrdə xəsarət, xəsarət izləri müşahidə olunmur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunsa da, onun həmin işlər üzrə, o cümlədən sonuncu – Xəzər rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı ilə cəzası 2 ilə endirilmiş və Xəzər rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 02 ay 04 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, 16 iyul 2018-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: 90- 92). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs bütün məhkumluqları, o cümlədən Xəzər rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli hökmü uzrə olan məhkumluğu ödənilmiş və Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli hökmü uzrə məhkum olunduğu daha ciddi əməl təsnifatına görə az ağır cinayətlər (Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi) kateqoriyasına aiddir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmçinin həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs sonuncu hökm üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 04 gün hissəsindən Xəzər rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti olaraq azad olunduğunu və hazırda baxılan cinayət işi üzrə cinayət hadisəsinin 21 dekabr 2021-ci il tarixdə, yəni cəzadan azad olunduqdan təqribən 3 il 7 ay sonra törədildiyini nəzərə alıb, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsunun Xəzər rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli hökmü uzrə olan məhkumluğu hələ 11 may 2020-ci il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən isə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət işində olan rəsmi sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 2008, 2010, 2013-cü və 2017-ci il təvəllüdlü dörd nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 25 fevral 2022-ci il tarixli, 955 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 21 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 21 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 dekabr 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 36,202 qram heroin narkotik vasitəsi məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin videogörüntüləri yerləşdirilmiş bir ədəd CD formalı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məsrəfləri olaraq 130,00 (bir yüz otuz) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 36,202 qram heroin narkotik vasitəsi və 01 ədəd şpris məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 130,00 (bir yüz otuz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar