Məhkəmə qərarları › İş №1(101)-1013/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1013/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1013/2023 12.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X3 və Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2 Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Rusiya Federasiyasının, Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində nömrəsiz fərdi evdə faktiki yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittham verilmişdir ona görə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, bundan başqa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-İn 177.2.1, 177.2.2, 177.2.3 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 6,928 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib, qeyd edilən çəkidə narkotik vasitə heroini 3,705 qram və 3,223 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 02 (iki) ədəd bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 noyabr 2022ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:25-də Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ayrı-ayrılıqda çəkiləri 3,705 qram və 3,223 qram olmaqla, ümumi təmiz çəkisi 6,928 qram narkotik vasitə heroin 02 (iki) ədəd sellofan bükümdə olmaqla əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, “Shaurma”nın içərisində 5-6 nəfər tanışları ilə oturmuşdur. Polis əməkdaşları gəlib onu oradan götürüb, üzərini yoxlamışlar. Onun və Şahid5 adını çağırmışlar. Hamını durğuzmuşlar. Onları çıxarıb avtomobilə əyləşdirmiş və idarəyə aparmışlar. Ona “Ya ikinizi də göndərərik, ya da biriniz qol çəkib gedin“ demişlər. O əvvəllər iki dəfə məhkum olunduğu, dostunun iki övladı olduğu üçün, onu özü ilə apara bilmədiyindən məcbur olub boynuna götürmüşdür və cibinə büküm qoymuşlar. Sonra isə çəkiliş olmuşdur. Onu Kürdəxanıya aparmışlar. Ona qarşı polis əməkdaşları tərəfindən belə hərəkət edilməsinə səbəb o ola bilər ki, kiminləsə dalaşmış olsun. 5-6 ay imiş ki, azadlıqda imiş, ola bilsin ki, kiminləsə, tanımadığı bir insanla dalaşmışdır. Dalaşdığı, düşmənçiliyi olduğu konkret bir insanın adını çəkə bilməz. Özünü tanıdığına görə ola bilər ki, kimləsə dalaşmış olsun. Narkotik vasitədən istifadə etmişdir. Tutulan günə qədər heroindən istifadə etmişdir, başqa narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitədən daimi asılı olmamışdır, nə vaxt fürsət düşürmüşsə, o vaxt istifadə edirmiş. Tutulduğu birinci gün, üzərində narkotik vasitə olduğunu bildirdiyi ifadə vermişdir. Büküm üzərinə qoyulmuşdur. İbtidai istintaqda edilən hərəkətlər düzgün edilməmişdir. 2 ədəd bükümü vermişlər və o da cibinə qoymuşdur. Bunu onunla bölməyə aparılan insana görə etmişdir. O heç nədən xəbəri olmayan insan imiş. İfadə videoçəkilişdə olmuşdur, başqa ifadə olmamışdır. Oturub şaurma yeyib çay içən zaman polislər gəlib yaxınlaşmışlar. Kafedə kamera da var imiş, kamera görüntülərini əldə etməmək müstəntiqin günahıdır. Marixuanadan istifadə etmişdir. Bilgəhdən Nərimanova 40 dəqiqəlik yolda qolları bağlı olmuşdur. Polis əməkdaşları iki avtomobillə gəlmişlər və Şahid5 və Təqsirləndirilən şəxs çağırıb “Aranızda kimdir?” deyə soruşdular. Restoranın daxilində üzərinə baxış keçirmişlər. Çəkilişdə bükümün onun olduğunu deməsinin səbəbi var imiş. Onunla idarəyə aparılan insana görə ifadəsindəki etirafedici cümlələri demək məcburiyyətində qalmışdır. Döymə-söymə olmamışdır, söhbət edib razılaşmışlar. Üzərindəki balta iki-üç gün qabaq ona hədiyyə olmuşdur. Onu sellofan torbaya qoymaq mümkün deyilmiş ki, sellofan torbada əlində gəzdirsin. Əvvəl verdiyi ifadəni Ceyhunun 3 gün polisdə qalmasına görə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs həm dostu, həm də məhəllə uşağıdır. Bir yerdə böyümüşlər. Evdə oturmuşlar, Tosif onun yanında qalırmış, evi yox imiş, kirayədə qalırmış, ona görə də onlarda qalırmışlar. Dostları zəng edib onları kafeyə çağırmışdır. Onların evinin yanında “Shaurma” restoranı var imiş. Ora getdikdən sonra yeməyi yeyib qurtarmaqlarından 5-10 dəqiqə keçməmiş içəriyə 10-15 nəfər daxil olmuşdur. Onlara “Əllərinizi qabağa qoyun” demişlər. Onları aparmışlar. Onlar 5 nəfər imişlər. Dayanacağa çatanda 3 nəfərə getməli olduqlarını demişlər, onların ikisini isə avtomobilə əyləşdirib aparmışlar. Onları ayrı-ayrı avtomobillərdə aparmışlar. Onları bandotdelə aparıb orada ayrı-ayrılıqda saxlamışlar. Sonra onu otağa çağırmış və ondan Tosifin üzərində nəsə olmağından xəbərinin olub-olmadığını soruşmuşlar. O isə xəbəri olmadığını demişdir. Ona Tosifin üzərində balta və narkotik olduğunu demişlər. O isə görmədiyini demişdir. Həqiqətən də xəbəri olmamışdır. Belə bir şey heç Tosifə yaxın bir şey deyilmiş. Tosifin qabağına iki ədəd siqaret paketlərini qoyduqlarını görmüşdür. Bir dənə balta var imiş. Demişlər ki, bunlar onun qabağından çıxıb. Ona “Sən də şahidsən” demişlər. O isə həmin predmetləri görmədiyi üçün şahid ola bilməyəcəyini demişdir. Ona “Sən bilmirdin, amma üzərindən çıxmağını görürsən” demişlər. O da “Hə, onu görürəm amma üzərində olduğundan xəbərim olmayıb” demişdir. Çəkiliş apardıqdan sonra onları yenidən ayırmışlar. O, narkotik vasitədən istifadə etmir və heç vaxt da istifadə etməmişdir. Polis əməkdaşları onlara “Banditsiniz” demişlər. Dava-dalaş səbəbilə polis idarəsinə düşdükləri olub, lakin narkotiklə olmayıb. Tosifin üzərində həmin predmetlərin olmasından xəbəri olmayıb. Polis əməkdaşları həmin predmetləri Tosifin cibindən çıxarmışlar. Orada polisdən başqa heç kəs yox imiş. Çəkilişdə iştirak etmişdir. Çəkilişdə Tosifin üzərindəkiləri özünün verdiyini dəqiq deyə bilməz, amma onun cibindən çıxardıb stolun üzərinə qoymuşlar. O, polis şöbəsində 3 gün qalmışdır, Tosifdən xəbəri yox imiş, ola bilsin ki, onu aparıbmışlar. Tosifin narkotik vasitəni özünün cibindən çıxarıb stolun üzərinə qoyduğunu görməmişdir. Onun cibindən çıxarıb stolun üzərinə qoymuşlar. Dəqiq deyə bilmir. Həyəcanlı olduğu üçün yadında deyil. Onu Tosiflə birgə “Shaurma” kafesinin içərisindən aparmışlar. Kafenin içərisində üzərlərinə baxış keçirməmişlər. “Əlinizi stolun üzərinə qoyun” demişlər. Onlar da əllərini qoymuşlar. Telefonlarını polis əməkdaşları götürmüşlər. Polis idarəsində onun üzərinə baxış keçirilməmişdir. Bircə ona məxsus pul qabını çıxarmışlar. O balta ilə narkotik vasitəni stolun üzərinə düzüldüyünü görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə zamanı tanımışdır. 16 noyabr 2022-ci il tarixində məlumat daxil olmuşdur ki, Tosif adlı şəxs külli miqdarda narkotik vasitə, psixotrop maddə satışı ilə məşğuldur. Bununla bağlı tədbir keçirilərək müəyyən olunmuşdur ki, şəxs həmin gün saat təxminən 19:30-20:00 aralığında Sabunçu ərazisindəki Qəbələ küçəsi deyilən yerdə olacaq. Tutulub yanında başqa şəxslə idarəyə gətirilmişdir. Üzərinə şəxsi axtarış keçirilmişdir. Balta və iki büküm təqdim edərək bildirmişdir ki bükümü tapmışdır, baltanı da tanımadığı şəxsdən almışdır. Narkotikin də öz istifadəsi üçün olduğunu bildirmişdir. Digər şəxsin üstündən də heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxsə qarşı zorakılıq və ya psixi-fiziki təsir olmamışdır. İdarədə videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmişdir. Tarixin 17-si göstərilməsi texniki səhvdir. Təqsirləndirilən şəxsi əməliyyat məlumatı əsasında Bilgəh qəsəbəsi, Qəbələ küçəsində yaxalamışlar. Onlar 3 gün şöbədə saxlanılmamışdır. Müqavimət və zor tətbiqi olmuyub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə zamanı tanımışdır. 16 noyabr 2022-ci ildə məlumat daxil olmuşdur. Bununla bağlı tədbir keçirilmişdir. Təqsirləndirilən şəxsi yanında başqa bir şəxslə tutub idarəyə aparmışlar. Üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs balta və iki büküm təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı zorakılıq və psixi-fiziki təsir olmamışdır. Baltayla bağlı təqsirləndirilən şəxsin nəsə dediyini xatırlamır. Üzərindən ola bilsin ki, telefon da aşkar olunmuşdu, ancaq dəqiq xatırlamır. Bilgəh qəsəbəsi, Qəbələ küçəsində yaxalamışlar. Çəkilişdə də iştirak etmişdir. Satışla məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı müqavimət və zor tətbiqi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 təqsirləndirilən şəxsi hadisə zamanı tanımışdır. 16 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuşdur. Bununla bağlı tədbir keçirilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən tutulub idarəyə aparılmışdır, yanında başqa şəxs də olmuşdur. Üzərinə idarədə şəxsi axtarış keçirilmişdir. Balta və iki büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı zorakılıq və psixi-fiziki təsir olmamışdır. Təqsirləndirilən şəxsin üzərindən telefon, narkotik və balta olmuşdur. Bilgəh qəsəbəsi, Qəbələ küçəsində onu yaxalamışlar. Təqsirləndirilən şəxsi saxladıqları yer ilə idarə arasında neçə dəqiqəlik yol olduğunu xatırlamır. Təqsirləndirilən şəxs qarşı müqavimət və zor tətbiq olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək, ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamını təsdiq edilməməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs verilmiş ittihamda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınan polis əməkdaşları da ayrı-ayrılıqda verdikləri ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin və iş materiallarından görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki,“... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il qərarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində narkotik vasitənin ona məxsus olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 16 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X6 tərəfindən tərtib edilmiş “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində kakos adlı narkotik vasitə və balta olduğunu bildirib, bel nahiyəsində olan baltanı və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqdim olunan bükümlərə baxış keçirilərkən bükümlərin içərisində tünd qəhvəyi rəngli spesifik qoxuya malik heroinə oxşar maddə olması müşahidə olunmuşdur. Daha sonra həmin bükümlər və balta ayrə ayrılıqda cinayət təqibi üçün sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılaraq götürülmüş, möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri. Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Favorit marketin yaxınlığından tapdığını, narkotik vasitədən istifadə etmədiyini, bel nahiyəsində saxladığı 01 ədəd qara rəngli baltaya oxşar predmeti təxminən 1 həftə əvvəl anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6604 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün No 6”-li dairəvi möhür əksi, "şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan paketdəki, 2(iki) ədəd şəffaf polietilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri - 3,705 qram və 3,223 qram, ümumi təmiz çəkisi 6,928 qram tünd qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi-6,928 qram, sərf edildi: ümumi 0,1 qram, qalıq: 6,828 qram. (ekpertiza tədqiqatın dəyəri 114 manatdır) Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1217/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə özünü törədilmiş cinayət əməlində təqsirli bilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir, barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-1506/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanuni hesab edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X4 adlı və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı iki azyaşlı övladı vardır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin xx.xx.2022-ci il tarixli, 6925 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" X7 daxil olmuş xx.xx.2022-ci il tarixli 4273K nömrəli rəyində aşağıdakilar qeyd edilmişdir: Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan Heroin, çətənə bitikisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edildi. Barbitur turşusu törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenitiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1621 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1(bir)ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı baltadır, təyinatı üzrə istifadəyə yararlıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlaə və dəyişikliklər edilməmişdir. (ekpertiza tədqiqatın dəyəri 64 manatdır) Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 daxil olmuş xx.xx.2023-cü il tarixli 79 nömrəli rəyində aşağıdakilar qeyd edilmişdir: Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur, bundan başqa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2, 177.2.3 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən gəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündın altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 16 noyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 178 (yüz yetmiş səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,828 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 178 (yüz yetmiş səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 16 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 178 (yüz yetmiş səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,828 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar