Məhkəmə qərarları › İş №1(101)-1014/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1014/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1014/2023 24.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - "KREDO" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 04 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdə axtarışı elan olunmuş, 24 avqust 2022-ci il tarixdə tutulmuş və 04 sentyabr 2022-ci il tarixdə həbsdə saxlanılma müddəti bitdiyi üçün təcridxanadan azad olunmuş, qətimkan tədbirlərinin şərtlərini pozduğu üçün 02 noyabr 2022-ci il tarixdə tutulmuş və Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimnkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanının qarşısında olan zaman ona yaxınlaşaraq borc pul istəyən tanışı Zərərçəkmiş şəxs üzərində pul olmadığını bildirməsinə baxmayaraq, sonuncunun onu heç bir əsaslı səbəb olmadan davamlı olaraq nalayiq ifadələrlə təhqir etməsinə görə qisas almaq niyyətilə üzərində olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq, ona qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edən nazik və kor bağırsaqları yaralayaraq kəskin qan itirmə törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün o, məhəllədə olmuş, Anar ona yaxınlaşıb pul istəmişdir. Anar bundan əvvəllər də ondan pul istəmiş, o da, pulu olan vaxt Anara vermiş, pulu olmayanda isə verməmişdir. Həmin gün də onun üzərində pul olmadığı üçün Anara pul verə bilməmişdir. Hadisə olan gün o, pul verməyən zaman Anar onu söyməyə başlamış, o da, bundan əsəbləşib «besedka»da olan bıçağı götürüb Anarı vurmuşdur. O, Anarı bıçaqla vurandan sonra sonuncu taksiyə minib «Semaşko» xəstəxanasına getmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Anar həyətdə özünü «avtoritet» kimi göstərmiş və buna görə də ondan pul istəmişdir. O, əvvəllər də Anara istəyəndə 15-20 manat pul vermişdir. Həmin gün isə o, Anara pulu olmadığını dedikdə, sonuncu, ona gedib evdən pul gətirməsini bildirmişdir. O, bir daha Anara pulunun olmadığını demiş, sonuncu isə səbəbsiz yerə onu nalayiq söyülərlə söymüşdür. Bıçağı məhəllədə olan «besedka»nın içərisindən götürmüşdür. Anarla mübahisə edən zaman orada onların ikisindən başqa heç kim olmamışdır. O, Anarı üzərinə gələn zaman bıçaqla bir dəfə vurmuş, lakin harasından vurduğunu görməmişdir. Barəsində qətimkan tədbiri seçilən zaman hakimin yanına aparılmış, sentyabr ayının 3-də həbsdən buraxılmış, sonradan onu çağıran olmamışdır. O, Anarı vurmaqla qanunu pozmuşdur. Hadisə vaxtı o, sərxoş olmamış, lakin Anarın sərxoş olub-olmadığını bilməmişdir. Hadisə vaxtı onları heç kim ayırmamışdır. Anarı xəstəxanaya aparmaq üçün taksini o, saxlamışdır. Bıçağı «besedka»da olan tumboçkadan götürmüşdür. Hadisə gecə baş vermiş, sonrakı gün saat 12-də isə polis ona zəng edərək bölməyə çağırmış, o, özü polisə getmişdir. Sonradan tanışlarından Anarı soruşub vəziyyətini öyrənmək istəmiş, onlar Anarın xəstəxanada reanimasiya şöbəsində olduğunu demişdir. Məhkəmənin hazırlıq iclasına gələn zaman Anar ona "mən məhkəmədə deyəcəm ki, məni sən vurmamısan, ondan sonra səni buraxacaqlar" sözlərini demiş, bu cür danışmağı Anardan o, xahiş etməmişdir. Lakin bu gün bir daha etiraf edir ki, Anarı o, bıçaqla vurmuşdur, bunu Anarın onu nalayiq söyüşlərlə söyüb təhqir etməsinə görə etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifafdəsində bildirdi ki, özünü zərərçəkmiş şəxs kimi qəbul etmir. O, hadisə zamanı heç bir zərər çəkməmişdir. Məhəllədə mübahisə olmuş, lakin o, hadisənin necə baş verdiyini xatırlamır. Sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, ibtidai istintaq zamanı o, ifadə verməmişdir. O, həmin vaxt bıçaq xəsarəti almış, lakin bıçağı ona kimin vurduğunu xatırlamır. Hadisə yerində olan uşaqları tanımır. Həmin vaxt hadisə yerində çoxlu adam olmuşdur. Seymurla arasında borc məsələsi olmamışdır. Həmin gün təqsirləndirilən şəxsdən, yəni Seymurdan borc pul istəməmiş və almamışdır. O, bir müddət sonra bilmişdir ki, bıçaqlanmışdır. Xəstəxanada cəmi 2-3 gün olmuş, həmin vaxt özündə olmamış, özünə gələndən sonra xəstəxanadan çıxmış və eşitmişdir ki, onu seymur vurmuşdur. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zaman verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşuluqda yaşayan şəxs kimi tanıyır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Koveroçkin küçəsində axşam saatlarında gəzən zaman o, həmin şəxslə qarşılaşmış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətsə də, həmin şəxs də öz növbəsində onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman onların arasındakı mübahisə getdikcə böyümüşdür. Daha sonra məhəllədən çıxıb söhbət etmək üçün bir az kənara getmişlər. Söhbət edən zaman Təqsirləndirilən şəxs onun qarın nahiyəsinə zərbə endirdikdən sonra deşici nəyinsə ona girdiyini aşkar etmişdir. Bundan sonra o, huşunu itirmişdir. Ayılan zaman özünü xəstəxanada görmüşdür. İstintaqa verdiyi ifadəsində Anar Abbbasov həmçinin bildirmişdir ki, mübahisələri ümumilikdə təxminən 8-9 dəqiqə davam etmiş, həmin müddət ərzində 2-3 dəfə Seymur ilə nalayiq ifadələrlə mübahisə edib sakitləşmişlər. Seymur onu bıçaqla vuran zaman münaqişələri 1-2 dəqiqə çəkmişdir. Hadisə vaxtı əynində qara rəngli şalvar, ağ rəngli qısaqol köynək olmuşdur. Hadisədən sonra əynində olan qısaqol köynək qan olduğundan hadisə vaxtı əynində olan köynək 1 Saylı KTM-in X5 Şöbəsinin saxlanma otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 84-86). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs yazılı ifadə vermədiyini, xəstə olduğunu, ifadəni müstəntiqin özünün yazdığını, müstəntiqin dediyi yerə imza etdiyini, Seymurun onu bıçaqla vurduğunu demədiyini, iki gün xəstəxanada qalıb çıxdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və iddia tələbinin olmadığını, qarın nahiyəsindən xəsarət aldığını, həmin vaxt hadisə yerində təxminən 15 nəfərə yaxın uşaqlar olduğunu, müstəntiq ondan hadisə yerində kimlərin olduğunu soruşmadığını məhkəməyə bildirdi və təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 04 iyun 2022-ci il tarixli protokola əsasən, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs şahid qismində ifadəsi yerində yoxlanılmış, o, cinayət hadisəsinin necə və hansı şəraitdə baş verməsini əyani olaraq göstərmiş, istintaq hərəkəti üzrə fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 19-21). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1153 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə X4 PHŞ-ə müraciət edərkən aşağıdakı xəsarətlər aşkar edilmişdir: qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edən nazik və kor bağırsaqları yaralayaraq kəskin qanitirmə törədən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası, deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə i həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 9/559 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək və bir ədəd bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni və bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs və eyni qruplu Təqsirləndirilən şəxs (əgər onda hadisə zamanı qanaxma ilə müşaiyət olunan xəsarət olubsa) məxsus ola bilər (cild 1, iş vərəqi 130- 134). Məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 296-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, maddi sübutların kompleks (məhkəmə tibbikriminalistik və məhkəmə-kriminalistik) tədqiqinə iş materiallarında (356/2022-MTBŞ saylı rəy) və qərarın təsviri hissəsində olan məlumatlara əsasən ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş bıçağın üzərində aşkar edilmiş qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqi 135-138). Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3375 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona itiiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 230-232). İbtidai istintaq orqanının 24 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, həmçinin Zərərçəkmiş şəxs məxsus köynək və könüllü olaraq təqdim edilmiş 1 ədəd bıçaq iş üçün sübut əhəmiyyətli olduğundan, xx.xx.2023-cü il tarixdə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (cild 2, iş vərəqi 45-52). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Omsk şəhəri, Sovet rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 111 maddəsinin 4-cü hissəsi ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Omsk şəhəri, Oktyabr rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 10 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törədib məhkum edilsə də, həmin cinayətə görə cəzasını çəkib qurtardığından və şərti azad edildiyindən, o, məhkumluğu olmayan şəxs hesab edilməlidir (cild 1, iş vərəqi 224-226). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün hər hansı dəlillər gətirmədi. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdə axtarışı elan olunmuş, 24 avqust 2022-ci il tarixdə tutulmuş və 04 sentyabr 2022-ci il tarixdə həbsdə saxlanılma müddəti bitdiyi üçün təcridxanadan azad olunmuşdur. Qətimkan tədbirlərinin şərtlərini pozduğu üçün 02 noyabr 2022-ci il tarixdə o, yenidən tutulmuş və Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimnkan tədbiri seçilmiş, həmin vaxtdan hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək və 24 avqust 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 13 (on üç) gün ona təyin olunmuş cəza müddətinə hesablanmaqla çıxılmalı, üzərində qəti cəza saxlanılmalı və cəza çəkməsinin başlanğıcı sonuncu dəfə tutulduğu 02 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut hesab edilməklə Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, həmçinin Zərərçəkmiş şəxs məxsus köynək və könüllü olaraq təqdim edilmiş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi - «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 40 saat vaxt sərf etmişdir. Lakin iş materialları nəzərdən keçirilərkən həmin hesabatın həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protoklları, həmçinin müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxtı da nəzərə alıb məhkəmə belə hesab edir ki, iş materialları ilə tanışlıq da daxil olmaqla Müdafiəçi ümumlikdə sərf etdiyi vaxt 20 saat müəyyən edilməlidir. Ona görə də dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti «KREDO» Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək və 24 avqust 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 13 (on üç) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, Zərərçəkmiş şəxs məxsus köynək, həmçinin 1 (bir) ədəd bıçaq məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən vəkil Müdafiəçi ödəniləcək 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti «KREDO» Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar