Məhkəmə qərarları › İş №1(101)-1015/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1015/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1015/2022 28.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat - 17:25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 55, mənzil 72-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan «Nadir» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirib qazanc əldə etmək barədə razılığa gəldikdən sonra, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Nargilə” restoranının yaxınlığında “Nadir” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 1,821 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 3,306 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış və 24 dekabr 2021-ci il tarixdə, saat 18:30da Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 55 saylı evin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİnin 7-ci Polis Bölməsinin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki narıncı rəngli gödəkçəsinin sağ yan cibindən 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,082 qram, 0,547 qram, 0,192 qram, ümumi təmiz çəkisi 1,821 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 02 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,353 qram, 1,953 qram, ümumi təmiz çəkisi 3,306 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 24 dekabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Binəqədi rayonu, 7-ci PB-nin əməliyyatçısı, sahə müvəkkili Etibar və Növbətçi Hissənin sürücüsü tərəfindən 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 55 ünvanında, yəni yaşadığı binanın qarşısında həmin binanın 60-cı mənzilində yaşayan qonşusu Mahirin yalan şikayəti ilə saxlanılmış, lakin şikayət təsdiqini tapmadığından, üzərindən 1,5 qram heroin və 0,5 qram metamfetamin aşkar edilərək Polis Bölməsinə aparılmışdır. Bu fakt protokolda qeyd edilməmiş, əksinə onu Ağa və Məhəmməd adlı əməliyyatçıların həbs etməsi qeyd olunmuşdur. Polis əməkdaşları onu ailə üzvlərini həbs edəcəkləri və ona zor tətbiq edəcəkləri ilə hədələyərək üzərindəki narkotikin olduğu kimi deyil, külli miqdarda, yəni 3,3 qram heroin və 1,8 qram metamfetamin kimi imza etməyə məcbur etmişlər. X4 öz növbəsində heç bir araşdırma aparmadan ona bir sual belə verməmiş, nəzərdə tutulan əməli törətməklə ona cinayət işi açılmışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 24 dekabr 2021-ci il tarixdə xidmətdə olduğu zaman xx.xx.1986-cı il təvəllüdlü Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında ondan və həmkarı Binəqədi RPİ-nin 7-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və o, sonuncu ilə birlikdə 24 dekabr 2021-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs olduğu ehtimal olunan yaşadığı ünvan 3 saylı binanın qarşısına gəlmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, sonuncuya narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 7-ci PB-nə getməsini təklif etmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ- nin 7-ci PB-nə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Rəşad Bayramova həvalə olunmuşdur. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan narıncı rəngli gödəkçəsinin sağ yan cibindən ümumilikdə 05 ədəd bükümləri çıxarıb masanın üzərinə qoymuş və 03 ədəd bükümlərin içərisində psixotrop maddə metamfetamin, digər 02 ədəd bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin bükümlər açılaraq və içərisində olan kütlələr qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdəki kütlələri hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda sonuncu həmin bükümdə olan narkotik vasitələri 21 dekabr 2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Xətai rayonu, «Nargilə» restoranının yaxınlığında tanımadığı şəxsdən 200 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd bükümlərdə olan kütlələr qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 25 dekabr 2021-ci il tarixli, 6/5621 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs (imza)..» sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,082 qram, 0,547 qram, 0,192 qram, ümumi təmiz çəkisi 1,821 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,353 qram, 1,953 qram, ümumi təmiz çəkisi 3,306 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyhasına (Siyahı İ) daxildir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin»-in siyhasına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 28 fevral 2022-ci il tarixli 996 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının 30 mary 2022-ci il tarixli 971 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müsissələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və s. psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli hazırda Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş 24 dekabr 2021-ci tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-də xidməti otaqların birində Binəqədi RPİ-nin 7-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Binəqədi RPİ-nin 7-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Bakı şəhər, 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan narıncı rəngli gödəkçəsinin sağ yan cibindən 05 ədəd şəffaf sellofan bükümlərdə olan kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 09 aprel 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid1 ilə Şahid2 ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş 10 fevral 2022-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış 03 fevral 2022-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd «CD» diskə baxış keçirilərkən mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, anten dairəsi və zəng edən abunəçilərin anket məlumatlarının qeyd olunduğu müəyyən edilmiş, baxış zamanı həmin fayllarda olan mesajların məzmunlarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd «CD» disk iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etməsi, onların əslində az miqdarda olması, polis əməkdaşlarının təzyiqi altında 3,3 qram narkotik vasitə olan heroini və 1,8 qram psixotrop maddə olan metamfetamini üzərinə götürməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 47-49-cu vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 25 dekabr 2021-ci il tarixdə müdafiəçisi Vahid Məmmədovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, 2008-ci ildən narkotik vasitələrdən istifadə edir və 24 dekabr 2021-ci il tarixdə saat təxminən 14:00 radələrində ünvan 3 ünvanının qarşısında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. Bundan sonra öz razılığı ilə Binəqədi RPİ-nin 7-ci PB-nə aparılmış və orada ona müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni olan əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan narıncı rəngli gödəkçəsinin sağ yan cibindən 5 ədəd şəffaf sellofan bükülünü, sol yan cibindən isə 1 ədəd ağ və gümüşü rənglərdən ibarət “Redmi” markalı mobil telefonunu çıxararaq, masanın üzərinə qoymuşdur. Bundan sonra, ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə sual edildikdə o, üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı təqdim etdiyi əşyalardan başqa üzərindən dövriyyəsi qadağan olunmuş hər-hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra öz iştirakı ilə həmin bükümlər açılaraq, içərisinə baxış keçirilmiş və o, həmin bükümlərin 2 ədədinin içərisində qəhvəyi rəngli toz halında olan maddə “heroin”, digər 3 ədəd bükümlərin içərisində isə ağ kristal hissəcikləridən ibarət olan maddə “şüşə” kimi tanınan “metamfetamin” adlanan psixotorop maddələr olduğunu bildirmişdir. O, həmin narkotik vasitələri 21 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, “Nargilə” restoranının yanında adını “Nadir” kimi bildiyi şəxsdən öz istifadəsi üçün 200 manata almışdır. Cinayət işinin 75-77-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2021-ci il tarixdə müdafiəçisi Vahid Məmmədovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 dekabr və 27 dekabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə olan heroinin külli miqdarda olması, üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin xırda bükümlərə bölünməsi onun həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2017-ci il tarixdə Qobustan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələblərinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 (altı) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökmlə ona təyin olunmuş cəzanı çəkib qurtardığı gündən altı il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkum olunmuş şəxs sayılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,206 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 1,731 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “CD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 180 manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,206 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 1,731 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi 180 manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar