Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1015/2023 15.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, müdafiəçi- “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-1015/2023 nömrəli cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-1015/2023 nömrəli cinayət işi daxil olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298.5-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası keçirilənədək cinayət işinin baxılmaq üçün verilmiş olduğu hakimlər onlara daxil olmuş sənədləri, o cümlədən cinayət prosesinin tərəflərindən daxil olmuş əlavə sənədləri, vəsatət və ərizələri öyrənirlər. Məhkəmə tərəfindən cinayət işi öyrənilərkən müəyyən olunmuşdur ki, həmin cinayət işi xx.xx.2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuş, xx.xx.2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasının keçirilməsinin nəticələrinə dair “Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə” qərar qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, 1(101)-463/2022 nömrəli hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməklə, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanıb qəti olaraq ona 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Həmin hökmə əsasən, cəzaçəkmənin müddətinin başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablanmışdır. Həmin hökmdən apellyasiya şikayəti verilmişdir. Məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinin tələblərinin pozuntusuna yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-625/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü və cinayət işi üzrə xx.xx.2022-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ləğv edilmiş, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə hazırlıq iclası mərhələsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-1015/2023 nömrəli cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı X3 yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunmuş və Bakı şəhəri Binəqədi rayon prokuroru xx.xx.2021-ci il tarixdə ittiham aktını təsdiqləyərək Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuş və həmin məhkəmənin 1(101)-463/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs məhkum olunmasına dair həmin hökmdən təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-625/2023 nömrəli qərarına görə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan pozuntuya yol verildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmü və cinayət işi üzrə 21 fevral 2022-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə, saat 06:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Lakin Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında 13 avqust 2021-ci il tarixli qərarında, ittiham aktının təsviriəsaslandırıcı hissəsində və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə, saat 06:30 radələrində tutulduğu göstərilmişdir. Həmçinin hökmə əsasən, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, cinayətin törədilmə vaxtı ittiham aktında doğru yazılmadığından, ittiham aktı düzgün tərtib olunmamış, Cinayət-Prosessual Məcəllənin 303.3.6-cı maddəsinin tələblərinə riayət edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuş, Cinayət-Prosessual Məcəllənin 303.3.1-ci maddəsində göstərilən tələblər yerinə yetirilməmişdir. Bu səbəbdən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmədəyək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarın qəbul edilməsini, ibtidai istintaqı aparmış müstəntiq barəsində xüsusi qərarın çıxarılmasını, təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlanılma müddətinin uzadılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Müdafiəçi şifahi vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmədəyək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarın qəbul edilməsini, pozuntulara yol vermiş şəxs barəsində qanunauyğun məsuliyyət tədbirlərinin görülməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, 13 avqust 2021-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarın təsviri-əsaslandırıci hissəsindən görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə, saat 06:30 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, şübhəli şəxs qismində tutulduqdan sonra şəxsi axtarış zamanı üzərində müxtəlif növdə və çəkidə narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkarlanmışdır. 12 avqust 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin satışı və istifadəsində şübhəli bilinərək 12 avqust 2021-ci il tarixdə, saat 06:30 radələrində saxlanılmış, onun tutulması vaxtı azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 12 avqust 2021-ci il tarixdə, saat 06:30-dan hesablanmışdır. Lakin cinayət işinin materiallarında olan 13 avqust 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında”, 30 noyabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərarlarda, təsdiq edilmiş ittiham aktının təsviriəsaslandırıcı və nəticə hissəsində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 13 avqust 2021-ci il tarixdə, saat 06:30 radələrində saxlanıldığı, yəni azadlığı həmin vaxtdan faktiki məhdudlaşdırılmaqla tutulduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə görə, cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktı həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması məhkəmədəyək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məumatlar və cinayət qanunun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.2-ci maddəsinə əsasən, ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Təqsirləndirilən şəxsə verilmiş ittihama görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri əldə edərək üstündə saxlamış və daşımışdır. Verilmiş ittihama görə, şəxs ilk öncə müvafiq narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddəni əldə etmiş, daha sonra üzərində saxlamış və daşımışdır. 12 avqust 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokola əsasən, təqsirləndirilən şəxs müvafiq narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddəni əldə edib saxlamaqla 12 avqust 2021-ci il tarixdə, saat 06:30-dək daşımış, yəni onun saxlanıldığı vaxt sonuncu əməlin törədilməsi vaxtı olmaqla, cinayətin törədildiyi vaxt hesab edilmişdir. Göründüyü kimi, cinayətin törədilmə vaxtı ittiham aktında və digər müvafiq sənədlərdə düzgün qeyd edilməmiş, yəni həqiqətdə 12 avqust 2021-ci il tarixdə, saat 06:30 olduğu halda, 13 avqust 2021-ci il tarixdə, saat 06:30 radələri yazılmışdır. Məhkəmə hesab edir ki, cinayətin törədilmə vaxtının ittiham aktında düzgün qeyd edilməməsi aradan qaldırılması mümkün olmayan kobud pozuntudur və bu hal yalnız əlavə ibtidai istintaq zamanı aradan qaldırıla bilər. Hazırkı cinayət işində cinayətin törədilmə vaxtı barədə ziddiyyət mövcud olmaqla, ittiham aktının tərtibi zamanı cinayətprosessual qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hal cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmadığını göstərir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bu baxımdan cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir. Göründüyü kimi, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmununda cinayətin törədilməsi vaxtı qeyri-müəyyən olaraq qalmış və bunun nəticəsində istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə düzgün olmayan hüquqi qiymət vermişdir. Bu hal ittihamın mahiyyətinə toxunan hal olmaqla bərabər təqsirləndirilən şəxsin təqsirliliyi və əməlinin tövsifi məsələsinə də birbaşa təsir göstərir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Göründüyü kimi, istintaq orqanı tərəfindən yol verilmiş yuxarıda qeyd edilən pozuntuların, habelə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasının nəticəsi olaraq, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmunu aydın olmamaqla, həmin hal onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğuna (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), eləcə də cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmadığına görə, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə görə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Təqsirləndirilən şəxsin barəsində əlavə istintaqın aparılması zərurətininin olduğunu, dövlət ittihamçının vəsatətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 15 aprel 2023cü il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısı və müdafiəçinin vəsatətləri təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 15 aprel 2023-cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298-300, 303.3.1, 303.3.6, 306 və 307-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara alır: Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 15 aprel 2023-cü il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1015/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1015/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver