Məhkəmə qərarları › İş №1(101)-1017/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1017/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1017/2022 07.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, təqsirləndirlən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 162 saylı tam orta məktəbin 11-ci sinif şagirdi, əvvəllər məhkum olmamış, Bakı şəhəri, Səbail rayonu, ünvan 4-da yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə yəni, digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09.01.2022-ci il tarixdə saat 22 radələrində sinif yoldaşı Zərərçəkmiş şəxs mobil telefonda mesaj yazaraq oxuduqları məktəbdə imtahanların vaxtını öyrənmək istəyərkən etdikləri zarafat mübahisəyə səbəb olduqdan sonra bir-birilərini nalayiq ifadələrlə təhqir etdikdə, şəxsi münasibətlərin pozulması zəminində sonuncuya qarşı yaranmış qərəzli münasibət fonunda qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirtmək üçün 10.01.2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxsla dərsdən çıxdıqdan sonra aralarında bir gün əvvəl baş vermiş mübahisəyə aydınlıq gətirmək adı ilə ünvan 1 ünvanının yaxınlığına gətirib, əvvəlcə yumruqla baş nahiyyəsinə bir neçə dəfə zərbə vurub yerə yıxdıqdan sonra, sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdırmaq üçün üzərində gəzdirdiyi məişət təyinatlı bıçaqla insan həyatı üçün təhlükəli olan, xəsarət yetrildiyi andan ölümünə səbəb ola biləcək, ürək və digər həyatı əhəmiyyət kəsb edən orqanların yerləşdiyi istiqamət üzrə döş qəfəsinə iki dəfə zərbə vurmaqla qaraciyərin sol payının, diafraqmanın sol tərəfinin, ürəyin zirvəsinin və qabırğaarası arteriyanın zədələnməsi, sol döş boşluğunun çoxlu qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthində orta körpücük xətti üzrə İX qabırğaarası sahədə yerləşən, qarın və sol döş boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara və diafraqmanın sağ tərəfinin və döş qəfəsinin daxili arteriyasının zədələnməsi, sağ döş boşluğuna çoxlu qanaxma ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthində döş sümüyüyanı xətt üzrə Vİİ qabırğaarası sahədə yerləşən, sağ döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrıayrılıqda, eləcə də, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürməyə cəhd edib hadisə yerini tərk etmiş, lakin sonuncu vaxtında Mərkəzi Klinikaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən qəsdən adam öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir, atası İnqilab, anası İradə və bacısı Fidanla birlikdə Bakı şəhəri, Səbail rayonu, ünvan 4-da yaşayır. Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmaqla münasibətləri normal olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Hadisə haqqında onu bildirir ki, bu ilin yanvar ayının ortalarında məktəbdə onlayn imtahanları ilə əlaqədar məktəbdən onlara mobil telefonlara “tims” proqramını yükləmələri tapşırılmışdır. O, telefonuna həmin proqramı yükləmədiyi və qeydiyyatdan keçmədiyi üçün 09.01.2022-ci il tarixdə saat 22-23 radələrində “Whatsap” proqramı vasitəsi ilə Cəmilə mesaj yazmış və imtahanın nə vaxt olacağını soruşmuşdur. Cəmil ona ayın 9-u imtahan olacacağını yazanda cavab olaraq demişdir ki, “məzələnirsən bugün ayın 9-du imtahan ola bilməz, sabah ayın 10-du, imtahanın dəqiq vaxtını yaz, ”. Daha sonra Cəmilə zarafatla “sənin bildiyin elmə vurum” məzmununda nalayiq ifadələr yazmışdır. Mesajına cavab olaraq Cəmil səsli mesaj göndərərək onun anasını söymüş və ona “qəhbənin balası” demişdir. Cəmilin bu sözündən sonra əsəbləşib sonuncuya səsli mesaj göndərərək növbəti gün görüşəcəklərini bildirmişdir. Bundan sonra Cəmil ona sabah görüşərik demişdir. O, axşamdan beynində planlaşdırmışdır ki, dərsdən çıxandan sonra Cəmili tək ola biləcəkləri bir yerə aparıb, istifadə etdiyi, çox zaman özü ilə gəzdirdiyi cib bıçağı ilə Cəmili bıçaqlayıb, dediyi söyüşə görə cəzalandırsın. Cəmilin onu söyməsi ona çox təsir etdiyindən demək olar ki, səhərə kimi yatmamışdır. Səhər yemək yedikdən sonra paltarını geyinib, cib bıçağını da götürüb məktəbə getmişdir. Saat 08-dən dərs qurtaranadək sinifdə olmuş, Cəmillə danışmamış, dərsləri qurtardıqdan sonra isə məktəbdən çıxmış, Cəmilin onun arxasınca gəlməsini görərək boşluq və neft buruqları olan sahəyə tərəf getmişdir. Cəmili həmin yerə gətirməyi dərsdə olan zaman planlamışdır. Yolda Cəmil hara getdiklərini soruşanda sonuncuya “gəl görərsən” deyə cavab vermişdir. Məktəbdən hadisə olan yerə qədər təxminən 10 dəqiqə yol gəlmişlər. Əraziyə çatanda Cəmil ondan üzr istəməyə başlayarkən sonuncuya tərəf dönüb təxminən üç dəfə yumruqla sifət nahiyyəsindən vurmuşdur. Cəmil sifətini əli ilə tutarkən o, gödəkçəsinin sağ cibində olan bıçağı çıxardıb sağ əlində tutaraq Cəmilin sol qarın nahiyyəsinə bir dəfə vurmuş, bıçaq zərbəsindən sonra Cəmil yerə yıxılmış, Cəmil yerə yıxıldıqdan sonra ayağa qalxmaq istəyərkən o, təkrar olaraq Cəmilə bir dəfə yumruqla alın nahiyyəsinə, daha sonra yenidən ikinci dəfə bıçaqla sinə nahiyyəsindən bir zərbə vurmuşdur. O, ümumilikdə Cəmilə dörd dəfə yumruq zərbəsi, iki dəfə bıçaq zərbəsi vurmuşdur. Cəmili bıçaqla vurarkən bıçağın tam şəkildə Cəmilin qarnına və sinəsinə girdiyini görmüşdür. O, Cəmilə ikinci bıçağı vurandan sonra kənardan orta yaşlı bir kişinin “ay bala, ay bala” qışqırmasını, lakin onlara tərəf gəlməyini qorxduğunu görərək özlüyündə Cəmili cəzalandırdığını, məqsədinə nail olduğunu fikirləşib oradan çıxıb getmişdir. Hadisə yerindən uzaqlaşdıqda çönüb geriyə baxanda Cəmilin ayağa qalxdığını və paltarını qaldırıb bədəninə baxdığını görmüşdür. Həmin vaxt Cəmilin bədənindən qan axmışdır. O, öz yolunu davam etmiş, yaşadığı evə çatanda bıçağa baxanda üzərində piy və yağ izlərinin olduğunu görüb bıçağı cibində olan maska ilə silib evin pilləkənlarının altına atmışdır. Baş vermiş hadisə barədə evdəkilərə heç nə deməmişdir. Evdə anası və atası olmuşdur. Evdə yemək yedikdən sonra təxminən saat 15 radələrində hava almaq üçün həyətə düşmüşdür. Həyətdə olduğu zaman atası İnqilab ona zəng edərək evə polislərin gəldiyini, onu axtradıqlarını demişdir. Bundan sonra evə qayıtmış, polislərlə birlikdə polis idarəsinə getmiş, törətdiyi hadisə barədə izahat vermiş, hadisəni törətdiyi bıçağın yerini bildirmiş və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana gələrək pilləkanların altına atdığı bıçağı təqdim etmişdir. Etdiyi əməldən peşmandır. Cəmil ona ağır söyüş işlətməsəydi, belə bir hadisə törətməzdi. Bir daha bildirir ki, məqsədi Cəmili cəzalandırmaq olmuşdur. Onu öldürmək niyyəti olsaydı sonuncu ölənədək ona bıçaq zərbələri endirərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşıdır. O, Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin 11-ci sinif şagirdidir. Nihadla uzun müddət eyni parta da əyləşmiş, yaxın dost olmuşlar. Münasibətləri hər zaman yaxşı olmuşdur. Nihadla heç bir zaman dava dalaşı, mübahisəsi olmamışdır. Hadisə barədə onu bildirir ki, 09.01.2022-ci il tarixdə axşam saatlarında “Whatsapp” proqramı vasitəsi ilə Nihad yazı yazaraq onlayn imtahanların vaxtını soruşmuş, o da cavab yazaraq imtahanın vaxtının təxminən yanvar ayının 10-11 olacağını bildirmiş, Nihad isə ayın 10-u sabah olacağını, bu səbəbdən imtahanın olmasının mümkün olmadığını bildirmiş və zarafatla ona “sənin bildiyin elmə vurum” məzmununda söyüş yazmışdır. Özündən asılı olmadan Nihada “qəhbə balası” demişdir. Bundan sonra Nihad ona yazmışdır ki, “sabah məktəbə gəl, mənə yaxınlaşma, dərsdən çıxanda sonra dalımca gələrsən”. Bundan başqa Nihada heç nə yazmamışdır. “Whatsapp” yazılarını və danışmalarını ibtidai araşdırma orqanına təqdim etmişdir. Növbəti gün, yəni 10.01.2021-ci il tarixdə səhər saat 08 radələrində dərsə getmiş, Nihad da dərsə gəlmişdir. Dərsin sonunadək Nihadla ünsiyyətdə olmamışdır. Saat təxminən 13 radələrində dərslər qurtarmış və dərsdən çıxanda Nihad ona yaxınlaşıb dalınca gəlməyini demişdır. O, Nihadın dalınca gedərkən yolda sonuncudan etdiyi söyüşə görə üzr istəmiş, Nihad isə ondan soruşmuşdur ki, “səncə bu üzrlə bitən məsələdi”. Bundan sonra Nihada heç nə deməmişdir. Onlar birlikdə Səbail rayonu, 20-ci sahə yaxınlığında “hamam” adlanan yerə yaxın neft buruqları olan yerə gəlib çıxmışlar. Həmin ərazi boşluq və kimsənin olmadığı ərazi idi. O, Nihaddan yenidən üzr istəyən zaman Nihad ona tərəf dönüb üz nahiyyəsindən təxminən üç dörd dəfə yumruq vurmuş, o, əli ilə sifətini tutanda Nihad gödəkçəsinin sağ cibindən bıçaq çıxardıb onun qarın nahiyyəsinə bir dəfə vurmuşdur. O, həm yumruq, həm də bıçaq zərbəsindən yerə yıxıldıqdan sonra bir daha Nihaddan üzr istəyərək onu vurmamasını xahiş etmiş, lakin Nihad təkrar olaraq sinə nahiyyəsinə daha bir bıçaq zərbəsi vurmuşdur. Yalnız bundan sonra Nihad ondan aralanaraq çıxıb getmişdir. Həmin vaxt bir yaşlı kişi ona yaxınlaşaraq demişdir ki, «bala, çıx yola, bəlkə orada kimsə sənə kömək edər». O, artıq çox qan itirdiyini görüb özündə güc tapıb ayağa qalxmış və halsız vəziyyətdə hərəkət etməyə başlamışdır. Bir neçə metr yeriyib orada yerləşən marketin qabağına çatanda tanımadığı şəxslərdən ona köməklik göstərilməsini xahiş etmiş və huşunu itirmişdir. Xəstəxanada əməliyyatdan sonra özünə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Onun bir oğlu və bir qızı vardır. Qızı Fidan 162 saylı orta məktəbin 7-ci sinif şagirdidir. Oğlu Təqsirləndirilən şəxs isə həmin məktəbdə 11-ci sinifdə təhsil almışdır. Əvvəllər Nihad kikboks idman növü ilə məşğul olmuş, lakin gözündən zədə aldığı üçün idmanı buraxmışdır. Nihadın məktəbdə dərsləri orta səviyyədə olmuş, uşağının təhsili ilə maraqlanmış, məktəbə daima gedib müəllimlərlə görüşərək uşağı ilə maraqlanmışdır. Müəllimlərin Nihaddan narazılığı olmamışdır. Nihad doğuş zamanı zədə aldığı üçün başında şiş yaranmışdı. Həmin şişi uşaqlıqda müalicə etdirmişlər. Lakin həmin ərəfədə də həkimlər onlara bu zədəsinə görə Nihadın əsəbi olacağını demişlər. Nihad kikboks idmanına gedəndən sonra əsəbiliyi daha da artmışdır. Nihadın əsəbiliyi əsasən kimsə tərəfindən qıcıqlandırılanda daha çox biruzə vermişdir. Başqa vaxtlarda isə Nihad sakit uşaq olmuşdur. Heç kimlə işi olmamışdır. Hadisə haqqında onu bildirir ki, Nihad hər gün olduğu kimi 10.01.2022-ci il tarixdə səhər saat 07 radələrində yuxudan oyanıb dərsə getmişdir. Həmin gün saat 14-15 radələrində Nihad dərsdən evə qayıtmış, lakin bikef halda idi. Həmin vaxt qızı Fidan dərsdən evə gələrək Nihadı soruşmuş və demişdir ki, Nihadın sinif yoldaşı Cəmil kimisə vurub, Nihadı axtarırlar. Nihadın narahatçılığını bu məsələ ilə əlaqələndirmişdir. Nihad yemək yemiş, daha sonra ona həyətə düşüb gələcəyini demişdir. Nihad getdikdən təxminən 10 dəqiqə sonra evinə polis əməkdaşları gələrək Nihadın harada olduğunu soruşmuşlar. O, nəyə görə Nihadı axtardıqlarını soruşduqda Nihadın sinif yoldaşını bıçaqladığını demişlər. Bundan sonra o, Nihadın mobil telefonuna zəng etmiş və harada olduğunu soruşmuşdur. Nihadın həyətdə olduğunu dedikdən sonra polis əməkdaşları ilə birlikdə həyətə çıxmış və polislər Nihadı götürüb bölməyə aparmışlar. Yalnız orada bilmişdir ki, Cəmilin söyüşünə görə Nihad ona xəsarət yetirmişdir. Hal-hazırda Cəmilin ailəsi ilə barışıq əldə etmiş, oğlunun orta məktəb şagirdi olmasını məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə2 oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs isə oğlunun sinif yoldaşıdır. Uşaqların hər ikisi Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən 162 saylı orta məktəbin 11-ci sinif şagirdləridir. Onu bilirdi ki, Nihadla Cəmil dostdurlar, münasibətləri yaxşı olmuşdur. Hətta Nihad onların evində də dəfələrlə qonaq olmuş, Nihadla Cəmil bir yerdə dərsdən sonra gəzməyə çıxmış, bir yerdə çörək yemişlər. Hadisə günü, yəni 10.01.2022-ci il tarixdə oğlu Cəmil səhər məktəbə getmiş, o isə işə getmişdir. İşdə olan zaman günorta saatlarında yeznəsi zəng vurub bildirmişdir ki, Cəmili bıçaqlayıblar, xəstəxanadadır. Dərhal xəstəxanaya getmiş, bilmişdir ki, oğlu artıq əməliyyat olunmuşdur. Qeyd etmək istəyir ki, oğluna çəkdiyi 16.000 manata yaxın xərcin yarısını, yəni 8.000 manatını Nihadın atası İnqilab ödəmişdir. Elə bu səbəbdən ibtidai araşdırma zamanı notarial qaydada təsdiq olunmuş barışıq ərizəsini təqdim etmişdir. Lakin bu ərizəni verdikdən sonra Qanuni nümayəndə1 çəkdiyi xərcin qalan hissəsini ona ödəməmişdir. Bu səbəbdən məhkəmədən xahiş edir ki, verdiyi barışıq ərizəsi etibarsız hesab edilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, Zərərçəkmiş şəxs isə bir dəfə 10.01.2022-ci il tarixdə günorta vaxtlarında görmüşdür. Belə ki, o, boş vaxtlarında yaşadığı ərazidə, yəni 20-ci sahədə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. O,“Şanti” şirkətinin “Lays” məhsullarının satış təmsilçisi Şahid1 tapşırıqlarına əsasən marketlərdən qayıdan həmin şirkətə məxsus məhsulları istifadəsində olan maşına yığaraq şirkətə daşımaqda Cavada köməklik etmişdir. Həmçinin 10.01.2022-ci il tarixdə saat 14-15 radələrində Şahid1la birlikdə 20-ci sahənin dairəsinin yaxınlığında yerləşən marketə getmişlər. Cavad orada marketi işlədən Xaqani ilə işlərini görərkən o, Cavada məxsus avtomobildə oturmuşdur. Bir neçə dəqiqə keçmiş Cavad marketdən çıxanda Zərərçəkmiş şəxs yıxıla-yıxıla, halsız halda Cavada yaxınlaşaraq onu qucaqladığını görmüş, buna görə də o da maşından düşüb uşağa yaxınlaşmış, nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs sinif yoldaşı tərəfindən bıçaqlandığını demişdir. Bundan sonra marketi işlədən Xaqaninin köməkliyi ilə birlikdə Cəmili Cavadın maşınına otuzdurub xəstəxanaya aparmışlar. Cəmil yolda çoxlu qan itirdiyindən danışa bilməmiş, bu səbəbdən onun baş vermiş hadisə barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, Zərərçəkmiş şəxs isə bir dəfə 10.01.2022-ci il tarixdə günorta vaxtlarında görmüşdür. Belə ki, o, Səbail rayonu Salyan şossesi dalan 2 ünvanında yerləşən ərzaq mağazasının müdiridir. 10.01.2022-ci il tarixdə günorta saat 14 radələrində mağazada “Şanti” şirkətinin “Lays” məhsullarının satış təmsilçisi Şahid1la malların təhvil-təslimini edib qurtardıqdan sonra qapının qarşısına çıxanda Zərərçəkmiş şəxs yıxıla-yıxıla onlara tərəf yaxınlaşaraq onlara sinif yoldaşı tərəfindən bıçaqlandığını bildirmişdir. O, Cavadla köməkləşib Cəmili Cavadın avtomobilinə əyləşdirərək xəstəxanaya yola salmışdır. Bu iş üzrə bildiyi budur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, “Şanti” şirkətində “Lays” məhsullarının satış təmsilçisidir. Onun işi əsasən mağazalardan sifarişləri qəbul etmək, pul yığmaq və s. aiddir. Xidməti ərazisi Səbail rayonu 20-ci sahədən başlayaraq Qaradağ rayonu Qobu Parka qədər davam etmişdir. O, həftənin müxtəlif günlərində qeyd etdiyi ərazilərdə işlərini görmüşdür. Belə ki, həftənin birinci günləri adətən Səbail rayonu 20-ci sahədə xidmət aparmışdır. 10.01.2022-ci il tarixdə həftənin birinci iş günü taksi şoferi Natiq adlı şəxslə məhsul götürmək üçün ərazidə, yəni 20-ci sahədə xidmət aparmışdır. Bütün malları Natiqin maşınına yığmışlar. O, da öz istifadəsində olan “Subaru” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Onlar malları təhvil təslim etmək üçün 20-ci sahənin dairəsinin yaxınlığında yerləşən marketə getmişlər. Orada marketi işlədən Xaqani ilə işlərini görüb qurtardıqdan sonra çölə çıxdıqda qapının qarşısına bir nəfər kişi cinsli şəxsin əyilərək, yıxıla yıxıla gəldiyini görmüşdür. Həmin şəxs ona çatanda uşaq olduğunu görmüş və yıxılacağını görüb sonuncunu qucaqlayıb tutmuşdur. İlk olaraq uşağın sərxoş olduğunu fikirləşmiş, nə baş verdiyini soruşduqda ona bıçaqlandığını demişdir. O, kimin bıçaqladığını soruşduqda sinif yoldaşı tərəfindən bıçaqlandığını bildirmişdir. O, həmin uşağın paltarına baxdıqda qana bulaşdığını görmüşdür. Bundan sonra qışqıraraq marketdən Xaqanin və sürücü Natiqi köməyə çağırmışdır. Birlikdə köməkləşib bıçaqlanan şəxsi onun maşınına otuzdurmuşlar. Yolda olarkən bıçaqlanan uşağın adının Cəmil olduğunu öyrənmişdir. Cəmil yolda çoxlu qan itirdiyindən danışa bilməmişdir. O, Natiqlə birlikdə Cəmili ilk olaraq 20-ci sahədə dairədə yerləşən xəstəxanaya aparsa da orada qəbul etməmiş, daha sonra X5 aparmışlar. Cəmili klinikaya təhvil vermiş, klinikada Cəmilin qohumlarına xəbər vermişlər. Həmin vaxt klinikaya polis əməkdaşlarının da gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail PRİ-nin 8-ci RB-nin rəisinə ünvanlanan 10.01.2022-ci il tarixli raportdan müəyyən olunur ki, 10.01.2022-ci il tarixdə, saat 13:50 radələrində Səbail rayonu 20-ci Sahə dairəsi yaxınlığında 16 yaşlı Zərərçəkmiş şəxs bıçaq xəsarətləri diaqnozu ilə Mərkəzi Klinikaya daxil olmuşdur. Məhkəmdə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» 10.01.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə dairəsi, A.İsmayılov küçəsi «hamam» adlanın yerin yaxınlığında yerləşən neft buruqları olan boşluq ərazidə baş vermişdir. Həmin yer torpaq ərazidən ibarətdir, sol tərəfdə borular yerləşir. Torpaq üzərində qan ləkələrinə bənzər izləri görünür. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» 10.01.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bir ədəd gümüşü rəngli, açılıb bağlanan bıçağı yaşadığı Səbail rayonu, ünvan 4 ünvanında yerləşən ümumi yaşayış sahəsinin ikinci mərtəbəsinə qalxan, taxtadan olan pilləkanın altında gizlətdiyi yerdən çıxararaq təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 10.01.2022-cı il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. İbtidai araşdırma orqanının 12 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 03 gün - 10.01.2022-ci il tarixdən 12.01.2022-ci il tarixədək həbsdə saxlanılmışdır. Məhkəmdə elan edilib araşdırılmış «şübhəli şəxsin və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 11.01.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, ifadəsi yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq etmiş, Zərərçəkmiş şəxs 10.01.2022-ci il tarixdə saat 13 radələrində Səbail rayonu, 20-ci sahə dairəsi A.İsmayılov küçəsi 5 ünvanının yaxınlığında yumruq və bıçaqla vuraraq xəsarət yetirdiyini bir daha göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış «CD iskə baxış keçirilməsinə dair» 11.01.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi «Whatsapp» səs yazılarının köçürüldüyü CD diskə baxış zamanı səs yazılarında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birilərini nalayiq ifadələrlə təhqir etdikləri, Təqsirləndirilən şəxs dərsdən sonra görüş təyin etdiyi öz əksini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 08.02.2022-ci il tarixli, 82 saylı rəyindən müəyyən olunur ki; -Zərərçəkmiş şəxs bədəni üzərində 2 ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi. a) qaraciyərin sol payının, diafraqmanın sol tərəfinin, ürəyin zirvəsinin (ürəyin zirvəsi aşağı, sola və qabağa baxır) və qabırğaarası arteriyanın zədələnməsi, sol döş boşluğunun çoxlu qanaxma (0,5 litr) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthində orta körpücük xətti üzrə İX qabırğaarası sahədə yerləşən, qarın və sol döş boşluqlarına (torokoabdominal) nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara: yaranın istiqaməti aşağıdanyuxarıya, öndən-arxaya, soldan-sağadır. b) diafraqmanın sağ tərəfinin və döş qəfəsinin daxili arteriyasının zədələnməsi, sağ döş boşluğuna çoxlu qanaxma (2 litr) ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthində döş sümüyüyanı xətt üzrə Vİİ qabırğaarası sahədə yerləşən, sağ döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara: yaranın istiqaməti aşğıdan-yuxarıya, öndən-arxayadır.

2. Qeyd olunan xəsarətlər deşici-kəsici xarakterli alətin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 10.01.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda, eləcə də, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 17.01.2022-ci il tarixli, 93 saylı rəyindən müəyyən olunur ki; Məhkəmə psixiatrik ekspertizası üzrə: - Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. - Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. - Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakerini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. - Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə: - Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. - Təqsirləndirilən şəxs inadkarlıq, qıcığa qarşı həsasslıq, hövsələsizlik, kobudluq kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Onun fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. - Qərarın təsviri hissəsində qeyd olunan əməli törədən zaman Təqsirləndirilən şəxs psixiemosional sferasında hirslilik, gərginlik halı yaranmış, həmin halların yaranması onda müəyyən edilən fərdi psixi xüsusiyyətlər fonunda situasiya ilə əlaqədar olmşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. - Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, o, hadisə zamanı baş verənləri adekvat olaraq qavramaq və bu barədə düzgün məlumat vermək iqtidarındadır. - Təqsirləndirilən şəxs hadisə vaxtı süur və davranışlarına təsir göstərə bilən psixi emosional halda olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının 01.03.2022-ci il tarixli, 101/2022-MTBŞ saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisinə görə Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-kriminalistik ekspertizasının 31.03.2022-ci il tarixli, 82/2022-MTKŞ saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin orta nahiyyəsində bir ədəd və maykanın ön səthinin sol nahiyyəsində bir ədəd dəlib keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici kəsici alətin təsirindən o, cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qaraciyərin sol payının, diafraqmanın sol tərəfində olan bir ədəd yarası ilə: və maykanın ön səthinin orta nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin diafraqmanın sağ tərəfinin və döş qəfəsində olan bir ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst üstə düşürlər. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu, E.Əliyev adına 162 saylı tam orta mktəbin 11-ci sinif şagirdidir, ona verilmiş xasiyyətnamədən müəyyən olunur ki, onun dərsə davamiyyəti normal olmuş, sinif yoldaşları və müəllimləri ilə xoş münasibəti olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 ibttidai istintaq zamanı təqdim etidiyi 04.04.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, hadisə nəticəsində oğlu Zərərçəkmiş şəxs yetirilmiş xəsarətl bağlı olan xərclər Təqsirləndirilən şəxs atası tərəfindən ona ödənilmişdir. O, onlarla barışmış, onun onlara qarşı heç bir iddiası, tələbi yoxdur və gələckdə də olmayacaqdır. Məhkəmə baxışı zaman verdiyi ifadəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bağışlamadığını bildirmiş, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 da Cəmilin oğlunun müalicəsinə 16000 manat xərclədiyini, Nihadın atası Namiqin ona 8000 manat pul verərək, qalan pulu sonra ödəyəcəyinə söz versə də, buna əməl etmədiyindən ibtidai istintaq orqanına təqdim etdiyi barışıq ərizəsindən imtina etdiyini göstərmişdir. Lakin Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 23.05.2022-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və notarial qaydada təsdiq olunmuş barışıq ərizəsindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs yetrilmiş xəsarətlə əlaqədar Təqsirləndirilən şəxs atası İnqilab tərəfindən ona bütün xərclər tam ödənilmiş, ödənilib, onlarla barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur, gələckdə də olmayaçaqdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın tam ödənilməsini, törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alırki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, zərərəkmiş şəxsin qanuni nümayəndəsi və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 3-cü bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətində təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs niyyəti zərərçəkmiş Zərərçəkmiş şəxs həyatdan məhrum etməyə yönəldiyindən 09.01.2022-ci il tarixdə gecə saatlarında plan quraraq Zərərçəkmiş şəxs səhəri gün, yəni 10.01.2022-ci il tarixdə dərsdən sonra heç kimin ona mane ola bilməməsi üçün tək ola biləcəkləri yerə aparıb bıçaqla öldürmək qərarına gəlmiş, bu məqsədinə nail olmaq üçün qeyd olunan tarixdə üzərində cib bıçağı götürərək dərsə gəlmiş, Zərərçəkmiş şəxs aralarında bir gün əvvəl baş vermiş şəxsi münasibətləri zəminində yaranmış mübahisəyə aydınlıq gətirmək adı ilə dərsdən sonra ünvan 1 ünvanının yaxınlığına gətirib sonuncunun həyatı üçün təhlükəli olan, xəsarət yetirildiyi anda ölümünə səbəb ola biləcək, ürək və digər həyatı əhəmiyyət kəsb edən orqanların yerləşdiyi nahiyyələrə iki dəfə bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd etmiş, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən yəni, Zərərçəkmiş şəxs tibbi yardım göstərildiyindən baş verməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs birinci dəfə bıçaq zərbəsi endirdikdən sonra zərərçəkmiş şəxsin yerə yıxılmasına və ona qarşı heç müqavimət göstərməməsinə, ikinci bıçaq zərbəsini zərərçəkmişə endirmək üçün heç bir səbəb olmamasına baxmayaraq təqsirləndirlən şəxs həmin bıçaqla ikinci dəfə zərərçəkmişin həyatı əhəmiyyət kəsb edən orqanına vurması onun Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmasını sübut edir. Beləliklə məhkəmə baxışında ibtidai araşdırma orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs sinif yoldaşı Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etməsi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 86-cı maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən, məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən olunmuş hallardan başqa, həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, 02 may 2004-cü il təvəllüdlü olmaqla, hadisə törətdiyi 10.01.2022-ci il tarixə yetkinlik yaşına çatmamış, hal hazırda də yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsində əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə CM-nin 85.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin müvafiq Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən, yəni 07 il 06 ay müddətindən çox ola bilməz. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 07 il 06 ay cəzanın müddətinin dördə üçü müddətindən artıq olmayan cəza təyin etməklə Təqsirləndirilən şəxs qəti olaraq 05 il 07 ay 15 gün müddətindən artıq cəza təyin edə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır və təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onu həbsdə saxlama müddətinə daxildir. Həmin məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 158.3 və 158.6-cı maddələrinin tələblərinə əsasən isə şəxsin həbsdə saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli 07.06.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun28 iyun 2002-ci il tarixlə 2 saylı qərarının 12-ci bəndinə əsasən hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (CM-nin 55.1-ci maddəsi), məhkəmə CMnin 85.5-ci maddəsinə müvafiq olaraq onlara ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir. Belə olan halda CM-nin 85.5-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Beləliklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib məhkəmə iclasından həbsə alınmalı, cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 gün ərzində, yəni 10.01.2022-ci il tarixdən 12.01.2022-ci tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli mayka və Təqsirləndirilən şəxs məxsus 01 ədəd bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 05 (beş) il 07 (yeddi) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 10.01.2022-ci il tarixdən 12.01.2022-ci il tarixədək həbsdə saxlanıldığı-03 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) il 07 (yeddi) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli mayka və Təqsirləndirilən şəxs məxsus 01 ədəd bıçaq məhv edilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar