Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1017/2025 18.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1997-ci il tarixdə Astara rayonu, Ovala kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Astara rayonu, Kijəbə qəsəbə ərazi dairəsi, Ovala kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 3 radələrində ünvan 1 ünvanda yerləşən “Pent House” kafesində olarkən ona xidmət göstərən qadın masadarla tanış olmaq təklifini sonuncu qəbul etməyərək iş saatı bitməsi səbəbindən evinə getdikdən sonra kafeni işlədən Zərərçəkmiş şəxs həmin qadın masadarın geri çağrılaraq ona xidmət göstərməsini tələb etməsinə Zərərçəkmiş şəxs irad bildirməsini əsas gətirərək, deşici-kəsici alətlə (bıçaqla) kafenin qarşısında, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs kürək və qarın nahiyyələrindən qəsdən vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, həmçinin həyat üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid qarnın ön divarının daxilə nüfuz edərək nazik bağırsağın zədələnməsinə səbəb olan 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirib Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü o, sərxoş olmuşdur. Xatırladığı qədərilə kafenin sahibi ona münasibətdə nalayiq ifadələr işlətdiyinə görə o, əsəbləşdiyindən bıçaqla həmin şəxsə xəsarət yetirmişdir. Hadisə baş verən kafeyə getməzdən qabaq qardaşı və dostu ilə birlikdə “İlkin” kafesinə getmişlər. Həmin kafedə 8 litr pivə içmişlər. Sonra dostu Hakim onlara başqa bir kafeyə getməyi təklif etmiş və onunla birlikdə əvvəllər tanımadığı bir kafeyə getmişlər. Həmin kafedə yenidən bir qədər pivə içmişlər. Xatırladığı qədərilə onlar kafedə oturan zaman kafenin sahibi ilə aralarında mübahisə yaranmışdır. Kafe sahibi ona qarşı nalayiq ifadələr işlətmiş və nəticədə o, bıçaqla sonuncuya xəsarət yetirmişdir. Növbəti günü səhər polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablanıraraq göstərmişdir ki, müstəntiqə baş verənləri danışmışdır. Hakim onun dostudur. Hadisə günü o, içkili vəziyyətdə olmuşdur. Kafeyə Şahid2 və Şahid1 ilə birlikdə getmişdir. Onlar kafeyə gedəndə saat təxminən 01:00 radələri olmuşdur. Kafedə onlardan başqa 2 nəfər olmuşdur. Onlara bir nəfər xanım xidmət göstərmişdir. Kafeyə gələn zaman 2 bakal pivə sifariş etmişlər. Hadisə günü sərxoş vəziyyətdə olduğu üçün hadisəni tam olaraq xatırlamır. Onlar kafedə oturduqdan bir qədər sonra, təxminən saat 02:00-03:00 radələrində kafe sahibi onlara tərəf yaxınlaşaraq kafenin birazdan bağlanacağını bildirmişdir. Hadisə zamanı istifadə etdiyi bıçaq ona məxsus olmuşdur. Ancaq hadisə günü o, içkili olduğundan həmin bıçağı saxlaması üçün dostu Hakimə vermişdir. İlk başda onlara xidmət göstərən xanım kafedən hadisə baş verməzdən əvvəl ayrılmışdır. O, Astara rayonunda doğulmuşdur. Kafe sahibi onun qohumlarına qarşı nalayiq ifadələr işlətmişdir. Kafedə oturan zaman o, dostu Hakimlə zarafatlaşarkən Hakimin cibindən ona məxsus olan bıçaq yerə düşmüşdür və sonra o, bıçağı götürərək nəticədə kafe sahibinə xəsarət yetirmişdir. Kafe sahibinə hansı səbəbə görə xəsarət yetirdiyini xatırlamır, hadisə günü sərxoş vəziyyətdə olmuşdur. Xatırladığı qədər kafe sahibi ona qarşı nalayiq ifadələr işlətmişdir və bu səbəbdən ona xəsarət yetirmişdir. Kafe sahibinin ona onlara xidmət göstərən xanıma münasibətdə irad bildirdiyini xatırlayır. Ancaq kafe sahibinin hansı səbəbə görə ona irad bildirdiyini xatırlamır. Kafe sahibinə neçə dəfə xəsarət yetirdiyini xatırlamır. O, alkoqolizmlə əlaqədar hər hansı bir yerdə müalicə almamışdır və bundan başqa heç bir psixodispanserdə qeydiyyatda olmamışdır. Tez-tez əsəbləşir. O, hadisə baş verəndən sonra növbəti gün işdə olan zaman, nahar fasiləsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun kiməsə xəsarət yetirməyini ona polis bölməsində polis əməkdaşları bildirmişlər. O, kiməsə bıçaqla xəsarət yetirdiyini tam olaraq xatırlamırmış. Sadəcə olaraq hadisə baş verdikdən sonra növbəti gün dostu kafe sahibinə xəsarət yetirdiyini ona bildirmişdir. Şahid2 onun qardaşıdır. Şəbnəm adlı şəxsi tanımır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Ondan başqa qardaşı Hünər və dostu Hakim müstəntiqə ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində nömrəsiz ünvanda yerləşən evdə yaşayır. Şahid2 ata bir ana ayrı ögey qardaşıdır, evlərin təmirində qardaşı Hünərlə birgə işləyirlər. Şahid1 ilə 2024-cü ilin yazında Hakimin masadar (ofisiant) işlədiyi Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəfəqin kafesi” adlanan kafedə müştəri qismində olarkən tanış olmuşlar. Hakimlə mehriban dostluq münasibətləri yaranmış, hərdən Hakimlə görüşüb yeyib-içirmişlər. Zərərçəkmiş şəxs isə hadisə baş verən günədək tanımamış, qardaşı Hünərlə, dostu Hakimlə və ya iş üzrə zərərçəkmiş şəxs Fəridlə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə qardaşı Hünərlə birgə uzun müddətdir təmir işləri apardıqları evin təmir işlərini bitirərək zəhmət haqlarını almış, əllərində pulları olduğundan və xeyli müddətdir yeyib içmədiklərindən qərara gəlmişlər ki, dostu Hakimi də götürərək kafelərin birində yeyib içsinlər. Həmin tarixdə saat 20 radələrində qardaşı Hünər və dostu Hakimlə birgə yeyib içmələri üçün Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində yerləşən “İlkin" kafesinə getmişlər. Həmin kafedə pivə olmadığı üçün, mağazadan özləri ilə 4 ədəd 2 litrlik qabda cəmi 8 litr pivə almış və həmin pivəni 3 nəfərə içmişlər, pivədən ən çox içən özü olmuşdur. Daha sonra spirtli içki sifariş versələr də kafedə ümumiyyətlə spirtli içki olmadığından və saat 23 radələrində kafe bağlandığından “İlkin” kafedən durmuşlar. Həmin tarixdə təmir etdikləri evi təhvil verərkən təmir zamanı istifadə etdiyi cib bıçağını özü ilə götürmüş, içkili olarkən özünü idarə edə bilmədiyindən “İlkin” kafedən çıxarkən həmin bıçağı dostu Hakimə vermişdir. “İlkin” kafedən çıxdıqdan sonra Hakimin təklifi ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq küçəsi 26 ünvanda yerləşən “Pent House” kafesinə getmişlər. xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində kafeyə çatarkən kafe bağlanırmış, lakin Hakimin, kafeni işlədən Zərərçəkmiş şəxsla mehriban münasibətləri olduğundan və az oturacaqlarını bildirdiklərindən kafeyə girmişlər. Kafedə kafeni işlədən Fərid Züifiqarov və Şəbnəm adlı masadardan, həmçinin durmağa hazırlaşan 2 nəfər müştəridən başqa heç kim olmamışdır. “Pent House” kafesi qapalı məkan olmaqla 2 mərtəbəli tikilinin 2-ci mərtəbəsində yerləşir, 1-ci mərtəbəsi “OBA” marketdir, kafe kimi xidmət göstərilən yer 2-ci mərtəbədədir, kafeyə giriş yalnız qapalı, blok tipli pilləkənlərlədir. 2-ci mərtəbədə 5 ədəd masa, masanın hər iki tərəfində oturmaq üçün divanlar vardır. Həmin vaxt “OBA” market bağlı olmuş, gec olduğundan küçədə də heç kim olmamışdır. Kafenin 2-ci mərtəbəsində o, Hakim və Hünər eyni masa arxasında oturmuşlar. Onlara xidmət göstərən sonradan adının Şəbnəm olduğunu bildiyi qadın masadara pivə sifariş vermişdir. Şəbnəm bir neçə dəfə pivə gətirdikdən sonra, Şəbnəmə ondan xoşu gəldiyini bildirmiş, Şəbnəmdən telefon nömrəsini istəmişdir. Cavabında Şəbnəm bildirmişdir ki, telefon nömrəsini verə bilməz. Bu söhbətlərindən sonra onlara Şəbnəm deyil, Zülfiqar xidmət göstərməkdə davam etmişdir. O, Hakimə demişdir ki, Fəridə desin onlara xidməti Şəbnəm göstərsin. Hakim kafeni işlədən Zərərçəkmiş şəxs yanına getmiş, bir neçə dəqiqə sonra geri qayıdaraq Şəbnəmin kafedə olmadığını bildirmişdir. O, elə zənn etmişdir ki, Hakim, Fəridə onun sərxoş olması və Şəbnəmlə tanış olmaq istəməsi barədə deyərək Şəbnəmi Fəridlə birgə kafedən yola salmışlar. Odur ki, Hakimə irad tutmuş, demişdir ki, Şəbnəmi özü bilərəkdən yola salmışdır. Hakim demişdir ki, Şəbnəmin kafedən getməsində onun heç bir rolu olmamışdır. O, Hakimlə bu məzmunda dost kimi mübahisə və zarafat etmişlər. Hakim dəfələrlə Şəbnəmin getməsindən xəbəri olmamasını desə də, Hakimlə sözlə zarafat edərək demişdir ki, Şəbnəmi özü bəyəndiyindən Şəbnəmlə münasibət qurmasına imkan verməmişdir. Sözlə mübahisələri zamanı hətta dostu Hakimin sifətinə zarafatla yumruğunu dirəyərək demişdir ki, “nə vuraram səni?” Bu zaman Hakimə müvəqqəti saxlaması üçün verdiyi bıçaq Hakimin cibindən yerə düşmüş, qardaşı Hünər bıçağı yerdən götürərək cibinə qoymuşdur. Həmin vaxt Fərid onlara yaxınlaşaraq bildirmişdir ki, Şəbnəmin iş saatı saat 14:00-dan 02:00-dəkdir, Şəbnəmi onlara qulluq etməsi üçün ləngitmiş, Şəbnəm evinə getsə də, özü qulluq etməyə hazırdır. O, yenə də Fəridə inanmamış, elə başa düşmüşdür ki, Hakimlə Fərid qəsdən Şəbnəmi gizlətmişlər. Odur ki, Fəridə demişdir ki, Şəbnəmi çağırsın, onlara Şəbnəm qulluq etməlidir. Fərid irad tutaraq demişdir ki, Hakimlə olan tanışlıqlarına və əslən Astara rayonundan olan arvadı tərəfdən yerli olduqlarına görə ona heçnə demir, başqası olsaydı onunla başqa tərzdə söhbət edərdi. Fərid sözünü dedikdən sonra onların masasından uzaqlaşmışdır. Bundan sonra o, yenə də Hakimlə sözlə mübahisə edərək zarafatla Hakimi təhqir etmiş, kafedə müştəri kimi yaxınlıqlarındakı bitişik masada oturaraq pivə içən 2 nəfərdən 1 nəfər yaşlısı və qardaşı Hünər onun Hakimlə ciddi mübahisə edəcəyini düşünərək onu Hakimdən ayırmışlar. 5-10 dəqiyqə sonra, yəni saat 01 radələrində həmin 2 nəfər şəxs də kafedən getmişlər. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində kafedən çıxmaq qərarına gəlmişlər, Fərid hesabın 18 manat təşkil etdiyini demiş, Hünər Fəridə 20 manat pul vermiş, Fərid 20 manatdan 18 manat çıxaraq onlara 2 manat qaytarmışdır. Qardaşı Hünər və dostu Hakimlə birgə kafedən çıxmaları üçün 2-ci mərtəbədən pilləkənlərlə 1-ci mərtəbəyə düşərkən Fərid də onlardan arxada kafeni bağlayıb piləkənlərlə düşürmüş. Həmin vaxt tam əmin olmuşdur ki, Şəbnəm kafedə yoxdur. Piləkənlərlə düşərkən Hakimə dost kimi sataşmaqda davam edərək Hakimlə sözlə mübahisə etmiş, bildirmişdir ki, Şəbnəmi Fəridlə birgə bilərəkdən kafedən yola salmaqda düz etməmişlər. Hakimə demişdir ki, “Sənin də vaxtın çatacaq”. Hakim onun sözlərindən incidiyindən piləkənlə qabağa düşərək onlarla sağollaşmadan küçəyə çıxmşdır. Həmin vaxt arxadan gələn Fərid ona demişdir ki, “get evindəkilərə sataş, evində də qadın var”. Fəridin irad formasında dediyi sözlər xoşuna gəlməmişdir. Blokdan küçəyə çıxarkən Hakimi küçədə görmədikdə başa düşmüşdür ki, Hakim ondan küsərək getmişdir. O, qardaşı Hünərlə birgə küçədə, kafenin girəcəyinin qarşısında dayanarkən sərxoş olduğundan Şəbnəmə görə Fəridin ona tutduğu iradı qəbul edə bilməmiş və qərara gəlmişdir ki, Fəridin gözünü hansısa yolla qorxutsun. Bu səbəbdən kafenin qarşısında qardaşı Hünərlə üzbəüz dayanarkən bıçağının Hünərdə olduğunu bildiyindən əlini Hünərin cibinə salıb bıçağını Hünərin cibindən götürmüşdür. Hünərin ağlına belə gəlməzdir ki, Fəridi bıçaqla vura bilər, odur ki, Hünər ona əhəmiyyət verməmiş, gözləmişdir ki, Fərid kafenin giriş qapısını bağladıqdan sonra sağollaşıb Fəriddən ayrılsınlar. Həmin vaxt ətrafda heç kim olmamış, Fərid kafenin seyf qapısını bağlaması üçün aşağı əyilərək qapı açıq olarkən qapının açıq qalması üçün yerə bərkitdiyi dəmiri çıxarmışdır. O, gözləmişdir ki, Fəridi ayağa qalxdıqdan sonra bıçaqla vursun. Fərid qapının arxasına keçirdiyi dəmir parçasını yerdən çıxararaq kafenin giriş qapısını bağlamışdır. Qapını bağladıqdan sonra Fərid qardaşı Hünərə onun barəsində demişdir ki, götür bunu apar sərxoş vəziyyətdədir. Bu zaman o, əlindəki bıçaqla Fəridin qarın nahiyyəsindən vurmuş, Fərid müdafiə olunaraq arxaya çəkilmişdir. O, bıçağın Fəridə dəyməsini bilmədiyindən üzərinə gedərək Fəridi bıçaqla vurmaq istədikdə Fərid müdafiə olunması üçün arxasını ona çevirdikdə bıçaqla Fəridin kürəyinin sol tərəfindən vurmuşdur, Qardaşı Hünər onu Fəriddən ayırarkən yerə yıxılmış, həmin vaxt bıçaq əlindən yerə düşmüş, Fərid isə qorxaraq qaçıb gözdən itmişdir. Fərid, qaçdığı istiqamətdən üzərinə hər hansı əşya ilə silahlanıb gəlməsin deyə Fəridin gözünü qorxutması üçün Fəridin dalınca əlində hər hansı əşya olmadan qaçmış, lakin sərxoş olduğundan bir neçə dəfə yerə yıxılmış, Fəridin dalınca cəmi 1-2 metr gedə bilmişdir. Bundan sonra qardaşı Hünər taksi çağırmış və taksidə hadisə yerindən uzaqlaşmışlar. Daha sonra bildirmişdir ki, Fərid kafenin qapısını bağlaması üçün yerə bərkidilmiş dəmir parçasını yerdən çıxararkən, həmçinin Fəridi bıçaqla vurarkən Fəridi dəfələrlə vurmaq imkanı olmuş, lakin niyyəti Fəridə xəsarət yetirmək deyil Fəridin ona tutduğu iradına görə Fəridi 1 dəfə bıçaqla yüngül vurmaqla gözünü qorxutmaq olmuşdur (cild 1, iş vərəqi 107-111). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, kafeni günorta saat 13:00 radələrində açır və gecə təxminən saat 01:00 radələrində bağlayır. Hadisə günü axşam saatlarında həmin şəxslə birlikdə tanıdığı bir nəfər kafeyə yaxınlaşmışlar. O, onlara artıq kafenin bugünlük bağlandığını bildirmiş, ancaq onlar yenidən bir qədər kafedə oturmaq istədiklərini, bir-iki bakal pivə içdikdən sonra çıxıb gedəcəkərini bildirərək onları kafedə oturmağa icazə verməyini ondan xahiş etmişlər. O, onların təklifi ilə razılaşmış və onlar kafedə oturmuşlar. Həmin vaxtı o, başqa bir otaqda bir dostu ilə oturmuş və kafenin gündəlik gəlirini hesablamışdır. Bir qədər sonra kafedə xidmət göstərən Şəbnəm ona tərəfə yaxınlaşaraq kafedə oturanlardan bir nəfərin onun əlini sıxdığını və ondan xoşu gəldiyini bildirmişdir. O, Şəbnəmə narahat olmamasını və artıq iş vaxtı bitdiyi üçün evə gedə biləcəyəni bildirmişdir. Sonra o, kafedə oturan həmin şəxslərə xidmət göstərən zaman hadisəyə qədər tanımadığı Mətləb adlı şəxs ondan Şəbnəmi çağırmağını tələb etmişdir. O, mülayim şəkildə şəxsə Şəbnəmin iş vaxtının bitdiyini və bu səbəbdən onun artıq kafedən çıxdığını bildirmişdir. Bunu eşidəndən sonra Mətləb adlı şəxs onunla mübahisə etməyə başlamışdır, ancaq şəxs biraz pəltək danışdığı üçün, həmçinin sərxoş olduğu üçün o, onun nə demək istədiyini tam olaraq başa düşməmişdir. O, həmin şəxsdən haralı olduğunu soruşmuşdur. O, Astara rayonundan olduğunu bildirdikdə, o həmin şəxsə Astara əhailsinə böyük hörmətimin olduğunu, həyat yoldaşının həmin rayondan olduğunu, yeyib içmək qarşılığında pul tələb etməyəcəyini bildirmiş və ondan mübahisə etməməsini xahiş etmişdir. Kafedə oturan şəxslər yeyib içdikdən sonra onların hesabı 18 manat olmuşdur. O, onlara bir neçə dəfə hesabı ödəməmələrini bildirsə belə onlar hesabı ödəmişlər. Sonra onlar kafedən çıxan zaman Mətləb adlı şəxs öz dostu ilə zarafat etmişdir. Ancaq o, onların aralarında olan zarafatın artıq dava-dalaşa çevriləcəyini görərək onları ayırmış və Hakimə Mətləb adlı şəxsin içkili vəziyyətdə olduğu səbəbindən mübahisə etməmələrini bildirmiş və ondan evə getməsini xahiş etmişdir. Artıq kafeni bağlayan zaman kafenin qapılarının dəmirlərini götürmək üçün əyilmiş və birdən birə ona nəyinsə girdiyini hiss eləmişdir. Həmin vaxtı onun yanında dostu olmuşdur və o, Mətləb adlı şəxsin əlində bıçaq olduğunu gördüyündən dostuna geri çəkilməsini bildirmişdir. O, Mətləb adlı şəxsə mübahisə etməməsini və sakitləşməsini bildirmişdir. Sonra onun yenidən onun arxası ilə gəldiyini gördükdə, ondan gizlənmək məqsədi ilə kafenin yaxınlığında olan bir binanın arxasında gizlənmişdir. Bir qədər sonra yenidən kafeyə tərəf yaxınlaşmış və artıq Mətləb adlı şəxsin orada olmadığını görmüşdür. Kafenin qapısını bağlamış və evə getmişdir. Evdə qarın nahiyyəsindən qan töküldüyünü görmüşdür. Qanaxmasını dayandıra bilmədiyindən çıxılmaz vəziyyətdə qalaraq xəstəxanaya yaxınlaşmış və qarın nahiyyəsinə dəmir batdığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, xəsarətlərlə bağlı əməliyyat olunmuşdur. 11 ədəd qarın nahiyyəsində və 2 ədəd qol nahiyyəsində tikiş vardır. Müalicə ilə əlaqədar Mətləb adlı şəxs ona hər hansı bir köməklik göstərməmişdir. O, Mətləb adlı şəxsə qarşı hər hansı nalayiq ifadə işlətməmişdir. Kafe ərazisində kameralar quraşdırılmışdır. Mətləb adlı şəxsin ona hansı səbəbə görə xəsarət yetirdiyini bilmir. Mətləb adlı şəxsə qarşı hər hansı bir şikayəti və ya tələbi yoxdur. Müstəntiqə baş verən hadisə barədə danışmışdır. İbitidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və ya tələbi yoxdur. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ilin yazından tanımış, belə ki, sonuncu hərdən onun masadar işlədiyi Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəfəqin kafesi” adlanan kafeyə müştəri kimi gəlirmiş, həmçinin birgə yeyib-içirmişlər. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yeyib içmələri üçün Təqsirləndirilən şəxsla və sonuncunun ögey qardaşı Şahid2la görüşmüşlər. Birgə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivindəki “İlkin’’ adlanan kafedə oturmuşlar. Həmin kafedə pivə olmadığı üçün Mətləb mağazadan 8 litr pivə almışdır. Saat 23 radələrində “İlkin” kafe bağlandığından, eləcə də kafedə içki olmadığından oradan durmuşlar. Onun təklifi ilə Sabunçu rayonu, Zabrat qəsəbəsində “Yaşıl Məscid"in yaxınlığında yerləşən “Pent House” kafesinə gedərək orada pivə içmələrini davam etdirmişlər. Belə ki, həmin kafedə müştəri kimi bir neçə dəfə olduğundan kafeni işlədən Zərərçəkmiş şəxsla münasibətləri yaranmışdır. Kafedə onlara xidmət edən masadar qız masalarına bir neçə dəfə pivə gətirdikdən sonra, Mətləb həmin qıza sataşmağa bağlamış, qız isə Mətləbə rədd cavabı verərək onlardan uzaqlaşmışdır. Mətləb ona demişdir ki, masadar qızı oturduqları masaya çağırsın. O, bu məqsədlə kafeni işlədən Zərərçəkmiş şəxs yaxınlaşaraq masadar qızın harada olduğunu soruşmuş, Fərid qızı kafedən yola saldığını demişdir. O, oturduqları masaya qayıdaraq Mətləbə masadar qızın kafedə olmadığını demişdir, Mətləb onun masadar qızı kafedən yola salmasından şübhələndiyindən onunla mübahisə etmiş, o, masadar qızın mövqeyini müdafiə etdiyinə görə Mətləb sifətinin sol yan hissəsindən yumruqla vurmuşdur. Bu zaman Mətləbin müvvəqqəti saxlaması üçün ona verdiyi bıçaq yerə düşmüş, Mətləbin qardaşı Hünər bıçağı götürüb cibinə qoymuşdur. Bir neçə dəqiqə sonra Fərid masalarına yaxınlaşaraq, ona görə, eləcə də yerli olduqlarına görə Mətləbə bir söz demədiyini, başqası olduğu təqdirdə başqa tərzdə söhbət edəcəyini deyərək onlardan kənarlaşmışdır. Həmin anda Mətləb yenidən onu təhqir etmiş, kafedə müştəri olan yaşlı bir kişi və ögey qardaşı Hünər onları ayırmışdır. Kafedəki mübahisələri cəmi 5-10 dəqiyqə davam etmiş, səs-küyə yaxınlaşan hər hansı şəxs olmamışdır. Hünər hesabı ödədikdən sonra kafedən çıxıb pilləkənlərlə aşağı düşərkən Mətləb yenidən onunla mübahisə edib, “sənində vaxtın çatacaq” kəlməsini işlətmişdir. Onlardan arxada gələn Fərid Mətləbə demişdir ki, “get evindəkilərə sataş, evində də qadın var”. Mətləb onu vurduğu üçün Mətləbdən inciyib kafeni tərk etmiş, sonradan kafedə nəyin baş verməsindən məlumatsızdır (cild 1, iş vərəqi 30-32). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 34-36). Cinayət işinin materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X4-Təcrübi və tədris birliyinin xx.xx.2025-ci il tarixli 86 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın zədələnməsinə səbəb olan 1 (bir) ədəd, döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi iki ədəd) müəyyən edildi. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni kənar şəxs tərəfindən bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqi 80-82). Cinayət işinin materiallarında olan tapşırığa cavab olaraq Sabunçu RPİ 15-ci PB-dən daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 ədəd bıçağı müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 64-65). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəza icra olunduğu üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 117-118). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti cəriməni ödədikdən 1 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 55-60). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayəti və tələbi yoxdur (cild 2). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 14 oktyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1017/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1017/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver