Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1018/2023 04.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlunun sədrliyi ilə, Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri - X4 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X10 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Cəlilabad rayonunda anadan olmuş, evli, himayəsində üç azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada əməklə məşğul olmuş, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 1, mənzil 1 ünvanında qeydiyyatda olmaqla Qaradağ rayonu, ünvan 1rəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 4 noyabr 2023-cü il tarixdə, saat 17:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi:
1. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 11 fevral 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır.
2. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 noyabr 2022-ci il tarixdə, saat 00:50-də Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 7 ünvanında yerləşən “Üç Qardaş” adlı ehtiyat hissələri dükanının qarşısında saxlanılaraq, Bakı şəhəri, Qobustan qəsəbəsi, Salyan yolu 17 ünvanda yerləşən Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olmuş qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümdə təmiz çəkisi 2,720 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadə verərək göstərdi ki, o, həmin polis bölməsinə Təqsirləndirilən şəxs tutulmasından təxminən iki ay əvvəl təyin olunmuşdur. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, polis bölməsində təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti aparılan zaman videoçəkilişdə iştirak etmişdir. Videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ cibindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs səmimi olaraq həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs necə, kim tərəfindən və harada saxlanılaraq bölməyə gətirilməsi barədə məlumatı yoxdur. O, yalnız videoçəkiliş zamanı şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmiş və həmin vaxt da Təqsirləndirilən şəxs səmimi etiraf etmişdir. Hər hansı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs üzərində onun iştirakı ilə bir dəfə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, onun üzərində başqa videoçəkilişlə şəxsi axtarışın keçirilməsinə dair məlumatı yoxdur. Şahid1 ifadəsinin sonunda bir daha vurğulamışdır ki, o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, 17 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə “İlyar” adlı şəxsin Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuş, məlumatın dəqiqliyinin yoxlanılması məqsədi ilə yaradılmış əməliyyat qrupunun tərkibinə o da daxil olmuşdur. “İlyar” adlı şəxsin müəyyənləşdirilərək ifşa edilməsi məqsədi ilə 18 noyabr 2022-ci il tarixdə, gecə saat 00:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Massiv 7 ünvanında əməliyyat tədbiri qurulmuş, həmin tarixdə gecə saat 00:50 radələrində zahiri əlamətlərinə görə məlumatda qeyd olunan “İlyar” adlı şəxsə bənzəyən bir nəfər şəxsin “Üç Qardaş” ehtiyat hissələri dükanının qarşısında piyada hərəkət etdiyini müəyyən etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsə özünü təqdim etməyi təklif etmiş, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onlar həmin şəxsi Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə dəvət edib bölmədə təhqiqatçının xidməti otağına keçirmişlər. Polis bölməsində həmin şəxsin xx xxxxxxxx 1988-ci ildə Cəlilabad rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanda qeydiyyatda olmaqla, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 7 ünvanda nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmasından sonra hüquqlarını müdafiə etməsindən ötrü dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmaması barədə sorğu-sual edilmiş və əgər varsa, onu masanın üzərinə qoyub təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin günü əynində olmuş qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxararaq, masanın üzərinə qoymuş, həmin büküm açılarkən, içərisində qəhvəyi rəngli, iysiz, tozşəkilli narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin, yəni həmin bükümün içərisində narkotik vasitə “kakos” olduğunu, həmin narkotik vasitəni 17 noyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri Əhmədli qəsəbəsi “Neapol” dairəsinin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində saxlanılarkən, həm onların, yəni polisin nəzarətində olduğunu, həm də üzərində olmuş narkotik vasitəni təqdim etmək üçün müdafiəçinin gəlməsini gözlədiyinə görə üzərində olmuş narkotik vasitəni yerə atmadığını, üzərində saxladığını və buna fürsəti olmadığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı tərəfindən götürülmüş və ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılaraq, DİN-in “Zərflər üçün” 223 saylı möhürü ilə möhürlənmişdir. O, bütün iştirakçılarla birlikdə həm zərfin üzərinə, həm də bu barədə tərtib edilmiş protokola imza etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması başa çatmış, sonuncu Qaradağ RPİ-nin Müvəqqəti Saxlama yerinə təhvil verilmiş, sonuncunun barəsində toplanılmış material isə narkotik vasitə heroin ilə birlikdə Qaradağ RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 105-107).
5. İfadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Şahid1 həmin ifadəsini təsdiq etdiyini bildirərək Təqsirləndirilən şəxs saxlanılması zamanı eyni vaxtda bir neçə nəfərlə bağlı əməliyyat tədbiri keçirildiyini, həmin tədbirlərlə bağlı digər polis əməkdaşlarının da iştirak etdiyini, o digər tədbirlərdə saxlanılan şəxslərin tutulmasında iştirak etdiyindən Təqsirləndirilən şəxs tutulmasında şəxsən iştirak edə bilmədiyini bildirdi. Şahid1 verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iştirak etdiyini, sonuncunun üzərindən narkotik vasitə aşkar olunduğunu, Təqsirləndirilən şəxs tutularaq saxlanılmasında isə digər polis əməkdaşlarının iştirak etdiyini, müdafiəçinin nə vaxt gəlməsini isə dəqiq xatırlamadığını göstərdi.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, habelə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən 17-18 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs təxminən gecə saat 1 radələrində Qaradağ rayonu ərazisində “Üç Qardaş” ehtiyat hissələri mağazasının qarşısında saxlayaraq polis bölməsinə dəvət etmişlər. Polis bölməsində videoçəkilişlə şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının cibindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı olmuş, lakin sonradan Təqsirləndirilən şəxsla bağlı narkotik vasitələrin satışı ilə bağlı hansısa faktın aşkar olunub-olunmaması barədə məlumatı yoxdur.
7. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra (Cild 1, i.v.123-125) verilən suallara cavab olaraq o, həmin ifadəsini təsdiq etdiyini bildirərək əlavə olaraq müdafiəçinin Təqsirləndirilən şəxs saxlanıldıqdan bir neçə saat sonra, səhərə yaxın polis bölməsinə gəldiyini göstərdi.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin cinayət-axtarışı üzrə kiçik inspektoru, polis serjantı X5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, yalnız polis bölməsində şəxsi axtarış istintaq hərəkəti aparılan zaman iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuş, sonuncu üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs hansı tarixdə və hansı saatda saxlanıldığını bilmir. Bir daha bildirir ki, o, yalnız şəxsi axtarış aparılan zaman təhqiqatçı tərəfindən dəvət edilərək həmin istintaq hərəkətində iştirak etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiq olunmasının şahidi olmamışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, o, 18 noyabr 2022-ci il tarixdə, saat 11:35 radələrində xidməti iş yerində olarkən, 11-ci Polis Bölməsinə gətirilmiş, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi ilə bağlı iştirak edərək, videoçəkilişi həyata keçirməyi üçün təhqiqatçının xidməti otağına dəvət edilmişdir. Hüquqlarını müdafiə etməsindən ötrü dəvət edilmiş müdafiəçi və onların iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmaması barədə sorğu-sual edilmiş və əgər varsa, onu masanın üzərinə qoyub təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin günü əynində olmuş qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxararaq, masanın üzərinə qoymuş, həmin büküm açılarkən, içərisində qəhvəyi rəngli, iysiz, tozşəkilli narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə “kakos” olduğunu, həmin narkotik vasitəni 17 noyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri Əhmədli qəsəbəsi “Neapol” dairəsinin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində saxlanılarkən, həm onların, yəni polisin nəzarətində olduğunu, həm də üzərində olmuş narkotik vasitəni təqdim etmək üçün müdafiəçinin gəlməsini gözlədiyinə görə üzərində olmuş narkotik vasitəni yerə atmadığını, üzərində saxladığını və buna fürsəti olmadığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı tərəfindən götürülmüş və ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılaraq, DİN-in “Zərflər üçün” 223 saylı möhürü ilə möhürlənmişdir. O, bütün iştirakçılarla birlikdə həm zərfin üzərinə, həm də bu barədə tərtib edilmiş protokola imza etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması başa çatmış, sonuncu Qaradağ RPİ-nin Müvəqqəti Saxlama yerinə təhvil verilmiş, sonuncunun barəsində toplanılmış material isə narkotik vasitə heroin ilə birlikdə Qaradağ RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v.158-160).
10. İfadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq S.M.Mustafayev həmin ifadəsini təsdiq etdiyini bildirərək Təqsirləndirilən şəxs tutulmasında iştirak etmədiyini, yalnız 18 noyabr 2022-ci il tarixdə, təxminən saat 11:35 radələrində Şahid1 və təhqiqatçı tərəfindən videoçəkilişin aparılması üçün təhqiqatçının xidməti otağına dəvət edilərək həmin çəkilişi həyata keçirdiyini göstərdi.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, əvvəllər oğurluq cinayəti törətdiyi üçün məhkum olunmuşdur. ***-***-**-** saylı mobil telefon nömrəsi onun adınadır, təxminən 3-4 ildir həmin mobil telefon nömrəsini almış, öz adına rəsmiləşdirmiş və istifadə etmişdir. Təqsirləndirilən şəxs Ələt qəsəbəsi sakini kimi tanımış, sonuncu ilə münasibəti normal olmuşdur. İlyarla tanışı Şahid4 vasitəsi ilə tanış olmuş və sonradan Təqsirləndirilən şəxs həbs olunmasını eşitmişdir. O özü narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə metamfetamindən əvvəllər çəkmək yolu ilə istifadə etmiş, bir “baş” nəşəni, yəni marixunanı 10 manata almışdır. 22 oktyabr 2022-ci il tarixdə, saat 20:15:22-də onun istifadəsində olan +**********141 mobil telefon nömrəsinə “Remboya dene tez gelsin sentıra malın qabaq alannar olublar ble denen gelsin sen adu çekmesin burda menim malımdı ********** yığdım danışa Bilmedim yığ tez” mövzusunda sms mətni İlyar tərəfindən göndərilmişdir. Şahid4 qəsəbədə “Rembo” ləqəbi ilə çağırırlar.
12. İfadəsi elan olunduqdan sonra (Cild 1, 175-176;) verilən suallara cavab olaraq Şahid6 həmin ifadəsini əsasən təsdiq etdiyini bildirərək ifadəsində qeyd edilmiş “o, bəzi hallarda İlyardan aldığı narkotik vasitə maruxanaya görə İlyar ona əlavə pay olaraq, bir dəfə istifadəlik psixotrop maddə olan metamfetamin də pay vermişdir. İlyar həmin mesajı göndərməmişdən təxminən bir həftə əvvəl o, Talehlə birlikdə İlyardan narkotik vasitə olan qurudulmuş marixuana almış, lakin pulunu borclu qalmışlar, İlyar da Taleh və onun İlyara narkotikə görə olan borclarını qaytarmaq üçün Talehin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Taleh mobil telefonu açmadığından İlyar ona belə bır mesaj yazmışdır.” kimi ifadələri o deməmişdir. Təqsirləndirilən şəxs heç vaxt pul verərək narkotik vasitə almamışdır. İlyarla kafedə olarkən, İlyar oradan çıxıb gedərkən özü üçün narkotik vasitə marixuana almağa getdiyini dediyi üçün ona Şahid4la onun üçün də alınsa narkotik vasitə götürməsini xahiş etmişlər. Buna görə də ifadəsində qeyd edilən sms mesaj yazılmışdır. Lakin narkotik vasitə üçün İlyara hər hansı məbləğdə pul verməmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, ***-***-**-** saylı mobil telefon nömrəsi qaynanası X2 adınadır, həmin nömrəni o özü istifadə etmişdir. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi 5-6 il əvvəl tanımış, sonuncu ilə münasibəti normal olmuşdur. İlyar onunla eyni qəsəbədə yaşamışdır. O, sonradan Təqsirləndirilən şəxs həbs olunmasını eşitmişdir. 22 oktyabr 2022-ci il tarixdə, saat 20:15:22-də +**********141 mobil telefon nömrəsindən +**********92 saylı mobil telefon nömrəsinə “Remboya dene tez gelsin sentıra malın qabaqalannar olublar ble denen gelsin sen adu çekmesin burda menim malımdı ********** yığıdım danışa Bilmedim yığ tez” mövzusunda sms mesaj mətnini o yazmamış, həmin mesaj qəsəbə sakini İlyar və Şahid6 arasında olmuşdur. Belə ki, o, Rüfəti qəsəbə sakini kimi tanımış, Rüfət və İlyar hər ikisi narkotik vasitədən istifadə etdikləri üçün öz aralarında yazışmışlar. Lakin onun nömrəsinə İlyar və Rüfət tərəfindən zəng gəlib-gəlməməyini xatırlamır. O, sonuncu dəfə istintaq zamanı dindirilməmişdən bir ay əvvəl psixotrop maddə metamfetamin istifadə etmiş, həmin tarixdən hazırkı vaxtadək hər hansı növ narkotik vasitə və ya psixotrop maddə istifadə etmir.
14. İfadəsi elan olunduqdan sonra (Cild 1, 161-162;) verilən suallara cavab olaraq Şahid4 həmin ifadəsini əsasən təsdiq etdiyini bildirərək, qeyd edilən ifadəsində “Həmin psixotrop maddəni Təqsirləndirilən şəxs 20 manat verib 2 “çet” almış və yandırıb tüstüsünü iyləməklə istifadə etmişdir.” sözləri ona məxsus deyil. O, Təqsirləndirilən şəxs heç vaxt hər hansı narkotik vasitə və ya psixotrop maddə almamışdır.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “SPİK” şirkətində əmək müqaviləsi ilə sürücü işləyir. “Toyota” maraklı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobil işlədiyi şirkətin müdiri X7 məxsusdur. ***-***-**-** saylı mobil telefon nömrəsini təxminən 5-6 ay əvvəl Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən “Teleqram” aksesuar dükanından 4-5 manata alaraq onunla eyni şirkətdə işləyən Nicat Yunusova vermiş və hazırda həmin mobil telefon nömrəsini bildiyinə görə Nicat işlədir. Nicat Yunusov onunla eyni şirkətdə işləmiş, sonuncunun işi şirkətinin həyətindəki yük maşınlarını yumaqdan ibarət olmuş, onunla münasibəti yaxşı olmuşdur. Lakin Nicat sonradan işə gəlmədiyinə görə işdən uzaqlaşdırılmışdır. O, Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, heç bir narkotik vasitələr və qanunla qadağan olunmuş maddələrdən istifadə etməmiş, bu cür şəxslərdən də tamamilə uzaq olmuşdur. Əhatəsində də narkotik vasitə və psixotrop maddə istifadə edən və ya satan şəxslər yoxdur. +**********03 saylı mobil telefon nömrəsini keçmiş iş yoldaşı Nicat Yunusov istifadə etdiyi üçün sonuncunun həmin nömrəsinə 31 oktyabr 2022-ci il tarixdə, saat 18:29:17-də Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********92 saylı mobil telefon nömrəsindən “Qaqa 20 manatım var görüşə bilərik mene hedən yoxdan de sen allah ağrıyıram” mövzusunda, 17 noyabr 2022ci il tarixdə, saat 15:28:31-də Nicat Yunusovun istifadəsində olmuş +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********92 saylı mobil telefon nömrəsinə “Qaqa 30 manat pulum var özümdə ölürəm gəlim məni yola sal” və eyni tarixdə, saat 15:47:24-dən sonra üç dəfə təkrar olaraq “Qaqa sen allah mene bir söz de” mövzularda sms mesajlar göndərilməsindən onun məlumatı olmamış, ümumiyyətlə, Nicat Yunusovun kimə və hansı sms mesajlar yazması barədə onun xəbəri olmamışdır.
16. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi izahat və ifadələri elan olunmaqla tədqiq edilmişdir. O, həmin izahat və ifadələrdə göstərmişdir ki, uzun müddətdir narkotik vasitələr və psixotrop maddələr qəbul etmişdir. 17 noyabr 2022-ci il tarixdə şəxsi işi ilə bağlı Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsinə getmiş, həmin gün saat 19:00 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən “Neapol” dairəsi yaxınlığından ötüb keçərkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış, narkotik vasitə “kakos” satdığını bildirib həmin narkotik vasitə olan “kakosu” almağı təklif etmişdir. O, narkotik vasitə qəbul etdiyi üçün həmin tanımadığı şəxsə 30 manat pul ödəyib bir ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə “kakosu” almış və əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxlamışdır. 18 noyabr 2022-ci il tarixdə, 00:50 radələrində evinə getmək üçün Qaradağ rayonu, Qobustan qəsəbəsi Massiv 7 ünvanda yerləşən “Üç qardaş” adlı ehtiyat hissələri dükanının qarşısından keçib gedərkən, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan soyadının Məmmədov, adının isə İlyar olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş və Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə dəvət edib aparmışlar. 11-ci Polis Bölməsində hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edilmiş, lakin müdafiəçi həmin gün gecə gəlmədiyi üçün polis əməkdaşları müdafiəçi gəlmədən üzərinə şəxsi axtarış və götürmə aparılmayacağını bildirmişlər. Bundan sonra onun barəsində şübhəli şəxs qismində tutma protokolu tərtib edilmiş, hüquq və vəzifələri izah edilmiş və polis nəzarətində olduğu üçün üzərində olmuş narkotik vasitəni gizlədə bilməmişdir. Həmin gün saat 11:35-də Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində xidməti otaqların birində dəvət olunmuş müdafiəçi Şahid8 və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən onun üzərinə axtarış aparılacağını və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə ediləcəyini bildirmişlər. O, polis əməkdaşları ilə razılaşmışdır. Əvvəlcə təhqiqatçı ona üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişdir. O həmin gün əynində olmuş qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş bükümü masanın üzərinə qoyaraq həmin bükümün içərisində özünə məxsus olan narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni 17 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Neapol” dairəsində tanımadığı şəxsdən 30 manata alıb üzərində saxladığını bildirmişdir. Təhqiqatçı həmin bükümü açmış, bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Sonra onun üzərindən aşkar olunmuş narkotik vasitə heroin təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və o bütün iştirakçılar kimi zərfin üzərinə və protokola imza etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldığı və Polis Bölməsində olduğu, eləcə də, üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı formada fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, Polis Bölməsində saxlanıldığı zaman müdafiəçi olmadığından və polis əməkdaşlarının nəzarəti altında olduğu üçün üzərində olmuş narkotik vasitə heroini tullamaq və ya gizlətmək fürsəti yaranmamışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. (Cild 1, i.v. 35-36; 52-54; 67-69; 179-181; 212-216).
17. Məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 noyabr 2022-ci il tarixli şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrindən sonra (Cild 1,i.v. 52-54; 67-69;) onunla 10 fevral 2023-cü il tarixədək hər hansı istintaq hərəkəti həyata keçirilməmiş, həmin tarixdə və ondan sonrakı tarixlərdə keçirilən istintaq və prosessual hərəkətləri ilə bağlı tərtib edilmiş protokolları, o cümlədən 10 fevral 2023-cü il tarixli və 11 fevral 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində dindirilmə” protokollarını (Cild 1, i.v. 179-181; 212-216) imzalamaqdan imtina etmişdir. 11 fevral 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində dindirilmə” protokolunun sonunda müstəntiq tərəfindən ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, tərtib olunmuş protokolu imzalamaqdan imtina etməsinə dair qeyd aparılmışdır.
18. İbtidai istintaq orqanı iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.
19. Belə ki, iş materiallarında olan “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 19 noyabr 2022-ci il tarixdə, saat 00:30-da qəbul edilmiş qərardan görünür ki, həmin tarixdə və vaxtda Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X11 tərəfindən Təqsirləndirilən şəxs 2,720 qram narkotik vasitə heroin aşkar olunması faktına görə sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanıb icraatına götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v.1).
20. İş materiallarında olan Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid9 tərəfindən tərtib edilmiş 18 noyabr 2022-ci il tarixli 071-8815-1222 nömrəli raportda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə xx.xx.2022-ci il tarixdə, 0_ :_0 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 7, “Üç Qardaş” ehtiyat hissələri dükanının qarşısında Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellefon kəsiyinə bükülmüş narkotik maddə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilənlərlə əlaqədar toplanmış materialın araşdırmanın davam etdirilməsi və prosessual qərarın qəbul edilməsi üçün Qaradağ RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır (Cild 1, i.v.4).
21. Hökmün 20-ci bəndində göstərilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilməsi vaxtı ağardıcı ilə ağardılmış, lakin sonradan unudulduğundan hər hansı rəqəmlər əlavə edilməmişdir.
22. İş materiallarında olan “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 18 noyabr 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ RPİ-nin 11-ci PB-nin cinayətaxtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən ünvan 7 ünvanında qeydiyyatda olmaqla Qaradağ rayonu, ünvan 8a yaşayan xx.xx.1988-ci ildə Cəlilabad rayonunda anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi olmadan əldə edərək üzərində saxlaması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi, polis polkovniki Yasər İbadov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin bölmənin, polis sahə inspektoru, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v 5-12). Qeyd edilən qərar, tərtib edilmiş raport və digər sənədlərin tarixlərinin 18 noyabr 2022-ci il tarixli olmaqla onlar üzərində aparılmış qeydə alınma tarixləri ilə əlaqədar möhürlər və dərkənarlara əsasən, həmin sənədlərin 18 noyabr 2022-ci il tarixdə tərtib edilməsi müəyyən edilir.
23. İş materiallarında olan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 16 dekabr 2022ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin bölmənin rəisi, polis polkovniki Yasər İbadov tərəfindən təsdiq edilmiş 18 noyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (Cild 1, 130). Lakin həmin qərarın qəbul edilmə tarixindən də görünür ki, qeyd edilən qərar CPM-in 445-ci maddəsinin tələbləri kobud pozulmaqla müvafiq əməliyyat-axtarış tədbirləri aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təqdim edilməmişdir.
24. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, həmin qərar 18 noyabr 2022-ci il tarixdə, saat 01:30-da təhqiqatçı Şahid9 tərəfindən tərtib edilməklə qərarda Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:50 radələrində saxlanıldığı və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdir (Cild 1, i.v 13).
25. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “VMAS” elektron sistemindən əldə edilmiş sorğu üzrə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd üzrə həmin sistemdə axtarış aparılmaqla xx.xx.2022-ci il tarixdə, saat 02:16-də müvafiq sənədin surəti çıxarılaraq iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v.15).
26. İş materiallarında olan təhqiqatçı Şahid9 tərəfindən tərtib edilmiş 18 noyabr 2022-ci il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə əlaqədar onunla müvafiq istintaq hərəkətləri aparmaq üçün hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmək zərurəti ilə bağlı olaraq təhqiqatçı Şahid9 tərəfindən həmin tarixdə saat 01:30 radələrində Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun ***-***-**-** saylı nömrəsinə və həmin büronun müdiri Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng olunmuş, lakin telefon zənglərinə cavab verilmədiyi üçün müdafiəçi dəvət edərək zəruri istintaq hərəkətlərinin aparılması mümkün olmamışdır (Cild 1, i.v.19).
27. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin protokol 18 noyabr 2022-ci il tarixdə, saat 11:00-da təhqiqatçı Şahid9 tərəfindən tərtib edilməklə protokolda Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:50 radələrində saxlanıldığı və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdir. Həmin protokol şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmışdır (Cild 1, i.v.24).
28. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi Şahid8 iştirakı ilə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:30-da elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 11:35-dən 11:50-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid9 tərəfindən həmin bölmənin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, polis sahə inspektoru, polis mayoru Şahid2, cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı X3 və müdafiəçi Şahid8 iştirakı ilə Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Qaradağ RPİ-nin 11-ci polis bölməsinin inzibati otağında videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən, onun əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə “kakos” olduğunu, həmin narkotik vasitə “kakosu” 17 noyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri Əhmədli qəsəbəsi “Neapol” dairəsinin yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmiş, həmçinin 11-ci Polis Bölməsində saxlanılarkən, həm polisin nəzarətində olduğunu, həm də vəkil yanında üzərində olmuş narkotik vasitəni təqdim etmək üçün vəkilin gəlməsini gözlədiyinə görə, üzərində olmuş narkotik vasitəni yerə atmadığını və üzərində saxladığını göstərmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən təhqiqatçı tərəfindən aşkar olunaraq götürülmüş narkotik vasitə 01 ədəd boş zərfdə qablaşdırımış, Azərbaycan Respublikası DİN-in 223 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı “Redmi” markalı mobil telefonla S.M.Mustafayev tərəfindən videoçəkiliş aparılmış, həmin istintaq hərəkətinin görüntüsü əks olunmuş 01 ədəd məlumat daşıyıcısı (disk) protokola əlavə edilmişdir (Cild 1, i.v. 31; 33-34;).
29. İş materiallarında olan “CD-R diskdəki videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 19 noyabr 2022-ci il tarixli protokolda göstərilmişdir ki, “20221118_121528” adlı, “.mp4” formatlı 10 dəqiqə 07 saniyə davam edən 01 ədəd videofaylda əks edilmiş görüntülər 18 noyabr 2022-ci il tarixdə qeydə alınmış, süni işıqlandırma ilə işıqlandırılmış otaq Qaradağ RPİ-nin 11-ci PB-də xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı tərəfindən Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Şahid8 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə, onu təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əllərini əynində olmuş qara rəngli şalvarının yan ciblərinə salır və sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Polis əməkdaşları tərəfindən həmin bükümə baxış keçirilir və baxış zamanı bükümün içərisində qəhvəyi rəngli toz şəkilli kütlə olması aşkar olunaraq götürülür. Təhqiqatçı tərəfindən sorğu-sual edilən şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi bükümün içərisində olan maddə “kakos” və ya “torpaq” adı ilə tanıdığı narkotik vasitədir, onu tutulmamışdan bir gün əvvəl, yəni 17 noyabr 2022-ci il tarixdə, axşam saat 19:00 radələrində Bakı şəhəri Əhmədli qəsəbəsi “Neapol” dairəsinin yaxınlığında tanımadığı şəxsdən 30 (otuz) manata alıb əldə etmişdir, özünün şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, lakin sonuncunun üzərindən heç bir əşyanın aşkar olunmaması müşahidə olunur. Sonda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə təhqiqatçı tərəfindən boş zərfə qoyulub qablaşdırılır, iştirakçılar tərəfindən zərflərin üzəri imzalanır, zərflərin möhürlənməsi videogörüntü zamanı qeydə alınır. Təhqiqatçının şifahi suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi narkotik vasitəni polis əməkdaşlarının nəzarətində olduğu üçün, həm də vəkilin gəlməsini gözlədiyi üçün üzərindən yerə atmamış, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı heç bir formada təzyiq göstərilməmişdir. Bundan sonra videogörüntü başa çatır. Diskə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs şifahi olaraq, videogörüntüdə əks olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş şəxsin onun özü olduğunu, üzərinə şəxsi axtarış keçirilən zaman həqiqəti olduğu kimi deyib göstərdiyini bildirmişdir. 18 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə hərəkətləri bir ədəd CD diskin yaddaşına yazılmışdır(Cild 1,i.v.55-56;). Qeyd edilən videogörüntüyə məhkəmə iclasında baxış zamanı həmin halların əsasən öz əksini tapması müəyyən edilməklə yanaşı, eyni zamanda müəyyən edilmişdir ki, təhqiqatçı Şahid9 çəkiliş zamanı “Şübhəli şəxs Təqsirləndirilən şəxs tutularkən ona CPM-in 70-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir.” bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edildiyi iddia edilən narkotik vasitəyə bənzər kütlənin çəkisinin müəyyən edilməsi üçün həmin kütlənin CPM-in tələblərinə zidd olaraq götürülmüş əşyanın çəkisinin çəkilərək müəyyən edilməməsi müşahidə edilir.
30. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/6640 saylı, 18 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 223 №”-li dairəvi möhür əksi və “....Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə...” yazısı və imzalar olan bir ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 2,720 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsasən, heroin, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Heroinin təmiz çəkisi 2,720 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,670 qram. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. Həmin rəyə əlavə olunmuş “Tədqiqat nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair 18 noyabr 2022-ci il tarixli aktdan görünür ki, qeyd edilən narkotik vasitə 18 noyabr 2022-ci il tarixdə, saat 14:45-də ekspertizaya təqdim edilmiş, həmin gün saat 18:00-da isə tədqiqatdan sonra qalan kütlə geri qaytarılmışdır (Cild 1, i.v.41-45;).
31. İş materillarında olan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 19 noyabr 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 noyabr 2022-ci il tarixdə, saat 11:00-dan hesablanmışdır. Həmin məhkəmənin 14 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 18 mart 2023-cü il tarixədək uzadılmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, ondan aşkar edilərək götürülmüş narkotik vasitənin miqdarının kifayət qədər az olmasına baxmayaraq, ona məlum olmayan səbəbdən miqdarın sonradan şişirdilərək iki qramdan artıq olması göstərilmişdir. (Cild 1, i.v. 78-81; 223-225).
32. İş materiallarında olan “Maddi sübutun tanınması haqqında” 20 noyabr 2022-ci il tarixli qərardan, 21 noyabr 2022 və 15 fevral 2023-cü il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 2,720 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 2,670 qram olan narkotik vasitə heroin müvafiq istintaq hərəkətləri həyata keçirildikdən sonra saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Həmçinin ”Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işi materiallarından ayrı icraata cinayət işinin ayrılması haqqında” 10 fevral 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsinin görüntüsü əks olunmuş 1 (bir) ədəd disk və "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd disk maddi sübut kimi tanınmaqla həmin disklərin iş materiallarına əlavə edilməsi qeyd edilmişdir (Cild 1, i.v.82; 93; 182-197; 245;).
33. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 28 noyabr 2022-ci il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri, Qaradağ Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli hökmü ilə ehtiyatsızlıqla törədilən cinayət əməli olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 9(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (Cild 1, i.v.110-111, 113-116;).
34. İş materiallarında olan ambulator komisyon məhkəmə-narkoloji ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 7174 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v.134-135).
35. İş materiallarında olan "xxxx" MMC-dən istintaq orqanına daxil olmuş 1 ədəd diskdə “5********.txt” adlı fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin faylda Təqsirləndirilən şəxs istifadəsində olan +**********92 mobil telefon nömrəsi ilə xx.xx.2022ci il tarixdə, saat 00:00-dan xx.xx.2022-ci il tarixdə saat 23:59:59-dək müddət ərzində aparılan danışıqlara aid məlumatlar əks edilmişdir. Həmin fayllara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat müəyyən edilməmişdir. “**********92_SMS.txt” adlı fayla baxış keçirilərkən, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan +**********92 mobil telefon nömrəsinə daxil olmuş və çıxmış ismarıc mətnləri əks olunmuş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********92 mobil telefon nömrəsindən Şahid6 məxsus +**********41 mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 20:15:22-də “Remboya denen tez gelsın sentıra malın qabaqın alannar olublar ble denen gelsın sen adu cekmesın burda menim malımdı **********yıqdım dansa bılmedım yıq tez” məzmunda mesaj mətni göndərilmişdir. Məmmədovun istifadəsində olmuş +**********92 mobil telefon nömrəsinə Şahid5 məxsus +**********03 mobil telefon nömrəsindən xx.xx.2022- ci il tarixdə saat 18:29:17-də “Qaqa 20 manatim var goruwe bilerik mene heden yoxdan de sen allah agriyiram” məzmunda ismarıc mətni daxil olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********92 mobil telefon nömrəsinə +**********115 mobil telefon nömrə abünəçisindən xx.xx.2022-ci il tarixdə saat 00:24:26-da “Qaqa bir söz dedə sənə arxeyinəm”, eyni tarixdə saat 02.27.03-də “Qaqa səni gözdiiyiirem özümdə ağrıda qalmışam kişisənə, eyni tarixdə saat 15:25:41-də “ilyar sən canım bir söz de axşamnan ağrıda qalmışam”, eyni tarixdə saat 16:14:42-də “mön yəsi ol olmuşanda tema tapılmır yoxsa səni narahat eləməzdim ki” və eyni tarixdə saat 21:55:57də “var olasa saqol kişisən Allah səni qorusun” məzmunda ismarıc mətnləri daxil olmuşdur. Həmin fayldan iş üzrə istintaq və əməliyyat-axtarış əhəmiyyəti kəsb edən hallar müəyyən edildiyindən, fayldan çıxarış aparılaraq printer vasitəsi ilə çap edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. “Antenna.xlsx” adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məmmədov llyar Kamal oğlunun istifadəsində olmuş +**********92 mobil telefon nömrəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə danışıqların və sms mətnlərinin hansı ərazilərdə aparılmasına dair məlumatlar əks olunmuşdur. Faylda olan məlumatlara görə, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********92 mobil telefon nömrəsi xx.xx.2022-ci il tarixdə, saat 00:21-də Bakı şəhəri Xətai rayonu Gen.Şıxliski küçəsində quraşdırılmış, xx.xx.2022-ci il tarixdə, saat 00:34-dən xx.xx.2022-ci il tarixdə saat 00:37-dək olan müddət ərzində Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində quraşdırılmış "xxxx" MMC-yə aid antenlərin dairəsi altında olmuşdur. Həmin faylda sübut əmiyyəti kəsb edən çıxarış çap edilərək, protokola əlavə edilmişdir (Cild 1, i.v.139-153).
36. Hökmün 35-ci bəndində göstərilən məlumatların əks olunduğu diskdəki məlumatlara məhkəmə iclasında baxış zamanı, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin 11 noyabr 2022-ci il tarixdən ümumiyyətlə Əhmədli qəsəbəsi, Neapol dairəsi və ya onun yaxınlığında olan hər hansı anten dairəsində olması müəyyən edilməmişdir. Həmin telefon nömrəsinin sonuncu dəfə 17 noyabr 2022-ci il tarixdə, saat 21:55-də Qobustan qəsəbəsi ərazisində olan anten dairəsində olması müəyyən edilmişdir.
37. İş materiallarında olan ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 76 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, i.v. 170-173).
38. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.U.Rəhimov tərəfindən 27 fevral 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 3 mart 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.246-256;).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
39. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixli məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, polis əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 7 ünvanında yerləşən “Üç Qardaş” avtomobil ehtiyat hissələri mağazasının qarşısında, gecə saat 22:30 radələrində saxlanılmışdır. Onun üzərində şəxsi istifadəsi üçün 0,05 qram narkotik vasitə olan “kakos” olmuşdur. Onu polis bölməsində bir gün saxladıqdan sonra 18 noyabr 2022-ci il tarixdə, səhər saat 11 radələrində guya üzərindən narkotik vasitə aşkar edilməsi kimi sənədləşdirmişlər. Üzərindən aşkar edilmiş kimi sənədləşdirilmiş narkotik vasitənin çəkisi ilə razı deyildir. Belə ki, onun üzərində 0,05 qram narkotik vasitə olmuşdur. O, ibtidai istintaq zamanı sənədləri imzalayan zaman müdafiəçi iştirak etməmiş, oxumağı çətinliklə bacardığı üçün sənədləri oxumadan imzalamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hadisə baş verən zaman ***-***-**-** saylı mobil nömrəli telefondan istifadə etmişdir. Narkotik vasitə ilə bağlı narkotik vasitə istifadə edən, münasibəti olan insanlar ona sms yaza bilər, lakin o, narkotik vasitələrin satışı ilə bağlı sms və ya votsap və sair digər proqramlar vasitəsilə hər hansı şəxslə yazışmamışdır. O, 17 noyabr 2022-ci il tarixdə saxlanılmış, lakin polis əməkdaşları videoçəkilişlə 18 noyabr 2022-ci il tarixdə şəxsi axtarış aparmışlar. Üzərindən aşkar olunan narkotik vasitəni saxlanıldığı gün polis əməkdaşları götürmüş, bir gün sonra videoçəkiliş aparmaq üçün ona vermişlər. Müdafiəçi o, saxlanıldıqdan bir gün sonra gəlmişdir. Bu müddət ərzində əgər onun üzərində narkotik vasitə olsa idi, həmin narkotik vasitəni o uda və ya tullaya bilərdi.
40. Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixli məhkəmə iclasında ifadəsinə əlavə edərək göstərdi ki, tutularaq saxlanılması tarixi iş materiallarında düzgün göstərilməmişdir. Belə ki, o, 17 noyabr 2022-ci il tarixdə, gecə saat 22:30 radələrində tutulmuş, müdafiəçi isə 18 noyabr 2022-ci il tarixdə axşam saatlarında gəlmişdir. İş materiallarında olan guya onun üzərindən aşkar olunmuş narkotik vasitəni uzun müddət ərzində tullamayaraq vəkilin gəlməsini gözləməyinə dair tərtib edilmiş sənədlər tamamilə yanlışdır. Polis əməkdaşları onu saxlayanda üzərində 0,05 qram narkotik vasitə olmuşdur. Polis bölməsinə aparılarkən polislər üzərindən həmin narkotik vasitəni götürmüşlər. Sonradan çəkiliş zamanı üzərinə qoymuşlar. Onun üzərində iki dəfə videoçəkiliş edilmiş, birinci dəfə çəkiliş zamanı polislər narkotik vasitəni cibinə qoymağı unutduqlarından onu başqa otağa aparıb həmin narkotik vasitəni yenidən cibinə qoyaraq ikinci çəkilişi etmişlər. Videoda göstərilən narkotik vasitənin rəngi ondan götürülmüş narkotik vasitənin rənginə oxşamır. Həmçinin narkotik vasitənin çəkisi də düzgün göstərilməmişdir. Onu saxladıqdan sonra polis əməkdaşları üzərində olan narkotik vasitəni götürmüş, daha sonra çəkilişdən əvvəl yenidən üzərinə qoymuşlar. Polis bölməsində ona qarşı fiziki zor tətbiq edildiyi üçün narkotik vasitənin çəkisinin üzərində aşkar ediləndən artıq olmasına etiraz edə bilməmişdir. Videoçəkilişə qədər onu polis əməkdaşları döyərək incitmişlər. Polis əməkdaşları tərəfindən baş və bədəninin digər nahiyyələrindən fiziki zərbələr yetirilmişdir. O, polis idarəsində və bölmədə olduğu müddət ərzində qolları açıq olmuş, hər hansı qoluna qandal vurulmamışdır. Müvəqqəti saxlama yerində tutulmuş şəxslərin növbətçi hissədə dəmir barmaqlıqlardan ibarət olan saxlanılma yerində saxlanılmışdır. Əgər həmin vaxt ərzində üzərində narkotik vasitə olsaydı, onu udardı.
41. Təqsirləndirilən şəxs 6 oktyabr 2023 və 11 oktyabr 2023-cü il tarixli məhkəmə iclaslarında ifadəsinə əlavə edərək göstərdi ki, ibtidai araşdırma zamanı polislər onu ailəsi və oğlu ilə hədələdikləri üçün narkotik vasitənin ona məxsus olmasını boynuna almışdır. Oğlunun başına silah dayayıb narkotik vasitənin ona məxsus olduğunu deməsi ilə hədələmişlər. Bu səbəbdən o, polislərin dediklərini qəbul etmişdir. Videoda görünən narkotik vasitənin qoyulduğu sellofan paket onun üzərində olan narkotik vasitənin olduğu paket deyildir. Sellofan paketin içərisində olan narkotik vasitəni polislər dəyişdirmişdir. Həmin narkotik vasitə ona məxsus deyildir. Sol böyrəyi olmadığına görə o, polis bölməsində müdafiəçi gələnə qədər 4-5 dəfə sanitar qovşağa gedibgəlmişdir. Polis böməsində saxlanılanda sərbəst formada hərəkət etmişdir. Əgər onun üzərində narkotik vasitə olsaydı həmin narkotik vasitəni udardı. Çəkiliş olmamışdan əvvəl polis əməkdaşları üzərində olan 0,05 qram narkotik vasitəni götürmüşdülər. Ona hər hansı vəkillərin siyahısı təqdim edilməmiş, müdafiəçini özü seçməmişdir.
42. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla, 10 saylı Vəkil Bürosunun vəkili və həmin büronun müdiridir. Təqsirləndirilən şəxs sonuncunun hüquqlarını məhkəməyədək icraatın ilkin mərhələsində müdafiəçi qismində müdafiə etməsi ilə bağlı tanımış, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Cinayət işinin 1-ci cildində, səhifə 19-da olan arayışla tanış olmamışdır. Belə ki, həmin arayış ibtidai istintaq dövründə cinayət işinin materialları ilə tanış olmaq üçün ona təqdim edilmədiyi vaxtda tərtib olunmuş, daha sonra isə təqsirləndirilən şəxs tərəfindən müdafiəçi qismində ondan imtina olunmuş, bu səbəblərdən həmin arayışla tanış olmaq imkanı olmamışdır. Həmin arayış barədə iş üzrə müdafiəçi olduğu dövrdə ona məlumat verilməmiş, bu barədə hazırkı tarixədək hər hansı məlumatı olmamış və arayışla tanış olmamışdır. Rəhbəri olduğu büroda növbətçi vəkil daim fəaliyyət göstərir. 18 noyabr 2022-ci il tarixdə, gecə saat 01:30 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ümumiyyətlə polis əməkdaşları tərəfindən, o cümlədən təhqiqatçı Şahid9 tərəfindən hər hansı zəng daxil olmamışdır. Həmin mobil telefon nömrəsi daima açıq olmuşdur. Həmin gün büronun ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı iki hadisə ilə bağlı polis əməkdaşları tərəfindən ona məlumat verilmiş, həmin işlərdən birində o, digərində isə büronun başqa vəkili iştirak etmişdir. Bununla əlaqədar polis əməkdaşları ilə danışmışdır. Təqsirləndirilən şəxs sonradan ondan aşkar olunmuş narkotik vasitənin miqdarını mübahisələndirdiyindən onun tərəfindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitənin çəkisi ilə bağlı vəsatət tərtib edilərək poçt vasitəsilə istintaq orqanına göndərilmişdir. Belə ki, o, istintaq ekspermenti keçirilməsi bağlı videoçəkilişdə görünən narkotik vasitənin miqdarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kimi sənədləşdirilmiş narkotik vasitənin miqdarının fərqli olması ilə bağlı yazılı vəsatət verərək poçt vasitəsilə istintaq orqanına göndərmişdir. Şəxsi axtarış zamanı tərəzidən istifadə edilməklə narkotik vasitənin çəkilməsini polis əməkdaşlarından tələb etmək ixtiyarı yoxdur. O, istintaq dövründə qətimkanla bağlı vəsatət vermiş, şəxsi axtarış zamanı videoçəkiliş aparılarkən təqsirləndirilən şəxsdən ona polis əməkdaşları tərəfindən təzyiq olubolmaması barədə soruşmuşdur. Çoxillik təcrübəsinə əsasən hesab edir ki, videogörüntüdəki narkotik vasitənin çəkisi ittihamda qeyd edilən çəkidən dəfələrlə azdır. Həmin videodan da göründüyü kimi həmin predmet nəm-yaş halda olmuş və bu isə onun çəkisinə təsir edən haldır.
43. Məhkəmədə müdafiəçinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid9 ifadəsində göstərdi ki, Qaradağ rayonunda bir vəkil bürosu olmaqla büroda növbətçilik cədvəli olmur. Adətən ona şübhəli şəxs qismində təqdim edilmiş şəxslər barəsində prosessual hərəkətlər aparılması üçün vəkil dəvət edərkən vəkil bürosunun müdirinə zəng vurur, büronun rəhbəri vəkil təyin edərək polis bölməsinə göndərir. Onlar özləri vəkillərə zəng vurarkən vəkillər büro rəhbəri Şahid8 ilə danışılmasını, daha sonra gələ biləcəklərini bildirirlər. Buna görə də, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil göndərilməsinin təmin edilməsi məqsədi ilə Şahid8 şəxsən öz istifadəsində olan ***-***-**-** saylı mobil telefonla zəng vurmuş, lakin o, zənglərə cavab verməmişdir. Buna görə də, müdafiəçi gələnə qədər şübhəli şəxs Təqsirləndirilən şəxs əməliyyat müvəkkillərinin otağında onların yanında olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt ərzində əllərinin bağlı olub-olmaması barədə məlumatı yoxdur. O isə öz otağında olmuş, vəkil gəlmədiyi üçün vəkili gözləmişdir. Vəkil gələnə qədər isə təxminən 11 saat vaxt keçmiş, Təqsirləndirilən şəxs həmin müddət ərzində sanitar qovşağa gedibgəlməsi barədə məlumatı yoxdur. Şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən narkotik vasitə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmişdir. Ümumilikdə 3-4 dəfə müdafiəçiyə zəng etmiş, daha sonra polis bölməsinin rəisi zəng etdikdən sonra isə müdafiəçi səhər saat 9-10 radələrində gəlmişdir. Vəkil Bürosu Lökbatan qəsəbəsində yerləşdiyindən bölməyə gələnədək müəyyən zaman fasiləsi keçmişdir. 10 saylı Vəkil Bürosunun digər vəkillərinə zəng etməmiş, o cümlədən müdafiəçinin iştirakını təmin etmək üçün telefonla zəng etməkdən başqa hər hansı tədbir görməmişdir.
44. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından Təqsirləndirilən şəxs tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Tibb kitabçasına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədək keçirilərək onun adına tibbi kitabça açılmışdır. Təcridxanaya daxil olarkən Təqsirləndirilən şəxs bədəninə baxış zamanı sol böyrəyinin “Nefroktomiya” cərrahiyyə əməliyyatından sonrakı vəziyyətlə əlaqədar əməliyyat izlərindən başqa hər hansı xəsarət və ya xəsarət izləri müəyyən edilməmişdir.
45. Məhkəmənin sorğusuna əsasən Qaradağ Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılan şəxslərin uçotu kitabı və MSY-nə Təqsirləndirilən şəxs daxil olması zamanı tərtib edilmiş axtarış protokolu əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Həmin kitaba və protokola məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə, saat 00:50 radələrində tutulmuş, həmin tarixdə, saat 19:30-da MSY-nə daxil olarkən növbətçi-polis nəfəri Samir Vəliyev tərəfindən üzərində axtarış keçirilərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmənin hüquqi dəyərləndirməsi:
46. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə-CM-in) 234.4.3-cü maddəsi həmin Məcəllənin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” fəslində nəzərdə tutulmuşdur.
47. CM-in 234.4.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanusuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində, yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır.
48. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.
49. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə nakrotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.7-1.0.11-ci maddələr).
50. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarında göstərilir ki, 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
51. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə 1-ci Siyahısı”na əsasən – təmiz halda 2 (iki) qram çəkidə narkotik maddə heroin - külli miqdar təşkil edir.
52. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) tələblərinə əsasən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşıması sübuta yetirilməli haldır.
53. CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
54. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
55. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması faktını sübuta yetirə bilməmişdir.
56. CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”.
57. CPM-in 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
58. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
59. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçisi irəli sürülmüş ittihamı mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi iş üzrə polis əməkdaşlarının ifadələrini, təqsirləndirilən şəxsin 18 noyabr 2022-ci il tarixdə, gecə saat 00:50 radələrində deyil, 17 noyabr 2022-ci il tarixdə, gecə saat 22:30 radələrində tutulduğunu, polis əməkdaşlarının onu polis bölməsinə apardıqdan sonra üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyi vaxtadək 11 saatdan çox zaman fasiləsinin olduğunu, bu müddət ərzində bir böyrəyi olmayan şübhəli şəxsin bir neçə dəfə sanitar qovşağa gedib-gəldiyi, həmin vaxt tək olduğundan üzərində hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə olduğu təqdirdə tullamaq və ya udmaq imkanı olduğunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyi vaxtadək sərbəst olmaqla qollarının açıq olduğunu, həmçinin saxlanılarkən üzərində çox kiçik miqdarda narkotik vasitə olduğunu, sonradan üzərindən aşkar edilmiş narkotik vasitənin isə ümumiyyətlə ona məxsus olmadığını, həmin narkotik vasitənin rənginin və büküldüyü sellofanın onun üzərində olmuş narkotik vasitənin rəngi və sellofanından fərqləndiyini, barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirlərin qanunsuz olmasını göstərmişlər.
60. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir.
61. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, habelə sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tədqiq edilməklə araşdırılmışdır.
62. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçinin iddia etdikləri dəlilləri ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir.
63. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əsaslandırmışdır: a) iş materiallarındakı sənədlərə əsasən şübhəli şəxsin saxlanılaraq polis bölməsinə gətirilməsinin göstərildiyi vaxtdan onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilənədək 11 saatdan çox zaman fasiləsi keçmişdir; b) bu müddət ərzində bir böyrəyi olmayan şübhəli şəxsin bir neçə dəfə sanitar qovşağa gedib-gəldiyi, həmin vaxt tək olduğundan üzərində hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə olduğu təqdirdə tullamaq və ya udmaq imkanı olmuşdur; c) bu müddət ərzində polis bölməsində sərbəst olmaqla qolları açıq olmuşdur; d) saxlanılarkən üzərində çox kiçik miqdarda narkotik vasitə olmuş, sonradan üzərindən aşkar edilmiş narkotik vasitə isə ümumiyyətlə ona məxsus olmamış, həmin narkotik vasitənin rəngi və büküldüyü sellefon onun üzərində olmuş narkotik vasitənin rəngi və sellofanından fərqlənmişdir.
64. Qeyd olunan hallar Təqsirləndirilən şəxs barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, bu tədbirlərin bütövlükdə qanunsuz və saxta olması, eləcə də qeyd edilənlər nəticəsində onun müdafiə hüququnun ciddi şəkildə pozulmasına səbəb olmuşdur.
65. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı təkzibolunmaz arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər ətraflı araşdırma aparılmış, bu araşdırma isə kifayət qədər uzun müddət tələb etmişdir.
66. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlarla məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir.
67. Belə ki, məhkəmə tərəfindən əldə edilmiş və ibtidai aradırma orqanı tərəfindən təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, şübhəli şəxs saxlanılaraq polis bölməsinə aparıldıqdan sonra uzun müddət müdafiəsiz qalmış, qanunsuz və əsassız olaraq 11 saatdan artıq müddət ərzində polis bölməsində məhkəməyə məlum olmayan şəraitdə saxlanılmışdır.
68. Hökmün 45-ci bəndində göstərdildiyi kimi, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə, saat 00:50-də tutulmuş, həmin tarixdə, yalnız saat 19:30-da Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir.
69. Hökmün 42 və 43-cü bəndlərində göstərildiyi kimi, əlavə şahid qismində dindirilmiş şahidlər Şahid8 və Şahid9 ifadələri ilə də müəyyən edilmişdir ki, şübhəli şəxsin müdafiə hüququnun təmin edilməsi üçün ibtidai araşdırma orqanı tərəfindən kifayət qədər və real tədbirlər görülməmiş, təhqiqatçı tərəfindən guya müvafiq vəkil bürosunun stasionar telefonu və büro rəhbərinin mobil telefonu ilə əlaqə saxlanılmağa cəhd edilsə də buna nail oluna bilinməməsinə dair arayış tərtib edilmiş, davam edən məhkəmə istintaqı zamanı həmin arayış həm də qeyd edilən büronun rəhbəri olan müdafiəçiyə tanış olunması üçün təqdim edilməmiş, həmin arayışda göstərilənlərin reallığı əks etdirməsi ilə bağlı Vəkillər Kollegiyasına bu barədə hər hansı müraciət edilməmişdir. Halbuki, müdafiəçi məhkəmə iclasında dindirilərkən qeyd edilən arayışdan ümumiyyətlə məlumatı olmadığını, arayışda göstərilən halların baş vermədiyini bildirmişdir. Təhqiqatçı Şahid9 isə vəkil bürosunun stasionar telefonu və büro rəhbərinin mobil telefonu ilə əlaqə saxlanılmağa cəhd edilsə də buna nail ola bilmədikdən sonra hansı səbəbdən ən azı həmin büronun siyahısı onda olan digər vəkilləri ilə əlaqə saxlamamasının səbəbini izah edə bilməmişdir.
70. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin tələbinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
71. Həmçinin CPM-in 19-cu maddəsinin tələblərinə görə, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: - öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; - şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq.
72. Həmin məcəllənin 90-cı maddəsinin tələbinə görə müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək və öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək təqsirləndirilən şəxsin hüquqlarıdır.
73. Qeyd edilənlər təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasına səbəb olmuşdur.
74. Məhkəmə həmçinin ittiham tərəfinin əsas sübut növü kimi göstərdiyi hallardan biri kimi məhkəməyədək icraatın ilkin mərhələsində Təqsirləndirilən şəxs verdiyi ifadələrə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələrdə göstərilənlər elə ibtidai istintaqın sonrakı mərhələsində təqsirləndirilən şəxs tərəfindən inkar edilərək mübahisələndirilmiş, hətta bununla bağlı hökmün 31-ci bəndində göstərildiyi kimi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına baxılmasına dair məhkəmə qərarında da göstərildiyi kimi, sonuncu izahatında üzərindən aşkar edilməsi iddia edilən narkotik vasitəni mübahisələndirmiş, lakin həmin hallara ibtidai istintaq orqanı tərəfindən ümumiyyətlə hər hansı reaksiya verilməmişdir.
75. Halbuki hökmün 35-36-cı bəndlərində də göstərildiyi kimi, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin 11 noyabr 2022-ci il tarixdən ümumiyyətlə Əhmədli qəsəbəsi, Neapol dairəsi və ya onun yaxınlığında olan hər hansı anten dairəsində olması müəyyən edilməmişdir. Bu hallar Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşılmaqla ittihamın həlli zamanı istinad edilə biləcək sübut növü kimi mötəbərliliyinə kifayət qədər şübhə yaranmasına səbəb olur.
76. Bundan başqa, hökmün 29-cu bəndində qeyd edilən videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı Şahid9 çəkiliş zamanı “Şübhəli şəxs Təqsirləndirilən şəxs tutularkən CPM-in 70-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir.” bildirmişdir. Halbuki, CPM-in 70-ci maddəsi ümumiyyətlə mövcud deyildir. Həmin ifadənin təhqiqatçı tərəfindən texniki olaraq səhvən qeyd edildiyini qəbul etsək belə, CPM-in 170-ci maddəsinin yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, 270-ci maddəsinin ekspert idarəsindən kənarda ekpsertizanın aparılması, 370-ci maddəsinin ümumiyyətlə mövcud olmaması, 470-ci maddəsinin isə anlaqsız vəziyyətdə olan şəxslərin işləri üzrə müəyyən edilməli olan hallarla bağlı olması nəzərə alınmalıdır. Bütün bunlar isə şübhəli şəxsin müdafiə və digər hüquqlarına ibtidai araşdırma orqanı tərəfindən formal olaraq yanaşıldığı, onun hüquq və vəzifələrinin real olaraq ona izah edilmədiyi qənaətinə gəlməyə əsas verir.
77. Bundan əlavə, hökmün 3-cü bəndində göstərilmiş ittiham tərəfindən təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən əsas sübut növlərindən biri kimi təqdim edilən Şahid1 məhkəmə icraatında ibtidai istintaqdan tamamilə fərqli məzmunda ifadə verməsi, hökmün 22-ci bəndində göstərildiyi kimi iş materiallarında cinayət işi üzrə keçirilmiş əməliyyataxtarış tədbirlərinin guya onun rəhbərliyi ilə həyata keçirilməsi, Təqsirləndirilən şəxs barəsində etimad doğuran, dəqiq və qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatının ona məxsus olması qeyd edilsə də, Şahid1 həmin halları inkar edərək ümumiyyətlə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini, həmin vaxt başqa əməliyyat-axtarış tədbirlərində iştirak etdiyindən fiziki olaraq da Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməsinin mümkünsüz olmasını, özünün yalnız Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman iştirak etdiyini, Təqsirləndirilən şəxs necə, kim tərəfindən və harada saxlanılaraq bölməyə gətirilməsi barədə məlumatının olmadığını vurğulamışdır. Belə olan halda, ibtidai araşdırma orqanı tərəfindən tərtib edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair sənədlər şübhəli vəziyyətə düşməklə mötəbərliliyi və mümkünlüyü baxımından sübut əhəmiyyətini itirmiş hesab olunmalıdır.
78. Məhkəmə hesab edir ki, hökmün 23-cü bəndində qeyd edilmiş, əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni hesab edilməsinə dair məhkəmə qərarının qəbul edilməsinə əsas olmuş materiallar məhkəmə nəzarətini həyata keçirən məhkəməyə CPM-in tələblərinin kobud pozulması ilə (təxminən bir aydan sonra) təqdim edilməsi də, həmin sənədlərin mötəbər sübut olmaması qənaətinə gəlməyə əsas verir.
79. Məhkəmə onu da vurğulayır ki, hökmün 25-ci bəndində qeyd edildiyi kimi ibtidai araşdırma orqanına Təqsirləndirilən şəxs şəxsiyyəti barədə dəqiq məlumatlar yalnız 18 noyabr 2022-ci il tarixdə, saat 02:16-da məlum olmuşdur. Bu səbəbdəndir ki, hökmün 20-ci bəndində göstərilmiş təhqiqatçı Şahid9 tərəfindən tərtib edilmiş raportda şübhəli şəxs Təqsirləndirilən şəxs tutularaq saxlanılması tarixi onun özünə də dəqiq məlum olmadığından həmin vaxt ağardıcı vasitəsi ilə ağardılmaqla sonradan düzəliş edilməsi nəzərdə tutulmuş, lakin unudulduğundan həmin formada da cinayət işi məhkəməyə göndərilmişdir.
80. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 22-ci bəndində göstərildiyi kimi əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair tərtib edilmiş sənədlər işin faktiki halları ilə tutuşdurulduqda həmin sənədlərin formal olaraq sonradan tərtib edilməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, 18 noyabr 2022-ci il tarixdə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” razılıq alınmasına dair icazə alınması üçün bölmə rəhbərliyinə raportla müraciət edilməsi, razılıq alındıqdan sonra bu barədə qərar qəbul edilərək bölmə rəhbərliyi tərəfindən həmin qərarın təsdiqlənməsi, bu barədə əməliyyat qrupu yaradılaraq qrup üzvünə elan edilməklə təlimatlandırılması, daha sonra isə həmin tarixdə, saat 00:50 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilməsi inandırıcı deyildir. Halbuki, əməliyyat qrupunun üzvlərinin ibtidai istintaq zamanı verdikləri ifadələrə inanılsa artıq 00:40 radələrindən Təqsirləndirilən şəxs saxlanıldığı yerdə əməliyyat tədbiri qurulmuşdur. Belə olan halda, cəmi 40 dəqiqə ərzində həm həmin sənədlərin tərtib edilməsi, həm də əraziyə gedərək əməliyyat tədbirinin icra edilməsi sağlam məntiqə və təbiətin qanunlarına uyğun deyildir.
81. CPM-in 21.2 və 145.3-cü maddələri məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir.
82. Qeyd edilənlərə əsasən, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına ayrı-ayrılıqda verdiyi etirafedici ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz.
83. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır.
84. Əksinə yuxarıda qeyd edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmuşdur. Belə ki, məhkəmə araşdırması nəticəsində onun ifadəsində göstərdikləri halların həqiqət olması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini mötəbər sübut sayır.
85. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, şahidlər Şahid1, Şahid2 və X3 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri işin faktiki halları ilə kəskin ziddiyyət təşkil etdiyindən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsinə kifayət etmir.
86. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs saxlanılıb polis idarəsinə gətirildikdən sonra təxminən 11 saatdan artıq müddət ərzində hər hansı bir əsas, istintaq hərəkəti aparılmadan saxlanılandan sonra təqiqatçı tərəfindən saat 11:35-də sənədləşmə aparılmışdır. Bu kimi ziddiyyətli hallara isə nə həmin vaxt, nədə ki, sonradan aydınlıq gətirilməmişdir.
87. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, təqsrləndirilən şəxsin hüquqları, o cümlədən müdafiə hüququ və cinayət prosessual qanunvericiliyin digər tələbləri kobud şəkildə pozulmuşdur.
88. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokol, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntülər qanunsuz şəkildə əldə edildiyindən yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz.
89. Belə ki, təqsirləndirilən şəxsin 11 saatdan artıq müddətdə tamamilə polisin nəzarəti altında olması və onunla ilkin istintaq hərəkətlərinin, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinin 18 noyabr 2022-ci il tarixdə, saat 11:35 radələrində aparılması və həmin müddətdə işin mübahisəsiz halı kimi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin götürmə istintaq hərəkətinin qanuniliyi baxımından qeyd edir ki, CPM-in 243.1-ci maddəsinə əsasən götürmə istintaq hərəkəti bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır.
90. Həmin Məcəllənin 243.3-cü maddəsinə əsasən təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını və yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunugüman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər.
91. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürmə istintaq hərəkətinin məhkəmə qərarı olmadan aparılması üçün CPM-in 243.3-cü maddəsində göstərilmiş hallar olmadığı halda, həmin istintaq hərəkəti CPM-yə zidd olaraq məhkəmə qərarı olmadan aparılmışdır. Belə ki, əgər Təqsirləndirilən şəxs ilə bağlı təxirə salına bilmədən dərhal şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zərurəti və halı yaranmışdırsa, nə üçün o, Polis Bölməsinə gətirildikdən sonra həmin istintaq hərəkəti CPM-in 243.3-cü maddəsində göstərildiyi kimi təxirə salınmadan (dərhal) deyil, bir neçə saat keçdikdən sonra aparılmışdır. Belə olan halda, həmin zaman kəsiyində baş vermiş hadisələrin təhlilinin aparılması oxşar işlər üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks etdirilmiş “əldə edilmiş sübutların saxlanılan şəxslərin polisin nəzarəti altında saxlandığı müddətdə üzərinə yerləşdirilməsinin mümkünlüyü və bu hallara dair haqlı şübhəyə əsas yaranıb-yaranmaması ilə bağlı” mövqeyi baxımından zəruridir.
92. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir.
93. “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin Qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması, bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır.
94. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə 10 aprel 2014-cü il tarixli qərarında (həmin şikayətdə Layıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. “Savalanlı və digərləri Azərbaycana qarşı” şikayətlərlə bağlı qərarında da Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda Məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98-106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020).
95. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
96. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.
97. CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir.
98. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının səhvləri aradan qaldırılaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirilə bilməz.
99. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir.
100. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
101. Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəyindən aydın olur ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir, narkotik vasitələrin istifadəçisi olmuşdur. Lakin hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir.
102. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxsaylı qanun pozuntuları ilə həyata keçirilmiş əməliyyat tədbirləri formal əsaslarla və hazırkı cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onları sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır.
103. Həmçinin, məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.
104. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
105. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etiraflar cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub).
106. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadəsi sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz.
107. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.
108. CPM-in 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.
109. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir.
110. CPM-in 42.1, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2, 42.2.4-cü maddələrə görə, bu Məcəllənin 42.1.4- cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır.
111. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasında ifadə olunan CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə CPM-in 42.1, 42.1.4, 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir.
112. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, CPM-in yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir.
113. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
114. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul CPM-in 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
115. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd disk və “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videoyazının köçürüldüyü 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
116. CPM-in 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.
117. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,670 qram təşkil edən narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ rayon prokurorluğuna göndərilməli və göstərilən predmetlər həmin işin materiallarına əlavə edilməlidir.
118. CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.
119. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,670 qram olan narkotik vasitə heroin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılsın. Maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 92 (doxsan iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.