Məhkəmə qərarları › İş №1(101)-1019/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1019/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1019/2020 01.12.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 29 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və onun nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə x xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, ev 5də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində qardaşı Şahid4 məxsus «KAMAZ 5511» markalı, **-UA- *** dövlət nömrə nişanlı yük avtomobilini idarə etmək hüququ olmadan saatda 50-60 km. sürətlə Sabunçu rayonu Ramana qəsəbəsi, Südçülük Sovxozu, Elşən Məhərrəmli küçəsi, dalan 3 istiqamətində hərəkət etdirərkən həmin küçədə yaşayan Zərərçəkmiş şəxs1 bunu görüb onun idarə etdiyi avtomobilini əl edib saxladaraq yaşayış sahəsində yüksək sürətlə idarə etməsinə görə haqlı irad bildirməsini bəhanə edərək ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini sonuncunun şəxsiyyəti fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək qərarına gələrək bu niyyətini həyata keçirməkdən ötrü idarə etdiyi avtomobili geriyə manevr etdirib yenidən həmin küçə istiqamətində eyni sürətlə hərəkət etdirərək bu zaman onun gəldiyini görüb yolun ortasına çıxaraq əllərini qaldırıb bir daha ondan avtomobili saxlamasını tələb edən Zərərçəkmiş şəxs1 haqlı tələbinə məhəl qoymadan seçdiyi vasitənin ətrafda olan digər şəxslərin həyatı üçün də təhlükəli olduğunu şüurlu surətdə dərk edib, ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədi ilə sonuncuya doğru sürəti bir qədər də artırmaqla sürüb avtomobilinin qabaq hissəsi ilə əvvəlcə küçədə dayanmış Zərərçəkmiş şəxs2 vuraraq ona bel nahiyəsinin qançır və sıyrığı, sağ dirsək oynağının sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə yanaşı Zərərçəkmiş şəxs1 qəsdən vurub avtomobil ilə üstündən keçərək ona baş beyinin yumşaq qişalarına qansızma, iki tərəfli hemotoraks (hər iki döş boşluğuna sərbəst qanın yığılması), ağciyərlərin, qaraciyərin və yoğun bağırsağın əzilmiş-cırılmış yaraları, hər iki körpücük sümüyünün, sağ İ-İX, sol İİ-X qabırğaların, hər iki qalça-qasıq və oturaq sümüklərinin, hər iki bud sümüyünün yerini dəyişən qapalı-qəlpəli sınıqları, döş qəfəsinin və qarnın yumşaq toxumalarına, daxili orqanlara qansızma, başın, sifətin, gövdənin, aşağı ətrafların əzilmiş-cırılmış yarası, qançır və sıyrıqları kimi ümumilikdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla ölümü ilə birbaşa səbəbli-əlaqəli olan travmatik və hemorragik şokla müşayiət olan xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən yəni, CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən on il əvvəl nigahları dövlət qeydiyyatına alınmadan Şahid3 ilə ailə qurmuşdur. Həmin evlilikdən Lalə adında bir qız övladı vardır. 2019-cu ilin sonunda İranədən ayrılmış və onlar ayrı yaşamağa başlamışlar. İranə qızı Lalə ilə Sabunçu rayonu Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsində nömrəsiz evdə, özü ilə ailəsi ilə Sabunçu rayonu Maştağa qəsəbəsi, Daş Karxanası, ev 5-də yaşamışdır. 1987-ci il buraxılışlı, **- UA-*** dövlət qeydiyyat nişanlı «Kamaz 5511» markalı yük avtomobili kiçik qardaşı Şahid4 adınadır. Əvvəllər həmin avtomobili özü idarə edib ailəsini dolandırmışdır. «BC» kateqoriyalı sürücülük vəsiqəsinin müddəti iki ilə əvvəl başa çatmış və vəsiqəsini yeniləməmişdir. Bu səbəbdən həmin avtomobili hazırda qardaşı idarə edir. xx xxxx 2020-ci il tarixdə saat təxm inən 15.30-da Sahibdən avtomobilin açarlarını götürüb bibisi oğlu Anarla birlikdə avtomobili avtoyuma məntəqəsinə aparmışdır. Yolda mağazaların birindən 250 ml-lik pivə almış və yol gedə-gedə sükan arxasında həmin pivəni içmişdir. Ramana qəsəbəsində yerləşən avtoyuma məntəqəsində avtomobili yuduzdurmuşdur. Həmin vaxt qızı Lalə üçün darıxmış, odur ki, həmin qəsəbədə yaşayan Laləni götürüb özü ilə evə aparmaq qərarına gəlmişdir. Bu məqsədlə avtomobili E.Məhərrəmli küçəsinə sürüb İranənin yaşadığı həyət evinin qabağında saxlayıb avtomobildən düşmüş, Anar isə avtomobildə qalmışdır. Evdən Laləni götürüb avtomobilə əyləşdirəndən sonra, sükan arxasına keçib avtomobili döndərmək istəmiş, lakin avtomobil böyük olduğundan həmin yerdə döndərə bilməmişdir. Anar ona küçənin sonunda dönmək üçün yer olduğunu bildirmişdir. Saat 17 radələrində E.Məhərrəmli küçəsi ilə hərəkət edərkən mərhum Zərərçəkmiş şəxs1 avtomobilə əl edərək saxlamasını bildirmişdir. Həmin vaxt İsmayılın yanında başqa 2 nəfər də olmuşdur. Avtomobili saxlayan kimi İsmayıl avtomobilin sərnişin tərəfdən qapısını açıb, ona avtomobili yavaş sürməsini demiş və o, üzrxahlıq edib asta sürəcəyini bildirmişdir. Bundan sonra İsmayıl avtomobilin qapısını örtmüş və sonuncunun yanındakı şəxslər onların söhbətinə müdaxilə etməmişdir. Bundan sonra avtomobili küçənin sonuna sürüb geri döndərib, gəldiyi yolla da qayıtmışdır. Bu zaman İsmayılın yenidən yolun ortasına çıxıb əl-qol hərəkətləri etdiyini görmüşdür. Sonuncunun dediklərini eşitməsə də, hərəkətlərindən ondan avtomobili saxlamağını tələb etdiyini başa düşmüşdür. O, avtomobilin sürətini bir qədər azaltsa da, saxlamamış və həmin sürətlə də hərəkətə davam etmişdir. Bu zaman İsmayılın yoldan çəkiləcəyini fikirləşmişdir. Sonuncuya yaxınlaşarkən onun yoldan çəkilib-çəkilmədiyini görməmiş və onun avtomobilin altında qaldığını hiss etməmişdir. Daha sonra yaşadığı evə gəlmişdir. Həmin gün axşam 21 radələrində yaşadığı evə polis əməkdaşları gəlib ona idarə etdiyi avtomobillə İsmayılı vurub öldürdüyünü, Valeh adlı başqa bir nəfərə isə xəsarət yetirdiyini bildirmişlər. Hadisə törətdiyini bilməmiş, İsmayılın avtomobilin gəldiyini görüb yoldan çəkiləcəyini güman etmişdir. İdarə etdiyi avtomobillə Valehin və İsmayılın vurulmasını, sonuncunun avtomobilin təkərləri altında qalmasını hiss etməmişdir. İlkin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini oxumadan imzalamışdır. Protokollarda ifadəsinin başqa cür yazılmasından məlumatı olmamışdır. Hazırda həmin ifadələri təsdiq etmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun doğma oğlu olmuşdur. Sonuncu 2010-cu ildə ailə həyatı qurub, sonra boşanmışdır. xx xxxx 2020-ci il tarixdə İsmayıl səhər işə getmiş, saat 16 radələrində evə qayıtmışdır. Sonuncu yemək yedikdən sonra, saat 17 radələrində siqaret almaq evdən çıxmışdır. Bir neçə dəqiqədən evlərinin önündəki küçədən qışqırıq səsini eşidib çölə çıxmışdır. Evinin qapısının önündən 5-6 metr sol tərəfdə oğlu İsmayılın yerə uzandığını görüb yaxınlaşdıqda, sonuncunun nəfəs almadığını və öldüyünü başa düşmüşdür. Ətrafdakı adamlar İsmayılı «Kamaz» markalı avtomobilin vurduğunu, sürücünün avtomobilini saxlamadan getdiyini bildirmişlər. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. İsmayılın heç kimlə mübahisəsi və ya münaqişəsi olmamışdır. Təqsirləndirilən şəxs tanımır. Təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qonşusu olmuşdur. İsmayıl mülayim xasiyyətli və mehriban insan olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində İsmayılla küçədə rastlaşmışdır. Salamlaşıb hal-əhval tutmuş və bu vaxt digər qonşusu Ceyhun da küçəyə çıxmışdır. İsmayılla birlikdə Ceyhunla görüşmüşlər. Bu zaman «Kamaz» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil küçəylə onlara doğru təxminən 50-60 km/saat sürətlə hərəkət etmişdir. İsmayıl əl edərək avtomobili saxladıb, sağ tərəfdən qapısını açıb sürücü Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə idarə etdiyinə görə irad tutub, yavaş sürməli olduğunu demişdir. Sonuncu baş hərəkəti ilə avtomobili yavaş sürəcəyini bildirmiş və bundan sonra İsmayıl avtomobilin qapısını örtmüşdür. Həmin vaxt Zahidin gözlərindən onun içkili olduğunu başa düşmüşdür. Avtomobildə sürücüdən başqa bir azyaşlı qız uşağı və bir nəfər də cavan oğlan olmuşdur. İsmayıl avtomobilin qapısını bağladıqdan sonra sürücü küçənin sonunda avtomobilini geri döndərmiş və həmin küçə ilə onlara doğru irəliləməyə başlamışdır. İsmayılın iradına baxmayaraq Təqsirləndirilən şəxs avtomobilini yenə də yüksək sürətlə idarə etməyə davam etmişdir. Bu zaman İsmayıl yolun ortasına çıxıb əl-qol hərəkətləri ilə qışqıraraq sürücüyə avtomobili saxlamasını bildirmişdir. Həmin vaxt İsmayıl yolun ortasında, o isə yolun kənarında dayanmışdır. «Kamaz» markalı avtomobil isə nəinki sürətini azaltmış, əksinə surəti artıraraq onu və İsmayılı vurmuşdur. Zərbənin təsirindən sağ yanı üstə yerə yıxılmış, belindən və sağ qolundan xəsarət almışdır. Ayağa qalxıb İsmayıla yaxınlaşdıqda, sonuncunun artıq öldüyünü görmüşdür. Hadisə yerində o, İsmayıl və digər qonşusu Şahid1 olmuşdur. O, ev şəraitində müalicə alıb sağalmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun qonşusu olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən küçəyə çıxmış, qonşuları İsmayıl və Valehlə rastlaşmışdır. Sonuncularla görüşüb hal-əhval tutmuşdur. Bu zaman «Kamaz» markalı, **-UA-*** dövlət qeydiyyat nömrəli avtomobil sürətlə onlara doğru hərəkət etmişdir. Onların yanına çatanda İsmayıl əl edib avtomobili saxladıb, sürücü Təqsirləndirilən şəxs irad tutub, asta sürməli olduğunu demiş və sonuncu razılaşıb asta sürəcəyini demişdir. Həmin vaxt avtomobildə sürücüdən başqa bir azyaşlı qız uşağı və bir nəfər də cavan oğlan olmuşdur. İsmayıl avtomobilin qapısını örtdükdən sonra sürücü avtomobili küçənin axırına sürüb, geri döndərərək yenidən onların dayandığı istiqamətdə sürməyə başlamışdır. O, yolun sağı, Valehlə İsmayıl isə yolun solu ilə hərəkət etmişlər. Təqsirləndirilən şəxs İsmayılın iradına məhəl qoymayıb, avtomobili yenidən sürətlə idarə etməyə davam etmişdir. Bunu görən İsmayıl yolun ortasına çıxıb əl-qol hərəkətləri ilə «saxla»-deyə qışqırmışdır. Təqsirləndirilən şəxs isə əksinə, sürəti daha da artırmışdır. Avtomobil yaxınlaşarkən Valeh qonşuluqda yerləşən evin həyətinə daxil olmaq istəmişdir. «Kamaz» markalı avtomobil İsmayılı vurub üzərindən keçmiş, Valehə isə xəsarət yetirmişdir. Valeh zərbədən sağ yanı üstə yerə yıxılmışdır. Onlar dərhal İsmayıla yaxınlaşmış və sonuncunun öldüyünü görmüşlər. Belə başa düşmüşdür ki, sürücü Təqsirləndirilən şəxs qəsdən idarə etdiyi «Kamaz» markalı avtomobili İsmayılın üstünə sürüb onu öldürmüş, bu zaman Valehə də xəsarət yetirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs avtomobili saxlamamış, elə gəldiyi sürətlə də çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. Münasibətləri yaxşıdır. Evləri yaxın olduğundan tez-tez Zahidgilə gedib-gəlmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 15.30 radələrində Zahidgildə olarkən sonuncu «Kamaz» markalı, **-UA-*** dövlət qeydiyyat nömrəli avtomobili yumağa aparmağı təklif etmiş, o da razılaşmışdır. Onlar avtomobilə əyləşib Ramana qəsəbəsindəki avtoyuma məntəqəsinə yola düşmüşlər. Zahid yoldan 250 ml. pivə alıb sükan arxasında içmişdir. Avtomobilin yuyulması təxminən bir saat çəkmişdir. Bundan sonra Zahid qızı Lalə üçün darıxdığını deyib, sonuncunu anası İranənin yanından götürüb yaşadığı evə aparacağını bildirmişdir. Odur ki, Zahidin idarə etdiyi avtomobillə Ramana qəsəbəsində yerləşən Elşən Məhərrəmli küçəsinə getmişlər. Zahid avtomobili İranənin yaşadığı evin qarşısında saxlayıb avtomobildən düşmüş və 2-3 dəqiqədən sonra qızı Laləni də gətirib avtomobilə minmişdir. Həmin küçə dar olduğundan Zahid avtomobili döndərə bilməmişdir. O, həmin küçənin sonunda avtomobili döndərə biləcəyini demiş və Zahid avtomobili həmin istiqamətə sürmüşdür. Təxminən saat 17 radələrində onlar həmin küçəylə hərəkət edərkən mərhum Zərərçəkmiş şəxs1 əl hərəkəti ilə Zahiddən avtomobili saxlamasını bildirmişdir. Zahid avtomobili saxlayan kimi, İsmayıl onun əyləşdiyi tərəfdən qapını açıb Zahidə asta sürməli olduğunu bildirmişdir. Zahid də asta sürəcəyini dedikdən sonra İsmayıl avtomobilin qapısını örtmüşdür. Zahid avtomobili küçənin axırına sürüb geri döndərəndən sonra həmin küçə ilə geri qayıtmışdır. Bu zaman İsmayıl yenidən yolun ortasına çıxıb, əl-qol hərəkətləri etməyə başlamışdır. İsmayılın səsi eşidilməsə də, başa düşmüşdür ki, Zahiddən avtomobili saxlamasını tələb edir. Sonuncu həmin vaxt avtomobili təxminən 50-60 km/saat sürətlə sürmüşdür. Zahid avtomobilin surətini azaltmamış, elə gəldiyi surətlə də hərəkət etməkdə davam etmişdir. İsmayılın avtomobilin gəldiyini görüb, yoldan çəkiləcəyini fikirləşmiş, lakin həmin vaxt İsmayılın kənara çəkilib-çəkilmədiyini görməmişdir. Nə o, nə də Zahid İsmayılı vurduqlarını hiss etməmişdir. Zahidlə birlikdə avtomobildə yaşadığı evə gəlmişlər. Həmin gün axşam saat 21 radələrində polislər gəlib Zahidi saxlayarkən, sonuncunun İsmayılı avtomobillə vurub öldürdüyünü, Valeh adlı şəxsə isə xəsarət yetirdiyini bilmişdir. Hadisə vaxtı əyilib Lalənin ayaqqabısının ipini bağladığına görə Zahidin İsmayıl və Valehi vurmasını görməmiş, İsmayılın avtomobilin təkərinin altında qalmasını hiss etməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə qurmuş və 2019-cu ilin sonunda ondan ayrılmışdır. Dörd yaşında qızı Lalə ilə yaşayır. Zahid tez-tez gəlib Laləni götürüb yaşadığı evinə aparmış, bir gün sonra isə gətirmişdir. Zahidlə danışmasa da, atası olduğuna görə Laləni götürüb aparmasına etiraz etməmişdir. xx xxxx 2020-ci il tarixdə Zahid yaşadığı evin həyətinə gəlmiş, Laləni aparmağa gəldiyini başa düşüb, qızının paltarını geyindirmişdir. Zahid qızı Laləni aparmışdır. Təxminən 10-15 dəqiqədən sonra yaşadığı evdən təxminən 30-40 metr aralıda küçənin ortasında avtomobillə kiminsə vurulduğunu və öldüyünü bilmişdir. Axşam saatlarında isə bunun Zahid tərəfindən edildiyini eşitmişdir. Zərərçəkmiş şəxs1 tanımır. Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 63 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində baş-beyinin yumşaq qişalarına qansızma, ikitərəfli hemotoraks (hər iki döş boşluğuna sərbəst qanın yığılması), ağciyərlərin, qaraciyərin və yoğun bağırsağın əzilmiş-cırılmış yaraları, hər iki körpücük sümüyünün, sağ l-İX, sol ll-X qabırğaların, hər iki qalça-qasıq və oturaq sümüklərinin, hər iki bud sümüyünün yerini dəyişən qapalı-qəlpəli sınıqları, döş qəfəsinin və qarnın yumşaq toxumalarına, daxili orqanlara qansızma, başın, sifətin, gövdənin, aşağı ətrafların əzilmişcırılmış yarası, qançır və sıyrıqları aşkar edilmişdir. Xəsarətlər həyati olub, Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən xx xxxx 2020-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yük avtomaşını vurması və üzərindən keçməsi nəticəsində törənə bilər. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb aldığı xəsarətlər nəticəsində baş vermiş travmatik və hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 487 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bel nahiyəsinin qançırı və sıyrığı, sağ dirsək oynağının sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yük avtomaşını vurması nəticəsində əmələ gələ bilər. Müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-avtotexniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 8/215 saylı rəyindən görünür ki, istintaq tərəfindən tədqim olunmuş məlumatlara əsasən «Kamaz 5511» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi-bioloji ekspertizasının x xxxx 2020-ci il tarixli, 360/2020-MTBŞ saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu-O alfabeta/l/. Təqsirləndirilən şəxs qan qrupu-A/ll/ (Təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus cins şalvar, alt şalvarı və trusik üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni, alt şalvar üzərində həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri O alfabeta/İ/ qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Təqdim olunan Zərərçəkmiş şəxs1a məxsus gödəkçə, alt mayka, kəmər üzərindəki ləkələrdə qan, köynək üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının x xxxx 2020-cu il tarixli, 228/2020-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin ön sağ yaxalığında bir ədəd-şalvarın sağ ayağının sağ yan tikişi üzərində bir ədəd sökülmə zədələri aşkar olundu. Bu da, gödəkçə və şalvarın müvafiq nahiyələrinin hər hansı bir səthə ilişib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin sol yan tikişi üzərində bir ədəd, gödəkçənin arxa orta səthində bir ədəd, maykanın ön sol aşağı nahiyəsində bir ədəd, şalvarın sağ ayağının ön aşağı hissəsində bir ədəd, şalvarın sol ayağının ön yuxarı səthində bir ədəd, şalvarın sol ayağının ön səthində bir ədəd, şalvarın ön orta nahiyəsində bir ədəd, şalvarın sağ yan tikişi üzərində bir ədəd, şalvarın sağ ayağının arxa səthində bir ədəd, şalvarın arxa sol yuxarı hissəsində iki ədəd, şalvarın arxa sol yuxarı səthində iki ədəd, alt şalvarın ön orta tikişi üzərində bir ədəd, alt şalvarın ön sol ayağının yuxarı hissəsində bir ədəd cırılma zədələri aşkar olundu. Bu da, gödəkçə, şalvar və alt şalvarın müvafiq nahiyələrinin hər hansı bir səthə ilişib-cırılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus paltarılar üzərində aşkar edilmiş bərk-küt əşya (əşyalar) təsirindən törənmiş küt yaranma mexanizminə malik cırılmalar və sökülmələr, Zərərçəkmiş şəxs1 bədəninin üzərində aşkar olunmuş əzilmişcırılmış yaraları, qançır və sıyrıqları ilə yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşür. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 919 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıqdan və sair psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman, onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllılıq və sair psixi pozuntu qeyd olunmayıb. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlindən sonra hər hansı psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs həmçinin öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur, gerilik əlamətləri müəyyən edilmir. Eqosentrizm, məsuliyyətsizlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədərkən hərəkət və davranışını idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, psixi-emosional gərginlik, qorxu, güclü ruhi həyəcan və s.) yaranmamışdır. Cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2068 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və ya alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və ya alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 29-30-cu vərəqələrindəki xx xxxx 2020-ci il tarixli, 1/1783 saylı «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidikdə OPİ (opiod), THC (marixuana), AMF (amfitemin) qrupu preparatları aşkarlanmadı. Təqsirləndirilən şəxs 0,51 promil, yəni yüngül dərəcəli sərxoşluq aşkar olunmuşdur. İşin 2-ci cildinin 131-158-ci vərəqələrindəki sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olan paltarları-bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli sviter, bir ədəd qara rəngli kəmər, bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz rəngli alt tuman, bir ədəd ağ rəngli mayka və bir ədəd boz rəngli trusik üzərində cinayətin izlərini saxladığına görə maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerinə verilmişdir. İşin 1-ci cildinin 202-ci vərəqəsindəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində x xxxx 2016-cı il təvəllüdlü bir azyaşlı uşağı vardır. İşin 1-ci cildinin 44-cü vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 105-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edə biləcək hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilsə də, onun ittiham olunduğu cinayəti törətməkdə təqsirliliyi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin faktiki halları ilə tam sübuta yetirildiyindən məhkəmə, ifadəsinə cinayəti ehtiyatsızlıqdan törətdiyi və hadisə yerinədən qaçdığına dair hissədə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaratdığından və həmin tərkiblə tam əhatə olunduğundan, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 saylı «Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 6 və 8-ci bənlərindəki izahı da nəzərə alır. Həmin izaha görə «qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində isə təqsirkar hər hansı bir şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəi olur. Məhkəmə yuxarıda qeyd olunan Plenum Qərarının 6 və 8-ci bəndlərindəki izaha uyğun olaraq təqsirkarın niyyətinin nəyə yönəlməsi məsələsini həll edərkən, işin bütün hallarını, o cümlədən cinayətin üsulunu, alətini, yetirilən bədən xəsarətlərinin sayını, xarakterini və lokalizasiyasını, konkret olaraq həyat üçün mühüm orqanlara xəsarətlər yetirilməsini, həmçinin təqsirləndirilən şəxsin hadisədən sonrakı hərəkətlərini-zərərçəkmiş şəxsə xəsarətlər yetirdikdən sonra ona kömək göstərmədiyini nəzərə alaraq nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məhz xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Sabunçu rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olan paltarları-bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli sviter, bir ədəd qara rəngli kəmər, bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz rəngli alt tuman, bir ədəd ağ rəngli mayka və bir ədəd boz rəngli trusik hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 100 (yüz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olan paltarları-bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli sviter, bir ədəd qara rəngli kəmər, bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz rəngli alt tuman, bir ədəd ağ rəngli mayka və bir ədəd boz rəngli trusik hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 100 (yüz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar