Məhkəmə qərarları › İş №1(101)-1019/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1019/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1019/2022 25.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə) Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əkbərov Məhəmməd Hüseyn oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X1, müdafiəçi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mirzə oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq müəyyən etdi: 22 aprel 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə istintaqı başlamamışdan əvvəl Təqsirləndirilən şəxs müdafiəçisi vəsatət verərək Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində tutulmuş, yəni onun qanunsuz əməlləri məhz həmin ərazidə başa çatmışdır. İttiham aktından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs son cinayət əməli ilə bağlı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Ramil adlı şəxsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 6,588 qram çəkidə narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,368 qram psixotrop maddə metamfetamini, 28.12.2021-ci il tarixdə istintaqa məlum olmayan Bakı şəhəri, Nərimanov rayonu, metronun Nəriman Nərimanov stansiyası yaxınlığında əldə edib üzərində saxlamaqla daşımış, onun qaııunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Riistəm Alırin 29 dekabr 2021-ci il tarixdə saat 14:00-da Sumqayıt şəhəri, 17-ci mikrorayon, Koroğlu prospekti ilə M.Əsədov küçəsinin kəsişməsində yerləşən “Qayalı” marketin qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib həmin tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol qolunda olan cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi külli miqdarda - 6,588 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin bir ədəd bükümdə və təmiz çəkisi - 0,368 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmənin baxış iclasında müdafiəçi məhkəməyə vəsatətlə müraciət edərək bildirdi ki, hazırkı cinayət işi üzrə son əməlin baş verdiyi Sumqayıt şəhəri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir və bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır.Ona görə də cinayət işinin məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etdi. Dövlət ittihamçısı müdafiəçinin vəsatətini əsaslı hesab edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət işinin məhkəmə aidiyyatı üzrə göndərilməsi haqqında vəsatəti müzakirə edib, tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, vəsatət əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstititsiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasısının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasısının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikasısının Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilmişdir. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə son əməlin törədildiyi yer olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2 və 75.1-ci maddələrinə əsasən cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2 və 75.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar