Məhkəmə qərarları › İş №1(101)-1019/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1019/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1019/2024 02.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 29 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 may 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 may 2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı ünvan 2 ünvandakı evdə tək olan zaman tanışı, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təxminən 2 il əvvəl aralarında baş vermiş, sonuncunun onun arvadı ilə hər hansı münasibətinin olub-olmaması ilə bağlı mübahisəyə görə qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, eyni məqsədlə yaşadığı evdən götürdüyü 2 ədəd məişət təyinatlı bıçaqları üzərində gizlədib Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən 61 saylı mənzilə gedərək ona söhbəti olduğunu bildirmiş və saat 17:30 radələrində sonuncu ilə birlikdə həmin mənzilin yerləşdiyi 9 mərtəbəli binanın damına çıxmış, orada aralarında yaranan mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı ilə yaxın münasibətinin olması kimi söhbətlərə görə arvadından boşandığını bildirərək gizlədib özü ilə gətirdiyi bıçaqları üzərindən çıxararaq hər iki əlində tutmaqla əsəbi vəziyyətdə Zərərçəkmiş şəxs üzərinə hücum etmiş və sağ əlində tutduğu dəstəyi qırmızı-göy-ağ rəngli plastik materialdan olan, tiyəsi gümüşü rəngli, tiyəsinin uzunluğu 147 mm olan, soyuq silah hesab edilməyən məişət təyinatlı həmin mətbəx bıçağı ilə bir dəfə zərbə vuraraq sonuncuya travmatik şok və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan, qarının ön səthinin qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarəti yetirmiş, zərər çəkmiş Zərərçəkmiş şəxs hadisə yerindən qaçması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs başqa şəxsi qəsdən öldürməyə cəhd etməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək məhkəməyədək icraat mərhələsində doğru ifadə verdiyini qeyd edib, ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdi. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 327.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu müvafiq olaraq 29 və 31 may 2023-cü il tarixli ifadələr elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs elan edilmiş ifadələrində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda tək yaşamışdır. Heç bir yerdə işləməmiş, əvvəllər məhkum olunmamışdır. Evli olmuş, 2 övlad sahibi olmuş, lakin 2 il əvvəl boşanmışdır. Belə ki, 2021-ci ilin avqust ayında evdə arvadı ilə arasında ailəvi söz-söhbət yaranmışdır. Həmin hadisə baş verdikdən sonra səhəri gün Sahil qəsəbəsində tanışı Rəfaillə yaşadığı evin damında görüşüb söhbət edərkən Rəfail ondan nə olduğunu soruşmuş, lakin o, heç nə bildirməmişdir. Bundan sonra Rəfail ona evində söz-söhbət olduğunu, arvadının və uşaqların evdən getdiyini demişdir. O, Rəfaildən bu söhbəti hardan eşitdiyini soruşduqda Rəfail ona “boş ver” deyərək heç bir məlumat verməmişdir. O, Lökbatan qəsəbəsində qayınatası Ağasuvarın evinə gedib həyat yoldaşından bu barədə soruşmuş, lakin həyat yoldaşı heç nə boynuna almamışdır. Həmin vaxt evdə yenidən mübahisə düşmüş, yoldaşı bu barədə heç kimə heç nə demədiyini bildirmişdir. Daha sonra Lökbatan qəsəbəsində öz evimə getmiş, bu söhbət barədə evdəkilərlə nə qədər söhbət etsə də, heç nə sübut edə bilməmişdir. Lakin ürəyində şübhə qalmışdır. Bu söhbətdən 6-7 ay sonra o, arvadından boşanmış, Rəfaillə də münasibətləri soyutmuş, Rəfailə bir neçə dəfə xəbərdarlıq da etmişdir. O, bu məsələni ürəyində illərlə saxlamış, lakin heç nə etmək istəməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, 29 may 2023-cü il tarixdə, saat 13 radələrində övladlarını evə çağırmış, onlarla görüşmüş və onları sonuncu dəfə görmək istəmişdir. Daha sonra bir qədər götür-qoy etdikdən sonra Rəfaili bıçaqla vurmağı qərara almışdır. Həmin gün saat 16 radələrində Rəfailə zəng edib onunla görüşmək istədiyini bildirmiş, sonra isə Rəfailin yaşadığı Sahil qəsəbəsinə onlara getmişdir. Rəfailin anası Şəfiqə onu evə dəvət etsə də, o, evə keçməmiş, Rəfaili Sahil qəsəbəsində yerləşən qəbirstanlığa dəvət etmişdir. Rəfail isə ona onunla damda görüşəcəyini bildirmişdir. O, daha sonra binanın damına qalxmışdır. O, binanın damında olarkən Rəfailə 2 il əvvəlki söhbəti yadına salaraq 2 il əvvəl evində olan söz-söhbəti hardan bildiyini soruşmuş, Rəfail isə cavabında həmin söhbəti onun özünün dediyini bildirmişdir. O isə bu barədə Rəfailə heç nə demədiyini bildirmiş, bu söhbətə görə arvadından boşandığını Rəfailə demişdir. Bundan sonra o, Rəfaili döyməyə başlayaraq şillə ilə Rəfailin sifətinə bir neçə zərbə endirmişdir. O, evdən gələrkən üzərində 2 ədəd mətbəx bıçağı götürmüşdür ki, sonra evdən gətirdiyi və üzərində saxladığı 2 bıçağı da çıxartmışdır. Bıçaqlardan birinin sapı qəhvəyi rəngli, digəri isə ağ, göy və qırmızı rəngli olmuşlar. O, ağ, göy və qırmızı rəngli sapı olan bıçağı sağ əlində, qəhvəyi rəngli bıçağı isə sol əlində tutmuşdur. Həmin vaxt sağ əlində olan bıçaqla Rəfailin qarnının sol tərəfinə 2 dəfə zərbə endirmiş və hər iki zərbənin Rəfailin sol tərəfdən qarın boşluğuna dəydiyini görmüşdür. Həmin vaxt Rəfail onun əlindən qaçıb binanın damındakı nərdivandan özünü blokun içinə ataraq qaçmışdır. O isə binanın damından digər binanın damına tullanaraq oradan aşağı düşərək taksiyə minib 38-ci Polis Bölməsinə getmiş və könüllü təslim olmuş, Rəfaili vurmaq üçün üzərində gətirdiyi 2 ədəd bıçağı könüllü istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında, həmçinin göstərmişdir ki, o, Zərərçəkmiş şəxs öldürmək üçün ona iki dəfə zərbə endirmiş, lakin Rafail onun əlindən çıxıb qaçdığı üçün onu öldürə bilməmişdir. Rafailə bir bıçaq zərbəsi dəyməsinə baxmayaraq, o, Rafaili öldürmək üçün ona iki bıçaq zərbəsi atmışdır. Nədənsə iki bıçaq zərbəsinin də Rafailə dəydiyi onun yadında qalmışdır (iş vərəqə: 28-30, 40-42). Cinayət işinə məhkəmə baxışı zamanı ziddiyyətlərin aradan qaldırılması məqsədilə Təqsirləndirilən şəxs, həmçinin təqsirləndirilən şəxs qismində verdiyi 03 və 04 noyabr 2023-cü il tarixli ifadələri də elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayətin motivləri, gedişatı və başa çatması ilə bağlı əvvəl verdiyi ifadələrində göstərdiyi xüsusatları təsdiq etsə də, tədqiq olunan həmin ifadələrində onun Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını göstərmiş, eyni zamanda qeyd etmişdir ki, hadisə vaxtı damda Rəfail və ondan başqa kimsə olmamış, o, əvvəlki vaxtlar əsəbi olduğundan ilkin ifadəsində Zərərçəkmiş şəxs iki dəfə bıçaq zərbəsi atdığını bildirmiş, özünü itirdiyindən həmin an elə yadında qalmışdır. Ancaq o, Zərərçəkmiş şəxs bıçaqla bir dəfə zərbə endirmiş, onu öldürmək istəməmiş, sadəcə olaraq Rəfailə bıçaqla xəsarət yetirmək istəmişdir. O, özü hadisə zamanı heç bir xəsarət almamış və ona görə də MTEdən keçməkdən imtina etmişdir. O, sol bazunun aşağı bayır tərəfində və sol dirsək oynağının bayır tərəfində kəsilmiş qərtməkli yara xəsarətlərini 29 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yanına getməzdən əvvəl evdə olan zaman əsəbi olduğu üçün öz-özünə yetirmiş və bununla bağlı heç bir şikayət və tələbi olmamışdır. Hadisə baş verən gün onların söhbəti və mübahisəsi cəmi bir yerdə baş vermiş və təxminən 10-15 dəqiqə davam etmişdir (iş vərəqə: 160-162, 183-185). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair istintaq hərəkəti protokolundan görünür ki, sonuncu 29 may 2023-cü il tarixdə, saat 17 radələrində baş vermiş cinayət hadisəsini törətdiyi yeri əyani olaraq göstərib, sərbəst ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: 47-50). Cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində valideyni ilə birlikdə yaşamış, Təqsirləndirilən şəxs 20 ilə yaxın bir müddətdə yaşadığı məhəllədən tanımış, onunla yaxşı dostluq münasibətləri olmuş, bir-birinin evinə gedib-gəlmişlər. Amma Elvinin onun barəsində onları tanıyanlar arasında yalan məlumatlar yaydığından təxminən son 2 il ərzində münasibətləri soyumuşdur. Kənar şəxslərdən eşitdiyinə görə Elvin guya onun Elvinin həyat yoldaşı ilə münasibəti olduğunu, onu öldürəcəyini bildirmiş, hətta «kəfənini hazırlasın» kimi bir söz də demişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, 29 may 2023-cü il tarixdə, saat 15 radələrində Elvin ona zəng edərək ona yenə də kəfənini hazırlamağı bildirmişdir. O da cavabında Elvinə neçə ildi eyni sözü dediyini, yəni onun boş-boş danışdığını demiş, onun ünvanının bəlli olduğunu bildirmişdir. Bununla o, Elvinə dediklərini edə bilmədiyini demək ismtəmişdir. Elə həmin gün, saat 16 radələrində Elvin ona zəng edərək 10-15 dəqiqəyə çatacağını bildirmişdir. Saat 17 radələrində Elvin ona yenidən zəng edərək binanın yanında olduğunu demiş və aşağı düşməsini istəmişdir. O isə Elvinə yuxarı qalxmağı təklif etmişdir. Bundan sonra Elvin yuxarı, yəni evlərinin qapısına qalxmış, onun anası Şəfiqə Elvini evə dəvət etsə də Elvin buna etiraz etmişdir. Bundan sonra əvvəlcə o, binanın damına qalxmış və ordan Elvinə zəng edərək dama qalxmasını istəmişdir. Elvin dama qalxdıqdan sonra onu təhqir etməyə başlamışdır. O, Elvinin qolunun sarıqlı olduğunu görmüş, onun özündə olmadığını müşahidə etmişdir. Həmin vaxt Elvin anlaşılmayan sözlər danışmışdır. Elvin ona özünün ona demədiyi halda, arvadından boşanmağını, onun evindəki söz-söhbəti haradan bildiyini soruşmuş, guya onun Elvinin həyat yoldaşı ilə münasibəti olduğunu işarə etmişdir. O isə Elvinə həmin sözləri əvvəllər onlara gələrkən özünün danışdığını bildirmişdir. Həmin vaxt Elvin kəmərində olan iki ədəd mətbəx bıçağını götürüb hərəsini ayrı-ayrı əllərində saxlamış, o isə Elvini sakitləşdirməyə çalışmışdır. Elvin qəflətən sağ əlində olan bıçaqla onun qarın nahiyəsinin sol aşağı hissəsinə bir dəfə zərbə endirmiş, anlaşılmayan tərzdə sözlər demişdir. Elvin ona bıçaqla zərbə vuran kimi o, dərhal keçiddə olan qapını açaraq oradan aşağı düşərək evə girmişdir. Baş vermiş hadisəni anasına bildirmək istəməsə də, ondan çoxlu qan getdiyini gördükdə aknası evə təcili tibbi-yardım çağırmış və onu Respublika Klinik Xəstəxanasına aparmışlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, onun Elvinin həyat yoldaşı ilə heç bir münasibəti olmamış, o, Elvinin həyat yoldaşının adını belə, bilməmişdir. Əvvəllər bu mövzuda onların arasında heç bir mübahisə olmamışdır. Elvin ona cəmi bir dəfə bıçaqla zərbə endirmişdir. Lakin kənar şəxslərdən Elvinin onu ölümlə hədələdiyini, barəsində yalan məlumatlar yaydığını eşitmişdir. Bütün bunlara baxmayaraq o, Elvini bağışlamış, ona qarşı şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 35/547 nömrəli rəyindən görünür ki, baxılan cinayət işi üzrə zərər çəkmpipş şəxs Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər travmatik şok və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön səthinin qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası deşici-kəsici əşya (alət), ola bilsin bıçaq təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Respublika Klinik Xəstəxanasına müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni şəxsin özü tərəfindən yetirməsi inkar olunur (iş vərəqə: 149-152). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 219 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda “şəxsiyyətin emosional-davamsız tip pozuntusu” p.60.3 müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından xasiyyətcə əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəbi gərginlik anlarında özünə xəsarət yetirməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Tədqiq olunan rəydən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olduğu müəyyən edilir. Onun idrak prosseslərinin tədqiqi zamanı ixtiyari yaddasaxlamasının, emosional və assosiativ yaddaşın kifayət qədər aktiv olduğu, qavramasının həcminin normaya uyğun olduğu müəyyən olunur. Müayinə, zamanı hövsələsizliyi, emosional dəyişkən olması müşahidə edildi. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda “şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malik olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu, o dərəcədə ifadə olunmamışdır ki, o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, laqeydlik, hirslilik, hövsələsizlik, inadkarlıq, konfliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman şüur və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (iş vərəqə: 87-91). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 314/MTKŞ-2023 nömrəli rəyindən görünür ki, tədqiqat zamanı təqdim edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus koftanın ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd dəlib-keçən zədə aşkar edilmişdir. Həmin zədə deşilmiş-kəsilmiş zədədir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus koftanın üzərində olan deşilmişkəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş iki ədəd bıçağın hər birinin tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Tədqiq olunan rəydən, həmçinin görünür ki, təqdim edilmiş hər iki bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur (iş vərəqə: 92-97). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməbioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 419/2023-MTBŞ saylı rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətində onun qan qrununun « İİ-PLUS» olması barəsində məlumat qeyd vardır. Qan qruplarının mövcud təsnifatına uyğun olaraq göstərilmiş məlumat-qeydə əsasən onun qan qrupunun A(ll)Rh+ olmasını söyləmək olar. Tədqiq olunan rəydən görünür ki, məhkəmə bioloji ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir qədər solda toxuma daxilindən yerləşib səthə hopan geniş ləkədə, sağ qolunun ön səthində toxuma xaricindən yerləşmiş kiçik səthi ləkədə, həmçinin tutacağı qəhvəyi rəngli taxta materialdan olan bıçağın tiyəsinin sol səthində olan ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyətinin ABO sistemi üzrə təyini zamanı yalnız «A» antigeni müəyyən olundu. «A» antigeni tək halda A(ll) qruplu qanı formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin ABO sistemi üzrə həmin qruplu şəxsə(şəxslərə) məxsus olmasını söyləmək olar. Beləlikdə, bu qan ləkələri ABO sistemi üzrə A(ll) qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunmuş tutacağı qəhvəyi rəngli taxta materialdan olan bıçaqda təsvir olunmuş digər ləkə və maddə hissəciklərində, tutacağı ağ, göy və qırmızı rəngli plastik materialdan olan bıçağın tiyəsində, şırımlarında qan, tutacağı üzərində isə qana şübhəli hər-hansı bir ləkə və maddə hissəcikləri aşkar olunmadı (iş vərəqə: 98-105). İbtidai istintaq orqanının “sübutların qiymətləndirilməsi haqqında” 03 noyabr 2023cü il tarixli qərarlarına əsasən Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd bıçaq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd tünd göy rəngli qısa qol köynək maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ rayon prokurorluğunun arxivinə verilmişdir (iş vərəqə: 163-174). "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürmədə təqsirkarın niyyətinin zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Belə olan halda məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, hadisədən təxminən 2 il əvvəl Təqsirləndirilən şəxs ilə arvadı arasında ailə-məişət zəminində münaqişə baş vermiş, bu hadisədən sonra Təqsirləndirilən şəxs tanışı – iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə birlikdə olarkən sonuncu Təqsirləndirilən şəxs evində arvadı ilə aralarında baş vermiş münaqişədən bəhs edən mövzuda söhbət aparıb hadisənin səbəbləri ilə maraqlandıqda Təqsirləndirilən şəxs arvadı ilə özü arasında ailə-məişət zəminində baş vermiş münaqişə barədə Zərərçəkmiş şəxs məlumatlı olmasının mənbəyi ilə əlaqədar araşdırma aparıb həmin mənbənin arvadı olmasından və bununla da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla arvadı arasında münasibət olmasından şübhələnmiş, özünün də etiraf etdiyi kimi, qeyd olunan şübhələr onu rahat buraxmamış, 29 may 2023-cü il tarixdə, yəni hadisə günü, saat 16 radələrində Təqsirləndirilən şəxs arvadına doğru istiqamətlənmiş şübhələri ətrafında yaranmış mübahisəyə görə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürməyi planlaşdıraraq nəzərdə tutduğu planın icrasından əvvəl artıq ailə-məişət münaqişələri nəticəsində boşandığı və ondan ayrı yaşayan sabiq arvadı ilə birlikdə yaşayan uşaqları ilə görüşmüş, planlaşdırdığı əməli icra etmək məqsədlə yaşadığı evdən 2 ədəd təsərrüfatməişət təyinatlı bıçaqları götürərək üzərində gizlədib sonradan hadisə yeri adlanacaq Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən 61 saylı ünvana gedib həmin mənzilin yerləşdiyi 9 mərtəbəli binanın damında zərər çəkmiş Zərərçəkmiş şəxsla görüşmüş, söhbət əsnasında sonuncunun onun arvadı ilə yaxın münasibəti olması müstəvisində baş vermiş mübahisə zamanı gizlədib özü ilə gətirdiyi bıçaqları çıxarıb hər iki əlində tutmaqla əsəbi vəziyyətdə Zərərçəkmiş şəxs üzərinə hücum etmiş və sağ əlində tutduğu bıçaqla sonuncunun qarın nahiyyəsindən bir dəfə vuraraq, ona dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarəti yetirmiş, zərər çəkmiş Zərərçəkmiş şəxs həyatı üçün real təhlükə yarandığını görüb hadisə yerindən qaçmış, Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək zərər çəkmiş Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması ilə bağlı gətirdiyi dəlilləri müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini bildirsə də, son sözlə məhkəməyə müraciət edərkən tutduğu əməldən səmimi peşman olduğunu bildirmiş, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, özünün könüllü olaraq gedib hüquq-mühafizə orqanlarına təslim olunduğunu nəzərə alıb, ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 29,120.1ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 66). Məhkəməyə ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Elvin Savadovu bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (iş materialları). Məhkəmə baxışı zamanı sənədlərin tədqiqi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs həqiqətən hadisədən sonra 29 may 2023-cü il tarixdə, saat 18:03-də könüllü olaraq istintaqa təqdim olunmasından ötrü Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə getmiş, təqsirini boynuna almaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyini etiraf etmiş, həmçinin yaşadığı evdən hadisə yerinə gedərkən özü ilə götürdüyü iki ədəd məişət-təsərrüfat təyinatlı bıçaqları könüllü olaraq təqdim etməklə cinayətin isti izlərlə açılmasına fəal köməklik etmişdir (iş vərəqə: 66,67). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il və xx.xx.2013-cü il təvəllüdlü 2 nəfər azyaşlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxs Elvin Hümmətovun polis bölməsinə könüllü gəlib təqsirini boynuna almasını və cinayətin aləti olmuş məişət-təsərrüfat təyinatlı bıçaqları könüllü olaraq təqdim etməklə cinayətin açılmasına fəal köməklik etməsini Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına fəal köməklik etməsi; 59.1.12-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxslə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 2 nəfər azyaşlı uşaqları olmasına baxmayaraq, həmin uşaqlar onun himayəsində deyillər, onlar ər-arvad arasında nikah ləğv olunduqdan sonra analarının himaysində yaşamışlar. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs 2 nəfər azyaşlı uşaqlarının olması onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən xüsusilə ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxs Cavadova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyası daxilində, başa çatmayan cinayətə görə və cəzanı yüngülləşdirən hallar olduqda cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına fəal köməklik etməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə cəza təyin olunarkən Azərbaycan Respublikası CMnin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, CM-nin 59.1.9 və 59.1.10-cu (hazırda qüvvədə olan qanunvericiliyə əsasən CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü) maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza, konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda, CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələrinə uyğun cəza təyin etmə prinsiplərinin imperativliyini və Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan tövsiyyələrini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, törətdiyi qəsdən adam öldürməyə cəhd cinayət əməlinə görə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz, ona təyin olunacaq qəti cəza CM-nin 62-ci maddəsinə istinad edilmədən təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, təqsirləndirilən şəxs Elvin Hümmətova təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Elvin Hümmətov ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 29 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 may 2023-cü il tarixdə tar ixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 may 2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 29 may 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Qaradağ rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”-nda saxlanılan, hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş və zədələnməklə təyinatını itirmiş 01 ədəd tünd göy rəngli qısaqol köynək və Təqsirləndirilən şəxs götürülmüş 02 (iki) ədəd məişət-təsərrüfat təyinatlı bıçaq məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 29 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Qaradağ rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”-nda saxlanılan, hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş və zədələnməklə təyinatını itirmiş 01 (bir) ədəd tünd göy rəngli qısaqol köynək və Təqsirləndirilən şəxs götürülmüş 02 (iki) ədəd məişət-təsərrüfat təyinatlı bıçaq məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar