Məhkəmə qərarları › İş №1(101)-1020/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1020/2020

16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1020/2020 16.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1liyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə iclasında xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 17A, mənzil 26-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 01 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 may 2020-ci il tarixdə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə 2020-ci ilin aprel ayının axırlarında istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Əbdül» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Binəqədi rayonu, «DSK yolu» adlanan ərazidə yerləşən qəbristanlıqda sonuncüdan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 8 ədəd torbaya yerləşdirilmiş ümumi çəkisi 10.220 (on kiloqram iki yüz yirmi) qram olan nakotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq özündə olan çantada saxlamış, 01 may 2020-ci il tarixdə saat 13:30 radələrində Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanda yerləşən «Salt» otelin qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-nə gətirilmiş, orada üzərinə və özünə məxsus çantaya keçirilmiş axtarış zamanı çantanın içərisində qanunsuz əldə etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 3100 qram, 2265 qram, 1175 qram, 595 qram, 1025 qram, 635 qram, 665 qram və 760 qram olmaqla ümumi təmiz çəkisi 10.220 (on kiloqram iki yüz yirmi) qram olan külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, narkotik vasitələrin istifadəçisidir. O, evdə həyat yoldaşı və iki uşağıyla Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsində, ev 17, mənzil 26-da yaşamışdır. Onun yaşadığı bina ilə «Salt» otel arasında təxminən 50-60 metr məsaf olmuşdur. 01 may 2020-ci il tarixdə, saat 11-12 radələrində yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsində, “Salt” adlı otelin yaxınlığında yerləşən evdən çıxaraq bir qədər aşağı düşmüş, lakin bir müddət sonra geri qayıdaraq binanın qarşısında dayanmışdır. Həmin vaxt ağrıları olmuş, lakin istifadə edə bilməsi üçün narkotik vasitə tapa bilməmişdir. O, orada dayanan zaman polis olduqlarını sonradan bildiyi 4 nəfər ona yaxınlaşmış və heç bir səbəb olmadan onu saxlayıb adını və soyadını soruşduqdan sonra avtomaşınla bölməyə aparmış, nəyə görə onu polisə apardıqlarını izah etməmişlər. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, saxlanılarkən onun əlində və ya yanında heç bir çanta olmamış, polis bölməsində onun üzərində heç bir axtarış aparılmamış və ondan hər hansı növdə və ya hər hansı miqdarda narkotik vasitə olmamışdır. O, Əbdül adlı İran vətəndaşını tanımamış, onunla aralarında narkotik vasitə ilə bağlı hər hansı razılaşma olmamış, o, qəbristanlığa ümumiyyətlə getməmişdir. O, polis əməkdaşlarının diqtəsi ilə izahat yazmış, Əbdül adlı iranlı şəxsdən 1500 manat pul müqabilində 10 kq narkotik almış, guya qalan pulu sonra verəcəyini bildirmişdir. Ona heç bir narkotik vasitə göstərilməmiş, o, 10 kq miqdarda narkotik vasitə görməmişdir. Sənədləşmə aparılarkən vəkili olmamış, videoçəkiliş aparılmamış, o, heç bir videoçəkiliş görməmişdir. Bununla yanaşı ona heç bir təzyiq göstərilməmiş, nəyəsə məcbur edilməmişdir. İbtidai istintaq zamanı onun ifadələri müstəntiq tərəfindən özünün bildiyi kimi tərtib olunmuş, o, ifadələrini oxumadan imzalamış, lakin nə üçün imza etdiyini bilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tədqiq olunan ifadələrində göstərmişdir ki, o, əvvəllər də şəxsi istifadəsi üçün narkotik vasitə əldə etməsi ilə əlaqədar məhkum olunmuşdur. Baxılan iş üzrə tutulmazdan təxminən 3-4 gün əvvəl axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, «DSK yolu» adlanan yerə yaxın yerləşən qəbristanlıqda İran vətəndaşı, adını “Əbdül” kimi bildiyi şəxsdən bir ədəd yük çantasında narkotik vasitə olan marixuana almışdır. Əbdül adlı şəxs narkotik vasitəni 2000 manata satacağını desə də, o, Əbdülə həmin narkotik vasitəni satıb qazanc əldə etdikdən sonra ona hissə-hissə 1500 manat pul verəcəyini bildirmiş, lakin əsil həqiqətdə Əbdülə pul vermək niyyəti olmamışdır. Əbdül adlı şəxsdən narkotik vasitəni aldıqdan sonra elə orada, yəni qəbristanlıqda gizlətmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 01 may 2020-ci il tarixdə, saat 13 radələrində evdən çıxaraq qəbristanlığa getmiş, orada narkotik vasitəni gizlətdiyi yerdən götürüb evə qayıdan zaman, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsində, yaşadığı evin yaxınlığında yerləşən “Salt” adlı otelin qarşısında 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və əlindəki çantanın içərisində nə oluğunu ondan soruşmuşlar. O da öz növbəsində çantanın içərisində narkotik vasitə olduğunu bildirdikdən sonra polis əməkdaşları baxış keçirilməsi üçün onu Binəqədi RPİ-yə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-yə getmiş, orada ona müdafiəçi dəvət olunmuş, hüquq və vəzifələri izah edildikdən sonra video video çəkilişlə üzərinə baxış keçirilmiş, ona çantanın içərisində olan narkotik vasitəni təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, çantanın içərisində müxtəlif rəngli torbalarda olan narkotik vasitəni təqdim edərək, həmin narkotik vasitənin marixuana olmasını və 3-4 gün əvvəl Binəqədi rayonu ərazisində, «DSK yolu» adlanan yerin yaxınlığında yerləşən qəbristanlıqda “Əbdül” adlı İran vətəndaşından satmaq üçün aldığını bildirmişdir. Çantada olan narkotik vasitə qablaşdırılaraq maddi sübut kimi götürülmüş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, o, İran vətəndaşı “Əbdül” adlı şəxslə «DSK» deyilən yerdə tanış olmuş və onunla orada görüşürmüş, lakin həmin şəxsin anket məlumatlarını və mobil telefon nömrəsini bilməmişdir. O, əldə etdiyi narkotik vasitədən heç kimə satmamış, soraqlaşıb müştəri tapdıqdan sonra satmağı nəzərdə tutmuşdur (iş vərəqə: səh. 121-122, 131-132 ). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 oglu ifadəsində göstərdi ki, 2020-ci ilin aprel ayının sonlarında şöbəyə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, onun ətrafında təxirsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədilə “Əməliyyat- Axtarış Fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanunun tələblərinə əsasən əməliyyat-axtarış tədbirləri hazırlanmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə Binəqədi RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 daxil edilmişdir. Əməliyyat planına əsasən 01 may 2020-ci il tarixdə ünvan 4 ünvanda yerləşən «Salt» otelin yaxınlığnda əvvəlcə müəyyən əməliyyat tədbirləri keçirərək müşahidə aparıb, saat 13:30-da Təqsirləndirilən şəxs saxlamış, onu əlində olan dolu çanta ilə birlikdə Binəqədi RPİ-yə aparmışlar. Əməliyyat tədbirinin gedişatı barədə raportla idarənin rəhbərliyinə məruzə olunmuş və araşdırmanın aparılması təhqiqatçı Cəlal Cəlallıya tapşırılmışdır. İlkin olaraq vəkil dəvət olunmuş, saxlanılan Təqsirləndirilən şəxs videoçəkiliş vəsitəsilə onun üzərinə baxış keçiriləcəyi izah olunmuşdur. Baxış keçiriməzdən əvvəl bütün iştirakçılara hüquq və vəzifələri izah olunmuş, bundan sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında qadağan olumuş maddə və ya narkotik vasitə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd əl dəsmalı, 4 manat 40 qəpik pul, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən isə «Rotmans» siqareti çıxarıb masanın üzərinə qoymuş, sonra isə özü ilə gətirdiyi ağ-qırmızı və qara rəngli xətti formalı yük çantasını masanın üzərinə qoyub həmin yük çantasının içərisində müxtəlif rəngli və ağızları bağlanmış vəziyyətdə olan 8 ədəd torbanın olmasını bildirib, həmin çantanı açaraq onun içərisində olan 8 ədəd torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin torbalar bir-bir açıldıqda içərisində bitki mənşəli qurudulmuş kütlə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu, harada, kimdən və nə məqsədlə əldə etməsi soruşulduqda o, həmin torbaların içərisində olan kütlənin bitki mənşəli narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 3-4 gün əvvəl Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «DSK yolu» adlanan yerdə yerləşən qəbristanlığın yaxınlığında İran vətəndaşı «Əbdül» adlı şəxsdən nisyə aldığını, sonradan isə İran vətəndaşına 1500 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitəni aldıqdan sonra qəbristanlıqda gizlətmiş və saxlanıldığı gün qəbristanlıqdan götürüb evinə apararkən tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş 8 ədəd torbada olan bitki mənşəli kütlə həmin çantanın içinə yığılaraq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra baxış və götürmə barədə protokol tərtib olunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Şahid1 ifadəsində daha sonra göstərdi ki, təhqiqatçı tərəfindən təyin edilmiş ekspertiza ilə Qabil Abababayevdən götürülmüş 8 ədəd torbada olan bitki mənşəli kütlənin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğu və təmiz çəkisinin 10.220 qram olduğu müəyyən edilmişdir. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Qabil Abababayevin narkotik vasitə əldə edib saxlaması, daşıması və satması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, onun həmin narkotik vasitəni haradan, kimdən əldə etməsi və həmçinin kimə satması, həmçinin onun göstərdiyi «Əbdül» adlı İran vətəndaşının müəyyən edilməsi ilə əlaqədar əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 şahid ifadəsi, sonuncunun məhkəmə baxışı zamanı dindirilməsi mümkün olmadığından elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: səh. 81-83). Məhkəmə baxışı zamanı texniki qurğu vasitəsi ilə nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərinə və əşyalarına baxış keçirilməsi prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, baxış təhqiqatçı, polis baş leytenantı Cəlal Cəlallının xidməti otağında onun rəhbərliyi ilə Binəqədi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və kiçik inspektor Şahid2, həmçinin saxlanılan Təqsirləndirilən şəxs iştirakları ilə keçirilmişdir. Baxış keçirməzdən əvvəl təhqiqatçı Cəlal Cəlallı saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərədə tutulan hüquq və vəzifələrini izah edir və bundan sonra ona üzərində qanunsuz saxladığı hər hansı əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilir. Saxlanılan Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd cib dəsmalı, 4 manat 40 qəpik pul, daha sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən «Rotmans» adlı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyur. Nümayiş olunan videogörüntülərdən görünür ki, saxlanılan Təqsirləndirilən şəxs yanında, döşəmənin üzərində bir ədəd ağ, qırmızı və qara rəngli xətti formalı yük çantası vardır. Saxlanılan Təqsirləndirilən şəxs ağ, qırmızı və qara rəngli xətti formalı yük çantasını masanın üzərinə qoyaraq həmin çantanı açır və həmin çantanın içərisindən 8 ədəd, müxtəlif rənglərdə olan dolu polietilen torbaları çıxarıb masanın üzərinə qoyur. Həmin torbalar ayrı-ayrılıqda iştirakçı polis əməkdaşları tərəfindən açılır və torbaların hamısının içərisində oxşar görünüşə malik bitki mənşəli kütlə olduğu müəyyən olunur. Təhqiqatçı tərəfindən torbaların içərisindəki bitki mənşəli kütlənin nə olduğu, harada, kimdən və nə məqsədlə əldə etməsi saxlanılan Təqsirləndirilən şəxs soruşulur, sonuncu həmin torbaların içərisində olan kütlənin bitki mənşəli narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 3-4 gün əvvəl Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «DSK yolu» adlanan yerdə yerləşən qəbristanlığın yaxınlığında İran vətəndaşı «Əbdül» adlı şəxsdən aldığını, sonradan isə ona 1500 manat pul verəcəyini bildirir. Təqsirləndirilən şəxs, həmçinin bildirir ki, həmin narkotik vasitəni aldıqdan sonra qəbristanlıqda gizlətmiş və həmin gün, yəni saxlanıldığı 01 may 2020-ci il tarixdə götürüb evinə apararkən polis əməkdaşları tərəfindən tutulmuşdur. Ən nəhayət, nümayiş olunan videogörüntülərdən görünür ki, saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, içərisində bitki mənşəli kütlə olan müxtəlif rəngli 8 ədəd polietilen torbalar ağ, qırmızı və qara rəngli, xətti formalı yük çantasının içərisinə qoyularaq qablaşdırılır, bağlanaraq möhürlənir, bağlama bütün iştirakçılar, o cümlədən saxlanılan Təqsirləndirilən şəxs özü tərəfindən imzalanır və bundan sonra video çəkilişin başa çatdığı elan olunur(cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şəxsi axtarış və götürmə aparılması barədə tərtib olunan 01 may 2020-ci il tarixli və Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərinə və əşyalarına baxış keçirilməsi prosesini özündə əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD diskə baxış keçirilməsi haqqında 16 may 2020-ci il tarixli protokollardan görünür ki, hər iki sənəd məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan DVD diskə yüklənmiş videogörüntülərə uyğundur (iş vərəqə: səh. 30-32, 96). Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilən məhkəmə-kimyəvi ekspertizanın 02 may 2020-ci il tarixli, 7/180 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülməklə tədqiqata təqdim edilmiş bir ədəd damalı sintetik çantadakı 08 ədəd müxtəlif rəngdə olan sellofan torbalarda ayrı-ayrılıqa təmiz çəkiləri 3100 qram, 2265 qram, 1175 qram, 595 qram, 1025 qram, 635 qram, 665 qram, 760 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Narkotik vasitənin ümumi təmiz çəkisi 10.220 (on min iki yüz iyirmi) qram təşkil edir və 8 ədəd müxtəlif rəngdə olan sellofan torbalarda ayrı-ayrılıqa təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər(iş vərəqə: səh. 39-42). Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 11 iyun 2020-ci il tarixli, 1602 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: səh. 101-102). Məhkəmə araşdırması zamanı tədqiq olunan digər sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərinə və əşyalarına baxış keçirilməsi prosesini özündə əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD disk və Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10.219 (on min iki yüz on doqquz) qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış, bir ədəd DVD disk iş materiallarına əlavə edilmiş, 10.219 (on min iki yüz on doqquz) qram çəkidə qurudulmuş marixuana narkotik vasitəsi isə Binəqədi RPİ-nin saxlancına verilmişdir(iş vərəqə: səh. 74-75, 107-111). Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəlcədən razılaşmış bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq və daşımaq cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin ümumi təmiz çəkisi 10220 (on kiloqram iki yüz iyirmi) qram olmuşdur ki, bu miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş qurudulmuş marixuana narkotik vasitəsinin yuxarı həddindən dəfələrlə çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi ifadələrindən fərqli olaraq məhkəmə baxışı zamanı verdiyi ziddiyyətli ifadələrini, törətdiyi əməlini inkar etməsini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan demoqrafik məlumatlarla müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16 fevral 2020-ci il tarixdə cəzasını çəkib qurtarması ilə əlaqədar azadlığa çıxmışdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli bu Məcəllənin 15.3-cü maddəsinin tələblərinə görə az ağır cinayətlər hesab olunur. Belə ki, həmin maddəyə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində məhkumluğu ödənilməsi ilə bağlı nəzərdə tutulan prosessual müddət keçməmiş yenidən qəsdən ağır cinayət törətmiş, yəni onun məhkumluğu ödənilməmiş, həmçinin onun məhkumluğunun götürülməsini təsdiq edən hər hansı akt mövcud deyildir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Yəni qanunun bu müddəasının tələblərinə görə Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaradır və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1, 61.1.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal olunur. Bundan başqa, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını təsdiq edən müvafiq sənədlərin məhkəməyədək icraat mərhələsində baxılan cinayət işinə əlavə olunmamasına baxmayaraq, məhkəmə baxışı zamanı «Elektron Məhkəmə İnformasiya Sistemi»ndən əldə olunan rəsmi məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 2007 və 2010-cu il təvəllüdlü iki nəfər azyaşlı uşaqları vardır ki, bu hal onun barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1, 59.1.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması onun barəsində cəzanı yüngülləşdirən hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla onun şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əməlinin cinayətlərin residivini yaratmasını, habelə onun Binəqədi rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və təyin olunan həmin cəzanı çəkdiyini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisəsi olaraq ciddi rejimli cəzaçəkmə müəssisələri təyin olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 01 may 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 01 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 may 2020-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 may 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 01 may 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın 11 iyun 2020-ci il tarixli, 1602 saylı rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, tiryək alkoloidlərini tərkibindlə saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinin tələblərinə görə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, 10.219 (on min iki yüz on doqquz) qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməli, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərinə və əşyalarına baxış keçirilməsi prosesini özündə əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 69,82 (altmış doqquz manat 82 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu 01 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, 10.219 (on min iki yüz on doqquz) qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərinə və əşyalarına baxış keçirilməsi prosesini özündə əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 69,82 (altmış doqquz manat 82 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar