Məhkəmə qərarları › İş №1(101)-1020/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1020/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1020/2023 04.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X4 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakı ilə, 6 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan Elşad adlı şəxsdən onun göstərişi ilə Eldar adlı şəxsə verməsi üçün istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,364 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 3 sentyabr 2022-ci il tarixdə saat 14:50-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanın qarşısında saxlanılıb Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə 7 ünvanında yerləşən Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qısa yay şalvarının sağ yan cibindən ağ plastik qutunun içərisində olan 5 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,410 qram, 0,405 qram, 0,416 qram, 0,378 qram və 1,755 qram olmaqla, ümumilikdə külli miqdarda 3,364 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 3 sentyabr 2022-ci il tarixdə saat 14:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ev 11 B ünvanına dostu Eldar qonaq gəlmişdir. Evə daxil olan zaman Eldar ona küçədə Elşadın gözlədiyini bildirmiş və çantasından plastik qutunu çıxarıb Elşada verməyini xahiş etmişdir. Eldarın özü isə əllərini yumaq üçün sanitar qovşağına getmişdir. O, plastik qutuda nə olduğunu bilməmiş, həmin qutunu Eldardan götürüb küçəyə çıxan zaman kənardan izləndiyini hiss edib qutunu kənara atmışdır. Bu vaxt 3-4 nəfər polis əməkdaşı onu saxlayıb avtomobilə əyləşdirmişlər. O, polis əməkdaşlarına plastik qutunu ona dostunun verdiyini və onun yaşadığı evdə olduğunu bildirsə də, polis əməkdaşları yaşadığı evə baxış keçirməmişlər. O, polis idarəsində olan zaman həmin plastik qutuda narkotik vasitə olduğunu bilmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən istifadə etməmiş, həyat yoldaşından ayrıldıqdan sonra oğlu ilə birlikdə yaşamışdır. Həyat yoldaşının narkotik vasitələrdən istifadə etməsini ondan ayrıldıqdan sonra bilmişdir. Elşad adlı şəxsi bir dəfə görmüş, Eldarın ona verdiyi plastik qutuda narkotik vasitə olduğunu bilməmişdir. Küçəyə çıxdıqda onu izlədiklərini hiss edib qutunu atmış və geriyə qayıtmaq istəmişdir. Eldar Elşadın küçədə gözlədiyini və qutunu ona verməyini xahiş etmişdir. O, küçəyə çıxdıqda Elşadı görməmiş, lakin izlənildiyini görüb qorxduğu üçün qutunu atmışdır. Ona fiziki və psixoloji təsir göstərilmiş, polis əməkdaşları ona şillə və təpik vurmuş, lakin xəsarət almamışdır. Bakı İstintaq Təcridxanasında tibbi müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 2-3 il bundan əvvəl o, həyat yoldaşı Veronikanın da narkotik vasitə heroindən istifadə etməsini öyrənmiş və ondan bu əməllərinə son qoymasını tələb etmişdir. Veronika isə ondan ayrılmaq istədiyini bildirmiş və onlar eyni evin içərisində ayrı yaşamağa başlamışlar. Lakin o, övladına baxmış, onun hər bir istəyini yerinə yetirmişdir. Təxminən 2 il olar ki, Veronika yaşadıqları evdən çıxmış və o, oğlu ilə orada tək yaşamışdır. Veronika arada yaşadıqları evə gəlib özünə məxsus əşyalardan götürüb getmişdir. Təxminən 6 ay bundan əvvəl Veronika yeni tanış olduğu və onunla da əvvəllər birlikdə işləyən Elvin Əzimzadə ilə yaşadığı ünvana gəlib artıq orada Elvinlə yaşayacağını bildirmiş, o da buna qəti şəkildə etirazını bildirmişdir. Onlar da onun başına oyun açacaqlarını demişlər. 3 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Eldar yaşadığı ünvanda qonaq olarkən ona ağ plasmas qabda narkotik vasitə heroin verib həmin heroini Elşad adlı şəxsə verməsini və ondan pul götürməsini demişdir. O isə nə üçün həmin narkotik vasitəni özü Elşada vermədiyini soruşmuşdur. Eldar özündə narkotik vasitələrin olmasını Elşaddan gizlətdiyini, bildiyi təqdirdə sonra onu bezdirəcəyini demişdir. O da Eldarın təklifi ilə razılaşıb içərisində narkotik vasitələr olan plasmas qabı götürüb əynindəki şortikin cibinə qoymuş və yaşadığı ünvandan çıxıb piyada hərəkət etmişdir. Saat 14:50-də artıq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanın qarşısında hərəkətdə olan zaman ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib orada üzərinə şəxsi axtarış keçirmişlər (cild 1, iş vərəqə 84-86). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 3 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və qrupa Baş İdarənin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. 3 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində olması müəyyən edilmiş və Şahid2lə birlikdə həmin yerə getmişlər. Saat 14:50 radələrində Babək küçəsi 1 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən edərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış edərək onu DİN-in BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə BMCMİ-nə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilərək əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli qısa yay şalvarının cibindən ağ plastik qutunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi plastik qutunun içərisinə baxış keçirilərkən 1 ədəd sellofan büküm, həmin sellofana baxış keçirilərkən 1 ədəd kağız büküm və həmin kağız bükümün içərisindən 5 ədəd sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni “Eldar” adlı şəxsdən əldə etdiyini demişdir. Oleq Qurbanov narkotik vasitəni hansı şəxsdən aldığını şifahi sorğu zamanı bildirməmiş, ifadə verərkən Eldar adlı şəxsdən aldığını bildirdiyini eşitmişdir. Ona Nərimanov rayon Polis İdarəsinin əməkdaşları Oleq Qurbanovun narkotik vasitəni “Eldar” adlı şəxsdən aldığını bildirmişdir. Ona daxil olmuş məlumatın məzmunu Oleq Qurbanovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuş, satış faktı öz təsdiqini tapmamışdır. Oleq Qurbanovun şifahi sorğu zamanı narkotik vasitəni hansı şəxsdən alması barədə məlumat verdiyini xatırlamamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 3 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:50 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 1 ünvanının yaxınlığında saxlanılaraq adı çəkilən İdarəyə dəvət edilmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli qısa yay şalvarının ciblərindən ağ plastik qutunu, “Nokia” markalı mobil telefonu və 1 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi plastik qutunun içərisinə baxış keçirilərkən 1 ədəd sellofan büküm, həmin selofana baxış keçirilərkən 1 ədəd kağız büküm və həmin kağız bükümün içərisində 5 ədəd sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs sellofan bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. 5 ədəd sellofan büküm açılarkən bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd alışqan özünə geri qaytarılmış, “Nokia” markalı mobil telefon isə götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini həmin gün “Eldar” adlı şəxsdən aldığını və “Elşad” adlı şəxsə verməsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokol imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videogörüntülərin qeydə alındığı 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 31-33). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4 sentyabr 2022-ci il tarixli 6/4758 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün 6 nömrəli dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 5 ədəd sellafon bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,410 qram, 0,405, qram, 0,416 qram, 0,378 qram və 1,755 qram, ümumi təmiz çəkisi 3,364 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümumi təmiz çəkisi 3,364 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram, qalıq 3,164 qram, cild 1, iş vərəqə 47-50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 31 oktyabr 2022-ci il tarixli 6480 saylı rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən periodik istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 142-143). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 5 dekabr 2022-ci il tarixli 3248 saylı rəyində aşağıdakılar qeyd edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (cild 1, iş vərəqə 145-147). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 3,164 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 223-232). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqə 138-139). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 3 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 158-161). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 3 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 3,164 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 3 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 3,164 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar