Məhkəmə qərarları › İş №1(101)-1020/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1020/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1020/2025 22.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun üzvü Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cu il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” adlı medallarla təltif edilmiş, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 4,992 qram olmaqla külli miqdarda psixotrop maddə sayılan metamfetamin əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,992 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər yolu küçəsində yerləşən “MS OİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında xidmət aparan zaman özünü şübhəli apardığı və polis əməkdaşları onu sorğu-sual edən zaman qaçmağa cəhd göstərdiyi üçün saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,992 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Şəxsi axtarış və götürmə haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildikdən sonra o, əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristal formalı maddəni təqdim etmişdir. O, cibindən çıxararaq təqdim etdiyi həmin bükümün içərisində “Patı” (psixotrop maddə metamfetamin) olduğunu, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Bazarının yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 100 manata alıb üzərində saxladığını, 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən əlavə heç nə aşkarlanmamış, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş, 01 ədəd sellofana bükülmüş büküm qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənib götürülmüşdür. (Cild 1, iş vərəqi 25-27)

4. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4518 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi, “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,992 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir”. Qeyd: metamfetaminin təmiz çəkisi 4,992 qram olmuş, 0,050 qram tədqiqata sərf edildikdən sonra 4,942 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqi 33-37)

5. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, 09 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu qəsəbəsi ərazisində saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin şöbədə təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuş, aşkarlanmış həmin maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi zorakılıq edilməmiş, Təqsirləndirilən şəxs həmin qanunsuz maddəni tanımadığı bir şəxsdən əldə etdiyini söyləmişdir.

6. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd edilən miqdarda psixotrop maddə metamfetaminin aşkarlandığını bildirmişdir.

7. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 1 ildən bəri psixotrop maddə olan “patı” deyilən maddədən istifadə edir. Həmin maddəni tanımadığı şəxsdən əldə edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında psixotrop maddə əldə etmək üçün Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarı kimi tanınan yerə getmiş, orada üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün bir büküm psixotrop maddə metamfetamin almış, həmin metamfetamini az-az istifadə etmək üçün əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin tarixdə saat 21 radələrində yaşadığı evə gedərkən Sabunçu qəsəbəsi, Şəhər yolu küçəsində yerləşən “MS OİL” yanacaq doldurma məntəqəsinin qarşısında küçədə piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənəd olmadığından, həmçinin üzərində psixotrop maddə olduğu üçün onlardan yayınmağa çalışmış və özünü şübhəli aparmışdır. 12-ci Polis Şöbəsində inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilən zaman üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunduğundan əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən ona məxsus 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin sellofan büküm açılarkən içərisindən ağ rəngli, kristal şəkilli “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. İlkin sorğu zamanı o, həmin maddəni xx.xx.2024-cü il tarixdə tanımadığı şəxsdən Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarı kimi tanınan yerdən 100 manata əldə etdiyini bildirmişdir. Üzərindən aşkar edilən psixotrop maddə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar.

8. Məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Şossesi, “MS OİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ərazidə xidmət aparan Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri tərəfindən saxlanılaraq 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. (Cild 1, iş vərəqi 3)

9. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 4, 14)

10. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 45-46)

11. Məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videoçəkilişi aparılmışdır. Həmin videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, ilk olaraq ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş əşyaların təqdim etməsinin təklif olunması, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristallik hissəciklərdən ibarət olan maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çıxararaq könüllü olaraq təqdim etməsi, həmin bükümün içərisində “patı” olması və həmin narkotik tərkibli maddəni Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarı kimi adlanan yerdə tanımadığı və adını bilmədiyi şəxsdən 100 manata şəxsi istifadəsi məqsədilə əldə etdiyini deməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq olunmuşdur. (Cild 1, iş vərəqi 67)

12. Məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad edilmiş və onun barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 62-63; 68)

13. Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4,992 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla, ekspertiza tədqiqatından sonra 4,992 qram metamfetamin məsul saxlanca verilməsi üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqi 71-72)

14. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 1/1-74120/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satmış şəxsi müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqi 88)

15. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7153 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild 1, iş vərəqi 103- 104)

16. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024cü il tarixli, 3316 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl ilə bağlı anlaqlı hesab olunduğundan, hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında müayinə zamanı gerilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanları normaya uyğun olmaqla, qıcığa qarşı həssaslıq, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əmələ görə cinayət törədən zaman fizioloji affekt vəziyyətində, onun şüuruna təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. (Cild 1, iş vərəqi 107-109)

17. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmişdır. (Cild 1, iş vərəqi 111-117)

18. Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü 1 azyaşlı uşağı vardır.

19. İ-14946 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

20. İ-4082 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2713 nömrəli sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

21. İ-15498 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

22. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Vətən müharibəsində iştirak etdikdən sonra psixologiyasında problemlər yarandığından, yaxınları ona metamfetamin adlı psixotrop maddə qəbul etməyi məsləhət görmüş və bundan sonra o, 2-3 dəfə psixotrop maddə metamfetamindən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində qanunsuz maddə olan metamfetamin olmuş, o, polis əməkdaşlarına hansı səbəbə həmin maddəni istifadə etdiyini bildirmişdir. Onun heç vaxt narkotik tərkibli maddələri satmaq niyyəti olmamış, şəxsi istifadəsi məqsədilə həmin narkotik tərkibli maddəni əldə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, üzərindən aşkar olunan metamfetamin ona məxsus olmuşdur. Evlidir, 4 yaşlı 1 övladı var. Vətən müharibəsində iştirakı ilə əlaqədar dövlət təltifləri ilə təltif olunmuşdur. Müharibədə olan hadisələri, vəziyyəti unutmaq mümkün olmadığından Maştağa ərazisində yerləşən tibbi mərkəzdə psixoloji müalicə almışdır. Yaddaş problemi olduğundan tutulduğu vaxtı, tarixi xatırlamasa da, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

23. CM-in 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

27. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

28. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

29. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

30. Maddə 15.4, 83.3.2 və 83.6. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

32. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

33. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

34. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

35. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

36. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

37. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

38. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

39. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

40. Maddə 1.0.2. psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.

41. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

42. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

43. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

44. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

45. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

46. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin miqdarı və digər sübutlar psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsinə dəlalət edir.

47. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, onun məhkəmə baxışı zamanı ittihama uyğun məzmunda verdiyi ifadəsi, şahid ifadələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

48. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (hökmün 39-cu bəndi) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

49. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan psixotrop maddəni əldə etmə, saxlama və daşımaya görə verilmiş ittiham əsaslıdır. Beləki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs külli miqdarda, yəni 4,992 qram psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımışdır.

50. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin külli miqdar təşkil etməsini, təqsirləndirilən şəxsin üzərində psixotrop maddənin olmasını səmimi şəkildə bildirməsini, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi olmadan əldə etmişdir.

51. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

52. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (hökmün 23-cü bəndi)

53. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. (hökmün 24-28-ci bəndləri)

54. Məhkəmə CM-in 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını, Vətən müharibəsində iştirakını, onun “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” adlı medallarla təltif edilməsini, səmimi peşmanlığını, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. (hökmün 18-21 bəndləri)

55. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

56. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. (Cild 1, iş vərəqi 82-83)

57. Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. (hökmün 30-cu bəndi)

58. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

59. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (hökmün 27-ci bəndi)

60. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.

61. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 (üç) gün müddətə şübhəli şəxs qismində tutularaq saxlanılmışdır.

62. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. (hökmün 29-cu bəndi)

63. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 22 may 2025-ci il tarixdən hesablanmalıdır.

64. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. (hökmün 12-ci bəndi)

65. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

66. İş üzrə mülki iddia, həbs edilməli əmlak yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

67. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 4,942 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. (hökmün 13; 17; 38-ci bəndi)

68. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (hökmün 15-ci bəndi)

69. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 4; 34-cü bəndləri)

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2025-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,942 qram təşkil edən metamfetamin məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar