Məhkəmə qərarları › İş №1(101)-1021/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1021/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1021/2021 23.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 17 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali-hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Tovuz rayonu, Xatınlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq digər şəxsdən 2.000 manat pul müqabilində külli miqdarda bir ədəd sarı sellofan bükümdə ümumi təmiz çəkisi 398,655 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və eyni zamanda 05.01.2021-ci il tarixdə Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində qeyrisinə təmiz çəkisi 0,415 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 30 manata satmış, həmin gün saat 19 radələrində, daxil olmüş məlumat əsaasında Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, Yurd kafesinin yaxınlığında saxlanılıb Suraxanı RPİ-nin 33-cü PB-yə gətirilərək üzərinə baxış keçirilən zaman, əynindəki göy rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd sarı rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 398,24 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sağ yan cibindən üzərində “mesko” yazılan üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə olan metamfitamin və heroindən istifadə edir. 5 yanvar 2021-ci il tarixdə, saat 15 radələrində tanışının mənzilində olarkən Ələsgər adlı tanışı bədənində ağrılar olduğundan onda narkotik vasitənin olub-olmadığını soruşmuşdur. Həmin vaxt digər tanışları da orada olmuşdur. O 1 qram kakosu olduğunu bildirmiş və üzərində olan şəffaf sellofana bükdüyü 1 qram narkotik vasitə olan heroini Ələsgərə vermişdir. Təxminən 15 dəqiqə sonra oraya 2 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib onu Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmədə ona təsir və təzyiqlər olduğundan, məcbur olub etirafedici ifadələr vermiş və narkotik vasitəni Ələsgərə satdığını bildirmişdir. Əslində o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, keçmiş hərbçi olduğuna görə səhhətində yaranmış problemlərlə əlaqədar özü narkotik vasitədən istifadə etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Suraxanı RPİ-nin 33-cü PB-yə Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, istifadəsində və satışında şübhəli olan İsrafil adlı şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. 05.01.2020-ci il tarixdə əməliyyat qrupunun üzvü ilə birlikdə Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi “Yurd” kafesinin yaxınlığında deyilən forma və əlamətdə olan şəxsin dayandığını görüb ona yaxınlaşmışlar. Xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib həmin şəxsin adının İsrafil olmasını dəqiqləşdirdikdən sonra onun narkotik vasitənin saxlanmasında, daşınmasında və satışında şübhəli olduğunu bildirmişlər. Bundan sonra onu Suraxanı RPİ-nin 33-cü PB-yə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində dövlət vəsaiti hesabına dəvət olunmuş vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qeyriqanuni əşya və ya predmetin olub-olmadığı soruşulmuşdur. O isə əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən mobil telefonunu, ağ rəngli elektron tərəzini və sol yan cibindən isə içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan üzəri yapışqan lentlə bağlanılmış sarı rəngli bükümü təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Əlavə olaraq narkotik vasitədən Ələsgər adlı şəxsə 1 qram satdığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq mühürlənmiş, sonda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar doğruluğunu imza ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Yanvar ayının 5-də evdə olduğu zaman polis əməkdaşları İsrafillə birlikdə yaşadığı evə gəlmişlər və oğlunun narkotik vasitənin istifadəsində və satışında şübhəli olduğu üçün tutulduğunu bildirmişlər. Bundan sonra evə baxış keçirmək istədiklərini və buna görə etirazının olub-olmaması soruşulmuşdur. O da buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları evə baxış keçirmişlər və qeyriqanuni hər hansı bir əşya aşkar edilməmişdir. Cinayət işinin 28-29-cu vərəqlərində olan 05 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman onun əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən mobil telefonu, üzərində “mesko” yazısı olan elektron tərəzi, sol yan cibindən isə içərisində qəhvəyi rəngli maddə olan 01 ədəd sarı rəngli sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin 1 adda bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroinin İran İslam Respublikası vətəndaşından 2.000 manata öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmiş, aşkar olunmuş bir ədəd sarı rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddə və elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 83-cü vərəqində olan 07 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilərək diskə köçürülmüş bir ədəd videogörüntüyə baxış keçirilərkən protokolda qeyd olunanlar öz əksini bir daha tapmışdır. Cinayət işinin 39-44-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 6/54 saylı, 06 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdə, 1(bir) ədəd bükümdə, təmiz çəkisi 398,24 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Cinayət işinin 112-117-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 6/147 saylı, 27 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan paketlərdəki Təqsirləndirilən şəxs götürülmüş heroin və X1 götürülmüş heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs götürülmüş üzərində “mesko” yazısı olan elektron tərəzinin üzərində narkotik vasitə olan – heroinin izləri vardır. Lakin, heroin iz şəkilində olduğu üçün, heroinin çəkisini və Təqsirləndirilən şəxs götürülmüş heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 135-137-ci vərəqlərində olan ambulator məhkəmə-psixiatriya ekspertizasının 431 saylı, 26 fevral 2021-ci il tariöli rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 138-139-cu vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2021-ci il tarixli, 928 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 119-120 və 140-146-cı vərəqlərində olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 398,24 qram, birinci tədqiqata 0,2 qram, ikinci tədqiqata 0,02 qram sərf edildikdən sonra qalıq 398,02 qram narkotik vasitə heroin vəüzərində “mesko” yazısı həkk olunmuş üzərində heroin izləri olan elektron tərəzi Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməklə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və mənzilinə keçirilmiş baxış istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disk isə iş cinayət işinə əlavə olunmaqla maddi sübut kimi tanınmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni Ələsgər adlı tanışına satmaması, polislər tərəfindən təsir və təzyiqə məruz qalması haqqında məhkəmədəki ifadəsində göstərdiyi xüsusatlar onun ibtidai istintaqda verdiyi ifadəsi, videoçəkiliş aparılmaqla üzərinə baxış keşirilməsinə dair protokol və cinayət işinin digər halları ilə təkzib olunduğundan məhkəmə onun bu ifadəsini ittihamı təkzib edən sübut qismində qəbul etmir. Belə ki, məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs cinayət işinin 53-56 və 73-76-cı vərəqlərində olan, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində göstərmişdir ki, “təxminən 1 aydır ki, narkotik vasitə olan metamfitamin və heroindən çəkmək yolu ilə istifadə edir. 5 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Ələsgər adlı tanışı onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bədənində ağrıların olduğunu və onda narkotik vasitənin olub-olmadığını soruşmuşdur. O da 1 qram kakosu olduğunu bildirmişdir. Ona görədə Ələsgəri Zığ qəsəbəsində yerləşən Vərəm disponserinin yaxınlığına çağırmışdır. Təxminən 10-15 dəqiqədən sonra oraya gəldiyini görmüş və ona yaxınlaşmışdır. O isə üzərində olan şəffaf sellofana bükdüyü 1 qram narkotik vasitə olan heroini ona vermiş və müqabilində 30 manat pul almışdır. Bundan sonra Ələsgər çıxıb getmişdir. Həmin gün saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirib şübhəli şəxs qismində Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 33-cü PByə gəlmişdir. Polis bölməsinin xidməti otaqlarının birində şübhəli şəxs kimi hüquq və vəzifələri izah edildikdən və müdafiəçi dəvət olunduqdan sonra üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edilmişdir. O da buna etiraz etməyərək əynində olan göy rəngli gödəkçənin sol yan cibindən içərisində narkotik maddə olan heroini, sağ yan cibindən mobil telefonunu və üzəri ağ rəngli içərisi sarı rəng olan tərəzini otaqda olan stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümün nə olduğu ondan soruşulmuş və o da öz növbəsində həmin bükümün narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra narkotik vasitəni haradan aldığı soruşulmuş o, isə narkotik vasitəni 2.000 manat müqabilindən Masazırdan tanımadığı İran vətəndaşından aldığını bildirmişdir. Eyni zamanda narkotik vasitəni kiməsə satdığı ondan soruşulmuş o, isə tanışı Ələsgər adlı şəxsə 30 manat müqabilində 1 qram narkotik vasitə olan heroin satdığını etiraf etmişdir. Bundan sonra aşkar olunmuş içərisində narkotik vasitə heroin olan həmin büküm və elektron tərəzi polis əməkdaşları tərəfindən onun, həmçinin digər iştirakçıların iştirakları ilə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da zərfin üzərinə və protokola imza etmişdir. Əlavə olaraq bildirmişdir ki, o ifadənin əvvəlində qeyd etdiyi narkotik vasitə hesab edilən heroini ad bildirmək istəmədiyi üçün İran vətəndaşından aldığını bildirmiş, lakin əslində isə təxminən tutulmamışdan bir həftə əvvəl Yeni Suraxanı qəsəbəsində Kazım adlı şəxsdən özü istifadə etmək məqsədi ilə almışdır.” Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin materialları ilə üst-üstdə düşdüyünə görə ittihamı təsdiq edən sübut kimi qəbul edir. Cinayət işinin 94-95-ci vərəqlərində olan Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 22 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli əməliyyat-axtarış tədbirləri haqqında qərar qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 25 və 91-92-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 97-98-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 99-104-cü vərəqlərində olan arayış, xasiyyətnamə və şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs anası ilə birlikdə Tovuz rayonu, Xatınlı kəndində qeydiyyatda olsa da, ünvan 1 ünvanında yaşayır, yaşadığı müddətdə nizam-intizamlı olmuş, bütün tədbirlərdə fəal işitak etmiş, onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Himayəsində 01.08.2014 və 20.02.2017-ci təvəllüldlü iki nəfər azyaşlı uşağı var. Himayəsində iki nəfər azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində i deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 05 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Suraxanı RPİ-də saxlanılan – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq 398,02 qram narkotik vasitə heroin və üzərində “mesko” yazısı həkk olunmuş üzərində heroin izləri olan elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 05 yanvar 2021-ci il tarixdən hesablansın. Ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut - Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq 398,02 qram narkotik vasitə heroin və üzərində “mesko” yazısı həkk olunmuş üzərində heroin izləri olan elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Fikrət Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar