Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1022/2022 10.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhər 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanındada qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 175,131 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 164,372 qram psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 22 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli üst geyiminin sağ yan cibindən 01 ədəd sellofan bağlamanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 175,131 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 164,372 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdi ki, o, narkotik vasitə aludəçisidir. Narkotik vasitə heroini çəkmək yolu ilə qəbul edir və məlum hadisə baş verməmişdən 6-7 ay qabaq istifadə etməyə başlamışdır. 21 dekabr 2021-ci il tarixdə saat təxminən 23:30 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi ev 74 saylı ünvanının qarşısında taksidən düşərək evinə getmiş, ardınca 15 -20 nəfər polis əməkdaşları içəri girmişdir. Evində ailəsinin yanında ona təzyiq göstərdikdən sonra daha çox səs-küy yaranmaması üçün onlarla Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə getməyə razı olmuşdur. Orada da ona təzyiq göstərdikləri, həmçinin, ailəsini Polis Bölməsinə aparacaqları ilə hədələdikləri üçün üzərinə qoyduqları narkotik vasitə və psixotrop maddəni boynuna götürmək məcburiyyətində qalmışdır. Onun üzərində şəxsi istifadəsi üçün 01 qram heroin olmuşdur. Polis Bölməsində ondan əvvəl 50.000 (əlli min) manat, daha sonra 30.000 (otuz min) manat, sonra 20.000 (iyirmi min) manat, ən sonda isə 10.000 (on min) manat məbləğində pul tələb etmişlər. O, pul vermədiyi üçün onu narkotik vasitələrin satışı ilə ittiham edib işi məhkəməyə vermişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 6vanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Suraxanı rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə rəhbərliyə raportla məruzə edilmiş və həmin gün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. 22 dekabr 2021 -ci il tarixdə gecə saat 01 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində olarkən, əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs yaşadığı Atamoğlan Rzayev küçəsi 74 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmış və Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli üst geyiminin sağ yan cibindən bir ədəd sellofan bağlamanı və əynindəki şalvarının arxa sağ cibindən bir ədəd “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərində qoymuşdur. Həmin sellofan bağlama açılarkən, birinin içərisində qəhvəyi rəngli, digərinin içərisində isə ağ rəngli, kristalşəklli maddələr olan iki ədəd sellofan bükümlər aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri təxminən 7 ay əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Behzat” adlı şəxsdən bir gün əvvəl Yasamal rayonu ərazisində ona bildirdiyi yerdən əldə etdiyini, həmin maddələri satış məqsədilə əldə etsə də, sonradan özü istifadə etmək qərarına gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadələrində təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. 22 dekabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» prokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli üst geyiminin sağ yan cibindən 01 ədəd sellofan bağlama, əynindəki şalvarının arxa sağ cibindən bir ədəd “İphone” markalı mobil telefon aşkar olunur, aşkar edilmiş sellofan bağlama açılarkən birinin içərisində qəhvəyi rəngli, digərinin içərisində isə ağ rəngli kristalşəkilli maddələr olan 02 ədəd sellofan bükümlər aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 22 dekabr 2021-ci il tarixli 6/5570 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublmkası Daxili İşlər Nazirliyinin “Zərflər üçün №7” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 175,131 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 164,372 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə isə metamfetamindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2022-ci il tarixli 833 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini istintaqdakı ifadəsindən fərqli verərək üzərində narkotik vsitə və psixatrop maddələrin olmadığını, onun üzərinə polis əməkdaşları tərəfindən həmin maddələrin qoyulmasını bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüş, məhkəmə onun ifadəsinə tənqidi yanşaraq inandırıcı hesab etmir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhər Suraxanı rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 175,031 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 164,272 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli Qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 90 (doxsan) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Bakı şəhər Suraxanı rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 175,031 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 164,272 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1022/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1022/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver