Məhkəmə qərarları › İş №1(101)-1023/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1023/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1023/2020 14.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi3 iştirakı ilə xx xxxxxx 1995-ci ildə Cəlilabad rayonu, Komanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Cəlilabad rayonu, Komanlı kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəçi 28-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx xxxxxx 1987-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Saatlı şəhəri, O.Rzayev küçəsi ev 9-da pasport qeydiyyatında olan və Abşeron rayonu, Xırdalan şəhəri, Mehkalon qəsəbəsində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,295 qram çəkidə psixotrop maddə metafetamin əldə edib, daşımaqla üzərində saxlamış, xx xxx 2020-cu il tarixdə saat 20:00 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 125 saylı ünvanda saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,295 qram təşkil edən psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 16 ədəd şəffaf polietilen bükümlərdə ümumi təmiz çəkisi 15,841 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 6 ədəd şəffaf polietilen bükümlərdə ümumi təmiz çəkisi 2,961 qram təşkil edən psixotrop maddə metafetamin əldə edib, daşıyaraq üzərində saxlamış, həmin psixotrop maddələrdən bir bükümdə 0,295 qram çəkidə metafetamini tanışı Təqsirləndirilən şəxs2 satmış, xx xxx 2020-cu il tarixdə saat 20 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 125 saylı ünvanda saxlanılaraq Nizami RPİ-yə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindəki göy rəngli üzərində «AİRTAL MYDOCALM» sözləri yazılmış plastik qutunun içərisindən 16 ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,888qr., 0,967qr., 1,537qr., 0,474qr., 0,481qr., 0,960qr., 0,450qr., 0,504qr., 0,928qr., 0,479qr., 0,464qr., 0,463qr., 0,450qr., 0,336qr., 0,969qr, 0,491qram, ümumi təmiz çəkisi 15,841 təşkil edən qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 5 ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,515qr., 0,517qr., 0,533qr., 0,500qr., 0,601qram, ümumi təmiz çəkisi 2,666 qram təşkil edən psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan metafetamin qəbul edir. xx xxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində taksi fəliyyəti ilə məğul olan Afiqin idarə etdiyi «Mersedes» markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Babək prospekti istiqamətində hərəkətdə olan zaman yolda sıxlıq olduğu üçün Afiq avtomobili saxlamış, bu zaman mülkü geyimdə olan 4 nəfər şəxs onlara yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onlara özlərini təqdim etmələrini təklif etmişlər. O, və Afiq özlərini təqdim etdikdən sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmiş, onlar razılaşaraq polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nə gəlmişlər. Polis idarəsində ona üzərinə şəxsi axtarış keçiriləcəyini elan etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etsin. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq əynində olan qara rəngli cins şalvarın sol yan cibindən göy rəngli üzərində “AİRTAL MYDOCALM” sözləri yazılmlış plastik qutunu çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin qutunun içərisində ağ rəngli şəffaf sellofana bükülmüş 16 ədəd büküm olduğunu, həmin bükümlərin içərisində olan qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin narkotik vasitə olan heroin olduğunu, bundan başqa həmin plastik qutunun içərisində olan şəffaf salafana bükülmüş 5 ədəd bükümü təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə olan metafetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan həmin narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyini soruşmuş, o, həmin narkotik vasitələri təxminən 7 gün bundan əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşından Suraxanı rayonu ərazisində almasını, narkotik vasitə olan metafetamindən özü istifadə etdiyini, narkotik vasitələr olan heroin və metafetaminin satışı ilə məşğul olmasını bildirmişdir. Bundan əlavə onun üzərindən özünə məxsus olan 1 ədəd göy rəndli “Redmi” Not-8 markalı, 1 ədəd göy rəngli «Redmi 8» markalı və 1 ədəd “Samsung” GT-S5611 markalı mobil telefon aparatları, 1 ədəd qara rəngli üzərində “SHASHİ” sözləri yazılmış əl çantasının içərisindən ümumvətəndaş pasortu və sürücülük vəsiqəsi, həmçinin 5 ABŞ dolları, 200 Rus rublu, 1 ədəd 10 manat, 1 ədəd 5 manat və 5 ədəd 1 manatlıq əskinaslar aşkar olunmuşdur. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə polis əməkdaşlarının iştirakı ilə qablaşdırılıb möhürlənmişdir. O, və polis əməkdaşları protokolu və möhürlənmiş bağlamanı öz imzaları ilə təsdiq etmişlər. O, narkotik vasitəni tanımadığı şəxslərə satmış, Təqsirləndirilən şəxs2 psixotrop maddə satmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat təxminən 19:00 radələrində tanıdığı Cavad adlı şəxs onun mobil telefonuna zəng vuraraq bildirmişdir ki, onu Yasamal rayonunda Nərimanov heykəlinin yanından götürüb «Nefçilər» metrostansiyasının yaxınlığına aparsın, o, etiraz etməmiş və idarə etdiyi «Mersedes» markalı Az **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavadın dediyi ünvana getmişdir. Cavad yanında olan bir xanımla gələrək onun avtomobilinə əyləşmiş və bildirmişdir ki, xanımı «Nefçilər» metrostansiyasının yaxınlığına aparmaq lazımdır. O, avtomobillə «Nefçilər» metrostansiyasının yaxınlığına gəlmiş, həmin xanim avtomobildən düşüb getmiş, Cavad ilə birlikdə Q.Qarayev prospekti ilə Babək prospekti istiqamətində hərəkət etməyə başlamış, «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında yolda sıxlıq olduğu üçün idarə etdiyi avtomobili saxlamış, bu zaman avtomobilə dörd nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək, onunla Cavaddan özlərini təqdim etmələrini xahiş etmişlər. O, və Cavad özlərini polis əməkdaşlarına təqdim etdikdən sonra polis əməkdaşları onlarla birlikdə Nizami RPİ-nə gəlmələrini təklif etmişlər. Onlar təkliflə razılaşaraq polis əməkdaşları ilə birlikdə Nizami RPİ-yə gəlmiş və Polis idarəsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmişlər. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş ağ kristal halında olan maddəni polis əməkdaşlarına təqdim etmiş və həmin maddəni avtomobilinə təxminən 10 gün əvvəl minmiş müştərinin ona verdiyini, həmin maddədən üç gün əvvəl özü istifadə edərək qalanını isə üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən 1 ədəd “Samsung” A-10 markalı mobil telefon aşkar olunmuşdur. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə polis əməkdaşlarının iştirakı ilə qablaşdırılıb möhürlənmişdir. O, və polis əməkdaşları protokolu və möhürlənmiş bağlamanı öz imzaları ilə imzalamışlar. Onun Təqsirləndirilən şəxs1 narkotik satmağından məlumatı olmamış, Təqsirləndirilən şəxs1 psixotrop maddə almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nizami rayon X1 Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid3 Adil oğlu ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə bölməyə «Afiq» və «Cavad» adlı şəxslər tərəfindən narkotik vasitələrin əldə edilməsi, daşınması, istifadə edilməsi və satışı barədə məlumat daxil olmuşdur. Həmin məlumat Nizami RPİ-nin rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat tədbirləri keçirilməsinə dair razılıq əldə edildikdən sonra, idarə rəisinin əməliyyat qrupunun yaradılmasına dair müvafiq əmri əsasında, əməliyyat qrupu üzvlərinin tərkibi müəyyən edilmişdir. Həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Afiq» və «Cavad» adlı şəxslərin Nizami rayonu Q.Qarayev prospektində «Mersedes» markalı avtomaşınla hərəkət etmələri müəyyən edilmiş və əməliyyat qrupu üzvləri ilə birlikdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 125 saylı ünvanın qarşısına gəldikdə «Mersedes» markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını, xarici əlamətləri «Afiq» adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsin avtomobildə sükan arxasında, xarici əlamətləri «Cavad» adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsin isə avtomobildə sərnişin oturacağında əyləşməsi müəyyən edilmişdir. Daha sonra onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib Nizami RPİ-nin NMB-nin əməkdaşları olmalarını bildirərək, həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Avtomobildə sürücü olan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olmasını, sərnişin isə özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olmasını bildirmişlər. Onlar həmin şəxslərə narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması vəsatət barədə əməliyyat məlumatı daxil olması barədə məlumatlandıraraq həmin şəxsləri Nizami RPİ-nin NMB-nə dəvət etmişlər. Həmin şəxslər təkliflə razılaşaraq onlarla birlikdə Nizami RPİ-nə gəlmişlər. Nizami RPİ-nin təhqiqatçısının xidməti iş otağında Təqsirləndirilən şəxs1 videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş, sonuncuya üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs1 təkliflə razılaşaraq əynində olan qara rəngli cins şalvarın sol yan cibindən göy rəngli üzərində “AİRTAL MYDOCALM” sözləri yazılmlış plastik qutunu çıxarıb təqdim etmişdir. Həmin qutunun içərisində ağ rəngli şəffaf sellofana bükülmüş 16 ədəd büküm olduğunu, həmin bükümlərin içərisində olan qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin narkotik vasitə olan heroin olduğunu, bundan başqa həmin plastik qutunun içərisində olan şəffaf salafana bükülmüş 5 ədəd bükümü təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə olan metafetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyimi soruşulmuş, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri təxminən 7 gün bundan əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşından Suraxanı rayonu ərazisində almasını, narkotik vasitə olan metafetamindən özü istifadə etməsini, həmçinin heroin və metafetaminin satışı ilə məşğul olmasını bildirmişdir. Bundan əlavə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərindən özünə məxsus olan 1 ədəd göy rəndli “Redmi” Not-8 markalı, 1 ədəd göy rəngli «Redmi 8» markalı və 1 ədəd “Samsung” GT-S5611 markalı mobil telefon aparatları, 1 ədəd qara rəngli üzərində “SHASHİ” sözləri yazılmış əl çantasının içərisindən ümumvətəndaş pasortu və sürücülük vəsiqəsi, həmçinin 5 ABŞ dolları, 200 Rus rublu, 1 ədəd 10 manat, 1 ədəd 5 manat və 5 ədəd 1 manatlıq əskinaslar aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Nizami RPİ-nin təhqiqatçısının xidməti iş otağında Təqsirləndirilən şəxs2 videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş, üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 təkliflə razılaşaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülşmüş ağ kristal halında olan maddəni təqdim edərək həmin maddəni avtomobilinə təxminən 10 gün əvvəl minmiş müştərinin ona verdiyini, həmin maddədən 3 gün əvvəl özü istifadə edərək qalanını isə üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd “Samsung” A-10 markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nizami rayon X1 Mübarizə Bölməsinin əməkdaşları Şahid1, Şahid2 və Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/673 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «saxlanılan şəxs: Təqsirləndirilən şəxs2» yazısı olan zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,295 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış metafetamindir. Təqsirləndirilən şəxs2 Rəhim oğlundan götürülmüş metafetamin, vət. Təqsirləndirilən şəxs1 götürülmüş metafetaminlə (x xxx 2020-ci il tarixli 6/673 saylı ekspert rəyi) xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidir. Metafetamin xx xxxx 2005-ci il tarixli «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr »in İ siyahısına daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/672 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs1» yazısı olan zərfdəki, üzərində «AİRTAL MYDOCALM» yazısı olan mavi rəngli plastik qutuda 16 (on altı) ədəd şəffaf polietilen bükümlərdə, ümumi təmiz çəkisi 15,841qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 5 (beş) ədəd şəffaf polietilen bükümlərdə, ümumi təmiz çəkisi 2,666 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in, metafetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr »in İ siyahısına daxildirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X10»in xx xxx 2020-ci il tarixli 1345 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Rəhim oğlunda çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat zamanı keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X10»in xx xxxx 2020-ci il tarixli 1598 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur, onlara ittiham olunduqları maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal, cinayətlərin təhlükəli residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Ağayev X5 Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarı ilə yuxarıda qeyd olunan hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 05 il 07 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qeyd edilən əmələ görə məhkumluq qanunla müəyyən edilmiş qaydada ödənilmədən Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin “residivə görə cəza təyini”ndən bəhs edən 65-ci maddəsinin müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (maddə 65.1). Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz (maddə 65.2). Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli hökmün çıxarıldığı tarixdən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmalı, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nizami rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,245 qram təşkil edən psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq çəkiləri 15,681 qram təşkil edən narkotik vasitə heroin və 2,566 qram təşkil edən psixotrop maddə metafetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinə əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən iki ədəd CD disk, «Vatsapp» yazışmasını özündə əks etdirən 18 vərəqə, «xxxxxxx» MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş 43 (qırx üç) saat hüquqi yardımla bağlı dövlət büdcəsindən X3 vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil bürosunun hesabına 258 (iki yüz əlli səkkiz) manat, Təqsirləndirilən şəxs1 göstərilmiş 68 (altmış səkkiz) saat hüquqi yardımla bağlı dövlət büdcəsindən X4 vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil bürosunun hesabına 408 (dörd yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir ) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Nizami rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,245 qram təşkil edən psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq çəkiləri 15,681 qram təşkil edən narkotik vasitə heroin və 2,566 qram təşkil edən psixotrop maddə metafetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinə əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən iki ədəd CD disk, «Vatsapp» yazışmasını özündə əks etdirən 18 vərəqə, «xxxxxxx» MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən X3 vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil bürosunun hesabına 258 (iki yüz əlli səkkiz) manat, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən X4 vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil bürosunun hesabına 408 (dörd yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar